Baş səhifə » 2012 » Noyabr » 22 » RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-1
09:41
RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-1

Dr. ELNUR NƏSİROV.

RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ


Bu kitab müəllifi tərəfindən 1977-ci ildə Türkiyə Respublikası Səlcuq Unversiteti, İctimai Elmlər İnsitutunda Prof. Dr. Mikayıl Bayramın elmi rəhbərliyi altında magistr işi olaraq yazılmış və müdafiə edilmişdir.Prof. Dr. Əhməd Önkal və Prof. Dr.Zəkəriyyə Kitapçı bu əsərə müsbət rəy vermişlərdir.

RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-1



Ərəblərin yürüşləri ərəfəsində Azərbaycanda siyasi və ictimai vəziyyət

Arran (Albaniya) və Mehranilər

VII əsrin əvvəllərində bütün yaxın Şərq, eyni zamanda Zaqafqaziya bir-biriylə mübarizə aparan iki rəqib dövlət, Bizans və Sasani imperiyaları arasında bölüştürülmüşdü. Azərbaycanın cənubu tamamən, şimalı, yəni Arran (Albaniya) isə İrandan yarı asılı bir knyazlıq kimi öz mövcudiyyətini davam etdirirdi(Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə, Bakı 1989, s. 39.).

Zaqafqaziyanın siyasi, iqtisadi və mədəni həyatında mühüm yer tutan Albaniyanın siyasi təşəkkülü hələ e.ə IV əsrdə başlamışdı(Rəşid Göyüşov. Azərbaycan Arxeologiyası, Bakı 1986, s. 71.). 510-cu ildə, I əsrin ortalarından etibarən Arranda hökm sürən Arşaqi sülaləsinin bu ölkədəki hakimiyyəti sona çatmışdı. Qısa müddət ölkəni iranlı mərzubanlar idarə etmişdilər (510-629). VI əsrin sonu VII əsrin əvvəllərindən etibarən isə Albaniyada Mehranilər sülaləsi yüksəlməyə başlamışdı(Fəridə Məmmədova. Politiçeskaya istoriya i istoriçeskaya qeoqrafiya Kavkazskoy Albanii, Bakı 1986, s. 195.).

İran şahı II Xosrov Pərviz (591-628) atası IV Hörmüzdün qatillərini cəzalandırmağa başlayanda saray münaqişələrində iştirak etmiş, Sasani sülaləsinə mənsub olan Mehran, 30 min ailəni də özü ilə birlikdə apararaq Arranın Uti vilayətinə gəlmişdi. Burada bir müddət qalıb Xəzərilərin ölkəsinə getmək istəyirdi. Onun bu fikrindən təşvişə düşən II Xosrov Mehrana aşağıdakı məzmunda bir məktub yazmışdı: «Qardaşım! Mənim sadiq qardaşım. Düşmən kimi məndən uzaqlaşma. Əgər sən mənimlə bir yerdə yaşamağı xoşlamırsansa, bu məktub sənə çatanda nə qədər yol getmişsənsə, Albaniyada yaşamaq üçün özünə bir o qədər torpaq götür». Mehran bu məktubu Girdiman vilayətində almışdı. O, yanındakı ailələri burada məskunlaşdırdı. Daha sonra o, Mehranavan şəhərini saldırmış və köçüb burada yaşamağa başlamışdı(Moisey Kalankaytuklu. Albaniya tarixi, (tərc. Z. Bünyadov), Bakı 1993, s. 101.).

Mehran Albaniyanın 12 ən böyük feodalını öldürüb torpaqlarını ələ keçirdi. Onun nəticəsi Vardan Girdiman qalasını inşa etdirmişdi. O, Arranın ən böyük feodal sülaləsi olan Aranşahilərdən 60 nəfəri bir qonaqlıqda qılıncdan keçirdi. Yalnız bir nəfəri öldürtmədi, bu da öz kürəkəni Zərmehr idi. Beləcə Mehrani ailəsi bütün Albaniyanı hakimiyyəti altına aldı. Vardan dağlarda yaşayan məğrur tayfa başçılarını da özünə müti etdi(Eyni əsər, s. 101.).

