Baş səhifə » 2013 » Yanvar » 5 » RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-4
10:23
RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-4

Dr. ELNUR NƏSİROV.

RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ


Bu kitab müəllifi tərəfindən 1977-ci ildə Türkiyə Respublikası Səlcuq Unversiteti, İctimai Elmlər İnsitutunda Prof. Dr. Mikayıl Bayramın elmi rəhbərliyi altında magistr işi olaraq yazılmış və müdafiə edilmişdir.Prof. Dr. Əhməd Önkal və Prof. Dr.Zəkəriyyə Kitapçı bu əsərə müsbət rəy vermişlərdir.

RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-4

(1-ci Hissə)
(2-ci Hissə)
(3-cü Hissə)

II Xəlifə Ömər İbn Xəttab Dövrü

Ərəblərin Bizansla Mübarizəsi və İranla Azərbaycanın Fəthi

Bizans müharibələri

Allah Rəsulunun (salallahu aleyhi və səlləm) birinci xəlifəsi Əbu Bəkr (r.a.) (632-634) dövründəki Riddə Rəsulullahın (salallahu aleyhi və səlləm) vəfatından sonra Ərəbistan yarımadasında yaşayan bəzi ərəb qəbilələri müxtəlif bəhanələrlə üsyan edərək Mədinə Şəhər Dövlətinə tabə olmaqdan və İslam dininin zəkat və.s kimi hökmlərini icra etməkdən imtina etmişdilər. Hətta Tüleyha, Museyləmə və.s kimi şəxslər peyğəmbərlik iddiasına düşərək Mədinə Şəhər Dövlətinin valilərinə və məmurlarına hücum edərək onları qovmuşdular. Bunu İslam tarixində İrtidad hərəkatı və ya Riddə hadisələri deyilir. Çünki bu qəbilələr dövlətə qarşı üsyan etməklə mürtəd olmuşdular yəni İslam dinindən çıxmışdılar.

I xəlifə Əbu Bəkr İrtidad hərəkatına qarşı ciddi tədbirlər görərək qısa müddət ərzində bu üsyanları yatırmağı və Ərəbistan yarımadasının, eyni zamanda müsəlmanların birlik və bərabərliyini qurmağı bacarmışdı.) müharibələrinin müsəlmanların lehinə müsbət nəticələnməsindən sonra hər biri 3000 nəfərlik hərbi dəstələr Əmr İbnul-As, Yəzid ibn Əbu Sufyan və Şurahbil ibn Hasənənin komandanlıqları altında şimal istiqamətinə göndərilmişdilər(Hitti, həmin əsər, c. I, s. 224.).
Yəzid ibn Əbu Sufyan Ölü dənizin cənubunda, Fələstinin bizanslı canişini Sergiuslə vuruşaraq zəfər əldə etmişdi. Sergiusin məğlub olmuş ordusundan qaçan 1500-2000 nəfər Bizans əsgəri isə Dasin adlı yerdə 634-cü ilin fevralında mühasirəyə alınaraq məhv edilmişdi(Şahin Uçar, Anadoluda İslam Bizans Mücadelesi, İstanbul 1990, s. 65.).
634-cü ildə Xalid ibn Vəlid (r.a.) özünün məşhur İldırım hərəkatını gerçəkləşdirmişdi. İranın Hirə şəhərindən başlayaraq İraqla Suriya arasındakı keçilməz səhranı Dumət-ul-Cəndəl adlı yerdən keçərək 18 günlük çətin yürüşdən sonra öz hərbi dəstəsi ilə Dəməşq şəhəri ətrafına gəlmişdi. Beləcə İslam ordusu ilə üzbəüz dayanmış Bizans ordusunun arxasına keçmişdi. Döyüş mövqeyinə irəliləyərkən Xalid ibn Vəlidin dəstəsi Bizans ordusuna köməyə gedən xristian ərəblərdən ibarət Qəssani ordusu ilə rastlaşmış və onları məğlub etmişdi. Fələstinin Busra qəsəbəsinə gələrək burada onu gözləyən digər müsəlman əsgərlərlə öz qüvvələrini birləşdirdi. İki tərəfdən sıxışdırılan Bizans ordusu 30 iyul 634-cü ildə Əcnadeyn adlı yerdə darmadağın edildi. Bu parlaq qələbə İslam tarixində Əcnadeyn zəfəri kim qeyd olunur. Beləcə Fələstin müsəlmanların üzünə açılmışdı(Hitti, həmin əsər, c. I, s. 226-228.).
635-ci ilin sentyabrında altı aylıq mühasirədən sonra Xalid ibn Vəlid Dəməşq (Şam) şəhərini fəth etimişdi. Bizans zülmündən azad olan Dəməşqlilər müsəlmanlarla, aşağıda mətnini verdiyimiz əhdi bağladılar.

