Dr. ELNUR NƏSİROV.
RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ
Bu
kitab müəllifi tərəfindən 1977-ci ildə Türkiyə Respublikası Səlcuq
Unversiteti, İctimai Elmlər İnsitutunda Prof. Dr. Mikayıl Bayramın elmi
rəhbərliyi altında magistr işi olaraq yazılmış və müdafiə
edilmişdir.Prof. Dr. Əhməd Önkal və Prof. Dr.Zəkəriyyə Kitapçı bu əsərə
müsbət rəy vermişlərdir.
RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-6
III xəlifə Osman ibn Əffan dövrü (644-656) Daxili ziddiyyətlərin və iğtişaşların yaranmasının ictimai, iqtisadi və siyasi səbəbləri
Rəsulullahın (sallallahu aleyhi və səlləm.) II xəlifəsi Ömər ibn Xəttab (r.a), ömrünün ən
parlaq və gənc İslam dövlətinin çiçəklənən dövründə, iranlı xristian qul
Əbu Lülu tərəfindən, h.23-cü ilin zilhiccə ayında (noyabr 644) şəhid
edildi(Kazıcı, həmin əsər, s. 35-36; Hitti, həmin əsər, c.I, s. 270.).
Onun yerinə xəlifəlik məqamına, möminlərin məşvərəti ilə Osman ibn Əffan
(r.a.) seçilmişdi. Osman ibn Əffan Ömər ibn Xəttaba nisbətən daha
yumşaq xasiyyətli və həlim insan idi. Onun xilafət dövrünü hadisələrin
inkişafına əsaslanaraq iki hissəyə bölmək olar. Osman ibn Əffanın 12
illik xilafətinin ilk 6 ilində İslam dövlətinin yayıldığı ərazi ilə
birlikdə İslam dini də yayılmağa davam etmişdir. Sonrakı 6 ildə isə
daxildə bəzi iğtişaşlar baş vermiş, bu da fütuhatın səngiməsinə səbəb
olmuşdu. III xəlifə Osmanın hakimiyyətinin son 6 ilini, ümumiyyətlə,
İslam tarixində dönüş nöqtəsi saymaq mümkündür. Çünki məhz bu dövrdə
xəvaric firqəsinin təməli qoyulmuş, xəvaric fikirli insanlar törəmiş və
bu firqə sonrakı illərdə böyüyüb güclənmişdi. Daxili ziddiyyətlərin
və iğtişaşların məhz Osman ibn Əffan dövrünə təsadüf etməsinin mühüm
ictimai, iqtisadi və siyasi səbəbləri olmuşdur. İlk olaraq cahiliyyə
dövründən qalmış və Rəsulullahın (s.a.v.) qəti olaraq qadağan etdiyi
bədəvi ərəblərin bəzi adət və ənənələrinin yenidən qabardılması nəzərə
çarpır. Bunların başında isə qəbilə, tayfa və nəsil təəssübkeşliyi
durur. Başqa bir səbəb isə iqtisadi amilə əsaslanırdı. Xəlifə Ömər
ibn Xəttab Quran-i Kərimin Həşr surəsi 6-7-ci ayələrinə əsaslanaraq
döyüş vaxtı alınan qənimətlərlə fəyi bir-birindən ayırmışdı. Ayənin
tərcüməsi belədir: «Allahın öz Peyğəmbərinə məmləkətlərin əhalisindən
verdiyi qənimət Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə,
yoxsullara və müsafirə məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət)
içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın
(onlardan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə onu
götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən
Allahın cəzası çox şiddətlidir»(Bax. Quran-i Kərim, tərcümə:
Z.M.Bünyadov, V.M.Məmmədəliyev, Bakı 2004.). Fəy qeyr-i mənqul, yəni
daşınmaz qənimətlərə deyilirdi. Torpaq, mülk, ev, imarət və.s bu kimi
şeylər fəy sayılırdı. Fəy isə mücahidlər arasında bölünmür, ondan əldə
olunan gəlirlər birbaşa dövlət xəzinəsinə aid edilirdi(Wellhausen, həmin
əsər, s. 19-20.). Buradan isə ehtiyacı olanlara aylıq maaş şəklində
ödənirdi. Bunun əsas məqsədi inhisarçılığın və möhtəkirliyin qarşısını
almaq idi. Ömər ibn Xəttab bunu bəzi insanların fəth edilmiş ərazilərdə
iri torpaq sahibinə çevrilib feodallaşmasının qarşısını almaq məqsədilə
etmişdi. Bundan başqa, mücahidlər sahib olduqları torpaqların
işlədilməsi ilə məşğul olub cihada laqeyd yanaşa bilərdilər. Torpaqların
əvvəlki sahiblərinin əlindən alınmasını əkinə yararlı torpaqların
əkilməməsinə, beləcə iqtisadiyyatın zəifləməsinə yol aça bilərdi. Buna
görə də xəlifə Ömər daşınmaz qənimətləri dövlət xəzinəsinə keçirmiş,
torpaqlar əvvəlki sahiblərinə verilmiş, məhsuldan alınan vergi isə
xəzinəyə keçirilərək buradan daha çox ehtiyacı olan və qənimət əldə edə
bilməyən vətəndaşlara maaş şəklində ödənmişdi. Bu qərar alındığı vaxt
bəzi bədəvi ərəb qəbilələri buna bir o qədər əhəmiyyət verməmişdilər.
