Baş səhifə » 2012 » Dekabr » 23 » RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-3
11:07
RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-3
Dr. ELNUR NƏSİROV.

RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ


Bu kitab müəllifi tərəfindən 1977-ci ildə Türkiyə Respublikası Səlcuq Unversiteti, İctimai Elmlər İnsitutunda Prof. Dr. Mikayıl Bayramın elmi rəhbərliyi altında magistr işi olaraq yazılmış və müdafiə edilmişdir.Prof. Dr. Əhməd Önkal və Prof. Dr.Zəkəriyyə Kitapçı bu əsərə müsbət rəy vermişlərdir.

RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-3

(1-ci Hissə)
(2-ci Hissə)


Hərbi yürüşlərin mahiyyəti və səbəbləri

Allahın yer üzərindəki son elçisi Məhəmməd (sallallahu aleyhi və səlləm) vəhy olunmuş Tövhid dininin gətirdiyi yeni sistem və nizam, ərəb millətinin həyatını hər cəhətdən dəyişdirdiyi kimi hərbi və siyasi həyatına da geniş surətdə nüfuz etmiş, mükəmməl şəkildə təşkilatlandırmışdı. Cahiliyyə dövrü adı ilə tanınan İslamdan əvvəlki dövrdə ərəb qəbilələri arasında illər boyu sürən müharibələr, hər bir ərəbi özünü bir əsgər, savaşçı kimi yetişdirməyə məcbur edirdi.

İslam dininin ən ümdə əmrlərindən biri olan cihad əmri, yəni ümumbəşəri sülhün, ədalətin və sabitliyin bərqərar edilməsi üçün lazım olan müharibədə iştirak etmələrini müsəlmanlara fərz qılan ilahi dəvət, ərəbləri hərəkətə və qeyrətə gətirmiş və sürətlə vaqe olan təmas ərəblərin fitrətindəki qüvvət və istedadın zahir olmasına səbəb olmuşdu(Corc Zeydan, İslam medeniyeti tarihi, (tərc. M. Çevik), Ankara 1966, c. IV, s. 90.).
Uca Allah ərəblərə nüsrət və müvəffəqiyyəti təqdir buyurmuş, bu qövmü Xatəmül-Ənbiya Muhəmmədin (s.a.v) ilahi mənşəli tərbiyəsi ilə yetişdirmiş, siyasət, hərb, elm, zəka və dühada bəşəriyyətin ən böyük və nadir şəxslərinə məzhər etmişdi. Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan, Əli ibn Əbu Talib (r.a.) təqva, fəzilət, salehlik və dühada dövrün nadir və əvəzsiz şəxsiyyətləri idilər. Xalid ibn Vəlid, Usamə ibn Zeyd, Xalid ibn Səid, Əbu Ubeydə ibn Cərrah, Səd ibn Sufyan, Muğirə ibn Şubə, Əmr İbn-ul-Əs, Zəyyad ibn Əbiğ, Səd ibn Əbu Vəqqas (r.a.) bəsirət, ordulara komandanlıq, zəka, strategiya və taktikada hər biri bir dahi idilər. İlk dövrlərdə bu kimi şəxslərin yetişməsi İslamın sürətlə müvəffəqiyyət qazanmasına xidmət edən səbəblərdəndir(Yenə orada.).

İlk müvəffəqiyyətlər bir birini təqib etdikcə hərbi səfərlər sistemli fütuhata çevrilmişdi.
İslam fütuhatının müvəffəqiyyət səbəblərinə toxunarkən o dövrdə ərəblərin himmət və qeyrət sahibi bir millət olduqlarını da qeyd etmək lazımdır. Bədəvi ərəblər çox sadə məişətə sahib olub, aclıq və susuzluq kimi əlverişsiz həyat şəraitinə dözümlü idilər. Hərbi səfərlər vaxtı çox ağır yükü olmayan ərəblər yanlarında artıq yemək və su da götürmürdülər, qənimət malları ilə kifayətlənirdilər. Bu səbəbdən də çevik idilər və manevr qabiliyyətləri yüksək idi. Əsas nəqliyyat vasitələri olan dəvələr də əlverişsiz iqlim şərtlərinə dözümlü idilər. Cəsarət və şücaətlərini qəzavü-qədərə inanmalarına borclu olan ilk müsəlman ərəblər, at minmək, ox atmaq və qılınc oynatmaqda mahir olub, bu vəsfləri ilə digər millətlərdən üstün idilər(Eyni əsər, c. IV, s. 88-89.).

Ömər ibn Xəttab (r.a.) xəlifə olandan sonra söylədiyi ilk xütbəsində öz qövmünün sahib olduğu xüsusiyyətləri aşağıdakı cümlələrlə təsvir etmişdi. Xəlifə seçiləndən sonra məsciddə minbərə çıxan Ömər ibn Xəttab (r.a.) belə demişdi: «Ərəblərin vəziyyəti burnuna yüyən taxılmış və sürücüsünün arxasınca gedən dəvənin vəziyyəti kimidir. Onu yedəyinə alan hara apardığına diqqət etməlidir. Mənə gəldikdə, Kəbənin Rəbbinə and olsun ki, mən onları doğru yolda aparacağam»(Ziya Kazıcı, İslam müessiseleri tarihi, İstanbul 1991, s. 33.).

