Baş səhifə » 2013 » Fevral » 3 » RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-7
11:39
RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-7
Dr. ELNUR NƏSİROV.

RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ


Bu kitab müəllifi tərəfindən 1977-ci ildə Türkiyə Respublikası Səlcuq Unversiteti, İctimai Elmlər İnsitutunda Prof. Dr. Mikayıl Bayramın elmi rəhbərliyi altında magistr işi olaraq yazılmış və müdafiə edilmişdir.Prof. Dr. Əhməd Önkal və Prof. Dr.Zəkəriyyə Kitapçı bu əsərə müsbət rəy vermişlərdir.

RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-7

(1-ci Hissə)
(2-ci Hissə)
(3-cü Hissə)

(4-cü Hissə)
(5-ci Hissə)
(6-ci Hissə)


IV Xəlifə Əli ibn Əbu Talib Dövrü (656-661)

Xilafət daxilində xəyanət və zorakılıqların başlanması

Xəlifə Osman ibn Əffanın hakimiyyətinin ikinci dövründə, yəni 650-656-cı illərdə xilafətdə hakimiyyət daxili ziddiyyətlər baş vermişdi. Kufə, Bəsrə, Misir əhalisi tez-tez öz valilərindən xəlifəyə şikayət edir, narazılıqlarını bildirirdilər. 656-cı ildə bir qrup misirli Mədinəyə gələrək validən narazı olduqlarını və bunun günahının da xəlifədə olduğunu bildirərək Osman ibn Əffandan xəlifəlik məqamından əl çəkməsini tələb etmişdilər. Bu tələblər rədd ediləndən sonra onlar xəyanət və zorakılığa əl ataraq xəlifənin evini mühasirəyə almışdılar. Üsyançılar xəlifəyə ərzaq və su verilməsinin qarşısını almışdılar. Nəhayət insanların əksəriyyətinin həcc ziyarəti üçün Məkkəyə getməsindən istifadə edin üsyançılar xəlifənin evinə hücum etmişdilər.

Əbu Hureyrə, Həsən ibn Əli ibn Əbu Talib, Abdullah ibn Zubeyr ibn Əvvam və.s şəxslər əldə qılınc xəlifəni müdafiə etmişdilər. Buna baxmayaraq üsyançılar xəlifənin evinə soxularaq h.35-ci ilin zilhiccə ayında (may 656) 82 yaşında olan xəlifə Osman ibn Əffanı (r.a.) qətlə yetirmişdilər. Onlar xəlifənin evini talan edərək xəzinəyə məxsus 3.500.000 dirhəm və 100.000 dinarı da aparmışdılar. Osman ibn Əffan şəhid edilərkən Quran-i Kərim oxuyurdu. Başından aldığı qılınc yarasından axan qanın bir neçə damcısı Quran-i Kərimin «Onlara qarşı Allah sənə yetəcəkdir. O, səmidir (eşidən) və alimdir (bilən)» (əl-Bəqərə surəsi-137) ayəsinin üzərinə düşmüşdü(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 278.). Həmin o Quran bu gün də mövcuddur.