Bismillahir-Rəhmanir-Rəhim

Bu əmannamə Xalid ibn Vəlidin şəhərə girəcəyi təqdirdə Dəməşq əhalisi üçün öz təminatı altına alacağı mövzuları sadalayır. Onların həyatları, mal-mülkləri və kilsələri təminat altındadır. Şəhərin qala divarları dağıdılmayacaq. Heç bir müsəlman əsgər yerli əhalinin evinə girməyəcək. Allahın, Rəsulunun və möminlərin himayəsi onlara verilmişdir. Onlar cizyə ödədikləri müddətcə başlarına müsəlmanlar tərəfindən yaxşılıqdan başqa bir şey gəlməyəcəkdir(Eyni əsər, c. I, s. 229.).
Bu hadisə Suriyadakı digər şəhərlərin də könüllü şəkildə öz qapılarını müsəlman ordularının üzünə açmalarına səbəb olmuş və müqavilə mətni model olaraq qəbul edilmişdi(Yenə orada.).
Dəməşqin fəthindən sonra növbə bütün Suriyanın taleyini müəyyənləşdirilməsinə gəlmişdi. Xalid ibn Vəlid Bizans imperatoru Heraklın öz qardaşı Teodorun komandanlığı altında 50 min nəfərlik ordunu itirilmiş Suriya şəhərlərini geri almaq üçün hərəkət etdiyi xəbərini alandan sonra Xums, Dəməşq və digər şəhərlərdəki hərbi dəstələrini geri çəkərək qüvvələrini birləşdirmiş və 25 min nəfərlik süvari ordusu hazırlamışdı. O, öz ordusunu İordaniyanın şərqindəki Yərmuk vadisində toplamışdı. 636-cı il avqustun 20-sində həmin yerdə iki ordu arasında şiddətli bir döyüş baş verdi. Döyüş vaxtı sərt və isti küləyin qaldırdığı toz və qum buludu döyüş meydanını bürümüşdü. Belə hava şəraitinə vərdiş edən ərəblər Bizans ordusuna güclü həmlələr edir və şiddətli zərbələr endirirdilər. Nə komandirlərin canfəşanlığı, nə də ordudakı keşişlərin xorla dua oxumaları Bizans ordusunun imdadına yetişmədi. Bizans ordusun tərkibindəki erməni əsgərlər öz mövqelərini qoyub qaçmağa başlayan kimi döyüş nizamı pozuldu və Bizans ordusunda ümumi bir təlaş başladı. Mücahidlərin qılıncından canını qurtara bilənlər özlərini bir giriş və bir çıxışı olan dar Ruqaəd vadisinə çatdıraraq qaçmağa başladılar. Amma vadinin çıxışında ərəb süvarilərinin onları gözlədiyindən xəbərsiz idilər. Burada Bizans ordusunun tör-töküntüləri də müsəlman süvariləri tərəfindən məhv edildi. İmperatorun qardaşı Theodorun cəsədi də döyüş meydanında qalmışdı(Yenə orada, c. I, s. 230.).