Müsəlmanlar müharibəni mərdlik, mətanət, səbir və səbatlarını sübuta yetirərək Allahın rizasını qazanmağın ən uyğun yolu kimi görürdülər. Qədisiyyə zəfərindən sonra yanına gələn Əmr ibn Mədiyə xəlifə Ömər (r.a) «mənə müharibə haqqında danış» deyəndə Əmr belə cavab vermişdi: «Müharibənin adı acıdır. Döyüş qızışdığı vaxt səbir və səbat göstərən kəs ad-san qazanır, zəiflik göstərən məhv olur»(Bəlazuri, Fütuh-ul-Büldan, c. II, s. 67.).

Burada ilk İslam fütuhatının səbəblərini sadəcə iqtisadi amillərlə əlaqələndirərək izah etməyə çalışan avropalı şərqşünas Filip Hittinin fikirlərini məzərdən keçirərək, dəyərləndirmək yerinə düşəcək. Filip Hitti «Siyasi və mədəni islam tarixi» adlı əsərində belə yazır: «Bədəvi ərəb qəbilələrini və cəmiyyətini hərəkətə gətirən amil, fanatizmdən daha çox iqtisadi çətinliklər olmuşdur. Kaetani, Bekker və digər müasir qərbli alim və tədqiqatçılarının ilk İslam fütuhatı haqqındakı mülahizələri, klassik dövrdə yaşamış müsəlman alimlərin də nəzəri-diqqətindən yayınmamışdır»(Philip Hitti, Siyasi və mədəni islam tarixi, (tərc. S. Tuğ), İstanbul 1980, c. I, s. 219.). Avropalı şərqşünas Filip Hitti öz mülahizəsini dəstəkləmək məqsədilə orta əsrlərdə yaşamış müsəlman tarixçi Əhməd ibn Yəhya əl-Bəlazuridin (vəfatı: hicri 279/miladi 894) belə bir paraqraf iqtibas edir: «İslam ordusuna qarşı ölkəsini müdafiə edən İran ordusunun komandanı Rüstəm, müsəlman əsgərlərə belə müraciət etmişdi: «Mənə məlum olduğuna görə sizi bu işə (müharibəyə) vadar edən, başqa bir şey deyil, sadəcə fəqirlik, kasıblıq və iqtisadi darlıq içində olmanızdır»(Eyni əsər, c. I, s. 219-220.). Buna ən tutarlı və gözəl cavabı Rüstəmin iddiasını yönəltdiyi, əshabdan biri olan, Muğirə ibn Şubə (r.a) vermişdir. Amma nəyə görə isə F. Hitti Muğirə ibn Şubənin cavabını öz əsərində qeyd etməyə ehtiyac duymamışdır. Biz bunu qeyd etməyə ehtiyac duyuruq. Rüstəm Qədisiyyə döyüşündən əvvəl İslam ordusuna komandanlıq edən Səd ibn Əbu Vəqqasa (r.a) xəbər göndərərək elçi heyəti göndərməsini tələb etmişdi. Buna görə də Səd ibn Əbu Vəqqas Muğirə ibn Şubəni İranlıların hərbi düşərgəsinə göndərmişdi. Rüstəm Muğirəyə xitab edərək bir xeyli danışdıqdan sonra yuxarıda nəql etdiyimiz iddiasını dilə gətirmişdi. Muğirə ibn Şubə isə ona belə cavab vermişdi: «Biz dünya malı axtarmağa gəlməmişik. Bizim istəyimiz və məqsədimiz axirətdir. Allah bizə öz Rəsulunu (s.a.v) göndərmişdir. Biz onun dəvətini qəbul edərək ona tabe olduq. Bunun sayəsində xoşbəxt və bəxtiyarıq. Allah İslama zidd hərəkət edənlərlə, onlar boyun əyib öz əlləri ilə cizyə verənə qədər vuruşmağı əmr edir. Biz sizdən yalnız bir olan Allaha sitayiş edib, onun elçisini təsdiq etmənizi istəyirik. İslamı qəbul etsəniz nə əla, din qardaşımız olarsınız. Etməyəcəyiniz təqdirdə cizyə ödəyəcəksiniz. Ya da aramızda qılınc hakim olacaqdır»( Bəlazuri, Fütuh-ul-Büldan, c. II, s. 30; İsmayıl ibn Ömər İbn Kəsir, əl-Bidayə vən-Nihayə, İstanbul 1994, c. VII, s. 67-70.).
Allah Rəsulunun (s.a.v.) səhabələrindən biri olan Muğirə ibn Şubənin bu qısa, lakin dahiyanə cavabı, Rüstəmin 14 əsr əvvəl düşdüyü səhv fikri təkrarlayan Filip Hittiyə tutarlı cavab olmaqla birlikdə İslam fütuhatının mahiyyətini bildirən şahanə doktrinadır. Müsəlman fatehlər düşmənlərindən və özlərinə itaət edənlərdən dəfələrlə güclü olduqları hallarda belə haqsızlıq və ədalətsizlik etməkdən şiddətlə çəkinmişdirlər. Bu peyğəmbər tərbiyəsinə məzhər olmuş insanlar, getdikləri yerlərdə yaşayan səmimi və əqli səlim sahibi insanların könüllərini fəth etmiş, onların qəlblərində taxt qurmuşdular. Azərbaycan fatehlərindən olan Əbdurrəhman ibn Rəbiə əl-Bahili də bunlardan biridir. O, Azərbaycanda olarkən ölkənin böyüklərindən biri olan Şəhribəraz Əbdurrəhmana xəzərilərin ölkəsindən gətirilmiş çox bahalı bir yaqutu göstərir. Əbdurrəhman ibn Rəbiə yaqutu alıb diqqətlə baxandan sonra «həqiqətən çox dəyərli daşdır» deyib onu Şəhribəraza qaytarır. Onun bu hərəkətindən heyrətə gələn Şəhribəraz belə demişdi: «And içirəm ki, bu yaquta sahib olmaq Bab-ul-Əbvaba (Dərbəndə) sahib olmaqdan daha xeyirlidir. Yenə and içirəm ki, sizlər bu gün mənə Kəsra (Sasani) xanədanından daha sevimlisiniz. Əgər onlar burada hakim olsaydılar və bu yaqutun məndə olduğunu bilsəydilər onu məndən zorla alardılar. Tanrıya and olsun, malik olduğunuz şeylərdən heç biri əlinizdəki bu böyük hakimiyyət qədər dəyərli deyil»(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 205-206; Muhəmməd ibn Cərir ət-Təbəri, Tarix-i Təbəri, Tehran 1362, c. V, s. 1987-1988.).