Daxildəki qarışıqlıqların fütuhata təsiri

Osman ibn Əffanın şəhid edilməsindən sonra Rəsulullahın (s.a.v.) əshabının yekdil qərar və xalqın əksəriyyətinin beyəti ilə Əli ibn Əbu Talib (r.a.) xəlifə seçildi. Qəhrəman, zəkalı, uzaqgörən, hikmət sahibi bir şəxs olan Əli ibn Əbu Talib Rəsulullahın (s.a.v.) evində böyümüş, ondan tərbiyə almışdı. O, Quran-i Kərimi ən yaxşı bilən səhabələrdən biri idi. Əli ibn Əbu Talib özü bu haqda belə demişdir: «Vallahi, Allahın Kitabında elə bir ayə yoxdur ki, mən onun gecəmi, gündüzmü, düzənlikdəmi, dağdamı endirilmiş olduğunu bilməyim»(Həsən İbrahim, həmin əsər, c. I, s. 349.). O, öz vəzifəsinin icrasına Ömər ibn Xəttabın üsuli idarəsinin tətbiqi ilə başlamışdı. Əli ibn Əbu Talib də Ömər ibn Xəttab kimi zahidanə həyat tərzi yaşayırdı. O, bəzi valiləri vəzifələrindən azad etdi. Maaş və ətiyyələrin miqdarını Ömər ibn Xəttabın dövründə olduğu kimi müəyyənləşdirdi. Bu isə bəzi dövlət məmurlarının, xüsusən də Bəni Uməyyə ailəsindən olanların ciddi narazılığına səbəb olmuşdu(Əbu Hənifət Əhməd ibn Davud əd-Dinəvəri, Kitab-ul-Əxbar-ut-Tival, Bağdad (tarixsiz), s. 140; Həsən İbrahim, həmin əsər, c. I, s. 343; Kazıcı, həmin əsər, s. 37.).
Bu hadisələr mənfi cəhətdən inkişaf edərək, belə demək mümkündürsə, vətəndaş müharibəsinə səbəb olmuşdu. Cəməl (cəmadiyəl-əvvəl h.36/oktyabr 656) və Sıffeyn (səfər h.37/iyul 657) döyüşlərində iştirak edən əsgərlərin sayını nəzər alsaq, Bizans və Xəzər cəbhələrindəki vəziyyəti təsəvvür etmək çətin olmaz. Bundan başqa, ordu arasında xəvaric təmayüllü insanların çoxalması da əsgərlərin döyüş qabiliyyətinə mənfi təsir göstərirdi. Xəvaric məşru (qanuni) hakimiyyəti silah gücü ilə dəyişdirməyə tərəfdar idi. Onlar bəzi məsələlərdə xəlifəyə qarşı çıxaraq üsyan etmişdilər və vəziyyətdən yeganə çıxış yolunu Əli ibn Əbu Talibi hakimiyyətdən uzaqlaşdırmaqda görürdülər. Fəqət Əli ibn Əbu Talib onlar hücum etmədikcə onlara qarşı güc tətbiq etməmiş və onları yola gətirməyə çalışmışdı. Bu məqsədlə əvvəl Qeys ibn Sədi, sonra Əbu Əyyub əl-Ənsarini, sonra da Abdullah ibn Abbası onlarla danışığa göndərmişdi. Abdullah ibn Abbasın xəvariclə apardığı danışığı mənbələr nəql edirlər. Abdullah ibn Abbas özü bu hadisəni belə təsvir etmişdi: «Mən onların yanına günorta vaxtı getmişdim. Əynimdə yəmən parçasından tikilmiş gözəl bir paltar vardı. Onlar günortanın istisində istirahət edirdilər. Çox ibadət edir, namaz qılırdılar. Üzlərində yuxusuzluq əlaməti görünürdü. Əlləri ibadət etməkdən dəvənin dizi kimi qabar atmışdı. Məni görən kimi onlardan biri: «Bu əynindəki paltar nədir belə?» dedi. Mən ona: «Yoxsa bununla mənə irad tutursunuz? Mən Allah Rəsulunun (s.a.v) əynində bundan daha gözəlini görmüşəm və bu ayə nazil olmuşdu: «Allahın öz qulları üçün yaratdığı zinət və təmiz ruziləri haram qılan kimdir?» (Əraf surəsi, 32). Sonra isə onların arasında aşağıdakı mükalimə olmuşdur.