Əldən çıxan Suriya şəhərləri Yərmuk zəfərindən sonra yenidən müsəlmanların əlinə keçdi. Hətta İskəndərun və Hələb şəhərləri də müsəlmanlar tərəfindən fəth olundu. Yərmuk zəfərindən sonra İslam orduları ciddi müqavimətə rast gəlmədən Tavriya (Toros) sıra dağlarına qədər irəlilədilər və Kiçik Asəya (Anadolu) sərhədlərinə çatdılar(Yenə orada, c. I, s. 231.).
Yərmuk məğlubiyyətindən sonra yatağa düşən imperator Herakl 641-ci ildə iztirab çəkərək öldü. Onun ölümündən sonra Bizans taxtına bir-birinin ardınca hökmdarlar çıxmağa başlamış, kilsənin də fəal iştirak etdiyi saray çəkişmələri güclənmişdi. Nəhayət II Konstans 641-ci ilin sonunda 11 yaşında ikən Bizans imperator taxtına oturdulmuşdu. Bu vaxt İslam orduları Aralıq dənizi hövzəsində bəzi uğurlu hərbi əməliyyatlar həyata keçirmişdilər. Əmr İbnul-As 642-ci ildə İskəndərunu (Antakiya) fəth etmişdi. Şimali Afrikada Aralıq dənizinin cənub sahili boyunca sürətlə irəliləyən İslam ordusu Tunis sərhədlərinə yaxınlaşmış və buradakı Bizans hərbi qüvvələrini əzərək 643-cü ildə Tripoli şəhərini fəth etmişdilər. 643-cü ildə Ermənistanda, 647-ci ildə isə Kappadokiyada Bizans ordusu məğlub edilərək, bu iki ölkə də İslam orduları tərəfindən fəth edilmişdi(Ostraqorsky, həmin əsər, s. 106-112.).
Bizans və Sasani imperiyaları arasında nəsillər boyu davam edən ağır və yorucu müharibələr nəticəsində hər iki dövlətin ordusunda bezginlik əhvali-ruhiyyəsi yaranmışdı. Buna paralel olaraq, hər iki dövlətin böyük məbləğdəki müharibə xərclərini təmin etmək üçün ağır vergilər yüklədiyi vətəndaşlarının da öz dövlətlərinə qarşı sədaqət və bağlılıqları azalmışdı(Hitti, həmin əsər, c. I, s. 215.). Bu əlbəttə ki, müsəlmanların etdikləri müharibələrdən zəfərlə çıxmasının səbəbləri arasında mühüm yer tuturdu.