Münafiqlər isə bu məsələni qabarda bilməmişdilər. Çünki Ömər ibn Xəttab
güclü iradə və qətiyyətə sahib bir insan idi. Osman ibn Əffanın
xəlifəliyinin ikinci dövründə isə münafiqlər bu məsələni yenidən
qaldırmağa və şişirtməyə başladılar. Çox təəssüf ki, onların bu
fitnələrinə uyanlar tapılmışdı. Daxildəki qeyri-sabit vəziyyət və
iğtişaşlar təbii olarq fütuhat hərəkatına mənfi təsir göstərirdi. Bu
mənfi təsir özünü Azərbaycanda da göstərmişdi. Albaniya qısa müddət üçün
də olsun xilafətin əlindən çıxmış və Bizans orduları tərəfindən işğal
edilmişdi. Xilafətin daxilindəki qeyri-sabitlikdən istifadə edən Bizans
Qafqazın xristian xalqlarını, albanları, gürcüləri və erməniləri öz
tərəfinə çəkə bilmişdi. Xəzərilərin də fəallaşması nəticəsində İslam
orduları Araz çayının cənubuna çəkilməyə məcbur olmuşdular. Kufə valisi Vəlid ibn Uqbənin Azərbaycana yürüşü
Ömər ibn Xəttabın vəfatından qısa müddət sonra Azərbaycanda üsyan baş
vermiş, əhali əhdin şərtlərini ləğv edərək, müqavilə şərtlərini yerinə
yetirməkdən imtina etmişdilər. Albaniyada da vəziyyət gərginləşmişdi.
Osman ibn Əffan xəlifə seçilən kimi Vəlid ibn Uqbəni Kufə valiliyinə
təyin etmiş və Azərbaycana gedərək vəziyyəti nəzarət altına almağı əmr
etmişdi. H.24-cü (m.644-645) ildə Salman ibn Rəbiəni avanqard qüvvələrlə
yola salan Vəlid ibn Uqbə bir neçə gün sonra onun ardınca öz ordusu ilə
Kufədən Azərbaycana doğru yola çıxdı. Komandirlərdən Abdullah ibn Şibl
əl-Əhməs öz əsgərləri ilə Muğana gələrək üsyançılarla döyüşə girdi və
onları məğlubiyyətə uğratdı. Üsyançılardan bir hissəsi əsir götürüldü.
Azərbaycan əhalisi Vəlid ibn Uqbədən, Huzeyfə ibn-ul-Yəmanla
bağladıqları əhdin yenilənməsini xahiş etmişdilər. Vəlid onların bu
istəyini qəbul edərək həmin şərtlərlə yeni əhd bağladı(Təbəri, Tarix-i
Təbəri, c. V, s. 2092; İbn Kəsir, əl-Bidayə, c. VII, s. 245-246.).
Salman ibn Rəbiə isə əmrindəki 12 minlik qoşunla Albaniyaya gələrək o
vaxta qədər fəth olunmamış ərazilərdə bəzi hərbi əməliyyatlar apararaq
bol miqdarda qənimət və əsirlə Vəlid ibn Uqbənin yanına
qayıtmışdı(Təbəri, Tarix-i Təbəri, c. V, s. 2092.). Rus alimi M.
Artamonov Salman ibn Rəbiənin Albaniya səfərini gerçəkləşdirərkən
Dərbəndə qədər irəliləməsinin mümkün olduğunu yazır(Bax: həmin əsər, s.
179.). Ehtimal ki, Salman Albaniyda ikən onun böyük qardaşı Əbdur-Rəhman
ibn Rəbiə də Dərbənd ətrafında idi və öz ordusu ilə Bələncər qalasını
mühasirə etməklə məşğul idi. Bu döyüşdə Əbdur-Rəhman ibn Rəbiə şəhid
olmuşdu. Onun ordusundan sağ qalan əsgərlər isə Salman ibn Rəbiənin
ordusu ilə birləşmiş və Cənubi Azərbaycana qayıtmışdılar(İbn əl-Əsir,
əl-Kamil, c. III, s. 137; Təbəri, Tarix-i Təbəri, c. V, s. 2158-2159;
İbn Kəsir, əl-Bidayə, c. VII, s. 246. Hər üç müəllif həmin bu döyüşün h.
32/m.652-653-cü ildə baş verdiyini qeyd edirlər. Bunun səhv olduğunu
irəlidə sübut etməyə çalışacağıq.). Bu hadisədən qısa müddət sonra,
irəlidə ətraflı izah edəcəyimiz kimi, Salman ibn Rəbiə Həbib ibn
Məsləməyə kömək üçün Ərməniyyəyə göndərilmiş, buradan da Albaniyaya
gələrək Dərbəndə hücum etmiş və xəzərilərlə girişdiyi müharibədə şəhid
olumuşdu. Xəzərilərin müqaviməti. Bələncər qalasının mühasirəsi və Əbdur-Rəhman ibn Rəbiə əl-Bahilinin şəhadəti
Xəlifə Ömər ibn Xəttab Suraqə ibn Əmrin vəfatından sonra Əbdur-Rəhman
ibn Rəbiəni əl-Bab hüdudlarına (Şirvana) vali təyin etmişdi.
Əbdur-Rəhman ibn Rəbiə xəzərilərin ölkəsinə bir neçə uğurlu yürüş
gerçəkləşdirmişdi. Xəzərilər onun ordusu ilə qarşılaşmağa cəsarət
etməyib qalalara çəkilərək müqavimət göstərirdilər. Bu yürüşlərin
birində Əbdur-Rəhman ibn Rəbiə xəzərilərin ölkəsinin mərkəzinə doğru 200
fərsəx (təqribən 400 km) irəliləmiş və ordusu heç bir itki vermədən çox
miqdarda qənimət və əsirlə geri dönmüşdü(İbn Kəsir, əl-Bidayə, c. VII,
s. 204; Təbəri, Tarix-i Təbəri, c. V, s. 1985; İbn əl-Əsir, əl-Kamil, c.