- Xəvaric: Buraya niyə gəlmisən?
- İbn Abbas: Buraya sizə Allah Rəsulunun (s.a.v) əshabı haqqında danışmağa gəlmişəm. O insanlar haqqında ki, vəhy nazil olarkən onların üzərinə nazil olurdu. Halbuki mən onlardan heç birini sizin aranızda görmürəm. Mənə deyin görüm, Allah Rəsulunun (s.a.v) əmisi oğlu və kürəkəni olan, ona ilk iman edənlərdən biri olan və səhabənin tərəfini tutduğu adama siz nə vermisiz ala bilmirsiz?
- Xəvaric: Biz ona üç məsələdə müxalifik.
- İbn Abbas: Nə məsələdir onlar?
- Xəvaric: Əvvəla, Allahın dinində insanları hakim qıldı. Halbuki Allah buyurur: «Hökm ancaq Allahındır» (Yusif surəsi, 40). Allahın bu kəlamından sonra insanların hökmdə nə işi ola bilər?
- İbn Abbas: Sonra?
- Xəvaric: Əli insanlarla vuruşdu. Amma nə əsir aldı, nə də qənimət. Əgər vuruşduqları kafir idilərsə, malları Əli üçün halal olmalıydı. Yox əgər mömin idilərsə, möminin qanını tökmək haramdır.
- İbn Abbas: Sonra?
- Xəvaric: Əmirəlmöminin titulundan əl çəkdi. Əgər möminlərin əmiri deyilsə, deməli kafirlərin əmiridir.
- İbn Abbas: Ona başqa bir mövzuda etirazınız var?
- Xəvaric: Bunlar bizim üçün kifayət edir.
- İbn Abbas: Əgər sizə Allahın kitabından və Rəsulunun sünnəsindən dəlillər gətirsəm, bu tutduğunuz yoldan əl çəkərsiz?
- Xəvaric: Bəli.
- İbn Abbas: Allahın dinində insanların hökm verə bilib-bilməməsinə gəldikdə, Quranın «Ey insanlar ehramlı ikən ov öldürməyin» deyə başlayıb «aranızdan ədalətli olan iki nəfər hökm versin» deyə bitən ayəsini (Maidə, 95) və «Əgər ər ilə arvadın arasının dəyməsindən ehtiyat edirsəniz kişinin ailəsindən bir, qadının ailəsindən də bir hakim göndərin» (Nisa, 35) ayələrini oxuyun. İndi mən sizdən, Allaha and verərək, soruşuram deyin, insanların bir-birinin qanını tökməsinin(Sıffeyn müharibəsində Əli ibn Əbu Talib və Muaviyənin əsgərləri vuruşarkən, döyüşü dayandırıb hər iki tərəfdən tam səlahiyyətli iki hakim (vəkil) göndərilməsi təklif olunmuşdu. Bu hakimlərin qərarı ilə də problem həll olunacaq və hamı bu qərarla razılaşacaqdı.) qabağını almaq daha əfzəldir, yoxsa qiyməti dirhəmin dörddə biri qədər olan dovşanı öldürməyin və hansısa qadının boşanmasının qarşısını almaqmı daha xeyirlidir? Üstəlik Allah istəsəydi özü hökm verərdi bu haqda, insanların öhdəsinə qoymazdı.
- Xəvaric: Vallahi qan tökülməsinin qarşısını almaq daha fəzilətlidir.