İranın fəthi

İslam ordularının Ərəbistan yarımadası xaricində əldə etdikləi ilk müvəffəqiyyətlərdən biri və fəth edilən Sasani şəhərlərindən ilki Hirə şəhəri olmuşdur. 633-cü ildə Xalid ibn Vəlid qısamüddətli mühasirədən sonra ildə 60 min dirhəm cizyə ödəmələri şərtilə Hirə şəhərini təslim almışdı. Bu müharibədə ona çoxdan bəri Sasanilərlə müharibə vəziyyətində olan xristian ərəblərdən ibarət Bəni Şeyban qəbiləsinin rəisi Müsənna ibn Xarisə kömək etmişdi(Hitti, həmin əsər, c. I, s. 226.).
Əbu Bəkrin (r.a.) vəfatından sonra onun yerinə Ömər ibn Xəttab (r.a.) Allah Rəsulunun (s.a.v.) ikinci xəlifəsi seçilmişdi (634-644). Ömər ibn Xəttab xəlifəliyinin ilk ilində Sasanilərin hakimiyyəti altında olan İraqa göndərilmək üçün ordu hazırlamış və bu ordunun komandanlığına Əbu Ubeydə ibn Cərrah əs-Səqafi (r.a.) öz xahişi ilə təyin olunmuşdu. Avanqard qüvvələrə komandanlıq edən Suleyt ibn Qeys əl-Ənsari İraq istiqamətində yola çıxandan bir neçə gün sonra Əbu Ubeydə ibn Cərrah da əsas qüvvələrlə eyni istiqamətdə Mədinədən hərəkətə keçmişdi. Xəlifənin əmri ilə yol üstündəki müsəlman ərəb qəbilələrindən olan əlavə qüvvələr də əsas orduya qoşulmuşdu(Zərrinkub, həmin əsər, s. 362.).
Ərəblər bu yürüş vaxtı İraqda üç dəfə: Nəmarik, Səqatiyyə və Baqisqas adlı yerlərdə İran hərbi birləşmələrini məğlubiyyətə uğratmışdılar. Əsas Sasani ordusu isə Bəhmən Caduyə adlı sərkərdənin başçılığı altında Fərat çayı hövzəsinə gələrək çayın sağ sahilində Məhurə adlı yerdə düşərgə qurmuşdular. Daha əvvəl üç dəfə məğlub olmuş İran hərbi birləşmələrindən sağ qalan əsgərləri də Calinu adlı komandir toplayıb Məhurəyə gətirmişdi. Bir müddət sonra Əbu Ubeydə ibn Cərrah da İslam ordusu ilə həmin yerə gəldi və Fəratın sol sahilində düşərgə qurdurdu. İki ordunu bir-birindən Fərat çayı ayırırdı. Hicri 13-cü ilin şəban ayında(İbn Kəsir bu döyüşün hicri 12/633-cü ildə baş verdiyini yazır, bax: əl-Bidayə, c. VII, s. 50.) (634-cü ilin noyabrı) ərəblər və iranlılar arasında şiddətli döyüş baş verdi. Çayın üstündəki taxta körpüdən keçib İran ordusuna hücum edən mücahidlər, düşmən ordusundakı fillərlə qarşılaşanda, geri çəkilməyə məcbur oldular. Süvarilərin atları fillərdən ürkmüş və döyüş nizamının pozulması sayəsində müsəlmanlar çətin vəziyyətdə qalmışdılar. İslam tarixində Cisr (körpü) döyüşü adı ilə qeyd olunan bu döyüşdə müsəlmanlar məğlub olmuş və çox sayda mücahid şəhid olmuşdu. İslam ordusunun komandanı Əbu Ubeydə ibn Cərrah da bu döyüşdə şəhid olmuşdu(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 54-55; Zərrinkub, həmin əsər, s. 363.).
Körpü müharibəsindən sonra bir il müddətincə müsəlmanlar İraqda heç bir hərbi əməliyyat aparmadılar. 635-ci ildə Cərir ibn Abdullah əl-Bəcəlinin komandanlığı altındakı İslam ordusu Mədinədən İraqa hərəkət etdi. İraqda Müsənna ibn Harisənin köməçi qüvvələri də müsəlmanlara qoşuldular. Bu ordu hicri 14/miladi 635-ci ilin yayında Fərat çayı hövzəsində yerləşən Buveyb adlı yerdə İran ordusunu darmadağın etdi. Bu dəfə ən qabaq sıraya düzülmüş fillər də Sasani ordusunun imdadına yetişmədi. Döyüş meydanında saysız hesabsız iranlı əsgərin cəsədi qalmışdı. Öldürülənlərin arasında iranlı sərkərdə Mehran Mehrbəndzadə də vardı(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 56; Zərrinkub, həmin əsər, s. 366-367.). Buveyb zəfərindən sonra ərəb süvariləri Fərat çayı sahili boyunca Hirədən tutmuş Kəsgər və Əynut-Təmrə qədər olan ərazilərdə reydlər keçirdilər(Zərrinkub, həmin əsər, s. 369.).