III, s. 30.). Xəzərilər ərəblərin bu yürüşləri qarşısında vahiməyə
qapılmış, çaşıb qalmışdılar. Xəzərilər ərəblərin ölümsüz olduğunu
düşünür və belə deyirdilər: «Biz elə bir millətik ki, heç kim bizimlə
güc sınaya bilməzdi, ta ki, bu qövm (ərəblər) çıxıb gəldilər və biz
onlarla bacarmadıq. Bunlar ölümsüzdürlər. Əgər onları öldürmək mümkün
olsaydı bizim məmləkətimizə qədər gəlib çıxa bilməzdilər»( Təbəri,
Tarix-i Təbəri, c. V, s. 2159.). Ömər ibn Xəttab xəzər müharibələrində
iştirak etmiş bir mücahiddən soruşmuşdu: «Getdiyiniz yerlər necə idi?
Siz o yolları necə keçirb gedirdiniz?». O, xəlifənin sualına belə cavab
vermişdi: «Onların şəhərlərinin əhalisi müşriklərdir. Xəzərilər və
allanların (osetinlərin) məmləkəti türklərlə qonşudur. Bizimlə
qarşılaşanda belə deyirdilər: «Siz göydən enmişsiniz. Çünki heç kim
cürət edib ölkəmizə ordu yeridə bilməzdi, heç kim cəsarət edib bizimlə
döyüşə girməzdi». Bax Allah öz qorxusunu onların qəlbinə belə salmışdı»(
Bələmi, Qozide-yi Bələmi, s. 111.). Dərbəndin müsəlmanlar
tərəfindən fəthi ilə əlaqəli mənbələrin nəql etdikləri məlumatlar
haqqında daha əvvəl də söz açmışdıq. Təbəri, İbn Kəsir və.s müvərrixlər
Əbdur-Rəhmanın Arranda olduğu dövrdə Şəhribərazın Xəzər diyarına cəsus
göndərdiyini və bu cəsusla Əbdur-Rəhman arasında cərəyan edən dialoqu
nəql edirlər. Bu şəxs Zul-Qərneyn səddini gördüyünü söyləyib, səddi
təsvir etmişdi. Bu şəxsin təsvir etdiyi qala və sədlə Dərbənd qalasının
və səddinin eyni olduğu açıq-aydın görünməkdədir(Bax: Təbəri, Tarix-i
Təbəri, c. V, s. 1987; İbn Kəsir, əl-Bidayə, c. VII, s. 206.). Sonrakı
bölmədə ətraflı bəhs edəcəyimiz kimi, ərəblər xəzərilərin ən möhkəm
qalalarından biri olan Bələncəri dəfələrlə mühasirəyə almalarına
baxmayaraq, qalanı zəbt edə bilməmişdilər. Mərhum akademik Z. Bünyadovun
ərəbcədən ruscaya ixtisarla tərcümə etdiyi İbn-ul-Əsəmin
«Kitab-ul-Fütuh» adlı əsərinin açıqlamalar bölməsində rus alimi V.
Kotoviç Bələncər qalasının yerini müəyyənləşdirərək bunun Dərbəndin 25
km. cənubundakı müasir Belici qəsəbəsi yaxınlığında yerləşən
«Torpaqqala» adı ilə tanınan xarabalıqlar olduğunu yazır(Bax:
İbn-ul-Əsəm, Kibab-ul-Fütuh, s. 79.). Bu qalanı fəth edə bilmədən ondan
25 km. şimalda yerləşən, Bələncərdən daha möhkəm və sarsılmaz divarlara
malik olan Dərbəndin zəbt edilməsini düşünmək mümkün deyil.
Əbdur-Rəhman ibn Rəbiənin xəzərilərə qarşı apardığı uğurlu hərbi
əməliyyatlar, Təbərinin sözü ilə ifadə etməli olsaq, «kufəlilərin
qənimət və ərazi ucbatından xəlifə Osmana qarşı öz hallarını dəyişdirənə
qədər» davam etmişdi. Təbəri bu hadisələr haqqında öz əsərinin V
cildinin 1980-1990-cı səhifələrində ətraflı məlumat verir. Allah
Rəsulunun (s.a.v.) III xəlifəsi Osman ibn Əffan (r.a.) Kufə valisi Səid
ibn-ul-Əsə məktub yazıb Salman ibn Rəbiəni Bab-ul-Əbvaba, Əbdur-Rəhman
ibn Rəbiəyə köməyə göndərməsini əmr etmişdi. Eyni zamanda Dərbənd
yaxınlığında olan Əbdur-Rəhmana aşağıdakı məzmunda bir məktub göndərdi:
«Müsəlmanların bəziləri çox yemək və toxluqdan ötrü taqətsiz olublar,
mən sənin onları təhlükəli vəziyyətlə qarşı-qarşıya qoya biləcəyindən
ehtiyat edirəm». Ehtimal ki, xəlifə Osman qənimət və ərazi bölgüsü
ucbatından meydana gəlmiş narazılıq və qarışıqlığı nəzərdə tutmuş, bunun
cəbhədəki əsgərlərə də sirayət edə biləcəyindən ehtiyat etmişdi. Çünki
Azərbaycandakı əsgərlərin bir çoxu Kufədən idilər. Bələncəri fəth etməyə
qərar vermiş Əbdur-Rəhman buna baxmayaraq Şirvandan şimal istiqamətində
hərəkətə keçdi və Bələncər qalasını mühasirəyə aldı. Mücahidlər özləri
ilə gətirdikləri mancanaqlarla(Orta əsrlərdə qala divarlarına daş atmaq
üçün istifadə olunan qurğu.) qala divarlarını vurmağa başladılar.