I xəlifə Əbu Bəkr (r.a.) İslam fütuhatının prinsiplərini səfərə göndərdiyi ordunun komandiri Usamə bin Zeydə (r.a) təlimat verərkən belə açıqlamışdır: «Xəyanət etməyin, zülm etməyin, həddi aşıb təcavüz etməyin, heç kimin bədən üzvünü kəsməyin, uşaqları, qadınları, qocaları öldürməyin. Yaşıllıqları doğramayın, meyvə ağaclarını kəsməyin. Ehtiyacınız olanın xaricində dəvə, inək və qoyunları kəsməyin. Getdiyiniz yerlərdə monastırlara qapanıb ibadət edən rahiblər görəcəksiniz, onlara toxunmayın»(H. İbrahim Həsən, İslam tarixi, İstanbul 1987, C. I, S. 278.).

İslam fütuhatı sayəsində əldə edilən uğurlar o dövrün millətləri arasında müsəlmanlara qarşı qorxu qarışıq hörmətin oyanmasına səbəb olmuşdur. VII əsr alban salnaməçisi Moisey belə yazır: «Bizim müqəddəs müəllimlərimiz (İsa əleyhissəlamın həvariləri) İsmayıl (ə.s) haqqında İncilin Kəvn (XVII) bölümündə «Onun (İsmayıl əleyhissəlamın) əlləri hər kəsin əllərindən üstündür və şübhəsiz mən ondan böyük bir qövm (millət) törədəcəyəm» deyildiyini bizlərə öyrətmişdilər»(Moisey, həmin əsər, s. 122.). Gürcü çarının səfiri isə Ermənistan və Gürcüstan fatehi Həbib ibn Məsləmənin hərbi düşərgəsində onunla danışıqlar apararkən belə demişdi: «Biz sizi Tanrının sevdiyi və digər millətlər arasından seçmiş olduğu bir ümmət kimi tanıyırıq»(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 325.). Xəzərilər isə müsəlmanların qazandığı hərbi uğurları onların yanında daima «köməkçi mələklərin olduğu ilə» izah edirdilər(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 204; Təbəri, Tarix-i Təbəri, c. V, s. 1986; İzzəddin Əli İbn-ul-Əsir, əl-Kamil fit-Tarix, İstanbul 1986, c. III, s. 35; Əhməd İbn-ul-Əsəm əl-Kufi, Kitab-ul-Fütuh, (tərc. Z. Bünyadov), Bakı 1981, s. 10.). İslam fütuhatı hərəkatı ilə ərəblər yeni din, üstün iman gücü, Allah yolunda vuruşub şəhid olmaq eşqi ilə o dövrün super gücləri, Bizans və Sasanilərlə rəqabətə girişə biləcək səviyyəyə yüksəlmişdilər.