Bu hadisələr cərəyan edərkən İranın daxilində iğtişaşlar baş verirdi. Sasani taxtına oturmaq üçün bu sülalədən bir oğlan uşağı belə tapılmırdı. Şah II Xosrov Pərvizin bizanslı xristian arvadı(Moisey, həmin əsər, s. 100.) Şirin bu sülaləyə mənsub olan bütün oğlan uşaqlarını öldürtmüşdü. İranlı sərkərdələr Rüstəm və Firuzan, anasının hər kəsdən gizlədərək böyütdüyü Sasani nəslindən Şəhriyarın 21 yaşlı gənc oğlunu tapıb 632-ci ildə III Yəzdigərd adı ilə taxta çıxarmışdılar(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 53.). Bu dəyişiklik qoca imperiyanı bir az da olsun canlandıra bilmişdi. İğtişaşlara son qoyuldu. Fərat çayı hövzəsində hərbi əməliyyatlar aparan Sasani ordusu itirilmiş bəzi şəhər və qalaları müsəlmanlardan geri ala bilmişdilər. Bu xəbərlər Mədinəyə çatanda II xəlifə Ömər ibn Xəttab çox narahat olmuşdu(Zərrinkub, həmin əsər, s. 371.).
Bu hadisədən sonra Ömər ibn Xəttabın əmri ilə müxtəlif ərəb qəbilələrindən toplanan ordunun komandanlığına məşhur sərkərdə Səd ibn Əbu Vəqqas təyin olunaraq Mədinədən İraqa göndərildi. Təmim, Bəni Əsəd, Quzaə, Bəcilə, Bəni Bəkr, Tayy və.s ərəb qəbilələrindən toplanan 25 min nəfərlik ordu İraqın Qədisiyyə adlı mövqeyində Rüstəmin komandanlıq etdiyi Sasani ordusunu ağır məğlubiyyətə uğratmışdı. Bir neçə gün çəkən müharibədə İslam ordusundan 6000 mücahid şəhid olmuşdu. Sasanilər isə bu müharibədə 10 mindən çox canlı qüvvə itirmişdilər. İranlı sərkərdə Rüstəm də döyüşdə öldürülmüşdü(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 54-55; Zərrinkub, həmin əsər, s. 363. İbn Kəsir döyüşün hicri 14/miladi 635-ci ildə baş verdiyini qeyd edir.). Döyüş vaxtı Sasanilərə köməyə gələn ermənilər gözlənilmədən fərariliyə başlamışdılar. Qaçanları təqib edən mücahidlər onlardan xeylisini qılıncdan keçirmişdi. Erməni komandirlər Muşeq Mamikonyan və Qriqori də Qədisiyyədə öldürülmüşdülər(Bünyadov, həmin əsər, s. 72.). Alban knyazı Varaz Qriqor da III Yəzdigərdin tələbi ilə İran ordusunda ərəblərə qarşı vuruşmaq üçün İraqa kiçik bir alban hərbi dəstəsi göndərmişdi. Bu dəstənin başçılığına 20-25 yaşında gənc olan ikinci oğlu Cavanşiri təyin etmişdi. Döyüşdə üç dəfə yaralanan Cavanşir Fərat çayını keçib qurtula bilmişdi(Moisey, həmin əsər, s. 118.).
Qədisiyyə zəfərindən sonra Səd ibn Əbu Vəqqasın ordusu Dəclə çayını keçib Sasanilərin paytaxtı Mədain şəhərini mühasirəyə almışdılar. Şəhərdə kiçik bir hərbi dəstədən başqa heç kim qalmamışdı. Mücahidlər şəhəri demək olar ki, müqavimətə rast gəlmədən almışdılar. Sasani şahının sarayına gələn Səd ibn Əbu Vəqqas Qurani Kərimin Duxan surəsinin 25-28-ci ayələrini oxuyaraq saraya daxil olmuşdu: «Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər. Neçə-neçə əkinlər, gözəl yerlər. Və zövq aldıqları neçə-neçə nemətləri tərk etdilər. Bu belədir və onlara başqa bir milləti varis etdik». Sasani imperiyasının 3 trilyon dirhəmlik (gümüş pul) xəzinəsi də mücahidlərin əlinə keçmişdi(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 111-112.).