Qaladakı xəzərilərin bir çoxu başlarına yağan daşlardan ölmüşdülər. Bu
mühasirə vaxtı mücahidlər də çox itki vermişdilər. Yezid ibn Müaviyə
ən-Nəhayi, Əlqamə ibn Qeys, Midad əş-Şeybani, Əmr ibn Utbə kimi
komandirlər də şəhid olmuşdular. Uzun çəkən mühasirə, Salman ibn
Rəbiənin əsgərlərinin də köməyə gəlməsinə baxmayaraq, mücahidlər
arasında bezginliyə səbəb olmuşdu. Bu vaxt şimaldan qaladakıların
köməyinə gələn xəzərilər də müsəlmanlara arxadan hücum etmişdilər.
Qalada müdafiə olunan xəzərilər də qaladan çıxaraq hücuma keçmişdilər.
İki tərəfdən sıxışdırılan müsəlman əsgərlərin sıralarında nizamsızlıq
yaranmışdı. Bələncərin mühasirəsi xəzərilərin qələbəsi ilə bitmişdi.
Mücahidlərdən çox sayda şəhid olan vardı. Əbdur-Rəhman ibn Rəbiə də bu
döyüşdə şəhid olmuşdu. Bu döyüşdə məşhur hədis ravisi və səhabə Əbu
Hureyrə əd-Dəvsi və Salman Farsi də iştirak etmişdilər. Salman ibn Rəbiə
ətrafa dağılışmış əsgərləri toplayaraq intizamı bərpa etdi və əvvəlcə
İranın Gilan şəhərinə çəkildi, oradan da Gürgana getdi. Xəzərilər
Əbdur-Rəhmanın cəsədi olan yerə bir neçə gün qorxudan yaxınlaşmadılar.
Sonra isə bu cəsur mücahidi götürüb hörmətlə dəfn etmişdilər(Təbəri,
Tarix-i Təbəri, c. V, s. 2158-2159; İbn Kəsir, əl-Bidayə, c. VII, s.
264. Təbəri, İbn əl-Əsir, İbn Kəsir bu hadisəni, yəni Bələncərin
mühasirəsi və Əbdur-Rəhman ibn Rəbiənin şəhid olmasını «h.32-ci
(m.652-653) İl hadisələri» başlığı altında nəql edirlər. Hadisələrin bir
birini təqibini və salnaməçilərin özlərinin qeyd etdikləri bəzi doğum
və ölüm tarixlərini diqqətlə araşdırsaq bu hadisənin h.32-ci (m.652-653)
ildə baş verməsinin mümkün olmadığını görərik. Göründüyü kimi Salman
ibn Rəbiə bu döyüşdən sağ qayıtmışdı. Bəlazuri Salman ibn Rəbiənin də
h.25/m.645-646-cı ildə Dərbənddə şəhid olduğunu qeyd edir (bax:
Fütuh-ul-Büldan, c. I, s. 320). İbn-ul-Əsəm (həmin əsər, s. 10-11) və
İbn Kəsir (həmin əsər, c. VII, s. 354) də Salmanın Dərbənddə şəhid
olduğunu yazırlar. Tarixinə gəldikdə isə İbn Kəsir, Salman ibn Rəbiə
haqqında «Osman ibn Əffanın xəlifəliyi dövründə vəfat edən, amma vəfat
tarixləri dəqiq bilinməyən şəxslər» başlığı altında bəhs edir. Bəzi
müasir tədqiqatçıların, mənbələrin bu haqda verdikləri bir-birinə zidd
məlumatlara əsaslanaraq, bu iki şəxsdən sadəcə birinin Dərbənddə şəhid
olduğu fikri də doğru deyil. Yaqut əl-Həməvi öz əsərində Salman və
Əbdur-Rəhman qardaşlarının hər ikisinin məzarının Bab-ul-Əbvab (Dərbənd)
yaxınlığında olduğunu yazır (bax: Mucəm-ul-Büldan, c. I, s. 361).
Hadisənin, yəni Əbdur-Rəhman ibn Rəbiənin şəhid olduğu döyüşün, tarixi
məsələsinə gəldikdə isə bunun h.25/m.645-646-cı ildən daha tez baş
verməsi mümkün deyil. Salman ibn Rəbiə, Bəlazurinin qeyd etdiyi kimi h.
25/m.645-646-cı ildə vəfat etdiyi halda, gördüyümüz kimi bu döyüşdən sağ
salamat qayıtmışdı. Bundan başqa o geri qayıdarkən, salnaməçilərin qeyd
etdikləri kimi, yanında Salman Farsi də vardı. Abdullah ibn Müslim İbn
Quteybə Kitab-ul-Məarif (Beyrut 1970) adlı əsərinin 117-ci səhifəsində
Salman Farsinin Osman ibn Əffanın xəlifəliyinin əvvəllərində Mədaində
vəfat etdiyini qeyd edir ki, bu da ən çox h.27/m.647-648-ci ildə ola
bilər. Bundan başqa Təbəri Əbdur-Rəhman ibn Rəbiənin şəhid olmasından
bəhs edərkən yazır ki, bu hadisə baş verdiyi il Əbdul-Məlik ibn Mərvan
və Yezid ibn Müaviyə ibn Əbu Sufyan anadan olmuşdular (bax: Tarix-i
Təbəri, c. V, s. 1988). Əbdul-Məlik ibn Mərvan h. 26/m.647-ci ildə
anadan olmuşdur (bax: Həsən İbrahim H. həmin əsər, c. I, s. 371). Yezid
ibn Müaviyə isə h.60/m.680-cı ildə ölən atasının taxtına oturarkən 33
yaşında olmuşdur (bax: Əbu Abdullah Muhəmməd əz-Zəhəbi, Siyər-i
Əlam-un-Nübəla, Beyrut 1985, c. IV, s. 36). Dəməli Yezid ibn Müaviyənin
də təvəllüd tarixi h.26/m.647-ci ildir. Göründüyü kimi, bu müharibənin
və Əbdur-Rəhman ibn Rəbiənin şəhadət tarixinin h.32/m.652-653-cü il
olması mümkün deyil.). Salman ibn Rəbiə əl-Bahili və Həbib ibn Məsləmə əl-Fıhrinin Dəbil və Naxçıvanı fəthi
Allah Rəsulunun (s.a.v.) III xəlifəsi Osman ibn Əffan (r.a.), Bizans
cəbhəsində vuruşan(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 318.), əl-Cəzirə
valisi Həbib ibn Məsləmə əl-Fıhriyə(Təbəri, Tarix-i Təbəri, c. V, s.