İslamın intişarı məfkurəsi

Muhəmməd (s.a.v.) vəfatından sonra baş vermiş fəthlər və qazanılan parlaq zəfərlər sayəsində Onun qurduğu Mədinə şəhər dövləti təxmin olunandan daha çox inkişaf etmiş və əzəmətli bir gücə çevrilmişdi. Bunun paralelində İslam dini bu torpaqlarda yayılaraq vaxt keçdikcə çox böyük bir coğrafiyada yaşayan bir çox millətlərin və xalqların yeganə və müştərək dininə və ümumi mədəniyyətinə çevrilmişdi.

İslam Peyğəmbərinin (s.a.v) arzu və məqsədi Allahın muradına və təqdirinə insanların riza və təslimiyyət göstərmələri olmuşdur. Bunun xaricindəki hər şey bu məqsədə çata bilmək üçün sadəcə bir vasitə olmuşdur. Siyasi iqtidar və ya hər hansı başqa bir əməl və hərəkət bu məqsədə doğru gedən yolda irəliləmək üçün ehtiyac duyulan vasitədən başqa bir şey deyildi Onun üçün(Muhəmməd Həmidullah, İslam Peyğəmbəri, İstanbul 1993, c. II, s. 1031.).

Rəsulullahın (s.a.v) vəfatından sonra isə onun ətrafındakı insanlar, onun səhabələri, ona Allah tərəfindən endirilmiş ilahi müjdəni, yəni Qurani-Kərimi bəşəriyyətə çatdırmaq məqsədilə, Onun getdiyi yoluda əzmlə irəliləmişdilər. Azərbaycanın şimalına gələn Əbdurrəhman ibn Rəbiə (r.a) Xəzər ölkəsinə hərbi səfərə hazırlaşarkən onu bu fikrindən daşındırmağa çalışan Şəhribəraza belə demişdi: «Biz onlarla (xəzərilərlə) onların ölkəsində vuruşacağıq. Vallahi aramızda elə insanlar var ki, əgər əmirəlmöminin (II xəlifə Ömər, r.a) əmr etsə, onların ölkəsinin ta o biri ucuna qədər gedərlər». Şəhribərazın «Onlar kimlərdir?» sualına Əbdurrəhman belə cavab vermişdi: «O kəslərdir ki, Allah Rəsulu (s.a.v) onlarla söhbət etmişdi (səhabələr), onlar onun dostlarıdırlar. Həya sahibi və cahillikdən uzaq insanlardırlar. Kim onlarla yoldaşlıq etsə, onlara bənzəyər. Bax bu insanlar Allah yolunda vuruşmaq üçün səmimi niyyətlə yola çıxıblar. Onların bu vəziyyəti uğur qazandıqca davam edəcək və bu etiqadları davam etdikcə heç kim onlara qalib gələ bilməyəcək, onların bu halını dəyişə bilməyəcək»(Təbəri, Tarix-i Təbəri, c. V, s. 1985; İbn-ul-Əsir, əl-Kamil fit-Tarix, c. III, s. 35.).

Müsəlmanlar getdikləri hər yerdə o ölkənin əhalisinə İslamı öyrətmək üçün müəllimlər təyin edir, əsrlər boyu inam və zəhmətləri istismar edilən, yerli və xarici istismarçıların zülmü altında əzab çəkən xalq kütlələrinə, onlara dünyada və axirətdə xoşbəxtlik bəxş edəcək etiqadı və həyat tərzini öyrədirdilər. «Lə iləhə illallah» şüarı ilə hər cür istibdadı, istismarı, ədalətsizliyi rədd edən müsəlmanlar, özlərini yer üzündəki ümumbəşəri sülhün, ədalətin və sabitliyin təminatçısı və qoruyucusu kimi görürdülər.

Sasani ordularını təqib

Nəhavənd döyüşündən (642) sonra İran ordusu parçalanmış və bir-birindən ayrı düşmüş hərbi dəstələr ölkənin dörd tərəfinə səpələnmişdi. Nəhavənd döyüşünün nəticəsindən Sasani imperiyasının bir daha dirçələ bilməyəcəyini anlayan Alban knyazı Cavanşir artıq faktiki olaraq Sasanilərin tabeliyindən çıxmış və İran şahı III Yəzdigerdin əmrlərini yerinə yətirməməyə başlamışdı. Knayz Cavanşir Alban torpaqlarına soxulan İran əsgərləri ilə vuruşaraq onları məğlub etmişdi. Buna baxmayaraq, İslam ordusunun təqibindən qaçan bəzi İran hərbi birləşmələri Albaniya ərazisinə girərək ölkənin paytaxtı Bərdə şəhərini işğal etmişdilər(Moisey, həmin əsər, s. 120-121.).