Mehranilərin Arrana gəlib yerləşmələri və qısa müddətdə siyasi təşəbbüsü ələ almaları tamamilə o dövrün siyasi vəziyyəti ilə əlaqədar idi. Çünki Arran Sasani imperiyasının şimal sərhədlərinin qorunmasında müstəsna strateji mövqeyə sahib idi. Təəssüflər olsun ki, yerli feodallar İran sarayının bu məkrli oyununu bir az gec dərk etmişdilər(F. Məmmədova. həmin əsər, s. 195-196).

İran – Bizans müharibələrində İranın üstünlüyünə, Qurani Kərimin də müjdələdiyi kimi, (bax. Rum surəsi, 1-6) Bizans imperatoru Heraklın (610-641) Anadolu və Zaqafqaziyada gerçəkləşdirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində son qoyuldu(Eyni əsər, s. 199.). Mehranilərdən Vardanın nəvəsi Varaz Qriqor Heraklın Qafqaz səfəri əsnasında (623-628-ci illər) imperatorun xeyir-duası ilə xristianlığı qəbul etmişdi. Varaz, heç şübhəsiz, diofizit məzhəbini qəbul etmişdi. Çünki bizanslılar bu məzhəbə mənsub idilər. Moisey Kalankaytuklu özü qatı monofizit olduğu üçün bu haqda məlumat vermir. Çünki Varaz Qriqor, imperator Herakl Albaniyadan gedəndən iki il sonra, yəni 630-cu ildə Alban yepiskopu Vironun xeyir-duası ilə monofizitliyi qəbul etmişdi(Eyni əsər, s. 203-204.).
İlk xristian Mehrani knyazı olan Varaz Qriqor Heraklın hüzurunda xristianlığı qəbul edərək özünün Albaniyadakı hakimiyyətini bir növ təsdiqləmiş oldu. Fəqət monofizit Arran xalqına rəğmən diofizit məzhəbində israr etməmişdi.

Varaz Qriqorun Peroz, Yezud-Xosrov, Varazman və Cavanşir adlı dörd oğlu var idi. Ondan sonra Mehrani taxtına ikinci oğlu Cavanşir keçmişdi(Moisey, həmin əsər, s. 102.).
Bu gənc knyazın fəaliyyətləri haqqında sonrakı bölmələrdə bəhs edəcəyik. O, Albaniyanın bütün əyalətlərini Uti, Girdiman, Qarabağ, Sisyan, Beyləqan, Şəki, Qəbələ, Kambisena və Çolanı öz hakimiyyəti altında birləşdirmişdi.

Xəzərilər, Bizans və İran

Xəzərilər

Xəzər türkləri haqqında erməni tarixi mənbələri III, Avropa salnaməçiləri isə IV əsrdən etibarən məlumat verməyə başlamışdılar. Bizanslı və ərəb müəlliflər xəzərilərdən bəhs edərkən onları türk adlandırmışdılar. Xəzərilərin danışdıqları dil Volqa (Atil) bolqarlarının dilinə çox bənzəyirdi(Abbasqulu Ağa Bakıxanov, Gülüstani-irəm, Bakı 1951, s. 32.).
Xəzərilərin ölkəsi, VI əsrdə hakimiyyət sahəsi Qara dənizin sahillərinə qədər uzanan Göy Türk imperiyasının tərkibinə daxil idi və bu dövlətin qərbdəki ən son cinahını təşkil edirdi. 630-cu ildən etibarən Göy Türk imperiyası parçalanmağa başlayandan sonra, bu dövlətin tərkibindəki digər türk qrupları kimi xəzərilər də istiqlaliyyət qazanaraq müstəqil xaqanlığa çevrilmişdi(İbrahim Kafesoğlu, Türk milli kültürü, İstanbul 1994, s. 158.).

Xəzərilər memarlıq və inşaat işlərində mahir idilər. Don çayı sahilindəki Sarkel qalasının qalıqları, Ukraynanın Xarkov şəhəri yaxınlığındakı Xaqan şəhərinin xarabalıqları, Rusiyanın Voronej vilayətindəki Xazariya adı ilə tanınan ərazi xəzərilərin bu işdə əldə etdikləri uğurlardan xəbər verir(Bakıxanov, həmin əsər, s. 32-33.).