- İbn Abbas: Sonra, deyirsiniz ki, Əli vuruşdu, amma nə qənimət aldı, nə də əsir götürdü(Cəməl döyüşündə Əli ibn Əbu Talibin əsgərləri ilə vuruşan orduda Aişə (r.a.) də var idi.). Deyin, siz də möminlərin anası Aişəyə söyürsünüz? Ya da başqa qadınlarda halal bildiyinizi onda da halal bilirsiniz? Əgər belə fikirləşirsinizsə, deməli kafir olmusunuz. Yox əgər onun möminlərin anası olmadığını iddia edirsinizsə, yenə kafir olmusunuz demək. Çünki Allah buyurur: «Peyğəmbər möminlərə öz nəfslərindən daha əvladır, zövcələri də onların analarıdır» (Əhzab, 6). Görürsünüzmü, siz iki zəlalət arasında çaşıb qalmısınız. İndi hansını seçirsiniz seçin. Artıq bu fikrinizdən də əl çəkdiniz deyilmi?
- Xəvaric: Vallahi bəli.
- İbn Abbas: Üçüncü məsələyə gəldikdə, Hudeybiyyə gününü xatırlayın. Suheyl ibn Əmr və Əbu Sufyan Rəsulullahla (s.a.v) müqavilə bağlamağa gəlmişdilər. Müqavilənin mətnini Əli yazırdı. Onlar müqavilədə Peyğəmbərin öz adını «Allah Rəsulu Muhəmməd» olaraq yazılmasına etiraz etdilər və dedilər ki, əgər biz sənin Allahın Rəsulu olduğuna inansaydıq səninlə vuruşmazdıq, indi də müqavilə bağlamağa ehtiyac qalmazdı. Bundan sonra Peyğəmbər dedi ki, vallahi siz inansanız da inanmasanız da həqiqət budur ki, mən doğrudan da Allahın Rəsuluyam. Sonra da Əliyə əmr etdi ki, müqavilədə öz adını Muhəmməd ibn Abdullah kimi qeyd etsin. Peyğəmbərin müşriklərin bu tələbi ilə razılaşması onu Allahın Rəsulu olmaqdan çıxarmadı. Bu fikrinizdən də əl çəkdinizmi?
- Xəvaric: Vallahi bəli.
Bu danışıqlardan sonra xəvaricdən 2000 min nəfər qayıdıb İslam ordusuna qoşuldu. 4000 nəfər isə zəlalət yolunda qaldılar və xəlifə ilə vuruşmaq qərarına gəldilər. Bu mükalimə xəvariclərin əslində nə qədər cahil olduqlarını və məsələlərə nə qədər səthi yanaşdıqlarını göstərir. Nəhrivan müharibəsində bu 4000 nəfər demək olar ki, tamamən İslam ordusu tərəfindən məhv edildi. Bu döyüşdə xəlifənin ordusundan cəmi 8 nəfər şəhid olmuşdu(Əbdulqadir əl-Mühacir, İbn Abbasın Xəvariclə Münaqişəsi, s. 2-3. (Bu əsər www. islah. de, web ünvanında nəşr olunur)).
Bizans cəbhəsində döyüşlər tamamən dayandırılmışdı. Xəlifə Əliyə qarşı üsyan qaldırmış Suriya valisi Muaviyə ibn Əbu Sufyan iki cəbhədə döyüşməmək və qüvvələrini cəmləşdirə bilmək üçün bizanslılarla sülh müqaviləsi bağlamışdı(Uçar, həmin əsər, s. 76.). İslam ordularının əzici zərbələrindən müvəqqəti də olsa, xilas olan Bizans şərqə yönəlmiş və köhnə müttəfiqləri olan Qafqaz xristianları və xəzərilərlə əlaqələrini canlandırmağa başlamışdı. Qafqazın xristian xalqları xəzərilərin talançı hücumlarından qorunmaq üçün Bizansa yaxınlıq göstərməyə məcbur olmuşdular. Bizans imperatoru ərəblər tərəfindən Ərməniyyə, Albaniya, Sisyan və Qafqaz dağlarından Dərbəndə qədər olan ərazilərin məliki təyin olunan erməni Teodor Rştunini qovub, onun yerinə bu vəzifəyə Alban knyazı Cavanşiri təyin etmişdi(Moisey, həmin əsər, s. 128.).