II xəlifə Ömər ibn Xəttab parçalanmış İran ordusunun toplanıb birləşmələrinin qarşısını almaq üçün İslam ordularına İranın müxtəlif bölgələrinə qısamüddətli hərbi səfərlər təşkil etməyi əmr etmişdi. Bu məqsədlə Kufə və Bəsrədəki müsəlmanlara fərmanlar göndərilmişdi. Kufədəki müsəlman əsgərlər plana görə İsfahan, Rey və Azərbaycana kəşfiyyat xarakterli səfərlər təşkil etməli idilər(Təbəri, Tarix-i Təbəri, c. V, s.1960; Zərrinkub, həmin əsər, s. 394-395.). Məğlub olmuş Sasani ordusu Azərbaycanın mərkəzi əyalətlərinə doğru geri çəkildiyi üçün kufəli müsəlman əsgərlər onları təqib etmək məqsədiylə hicri 18/miladi 639-cu ildə Azərbaycana ilk hərbi səfəri gerçəkləşdirmişdilər(Təbəri, Tarix-i Təbəri, c. V, s.1960. (Muhəmməd ibn Cərir Təbəri bu hadisənin hicri 21/miladi 642-ci ildə baş verdiyini, bəzi tarixi rəvayətlərə görə isə Azərbaycana ilk hərbi səfərin hicri 18/miladi 639-cu olduğunu yazır)). Bu cür kiçik miqyaslı hərbi əməliyyatlar daha sonrakı böyük fəthlər üçün kəşfiyyat xarakteri daşıyırdı. Belə ki, Azərbaycanın fəthi bu kiçik miqyaslı hərbi əməliyyatlardan dörd il sonra gerçəkləşəcəkdi.

Azərbaycanı idarə edən yerli idarəçilər Sasani imperiyasının süquta uğradığını nəzərə alaraq öz hakimiyyətlərini və xalqı ehtimal olunan müharibənin fəsadlarından qorumaq üçün müsəlman fatehlərlə müqavilələr bağlayırdılar(Bünyadov, həmin əsər, s. 72.). Azərbaycanın fəthini qısaca təvsif etsək deyə bilərik ki, bu hərbi əməliyyatlar istiladan daha çox siyasi əhdlərlə həyata keçirilən fəthlərdi(Paşazadə, həmin əsər, s. 42-43.). Belə ki, 642-ci ildə cənubi Azərbaycan və Muğan, 643-cü ildə Arran və Şirvan, 647-ci ildə də Naxçıvan, Beyləqan və Bərdə əhalisilə bağlanan müşahidələr bunu açıqca sübut edir.

Azərbaycanın geostrateji və geosiyasi əhəmiyyəti

Azərbaycan Sasani imperiyasının dörd əyalətindən biri olan Şimal əyalətinin starteji nöqteyi-nəzərdən ən əhəmiyyətli bölgəsi idi. Sasanilərin ən böyük rəqibi və ən qəti düşməni olan Bizansla həmsərhəd olan Azərbaycan, bu iki siyasi gücün əsrlər boyu davam edən qanlı mübarizəsində vaz keçilməz müvazinət ünsürü olan Xəzərilərlə Sasanilərin təmas nöqtəsi idi. Həm Şimal əyalətinin, həm də bütün imperiyanın şimal qapısı olan Albaniyaya(Bünyadov, həmin əsər, s. 41.) Sasani xanədanına mənsub olan Mehranilərin yerləşməsi də tamamilə o dövrün siyasi vəziyyəti ilə əlaqədar idi. Mehranilərin qısa müddətdə siyasi təşəbbüsü ələ ala bildiyi bu ölkə, yəni Albaniya Sasani imperiyasının şimal sərhədlərinin qorunmasında müstəsna əhəmiyyətə malik idi(Məmmədova, həmin əsər, s. 196.).

II xəlifə Ömər ibn Xəttab (r.a) Albaniyanın və xüsusən də bu ölkənin şimali-şərq və mərkəzi bölgələrini ehtiva edən Şirvan məmləkətinin fəth olunmasına böyük əhəmiyyət verirdi. Azərbaycanda geniş miqyaslı fəthləri gerçəkləşdirməli olan İslam ordusundan əvvəl bu ölkəyə gələn avanqard qüvvələr və onlardan da əvvəl bu yerlərə kəşfiyyat xarakterli səfərlər təşkil etmiş hərbi birləşmələrin komandirləri baş verən hadisələr və istənilən digər bütün mövzularda Mədinəyə təfsilatlı məlumatlar çatdırırdılar. Müdrik və bəsirətli dövlət xadimi olan II xəlifə Ömər ibn Xəttab (r.a.), Azərbaycanın siyasi, iqtisadi, coğrafi və strateji nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edən bir ölkə olduğunu dərk edirdi.

Belə ki, Zaqafqaziyaya gələn müsəlman ərəblər Qafqazdakı dağ keçidləri, istehkam sədləri və qalaların əhəmiyyətini dərk etməkdə gecikmədilər. Ərəblərin yerli əhali ilə bağladıqları əhdlərdə bu özünü açıqca əks etdirirdi. Müsəlman ərəblər ölkə əhalisini müxtəlif şərtlərlə cizyə, xərac və digər vergi növlərindən azad edirdilər(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 203; Təbəri, Tarix-i Təbəri, c. V, s. 1981-1982; Bakıxanov, həmin əsər , s. 51; Artamonov, həmin əsər , s. 177.).