1972.) Ərməniyyəyə gedib orada hərbi əməliyyatlar keçirməyi əmr etmişdi.
Həbib ibn Məsləmə 6 min nəfərlik ordu ilə Ərməniyyəyə yürüş etmiş və
Kalika şəhərini fəth edərək əhalisini cizyə verməyə məcbur etmişdi.
Erməni sərkərdə Armeniakusun allan (osetin), abxaz və xəzərilərdən
topladığı muzdlu əsgərlərlə üstünə gəldiyini öyrənən Həbib ibn Məsləmə
Mədinəyə məktub yazaraq əlavə qüvvə istəmişdi. Xəlifə Osman Suriya
valisi Müaviyə ibn Əbu Sufyana və Kufə valisi olan kürəkəni Səid
ibn-ul-Əsə məktub yazaraq Həbib ibn Məsləməyə kömək üçün qüvvə
göndərmələrini əmr etdi. Səid ibn-ul-Əs Salman ibn Rəbiənin başçılığında
6 minlik ordunu Ərməniyyəyə göndərdi(Bəlazuri, Fütuh-ul-Büldan, c. I,
s. 319.). Salman öz ordusu ilə Ərməniyyəyə çatdığı vaxt Həbib öz
qüvvələri ilə Armeniakusu məğlub etmişdi. Kufəlilər alınan qənimətdən
onlara da pay ayrılmasını tələb etdilər. Suriyalılar bununla
razılaşmadılar. Bu məsələdən ötrü mübahisə və gərginlik meydana
gəlmişdi. Hətta Həbib ibn Məsləmə və Salman ibn Rəbiə bir-birlərinə ağır
sözlər demişdilər(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 320; İbn Kəsir,
əl-Bidayə, c. VII, s. 264; İbn əl-Əsir, əl-Kamil, c. III, s. 138. İbn
Kəsir və İbn-ul-Əsir Həbibin Salmana köməyə gəldiyini, ixtilafın
birləşmiş ordulara komandanlığın kimin edəcəyi məsələsindən çıxdığını,
bunun suriyalılarla iraqlılar arasında çıxan ilk ixtilaf olduğunu qeyd
edirlər. İsmayıl Haqqı bu ixtilafın Quran-i Kərimin qiraətindəki
tələffüz fərqliliyindən ötrü baş verdiyini, Huzeyfə İbn-ul-Yəmanın
mübahisə edənləri sakitləşdirdiyini və h.25/m.646-cı ildə bu məsələ
haqqında xəlifəyə məktub yazaraq ətraflı məlumat verdiyini və tədbir
görülməsini istədiyini yazır. (bax: İsmail Haqqı, İlm-ul-Xilaf, İstanbul
1938, s. 38). Suriyalılarla iraqlılar arasında ləhcədə və bəzi
kəlmələrin tələffüzündə fərq vardı.). Gərginlik aradan qaldırıldıqdan
sonra hər iki komandir öz əsgərləri ilə Azərbaycanın qərbində, Ərməniyyə
ilə sərhəddə yerləşən Dəbil (Dvin) şəhərini mühasirəyə aldılar. Qala
divarlarına mancanaqlarla daş atan mücahidlərin şiddətli hücumlarına
şəhər əhalisi çox müqavimət göstərə bilmədilər. Bir müddət sonra onlar
ərəblərdən hücumu dayandırmağı və aman verilməsini istədilər. Dəbillilər
müsəlmanlarla əhd bağlayaraq şəhəri onlara təslim etdilər(Bəlazuri,
Fütuh-ul-Büldan, c. I, s. 323.). Dəbilin fəthindən sonra cənub-şərq
istiqamətində irəliləyən müsəlmanlar Naxçıvan (Bəsf-ur-Rəcan) şəhərinə
yaxınlaşdılar. Naxçıvandan bir qrup ağsaqqal ərəblərin ordugahına
gələrək əhd bağlamaq istədiklərini bildirdilər. Bu əhdin şərtləri Dəbil
əhalisi ilə bağlanan əhdin şərtləri ilə eyni idi(Bəlazuri,
Fütuh-ul-Büldan, c. I, s. 324.). Bu səbəbdən də Dəbillilərlə bağlanan
əhdi aşağıda nəql edirik: Bismillahir-Rəhmanir-Rəhim Bu sənəd
Həbib ibn Məsləmə tərəfindən Dəbil şəhərinin xristianlarına,
yəhudilərinə və məcusilərinə verilmişdir. Mən onların hüzurda olanlarına
və olmayanlarına əman verirəm. Onların canlarına, mallarına,
mülklərinə, kilsələrinə, sineqoqlarına, məbədlərinə və qala divarlarına
toxunulmayacaqdır. Əhdinizə vəfa etdiyiniz, cizyə və xəracı ödədiyiniz
müddətcə, əhdimizə vəfa etmək bizim üzərimizə yüklənmiş vəzifədir. Bu
sənədin doğruluğuna Allah şahiddir. Vəkil olaraq Allah yetər. Həbib ibn
Məsləmə əl-Fıhri bu vəsiqəni öz möhürü ilə təsdiq etdi(Bəlazuri,
Fütuh-ul-Büldan, c. I, s. 323.). Naxçıvanın sülhən fəthindən sonra
əhalinin az bir hissəsi əhdin şərtlərindən narazı olduqlarını
bildirmişdilər. Ərəblər onların şərtlərə əməl etməyərək üsyan edə