Səməndər, Bələncər və Atil xəzərilərin ən böyük şəhərləri idi. Paytaxt Atil şəhərində xaqanın bişmiş kərpicdən inşa edilmiş sarayı var idi. Xalq isə ağacdan tikilmiş evlərdə yaşayırdı(Emel Esin, İslamiyetten önceki türk kültürü, İstanbul 1978, s. 79-80.). Atil şəhəri eyni zamanda böyük ticarət mərkəzi idi. Ticarət gəmiləri Xəzər dənizinə tökülən Atil (Volqa) çayı boyunca üzərək şəhər limanına daxil olurdular. Şimaldan gələn ticarət gəmiləri də Atil çayından keçərək dənizə çıxır, Dərbənd, Xorasan və Bərdə limanlarına gedirdilər(Bakıxanov, həmin əsər, s. 33.).

Alban müəllif Moisey Kalankaytuklu xəzərilərdən bəhs edərkən onları «qorxunc, geniş üzlü, kirpiksiz, qadın kimi uzun saçlı» deyə təsvir edir. Moisey xəzəriləri şimal xalqı adlandırır və belə deyir: «Bunlar (xəzərilər) əsgərlərimizə hücum edir, onlar keçib gedərkən əsgərlərimiz onların heybətli görünüşlərindən qorxuya düşürdülər. Onlar çox sərrast ox atırdılar, atdıqları oxlar selə bənzəyirdi». Moisey 628-ci ildəki xəzəri hücumundan bəhs edərkən deyir: «Dərbəndi alan xəzərilər dəniz dalğası kimi ölkəmizi basdılar»( Moisey, həmin əsər, s. 93.).

Xəzər xaqanının on iki nəfərdən ibarət məşvərət məclisi var idi. Məclis üzvləri xristian, yəhudi və bütpərəst ola bilərdi. Xaqanın daima döyüşə hazır 40 min nəfərlik xüsusi qvardiyası var idi. Moskva, Novqorod və digər bütün slavyanlar xaqana vergi verirdilər(Bakıxanov, həmin əsər, s. 47; Kafesoğlu, həmin əsər, s. 47.).

Xəzərilərin səmavi dinlərlə tanış olmaları haqqındakı yayılmış fikrə görə VIII əsrin əvvəllərində Xəzər xaqanı Bula yəhudiliyi qəbul etmişdir. 850-ci ildə isə xristianlıq bu qövmün arasında yayılmağa başlamışdı(Yenə orada.). VII əsr Alban salnaməçisi Moisey öz əsərində Albaniyadan bir çox missioner təbliğatçının xristianlığı yaymaq üçün şimal xalqlarının yanına getdiyini qeyd edir(Moisey, həmin əsər, s. 23.). Xəzər ölkəsinə gedib buralarda xristianlığı yayan Qriqoris adlı bir təbliğatçı və dostları burada yerli bir feodal tərəfindən 837-ci ildə öldürülmüşdür. Erməni təbliğatçısı Mesrop Maştos da Albaniyaya, oradan da Xəzər ölkəsinə gedərək bir çox insanın xristianlığı qəbul etməsinə vəsilə olmuşdur(Eyni əsər, s. 32.). Mesrop 440-cı ildə ölmüşdür. Deməli xəzərilərin xristianlığı qəbul etmələri hələ IV-V əsrlərdən başlamışdır. Əlbəttə ki, xəzərilər bütünlüklə xristianlığı qəbul etməmişdilər. Fəqət ən azından Albaniya sərhədlərinə yaxın bölgələrdə yaşayanlar, yəni missioner təbliğatçıların fəaliyyət göstərdikləri ərazilərdə yaşayan türklər bu səmavi dinlə tanış olmuş və müəyyən bir qismi bu dini mənimsəmişdi.
Hun və xəzərilərə göndərilən təbliğçilərin əksəriyyəti Qarabağın alban kilsələrində yetişən rahiblər idilər. Qarabağda əhalinin əksəriyyətini xəzəri, savir və barsillər kimi türk qəbilələri təşkil edirdilər(Məmmədova, həmin əsər, s. 104-105.). Xəzər ölkəsinə məhz qarabağlı keşişlərin göndərilməsi də hər halda məhz bununla əlaqədar idi. Çünki əslən türk olan bu keşişlərin yerli xalqla ünsiyyət qurmalarında dil problemi olmurdu.
Xəzərilər öz istiqlaliyyətlərinin ilk illərində ərazilərini bolqarların torpaqlarını zəbt edərək genişlənmişdilər(Artamonov. M, İstoriya Xazar, Leninqrad 1962, s. 179.). Xəzərilər Bizansın ən güclü müttəfiqi idilər. Türk-Bizans işbirliyi sayəsində zəifləyən Sasani imperiyası ərəblərin zərbələri qarşısında çökəcək və bundan sonra iki müttəfiq bu yeni fatehlərlə mücadilə etməyə məcbur olacaqdılar(Kafesoğlu, həmin əsər, s. 159.).
İran – Bizans müharibələrinin ən qızğın vaxtlarında xəzərilər Bizansa kömək edirdilər. Xəzərilər Qafqaz dağlarının cənubundakı ölkələrin zənginliyinə çox yaxşı bələd idilər. Onların bu ittifaqdakı məqsədləri Azərbaycan və Arranın zəngin şəhər və kəndlərini talan edərək qənimət əldə etmək idi.