Qaradəniz ilə Xəzər dənizi arasında şimali-qərbdən cənubi-şərqə doğru uzanıb gedən Qafqaz dağları, şimaldakı köçəri qövmlərin cənuba doğru irəliləməsinə mane olan təbii istehkam idi. Qafqaz dağlarının yüksək dağ silsilələri ilə Xəzər dənizi arasında qalan dar ovalıq ərazi isə şimalla cənub arasında yeganə keçid zolağı idi. Bu bölgəni öz coğrafi sərhədləri ilə ehtiva edən Şirvan məmləkəti İslam fütuhatından sonra ərəblərin xəzərilərə qarşı təşkil etdikləri səfərlər üçün hərbi bazaya çevrilmişdi. Buralardakı kənd, qəsəbə, şəhər v.s coğrafi adlar da o dövrdə Şirvanda çox sayda ərəb mühacirin məskunlaşdığını sübut edir. Azərbaycanın şimal-şərqindən bu məqsədlə istifadə edilməsi Əməvilər və Abbasilər dövründə də davam etmişdir.

Hərbi səfərlərin güzərgahları

Mövzu ilə əlaqəli fikir və təxminlərə başlamadan əvvəl qeyd etmək lazımdır ki, klassik tarixi mənbələrdə bu haqda, yəni xilafət ordularının təqib etdikləri yollar haqqında təfsilatlı məlumat verilməməkdədir. Orta əsr İslam tarixi mənbələrində xilafət ordularının bir şəhərdən sonra hansı şəhəri və ya bir bölgədən sonra hansı bölgəni fəth etdikləri sıra ilə qeyd edilir. Biz də bu məlumatlardan faydalanaraq müsəlman hərbi birləşmələrinin təqib etdikləri güzərgahlar haqqında məlumat verməyə çalışacağıq.

Muhəmməd ibn Cərir ət-Təbəri Azərbaycanda aparılan hərbi əməliyyatlarda əsasən kufəli ərəblərin iştirak etdiklərini yazır(Təbəri, Tarix-i Təbəri, c. V, s.2091.). Bu səbəbdən burada Kufə şəhərinin yaranması haqqında verəcəyimiz məlumatın mövzuya genişlik qazandıracağı fikrindəyik. Səd ibn Əbu Vəqqas İran orduları üzərində çalınmış Qədisiyyə zəfərindən sonra Sasanilərin paytaxtı Mədain şəhərini də fəth etmişdi. Müsəlman ərəblər axın-axın köçüb gələrək Mədaində məskunlaşmışdılar. Amma bir müddət sonra onlar şəhərin havasından və suyundan şikayət etməyə başladılar. Hər halda çölün, səhranın iqlim şərtlərinə vərdiş olan ərəblər o dövrün ən lyuks və dəbdəbəli şəhərində yaşaya bilməmişdilər. Bunun həqiqətən belə olduğunu, aşağıda nəql edəcəyimiz, Ömər ibn Xəttabın (r.a) sözləri də təsdiq edir. Səd ibn Əbu Vəqqas ərəblərin Mədain haqqındakı fikirlərini məktubla xəlifəyə bildirmişdi. Ömər ibn Xəttab cavab məktubunda Sədə öz əsgərlərini və onların ailələrini qərbə tərəf aparmasını əmr etmişdi. Bundan sonra Səd öz adamları ilə birlikdə Kuvayfə adlanan yerə gəlmişdi. Amma ərəblər Kuvayfənin rütubətli və həşəratların bol olduğundan şikayətlənərək Səddən xəlifəyə yenidən məktub yazmasını istəmişdilər. Səd məktub yazaraq xəlifəyə ərəblərin şikayətlərini ərz etmişdi. II xəlifə Ömər ibn Xəttab Sədə məktubunda belə yazırdı: «Ərəb qövmü dəvə kimidir. Ərəblərə ancaq dəvəyə yarayan yerlər yarayar. Sən onlar üçün şoranlıq və acı otların bitdiyi bir yer tap, amma elə et ki, sizinlə bizim (xilafətin paytaxtı Mədinə) aramızda böyük çay və ya dəniz olmasın». Ömər ibn Xəttab yeni qurulacaq şəhərin yerini müəyyənləşdirmək üçün Əbul-Həyyac Əmr ibn Malik əl-Əsədini İraqa göndərmişdi. Əbul-Həyyac orada ikən iraqlı xristian ərəb Əbdulməsih ibn Bukayə adlı bir şəxs Səd ibn Əbu Vəqqasın yanına gələrək ona kömək etmək istədiyini bildirmiş və indiki Kufə şəhərinin yerini ona göstərmişdi. O vaxt bu yer Savristan adlanırdı(Bəlazuri, Fütuh-ul-Büldan, c. II, s. 61-64.). Bu yer Sədin xoşuna gəlmiş və ərəbləri burada məskunlaşdırmışdı. Səd ibn Əbu Vəqqas əvvəlcə ərazidəki ən hündür yerdə məscid və hökumət binası tikdirmişdi. Bu məscid daha sonra iki dəfə, Muğirə ibn Şubə və Ziyad ibn Hənzələnin Kufə canişini olduqları dövrlərdə, yenidən inşa edilmişdi(Eyni əsər, s. 62.).