biləcəklərindən ehtiyat etdikləri üçün onları Araz çayının cənubuna
köçürüb burada məskunlaşdırmışdılar(Bünyadov, həmin əsər, s. 82.). Sisyan, Beyləqan, Bərdə və Şəmkirin fəthi
Salman ibn Rəbiə və Həbib ibn Məsləmə öz əsgərləri ilə Naxçıvandakı
Biçənək keçidindən keçib Sisyan ərazisinə daxil olmuşdular(Bünyadov,
həmin əsər, s. 82.). Sisyan əhalisi öz qüvvələrini toplayıb ərəblərə
qarşı müharibəyə girdilər və məğlub olub geri çəkildilər. Onlar
ətrafdakı qalalara sığınıb müdafiə olunmağa başladılar. Mücahidlərin
Sisyan vilayətinin ən möhkəm qalalarından biri olan Veys qalasını zəbt
etmələrindən sonra yerli özünü müdafiə qüvvələri müharibəni dayandırıb
təslim oldular. Onlar ərəblərə cizyə ödəmək qarşılığında əhd bağlamağı
təklif etdilər. Salman və Həbib ibn Məsləmə onların bu təklifini qəbul
etdilər(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 324.). Bu iki komandir daha
sonra ayrılaraq ayrı-ayrı istiqamətlərdə hərəkətə keçdilər. Həbib ibn
Məsləmə Sisyandan şimal istiqamətində, dağ yolları ilə Gürcüstana getdi.
Salman ibn Rəbiə isə Araz çayı boyunca düzənlik ərazidə şərqə doğru
irəliləyərək Albaniyanın cənubuna gəlmişdi(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh,
s. 9.). Albaniya torpaqlarına girən Salman ibn Rəbiə öz əsgərləri ilə bu
məmləkətin cənub-şərqində yerləşən ən böyük şəhəri, o dövrün ən məşhur
mədəniyyət və ticarət mərkəzlərindən biri olan Beyləqana yaxınlaşmışdı.
Beyləqanlılar İslam ordusunu xoş qarşılamışdılar və onların düşərgə
salmaları üçün yer vermişdilər(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 9.).
Salman ibn Rəbiə Beyləqan və ətraf bölgələrdə yaşayan əhali ilə onların
canlarına, mallarına, mülklərinə toxunmamaq, şəhərin qala divarlarını
yıxmamaq, bunun əvəzində isə əhalinin cizyə və məhsullardan öşr (onda
bir) vergisi ödəmələri şərtilə əhd bağladı(Bəlazuri, Fütuh-ul-Büldan, c.
I, s. 327.). Beyləqanı sülhən fəth edən Salman ibn Rəbiə buradan şimala
doğru irəliləyərək Bərdə şəhərinə yaxınlaşmışdı. Albaniyanın paytaxtı
Bərdə şəhərinə yaxınlaşan Salman ibn Rəbiə öz ordusuna şəhərdən bir
fərsəx uzaqda düşərgə qurmağı əmr etdi. Bərdə əhalisi qala qapılarını
bağlayıb müqavimət üçün hazırlaşmağa başladılar. Ərəblər Bərdəni
mühasirəyə aldılar. Bərdəlilər inadla müdafiə olunduqları üçün mühasirə
uzanırdı. Şəhərin mühasirəsi biçin vaxtına təsadüf etmişdi. Salman ibn
Rəbiə əsgərlərinə ətraf kəndlərə hücum etmək əmrini verdi(Bəlazuri,
Fütuh-ul-Büldan, c. I, s. 328. Biçin vaxtı olduğu üçün ehtimal ki,
Bərdənin mühasirəsi h.26/m.647-ci ilin yay mövsününün sonlarına təsadüf
etmişdi. Salman ibn Rəbiənin ətraf kəndlərəbasqın etməyi əmr etməsinin
səbəbi öz əsgərləri üçün ərzaq təmin etmək ola bilər. Eyni zamanda
bərdəliləri qışlıq ərzaqdan məhrum edərək təslim olmağa məcbur etmək
məqsədi də daşımış ola bilər.). Nəhayət Bərdə əhalisi Salman ibn
Rəbiənin yanına elçi heyəti göndərib sülh istədilər və beyləqanlılarla
bağlanmış müqavilənin şərtləri ilə özləri ilə də müqavilə bağlamağı
təklif etdilər(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 9; Bəlazuri,
Fütuh-ul-Büldan, c. I, s. 328.). Salman ibn Rəbiə bu təklifə müsbət
yanaşdı. Beləcə Bərdə müsəlmanların əlinə keçdi. Salman Bərdəni öz idarə
mərkəzi təyin etdi. Buradan hücuma keçən mücahidlər Qarabağı bütünlüklə
zəbt etdilər. Bəzi kürd qəbilələrinin müqavimət göstərməsinə baxmayaraq
onlar da bir müddət sonra təslim oldular. Bərdənin və Qarabağın
fəthindən sonra Salman ibn Rəbiə öz qüvvələrini Albaniyanın şimali
qərbində yerləşən ən böyük şəhərlərindən biri olan Şəmkirə yönəltdi.