Bizans imperatoru II Konstansın Qafqaza yürüşü

II Konstansın hakimiyyətə gəlməsi ilə Bizans paytaxtında taxt-tac uğrunda mübarizəyə son qoyulmuş və ölkə siyasi istiqrara qovuşmuşdu. Bu siyasi sabitlik nəticəsində Bizansın xarici siyasətində canlanma müşahidə edilmişdi. Bu canlanma Zaqafqaziyada da özünü bariz şəkildə göstərirdi. Bizans imperatoru köhnə müttəfiqi Xəzər xaqanı ilə əlaqələri yenidən qurmuş və gücləndirmişdi. İmperator iri xristian feodallar arasındakı siyasi çəkişmələrdən və kilsələr arasındakı məzhəb-etiqad ixtilaflarından məharətlə istifadə edərək qısa müddətdə Zaqafqaziyada siyasi təşəbbüsü ələ ala bilmişdi. II Konstansın fəallaşması, ərəblərdən ard-arda aldığı ağır zərbərdən hələ də özünə gələ bilməyən, Xəzər xaqanı üçün ələ düşməyən fürsətə çevrilmişdi. Bizansın təşviq və təhriki ilə Ukrayna və Cənubi Rusiya düzənliklərində yaşayan türk qəbilələri ilə hərbi ittifaq quran xaqan bunun sayəsində ordusunun sayını xeyli artırmışdı. İbn-ul-Əsəm, hər nə qədər ifrata varsa da, bu müttəfiq türk ordusunun sayının 300 mini keçdiyini qeyd edir(İbn-ul-Əsəm, Kitab-ul-Fütuh, s. 10.).
Müsəlmanların Albaniyanı fəthi ilə sabitliyə və rifaha qovuşaraq, xəzərilərin dağıdıcı hücumlarından qısa müddət üçün də olsa, qurtulmuş olan xalq ərəblərin Araz çayının cənubuna çəkilməsindən narahatlıq duyurdular. İri feodalların hakimiyyət uğrunda mübarizəyə girişməsinin qarşısını almağa və ölkəsini parçalanmaqdan xilas etməyə çalışan Alban knyazı Cavanşir Bizans imperatoruna öz sədaqətini və bağlılığını bildirən bir məktub göndərmişdi. II Konstans onun bu itaətkar məktubunu məmnuniyyətlə qarşılamış, ona cavab məktubu və hədiyyələr göndərmişdi(Moisey, həmin əsər, s. 226.).
Bir müddət sonra II Konstansın özü də Zaqafqaziyaya gəlmişdi. 660-cı(Bu səfərin tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Prof. Şahin Uçar əsərinin 72-ci səhifəsində bu səfərin 652-ci ildə edildiyini yazır. VII əsr alban salnaməçisi Moisey Kalankaytuklu isə öz salnaməsində (s. 128) II Konstansın (641-668) hakimiyyətinin 19-cu ilində Qafqaza yürüş etdiyini qeyd edir.) ildə Ərməniyyəyə gələn imperator həmin ilin qışını Dəbil şəhərində keçirmişdi(Uçar, həmin əsər, s. 72.). Alban knyazı Cavanşir Mehranini yanına dəvət edən imperator onunla bir neçə dəfə görüşəndən sonra müqavilə imzalamışdı. Bu müqaviləyə görə knyaz Cavanşir (637-681) imperator tərəfindən İberiya (Gürcüstan) sərhədlərindən Dərbəndə və Araz çayına qədər olan torpaqların hökmdarı kimi tanınırdı(Moisey, həmin əsər, s. 128.).
Buna baxmayaraq, Bizans Zaqafqaziyada öz mövqeyini möhkəmlədə bilməmişdi. II Konstans Konstantinapola qayıdan kimi erməni məliki Teodor Rştuni ərəbləri öz ölkəsinə çağıraraq Ərməniyyəni onlara təslim etmişdi. Ərəblərin köməyi ilə imperatorun əsgərlərini öz ölkəsindən qovan Teodor Əməvi hökmdarı Muaviyə ibn Əbu Sufyan tərəfindən Gürcüstan, Ərməniyyə və Albaniyanın məliki təyin olunmuşdu(Uçar, həmin əsər, s. 73.). Öz hakimiyyətini möhkəmlədəndən sonra Muaviyə ibn Əbu Sufyan Alban knyazı Cavanşirlə bir neçə diplomatik görüş keçirərək onu öz tərəfinə çəkə bilmişdi(Moisey, həmin əsər, s. 135.).
Bizansın Zaqafqaziyada siyasi mövqeyini möhkəmlədə bilməməsi, hegemoniyasının müvəqqəti və bəsit səbəblərə əsaslanmasına görə idi. Uzun illər boyu davam edən müharibələr vaxtı Zaqafqaziya millətləri həm Bizans, həm də Sasanilər tərəfindən tətbiq edilən siyasi təzyiqlərin ağır nəticələrinə məruz qalmışdılar. Zaqafqaziya millətlərinin xristian olmaları İran şahlarının onlara etibar etməməsi üçün mühüm səbəb idi. Buna görə də onlar məcusi din adamlarının və Sasani məmurlarının təzyiqlərinə məruz qalırdılar. Bizansın Qafqaz siyasəti də bundan fərqli deyildi. Məzhəb və etiqad ixtilafı Bizans paytaxtı ilə əyalətlər arasında kin və nifrətin artmasına səbəb olmuşdu(Uçar, həmin əsər, s. 56.).