Məskunlaşma məsələsinə gəldikdə isə şəhərin şərqində yəmənlilərdən 12 min, qərbində isə 8 min nəfər məskunlaşmışdı(Eyni əsər, s. 62-63.). Döyüş qabiliyyəti olan kişi əhali qəbilə-qəbilə siyahıya alınmışdı. Bundan başqa, ailəsi və oğul uşağı ilə birlikdə fəth edilmiş yerlərə hicrət edib yaşamaq istəyənlər də vardı(C. Wellhausen, Arap devleti və sukutu, (tərcümə. F. Işıltan), Ankara 1963, s. 12.).

Kufəli müsəlmanlar əsasən Rey və Azərbaycandakı fütuhat əməliyyatlarında iştirak edirdilər. Bu iki məmləkətdə cəmi 10 min müsəlman əsgər vardı. Bunlardan 6 mini Azərbaycanda, 4 mini isə Reydə idilər. Bu vaxt Kufədə döyüş qabiliyyəti olan 40 min əsgər vardı. Hər il bunlardan 10 mini adı çəkilən bu iki ölkəyə gedir, bir il hərbi əməliyyatlarda iştirak edib geri qayıdırdılar. Beləcə hər əsgərə dörd ildə bir növbə gəlib çatırdı(Təbəri, Tarix-i Təbəri, c. V, s.2091.).

Daha əvvəl də dediyimiz kimi ərəblər məğlubiyyətə uğrayaraq qaçan iranlı əsgərləri təqib etmək məqsədilə, II xəlifə Ömərin (r.a) əmrinə müvafiq olaraq hicri 18/miladi 639-cu ildə Azərbaycana bir neçə kəşfiyyat xarakterli səfər təşkil etmişdilər(Eyni əsər, s. 1960.). Bu kiçik miqyaslı hərbi səfərlər fəth edilməsi planlaşdırılan yerlərin coğrafi vəziyyəti, kəndlər, qəsəbələr, şəhərlər, çaylar, su mənbələri, körpülər və.s bu kimi şeylər haqqında məlumat toplamaq məqsədi də daşıdığı kimi, eyni zamanda yolları, xüsusilə də böyük orduların hərəkəti üçün əlverişli olan güzərgahları müəyyənləşdirmək məqsədi daşıyırdı. Yuxarıda sadaladığımız xüsusiyyətləri isə ən yaxşı iranlı hərbçilər və onlara rəhbərlik edən komandirlərin bilməsi mümkün idi. Bu səbəblə ərəblər qaçan Sasani hərbi birləşmələrini təqib edirdilər.

Müsəlman ərəblər Azərbaycan torpaqlarına müxtəlif vaxtlarda müxtəlif istiqamətlərdən girmişdilər. Hicri 17/miladi 638-ci ildə Kürdüstanı və cənub-şərqi Anadolunu fəth edən ərəblər(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 203; Əbu Abdullah Muhəmməd ibn Ömər əl-Vaqidi, Fütuh-uş-Şam, Beyrut (tarixsiz), s. 181.) Van gölünün şimalındakı Əxlat qalasını ələ keçirmişdilər. Əxlat qalasından hərbi baza kimi istifadə edən ərəblər Van gölünün şimalından şərq istiqamətində hərəkət edərək Azərbaycanın cənub-qərbindəki ən böyük şəhərləri, Xoy, Urmiya və Səlması fəth etmişdilər(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 126.).
Göründüyü kimi müsəlman ərəblər Azərbaycan torpaqlarına ilk dəfə Van gölü üzərindən girmişdirlər. Yuxarıda adı çəkilən şəhərlər ikinci dəfə Utbə ibn Fərqədın komandanlıq etdiyi ordu tərəfindən fəth edilmişdi. Mosuldan hərəkət edən ordu II xəlifə Ömərin (r.a) əmr və təlimatı ilə şimal istiqamətində hərəkət edən ordu Urmiya şəhərini fəth etmişdi. Daha sonra Urmiya gölünün qərb sahili boyunca şimala doğru irəliləyən ordu Səlması və Xoyu da ikinci dəfə ələ keçirmişdi(Bəlazuri, Fütuh-ul-Büldan, c. II, s. 89-90.).
Müsəlman ərəblər Nəhavənd döyüşündən (642) sonra Azərbaycan torpaqlarına İranın fəth olunmuş ərazilərindən hərəkət edərək girməyə başlamışdılar. Həmədan, Hulvan və Reydən hərəkətə keçən ərəb orduları(Təbəri, Tarix-i Təbəri, c. V, s.1961; İbn-ul-Əsir, əl-Kamil fit-Tarix, c. III, s. 27.) Təbriz, Sərab, Miyanəc və cənubi Azərbaycanın digər mərkəzi şəhərlərini ələ keçirmişdilər.