Bəlazuri bu dövrdə, yəni VII əsrin əvvəllərində Arran və Gürcüstanın xəzərilərin idarəsi altında olduğunu və basqınlar vaxtı xəzərilərin İranın Dinəvər şəhərinə qədər endiklərini qeyd edir(Əhməd ibn Yəhya əl-Bəlazuri, Fütuh-ul-Büldan, İstanbul 1956, c. I, s. 313.).
İslam fütuhatı ərəfəsində, daha dəqiq desək 626-cı ilin yayında xəzərilər böyük bir ordu ilə Dərbəndi keçərək Azərbaycan torpaqlarına girmişdilər. 626-cı ilin əvvəllərində xəzərilərlə ittifaq müqaviləsi bağlayan imperator Herakl həmin ilin yazında Sisyan yaxınlığında iranlı sərkərdə Şahin tərəfindən məğlub edilərək geri oturdulmuşdu. Bundan sonra xəzərilər yuxarıda qeyd etdiyimiz hücumu gerçəkləşdirmişdilər. II Xosrov Xəzər xaqanına hədə-qorxu dolu məktub yazaraq bildirmişdi ki, əgər xəzərilər geri çəkilməsələr o, Bizans cəbhəsindəki ordularını şimala yönəldərək Xəzər ölkəsinə hücum edəcək. Bu məktubdan sonra xaqan hücumu dayandırmışdı. Xəzərilər geri çəkilərkən Arrandan saysız-hesabsız heyvan sürüləri, əsirlər və qəsb etdikləri qızıl və gümüş əşyaları aparmışdılar(Moisey, həmin əsər, s. 91.).

628-ci lidə Xəzər xaqanı, oğlu Şad ilə birlikdə şəxsən rəhbərlik etdiyi ordusunu cənuba doğru yeritmişdi. Dərbənd qalası bu təchizatlı və çox-saylı ordunun qarşısında uzun müddət davam gətirə bilməmişdi. Xəzərilər Dərbənddə dəhşətli qırğın törətmişdilər. Moisey Dərbəndin işğalını təsvir edərkən belə deyir: «Onlar od tutmuş saman kimi bir küçədən girib o birindən çıxırdılar»(Eyni əsər, s. 92.).

Arranın mərkəzinə doğru hərəkət edən xəzər ordusu daha sonra şimal-qərbə istiqamət götürərək gürcü torpaqlarına girmişdi. Burada imperator Heraklla görüşən xaqan Tiflisi mühasirəyə almışdı. Qış yaxınlaşdığı üçün mühasirə dayandırılmış və Xəzər hökmdarı Cebu xaqan Tiflisi ala bilmədən öz ölkəsinə qayıtmışdı.

629-cu ilin yayında Cebu xaqan ordusu ilə yenidən hərəkət edərək Albaniya və Gürcüstanı işğal etmişdi. O, Tiflisi alaraq talan etdirdi. Xaqanın oğlu Şad alban baş yepiskopu Vironu yanına çağıraraq onunla müqavilə bağlamışdı. Müqaviləyə görə Albaniya Sasanilərə ödədiyi vergini bundan sonra xəzərilərə ödəməli idi(Eyni əsər, s. 102-104.).