Arran knyazı Cavanşir Mehraninin (637-680) siyasi fəaliyyətləri

643-cü ildə Albaniya (Arran) torpaqlarına girən müsəlmanlar Şirvan məmləkətini fəth etmişdilər. Cavanşirin atası yaşlı Varaz Qriqor ərəb komandirlərlə bir neçə dəfə görüşərək onlarla əhd bağlamışdı(Moisey, həmin əsər, s. 122.). Atasından fərqli olaraq Cavanşir Bizansla ittifaqa tərəfdar idi. Erməni çarını da bu ittifaqın səmərəliliyinə inandıran Cavanşir Konstantinopola elçi heyəti göndərmişdi. O, Bizans imperatoruna yazdığı məktubda belə deyirdi: «Bizanslıların müzəffər, əzəmətli və mərhəmətli imperatoru, dənizlərin və quruların Tanrı tərəfindən təyin olunmuş hökmdarı Konstans Avqust, sənə Albaniyanın knyazı Cavanşir səndən asılı olan öz şərq ölkəsi ilə birlikdə mütilik salamlarını göndərir. Səndən uzaq olan bu xalqı öz himayənə almaq təklifimiz qoy sənin kimi İsa sevimlisi hökmdar üçün xoş olsun ki, sənin əzəmətli şöhrətindən və bizim itaətkarlığımıza görə sənin ilahi iltifatından bizə də pay düşsün». II Konstans bu təklifə müsbət yanaşmış, ona cavab məktubu ilə birlikdə gümüş taxt, qızıl işləməli paltar və qını mirvari ilə bəzədilmiş öz qılınclarından birini hədiyyə göndərimişdi(Eyni əsər, s. 126.). İmperator 660-cı ildə Zaqafqaziyaya yürüş etdiyi vaxt Cavanşirlə iki dəfə, Ərməniyyənin Kinkivar və Vaqarşapat şəhərlərində görüşmüş, onu Gürcüstandan Dərbəndə və Araz çayına qədər olan torpaqların böyük knyazı təyin etmişdi(Eyni əsər, s. 127-128.).
Bizans imperatorundan sonra Xəzər xaqanı da Cavanşirə bir elçi heyəti göndərmişdi və seçmə atlar, kölələr və bir çox qiymətli hədiyyələr göndərmişdi. 662-ci ildə arvadının ölümündən sonra, Cavanşir Xəzər xaqanının qızı ilə evlənmişdi. Bu onun üçüncü evliliyi idi(Eyni əsər, s. 132.). Siyasi hadisələrin bu məcrada inkişafı nəticəsində Albaniya və Zaqafqaziya, qısa bir müddət üçün də olsa, İslam dövlətinin nəzarətindən çıxmışdı. Bizans və xəzərilər xilafət daxilindəki iğtişaşlardan geniş surətdə öz mənfəətləri istiqamətində faydalanmışdılar. Bundan ən çox faydalanan isə heç şübhəsiz knyaz Cavanşir olmuşdur. Xəzər xaqanının kürəkəni olduğu üçün, o, regiondakı siyasi müvazinətin mühüm amilinə çevrilmişdi. Bu qohumluq sayəsində o, ölkəsini xəzərilərin talançı hücumlarından qorumuş oldu. Bizans imperatoru ona müttəfiq nəzəri ilə baxırdı. Bunun sayəsində də Cavanşir hakimiyyət uğrunda mübarizə aparan iri feodalların özbaşınalığına son qoymuş və öz hakimiyyətini zəmanət altına almışdı. Mövqeyinin bu dərəcədə möhkəmlənməsi Cavanşiri ərəblərin nəzdində də mühüm siyasi fiqura çevirmişdi.