Qısa müddət ərzində Şəmkiri ələ keçirən mücahidlər, daha sonra Kür çayı
boyunca cənubi şərqə doğru irəliləyərək Kür və Araz çaylarının
birləşdiyi yerdə yerləşən Bərdic şəhərini də zəbt etdilər(Bəlazuri,
Fütuh-ul-Büldan, c. I, s. 328.). Qəbələ, Şabran, Dərbəndin fəthi və Salman ibn Rəbiə əl-Bahilinin şəhadəti
Bərdic yaxınlığında Kür çayı üzərindəki körpünü təmir etdirən Salman
ibn Rəbiə öz əsgərləri ilə Qəbələ şəhərinə yaxınlaşdı. Qısa çəkən
döyüşdən qalib çıxan müsəlmanlar əvvəlcə Qəbələ sonra da Şəki
şəhərlərini ələ keçirdilər. Salman ibn Rəbiə Qəbələ, Şəki şəhərlərinin
hakimləri və Şirvan məliki ilə cizyə vermələri şərtilə əhd
bağladı(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 328-329.). Şirvanda Huzeyfə
ibn-ul-Yəmanın ordusu ilə birləşən Salman ibn Rəbiə(Təbəri, Tarix-i
Təbəri, c. V, s. 2158.) birlikdə Şabran şəhərinə(Dəvəçi rayonu
ərazisində yerləşir.) doğru irəlilədilər və qalanı mühasirəyə aldılar.
Qısa müddətdə Şabran qalasını fəth edən Salman ibn Rəbiə Azərbaycanın
Qafqaz dağlarında yaşayan əhalisi ilə də vuruşaraq özünə tabe olmağa
məcbur etdi. Məsqət (Müşkür-Xaçmaz), Gilgilçay(Siyəzən rayonu ərazisində
yerləşir.), Lakz, Filan, Təbərsəran(Dağıstanın cənubunda yerləşir.)
əhalisinin məlikləri ilə müsəlmanlar arasında cizyə ödəmək şərtilə
razılaşma əldə edildi. Bir müddət Şabranda qalan Salman ibn Rəbiə
buradan şimal istiqamətində irəliləyərək Bab-ul-Əbvaba (Dərbənd) yürüşə
çıxdı(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 10.). Salman ibn Rəbiənin
əmri altındakı mücahidlərlə Samur çayını keçib sürətlə Dərbəndə
yaxınlaşdığından xəbər tutan Xəzər xaqanı özünün 300 minlik qoşunu ilə
şimala doğru geri çəkildi. Ətrafındakılar onu qınayaraq: «Ey
hökmdarımız! Sənin 300 min onların isə 10 min əsgəri var və sən onlarla
döyüşməkdə tərəddüd edirsən». Xaqan belə cavab vermişdi: «Mən bu qövm
haqqında onların göydən yerə endiklərini və heç bir silahın onlara təsir
etmədiyini eşitmişəm. Söyləyin, belə olan halda kim onlarla döyüşməyə
cəsarət edə bilər?»( Yenə orada.). Xəzər xaqanının Dərbənddən
çəkilməsindən sonra şəhərə girən mücahidlər heç bir müqavimətlə
qarşılaşmadılar. Salman ibn Rəbiə Dərbənddə üç gün qalandan sonra
xəzəriləri təqib etmək məqsədilə şimal istiqamətində hərəkət etmişdi.
Yarqu şəhərini ələ keçirən mücahidlər xəzərilərin ordugahı yaxınlığında
düşərgə salmışdılar. Bura sıx meşəlik və iti axan çay kənarı idi.
Xaqanın kəşfiyyatçıları davamlı olaraq ərəblərin ordugahını müşahidə
edirdilər. Mücahidlərdən biri ordugahdan ayrılıb çimmək üçün çaya
girdiyi vaxt mücahidlər onu ox yağışına tutmuşdular. Şəhid olan
mücahidin kəsilmiş başını və paltarlarını xaqana göstərib: «Budur ölməz
olduqlarına və silah təsir etmədiyinə inandığımız düşmənlərimizdən
birinin kəsilmiş başı» demişdilər. Bundan cəsarətlənən xaqan digər türk
qəbilələrindən də topladığı 300 min nəfərlik ordusu ilə ərəblərə hücum
etdi. Ərəblərlə türklər arasındakı bu misli görünməmiş müharibə 6 gün
davam etmişdi. Müsəlmanlardan bir çoxu şəhid olmuşdu. Onların məzarları
Dərbəndin şimalında «Qubur-uş-Şühəda» («şəhidlərin qəbirləri») adlanan
yerdədir(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 10-11.). Xəzərilər ərəblərdən
daha çox itki vermişdilər. Döyüşün altıncı günündə Salman ibn Rəbiə öz
əsgərlərinə müraciət edərək 40 nəfər könüllü istəmişdi. Bu 40 nəfər
süvari ilə xəzərilərin döyüş sıralarını yarıb keçən Salman ibn Rəbiə
xaqanın çadırına basqın edərək çadırın iplərini kəsmişdi. Fəqət
dağıdılmış çadırda xaqanı ələ keçirə bilməmişdilər, çünki o çadırda yox
idi. Bu qırx igid mücahid, komandirləri Salman ibn Rəbiə ilə birlikdə,
mühasirəyə düşərək son nəfəslərinə qədər vuruşmuş və şəhid
olmuşdular(Bakıxanov, həmin əsər, s. 52-53. Mənbələrin həm hadisələrin