Bizans

Xəzər – Bizans ittifaqı imperator Heraklın şərq siyasətinin əsas istiqamətini təşkil edirdi. O, daha əvvəl Qafqaz xalqları ilə İrana qarşı müqavilə bağlamışdı. Herakl Qafqazı İranla mübarizədə müharibə meydanı kimi istifadə edirdi. Bu Qafqaz xalqlarının xristian olması ilə nə qədər əlaqəli idisə, imperatorun öz müttəfiqi olan xəzərilərlə maneəsiz təmas vəziyyətində olmaq istəməsi ilə də bir o qədər əlaqəli idi.

623-cü ildə İranın mərkəzi əyalətlərinə qədər irəliləyən Herakl Qanzaka (Şiz) şəhərini ələ keçirərək buradakı atəşkahları təxrib etdirmişdi. İmperator bu uğurlu hərbi əməliyyatlardan sonra qışı Albaniya və Gürcüstanda keçirmişdi. O, Arran əhalisindən öz ordusunu saxlamağı tələb etmişdi. Əks təqdirdə albanları da məcusilərin aqibəti gözləyirdi. Bərdə yepiskopu Zaxariya vasitəçilik edərək Albaniya xalqını mümkün qətllərdən xilas etmişdi(Eyni əsər, s. 90.).

Bizans ələ keçirdiyi ölkələrdə yəhudi və məcusilərə qarşı təzyiqləri gücləndirirdi(W. Barthold, İslam medeniyeti tarihi, İstanbul 1940, s. 20-21.). Bundan başqa Bizans sarayı, aralarındakı məzhəb fərqliliyindən ötrü daima şərq əyalətlərindəki xristianları sıxışdırırdı. Bu iki tərəf arasında kin və düşmənçiliyin qızışmasına səbəb olurdu(G. Ostroqorsky, Bizans devleti tarihi, Ankara 1981, s. 103; Şahin Uçar, Anadoluda İslam-Bizans mücadelesi, İstanbul 1990, s. 56.).

Bu kimi səbəblərdən ötrüdür ki, hələ Herakl sağ ikən bizanslılar, Ön Asiya istisna olmaqla, bütün zəbt etdikləri əraziləri ərəblərə verməyə məcbur olmuşdular. Bizans imperatoru Heraklın (610-641) İrana qarşı apardığı mübarizə bütünlüklə faydasız görünürdü. İranlıları məğlub edərək o, müsəlman ərəblərin işini asanlaşdırmışdı. Çünki qısa müddət sonra onun Sasanilərdən aldığı ərazilərə İslam fütuhat dalğası yayılacaqdı(Barthold, həmin əsər, s. 21; Ostroqorsky, həmin əsər, s. 104.).

İran

Sasanilər zəbt etdikləri ölkələrin siyasi istiqlaliyyətinə son qoyurdular. Azərbaycanda da eyni üsul tətbiq edilmişdi. Sasani şahları digər əyalətlərə olduğu kimi Azərbaycana da mərzubanlar (canişin) təyin edirdilər. Ölkənin bütün inzibati, hüquqi və hərbi hakimiyyəti mərzubanların əlində cəmləşmişdi. Ərdəbildə oturan Sasani mərzubanlar "Şahab” adlanırdı(Cavad Məşkur, Nəzər-e bə Tarix-i Azərbaycan, Tehran 1349, s. 123.).