Hicri 40-cı ilin ramazan ayında (yanvar 661) Allah Rəsulunun (s.a.v) IV xəlifəsi Əbi ibn Əbu Talib (r.a.) xəvaric (xaricilər) tərəfindən təşkil olunmuş sui-qəsd nəticəsində şəhid olmuşdu. Onun vəfatından sonra hakimiyyəti ələ alan Muaviyə ibn Əbu Sufyan xilafət daxilində qismən sabitlik yaratmağa nail olmuşdu. Bizanslıların Şərqi Anadolu və Zaqafqaziyadakı xilafət torpaqlarını zəbt etməsi Muaviyənin həftəsinə 1000 dinar ödəyərək satın aldığı sülh müqaviləsinin hökmünü hüquqi olaraq qüvvədən salmışdı. Muaviyənin öz qüvvələrini bir cəbhədə cəmləşdirməsi ilə Bizans-Ərəb müharibələri yenidən başlamışdı. Bizanslıların cəbhədə arxa-arxaya məğlub olması ilə Konstantinopolda çaxnaşma baş vermişdi. Kilsənin işə qarışması ilə II Konstans tamamən etibarını itirmiş və paytaxtı tərk edərək ölkənin qərbinə qaçmağa məcbur olmuşdu(Uçar, həmin əsər, s. 77.).
Hadisələrin bu məcrada inkişafı knyaz Cavanşiri narahat edirdi. Muaviyə ona görüşmək üçün Dəməşqə dəvət edən məktubu ilə birlikdə bir çox qiymətli hədiyyələrlə elçi heyəti göndərmişdi. Bununla Cavanşir öz ölkəsini ərəblərin ehtimal olunan hücumundan qorumaq üçün yaxşı fürsət əldə etmişdi. Knyaz Cavanşir 667-ci ildə Dəməşqə getdiyi vaxt Muaviyə onu mərasimlə qarşılamışdı. O, Dəməşqdə ikən Bizans səfiri də Muaviyə ibn Əbu Sufyanla görüşmək üçün gəlmişdi. Bu diplomatik görüşmələrdə vasitəçi kimi iştirak edən Cavanşir Muaviyənin təqdirini qazanmışdı. Qiymətli mükafatlarla təltif edilən knyaz Cavanşir Mehrani Əməvi hökmdarı ilə müqavilə bağlayaraq öz ölkəsinə qayıtmışdı. Ömrünün sonuna qədər bu müqaviləyə sadiq qalan Cavanşir, 680-ci ildə 64 yaşında ikən Bizansla ittifaqa tərəfdar olan feodalların hazırladıqları sui-qəsd nəticəsində öldürülmüşdü(Moisey, həmin əsər, s. 145-146; Bünyadov, həmin əsər, s. 77-78.). 705-ci ildə Albaniya qəti olaraq İslam dövlətinin idarəsinə keçmiş və Mehrani sülaləsinin hakimiyyəti sona çatmışdı.


Fayl olaraq yüklə:

7.reshidiXelifeler_azerb.fethi.doc
7.reshidiXelifeler_azerb.fethi.pdf

Mobil telefon üçün yüklə:

7.reshidiXelefeler_azerbaycaninFethi.jad
7.reshidiXelefeler_azerbaycaninFethi.jar


Ardı: 8-ci Hissə

Bölmə: Mobil Kitablar | Baxılıb: 1220 | Yüklədi: selefimedia