Nəhavənd zəfərindən sonra İranı bütünlüklə fəth edən ərəblər Nəhavənddə hərbi baza qurmuşdular. Buradan hərəkətə keçən müsəlman əsgərlər Azərbaycanın cənub-şərqinə gələrək Ərdəbili fəth etmişdilər. Xəzər dənizinin qərb sahili boyunca şimala doğru irəliləyən ərəblər Muğan və Şirvana yürüşlər təşkil etmiş, hətta Şabran və Dərbəndə qədər irəliləyə bilmişdilər(Bəlazuri, Fütuh-ul-Büldan, c. II, s. 84-86; Şibli numani, Bütün yönleriyle azret-i Ömer ve devlet idaresi, Ankara 1986, c. I, s. 273.).

Cənubi Azərbaycanın mərkəzi əyalətlərini fəth edən ərəblər buradan Muğana hücum etmiş və oranı ələ keçirmişdilər. Muğan hərbi-strateji cəhətdən mühüm yer idi. Belə ki, bu yeri fəth edəndən sonra Dərbənd (Bab-ul-Əbvab) yolu ərəblərin üzünə açılmışdı.
Ərməniyyənin şimalında ən böyük şəhər olan Dəbil ələ keçirildikdən sonra Azərbaycanın şimal-qərbinə gedən yol müsəlman ərəblər üçün açılmış oldu. Dəbildən hücuma keçən ərəblər Naxçıvanı və Sisyanı ələ keçirmiş, Araz çayı boyunca şərqə doğru irəliləyərək Azərbaycanın mərkəzində yerləşən və o dövrün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri sayılan Beyləqanı fəth etmişdilər. Beyləqandan sonra ərəblər Şimali Azərbaycanın paytaxtı Bərdə şəhərini fəth etmişdilər. Bərdədən sonra Şimali Azərbaycan demək olar ki, bütünlüklə ərəblərin əlinə keçmişdi. Çünki bu şəhər yolların kəsişdiyi nöqtədə yerləşirdi. Müsəlman ərəblər Kür çayının cənubunda yerləşən Bərdədən hərəkətə keçərək, çayın cənub sahili boyunca Tiflisə qədər irəliləyə bilirdilər. Şərvandakı hərbi bazalardan hərəkət edən xilafət orduları Kürün şimal sahili boyunca irəliləyərək Qəbələ, Şəki şəhərlərinə və Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər gedib çıxırdılar(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 322-328; İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 9.).
Göründüyü kimi, ərəblər Azərbaycan torpaqlarına əsasən üç yoldan girirdilər. Bunlardan biri cənubdan, yəni İranın fəth edilmiş ərazilərindən, ikincisi qərbdən, yəni əl-Cəzirə əyalətindən, üçüncüsü isə Ərməniyyənin şimal bölgəsindən Azərbaycanın şimal-qərbinə hərəkət etməklə girirdilər. Şərqi Anadolu və Ərməniyyəni fəth etmiş müsəlmanlar, buradan Azərbaycan torpaqlarına asanlıqla daxil olub mərkəzi əyalətlərə qədər irəliləyə biləcəkləri halda, daha çox cənub yolunu, yəni Həmədan və Reydən hərəkətə keçməyə üstünlük vermişdilər. Bunun ən əsas səbəbi qərb yolunun çox yüksək dağ silsilələrindən keçməsidir. Digər tərəfdən qərb yolu bir-başa şimala, xristian əhalinin məskun olduğu bölgələrə aparırdı. Bu isə Dərbənd fəth edilmədən çox təhlükəli bir təşəbbüs olardı. Belə düşünürük ki, ərəblər arxalarını Bizans kimi təhlükəli bir düşmənə çevirib, xristian Albaniyaya girərək, Bizansın əzəli müttəfiqi olan xəzərilərlə sürpriz bir qarşılaşmadan çəkinirdilər. Buna əlavə olaraq İslam orduları Azərbaycanın cənubunu hələ ki, tam olaraq ələ keçirə bilməmişdilər. Bu isə II xəlifə Ömərin (r.a) hərbi strategiya sahəsində necə dahi bir şəxsiyyət olduğunu bir daha sübut edir. Belə ki, Muğan fəth edilib Dərbənd yolu açıldıqdan sonra İslam orduları həm qərbdən, həm də cənubdan Azərbaycan torpaqlarına daxil olmuşdular. II xəlifə Ömər ibn Xəttabın (r.a) dövründə, şəxsən xəlifənin təlimat və əmrləri ilə gerçəkləşdirilən Azərbaycanın fəthi, strategiya və taktika nöqteyi-nəzərdən müstəsna bir planlama nümunəsi idi.


Ardi : 4-cü Hissə.

3.reshidiXelifeler_azerb.fethi.doc
3.reshidiXelifeler_azerb.fethi.pdf
Mobil telefonlar üçün:
3.reshidiXelifelerAzerb.fethi.jad 3.reshidiXelifelerAzerb.fethi.jar


Bölmə: Mobil Kitablar | Baxılıb: 595 | Yüklədi: selefimedia