V əsrdən etibarən Sasani imperiyası dörd böyük mərzubanlığa bölünmüşdü. Azərbaycan şimal mərzubanlığına daxil idi. Bura Azərbaycandan başqa İberiya (Gürcüstan), Sisyan, Muğan, Deyləm, Ermənistan və.s əyalətlər daxil idi(Bünyadov, həmin əsər, s. 40.).
Zərdüştilik (məcusilik) Sasani imperiyasının rəsmi dini idi. Bu din Sasani siyasi elitası üzərində fövqəladə təsirə malik idi. Belə ki, məcusi din adamlarının fəaliyyəti sadəcə dini ayinlərin icrası ilə məhdudlaşmırdı. Onlar dövlət işlərinə qarışır, bəzən şahın əleyhinə çevrilən saray çəkişmələrində mühüm rol oynayırdılar. Möbidləri (məcusi din xadimləri) belə təsirli və güclü siyasi fiqura çevirən səbəblərdən biri də onların əhəmiyyətli iqtisadi imkanlara sahib olmaları idi. Möbidlərə ətf edilən qüdsiyyət onlara toxunulmazlıq hüququ qazandırırdı(Abdullah Fazili, Atropatena e.ə IV-e.s VII ə, Bakı 1992, s. 179.). Möbidlərin digər dinlərə mənsub insanlara qarşı göstərdikləri təzyiqlər cəmiyyətdə parçalanmaya yol açmış, bu da İranda ictimai bölünməyə və milli birliyin yox olmasına səbəb olmuşdu(Əli Əsğər Hikmət, Tarix-i Ədyan, Tehran 1371, s. 248.).

İctimai təbəqələr arasındakı müxalifət və təfriqə, əsilzadələr arasındakı ixtilaf və rəqabət, buna əlavə olaraq dini ziddiyyətlər Sasani imperiyasının məhv olma təhlükəsini yaxınlaşdırmışdı(Ə. H. Zərrinkub, Tarix-i İran bəd əz İslam, Tehran 1343, s. 176.).
İslam fəthləri ərəfəsində Sasani sarayındakı yığıncaqlar onu sübut edir ki, dövlətin təməlinə zəiflik və fəsad yol tapmışdı. Bu fəsad bütün səviyyələrdə davam edirdi və qədim dövrün bu güclü və mürəffəh dövlətini zəvala doğru sürükləyirdi(Eyni əsər, s. 249.). Bu hadisələri alban salnaməçi Moisey belə təsvir edir: «627-ci ildə Bizans və İran ordularının Ninova (Mədain) yaxınlığındakı döyüşündə İran ordusu tamamən məhv olmuşdu. Bu dəhşətli hadisə saray ərkanı arasında qalmaqala səbəb olmuşdu. Onlar: «Nə vaxtadək bizim ari həmvətənlərimizin qanı sel kimi döyüş meydanında tökülüb axacaq? Nə vaxtadək bizim yollarımız bağlanıb başqa ölkələrlə ticarət mənfəətimizdən məhrum olacağıq? Nə vaxtadək bizim var-dövlətimiz əlimizdən alınıb saraya, qızıl-gümüşümüz isə şahın xəzinəsinə yığılacaq? Bütün başımıza gələnlər şahın ucbatından deyilmi?» Bundan sonra isə şahın oğlu Qubadı təhrik edərək onun başçılığı ilə üsyan etmişdilər»(Moisey, həmin əsər, s. 98-99.).

İctimaiyyət arasında sabitlik və bərabərlik təmin edilməmişdi. Sasani imperiyasının əsası, dayağı olan din və dövlət birliyi prinsipi, möbidlərin dövlət işlərinə geniş surətdə qarışmasına qədər deformasiyaya uğramışdı. Bu deformasiya elə bir səviyyəyə çatmışdı ki, iri torpaq sahibləri və əsilzadələr qeyz və kinlərindən ötrü xristianlığı və ya hər hansı başqa bir dini qəbul etməyə hər an hazır idilər(Zərrinkub, həmin əsər, s. 180.).
Zülm, ədalətsizlik və təzyiqlər İran cəmiyyətindəki dağılma və parçalanmanı sürətləndirirdi. Dövlətin və ictimai təşəkkülün ən əhəmiyyətli amillərindən biri olan dinin, yəni dövlət ideologiyasının bu şəkildə çürüməsi Sasanilərin sonunu yaxınlaşdırmışdı.

Ardı bu linkdə...

Yükləmə linkləri:

1.reshidiXelifeler_azerbaycanFethi.doc
1.reshidiXelifeler_azerbaycanFethi.pdf
1.reshidiXelifeler_azerbaycaninFethi.jad
1.reshidiXelifeler_azerbaycaninFethi.jar

Bölmə: Mobil Kitablar | Baxılıb: 690 | Yüklədi: selefimedia