cərəyan etdiyi tarix haqqında, həm də şəxslər haqqında verdikləri
məlumatlar qarışıq və ziddiyyətlidir. İslami mənbələrdən Təbəri və
İbn-ul-Əsirin bu hadisənin h.32/m.652-653-cü ildə baş verdiyini, bu
döyüşdə Əbdurrəhman ibn Rəbiənin şəhid olduğunu qeyd etməsinə rəğmən,
Belazuri və İbn-ul-Əsəm Salman ibn Rəbiənin bu döyüşdə xəzərilərlə
vuruşduğunu və şəhid olduğunu yazırlar. İbn-ul-Əsəmin Kitab-ul-Fütuh
əsərini tərcümə etmiş mərhum akademik Z. Bünyadov açıqlamalar bölməsində
bu hadisənin h.25/m.646-cı ildə gerçəkləşdiyini qeyd edir. Bəlazuri də
Salman ibn Rəbiənin bu məmləkətin fəthi üçün h.25/m.646-cı ildə
göndərildiyini nəql edir (bax: Fütuh-ul-Büldan, c. I, s. 320). İbn Kəsir
isə Əbdurrəhman ibn Rəbiənin h.32/m.652-653-cü ildə Bələncər qalası
yaxınlığında xəzərilərə qarşı girişdiyi döyüşdə şəhid olduğunu yazır. O,
Salman ibn Rəbiə haqqında isə belə yazır: «Salman ibn Rəbiə
əl-Bahilinin Rəsulullahın (s.a.v) əshabından olduğunu deyirlər. Salman
ibn Rəbiə adlı-sanlı igid və məşhur qəhrəman idi. Xəlifə Ömər onu Kufə
qaziliyinə (hakimliyinə) təyin etmişdi. Xəlifə Osmanın dövründə o,
türklərlə (xəzərilərlə) vuruşmaq üçün göndərilən orduya komandan təyin
olunmuşdu. O, Bələncər yaxınlığında şəhid olmuşdur və məzarı da
oradadır» (bax: əl-Bidayə, c. VII, s. 353-354). İbn Kəsir onun vəfat
tarixinin bilinmədiyini yazır. Müasir tədqiqatçılardan İ. Kafesoğlu
(həmin əsər, s. 159) və M. Artamonov (həmin əsər, s. 177) da Salman ibn
Rəbiənin 652-653-cü illərdə vəfat etdiyi qənaətindədirlər. Daha əvvəl,
Salman və Həbibin Dəbil və Naxçıvanı fəth etdikləri vaxt əhd
şərtlərindən narazı olan əhalinin bir hissəsini Araz çayının cənubuna
köçürdüklərini qeyd etmişdik. Moisey Kalankaytuklu Bizans imperatoru II
Konstansın (641-668) hakimiyyətinin 6-cı ilində ərəblərin Dəbili ələ
keçirərək 35 min insanı əsir aldıqlarını qeyd edir (bax: Albaniya
tarixi, s. 127). Bəlazuri, Həbib ibn Məsləmənin Ərməniyyəni fəth etməsi
haqqındakı məktubu ilə, Salman ibn Rəbiənin şəhadət xəbərinin eyni
vaxtda, onunla birlikdə döyüşlərdə iştirak etmiş Qərza ibn Kəb əl-Ənsari
adlı şəxs tərəfindən xəlifəyə çatdırıldığını yazır. II Konstansın
hakimiyyətinin 6-cı ili (641+6) 647-ci ilə təsadüf edir. Göründüyü
kimi, bu hadisənin 652-653-cü ildə baş verməsi mümkün deyildir. Bu
hadisə 646 və ya 647-ci ildə olmuşdur.). Bu qırx şəhidin məzarı Dərbənd
qalasının şimal divarının yaxınlığında bu gün də mövcuddur və «Qırxlar
qəbirstanlığı» adı ilə tanınır. Xəzərilər Salmanın və qırx
mücahidən şəhid olduğu yerdən o gecə göyə nur sütununun yüksəldiyini
görmüşdülər. Səhər açıldığı vaxt onlar Salmanın cənazəsini bir tabuta
qoyub öz məbədlərinə aparmışdılar(Yaqut əl-Həməvi, Mucəm-ul-Büldan, c.
I, s. 361.). Bütpərəst-müşrik xəzərilər qıtlığa və quraqlığa düçar
olduqları vaxt Salmanın cənazəsini vasitəçi qılaraq dua edirdilər(İbn
Kəsir, əl-Bidayə, c. VII, s. 354; Yaqut əl-Həməvi, Mucəm-ul-Büldan, c.
I, s. 361.). Məşhur ərəb şairi İbn Cümanə əl-Bahili, Salman ibn
Rəbiə əl-Bahili və Orta Asiyada, Türküstanda şəhid olan müsəlman
sərkərdə Quteybə ibn Müslim əl-Bahili haqqında qəsidə yazmışdı(Bəlazuri,
Fütuh-ul-Büldan, c. I, s. 329.). Xəlifə Osman ibn Əffan
mücahidlərin və Salman ibn Rəbiənin şəhadət xəbərini eşitdiyi vaxt çox
hüzünlənmişdi. Hətta xəlifə həyəcan və kədərindən ötrü yuxusuzluğa düçar
olmuşdu(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 11.). Daha sonra o, Huzeyfə
ibn-ul-Yəman əl-Əbsiyə məktub yazaraq onu şəhid olmuş Salman ibn
Rəbiənin yerinə Albaniya valiliyinə təyin etmişdi(Bəlazuri,
Fütuh-ul-Büldan, c. I, s. 329-330.).
Ardi: 7-ci Hissə
Fayl olaraq yüklə:
6.reshidiXelifeler_azerb.fethi.doc
6.reshidiXelifeler_azerb.fethi.pdf
Mobil telefonlar üçün:
6.reshidiXelifeler_azerb.fethi.doc
6.reshidiXelifeler_azerb.fethi.pdf
|