Mədaindən qaçan əsgərlərini Cəlula adlı yerdə toplayan III Yəzdigərd (632-651) ordunun başına Mehran adlı bir nəfəri təyin edib özü Hulvan şəhərinə getmişdi(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 116.). H.16/m.637-ci ilin payızında Cəlulada toplanan Sasani ordusu Haşim ibn Utbənin başçılıq etdiyi mücahidlər tərəfindən məğlubiyyətə uğratıldı(Zekeriya Kitarçı, Yeni islam tarihi və türkler, Konya 1995, s. 229.).
H.17/m.638-ci ildə Səd ibn Əbu Vəqqas, Əbu Musa əl-Əşari və İyaz ibn Ğanəmin komandanlıq etdikləri hərbi dəstələr əl-Cəzirəni fəth etmişdilər. Ömər ibn Xəttabın əmri ilə əl-Cəzirə qəsəbəsi əyalət mərkəzi və İyaz ibn Ğanəm də bu əyalətə vali (canişin) təyin edilmişdi. Malatya şəhərindən Şimali Afrikaya qədər olan məmləkətlər bu əyalətə daxil edilmişdi. İyaz ibn Ğanəm Yərmuk müharibəsinin qəhrəmanlarından idi. O, valiliyə başlayandan sonra müxtəlif istiqamətlərdə fəth hərəkatını davam etdirmiş, Diyarbəkir, Urfa, Hərran kimi Şimali Mesopatamiyanın (Kürdüstan) bir sıra şəhərlərini fəth etmişdi(Əbu Abdullah Muhəmməd ibn Ömər əl-Vaqidi, Fütuh-uş-Şam, Beyrut (tarixsiz), s. 175-181.). Bu şəhər əhaliləri ilə əhdlər bağlanmış və yerli əhali cizyə ödəmək şərtini qəbul etmişdi. Daha sonra İyaz ibn Ğanəm Osman ibn Əbul-Əsi mücahidlərin komandanlığına təyin edərək Ermənistanın fəth edilməsi təlimatını verdi. Qısa çəkən döyüşdən sonra ermənilər təslim olmuş və hər ev başına ildə bir dirhəm cizyə ödəmək şərtini qəbul etmişdilər(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 126.). İyaz ibn Ğanəmin əmri ilə müsəlman əsgərlər Bidlisin dağ keçidlərindən keçərək Van gölünün şimalından Azərbaycan torpaqlarına girmişdilər(Vaqidi, Fütuh-uş-Şam, s. 175-181.). Bu hadisə haqqında irəlidə ətraflı məlumat veriləcək.
Sasani imperiyasının kədərli aqibəti talesiz gənc şahı Mədaindən qaçıb İranın qərbindəki şəhərlərdə dərbədər gəzməyə məcbur etmişdi. O, ətraf əyalətlərin canişinlərinə fərman göndərərək dağılmış imperiya ordusunu birləşdirməyə çalışırdı(Zərrinkub, həmin əsər, s. 392.). III Yəzdigərd h.17/m.638-ci ildə Əhvaz və Fars əyalətlərinin əhalisinə müraciət edərək, onları ərəblərlə müharibədə lazımi kimi iştirak etmədikləri üçün qınamışdı. Bundan sonra həmin əyalətlər müharibə üçün ciddi hazırlıqlar görməyə başlamışdılar. Xəlifə Ömər ibn Xəttab (r.a) bundan xəbərdar olan kimi Kufə valisi Səd ibn-ul-Asa aşağıdakı məzmunda məktub yazdı: «Neman ibn Muqarrinin əmrinə böyük ordu ver və Əhvaza Hürmüzanla döyüşmək üçün göndər. Əmri dərhal yerinə yetir». Səd Nemanı böyük bir ordu ilə yola saldı. Bundan başqa Ömər ibn Xəttab Bəsrədə olan Əbu Musa əl-Əşariyə də məktub yazaraq yanındakı mücahidlərlə Əhvaza, Neman ibn Muqarrinə köməyə getməsini əmr etdi. Hürmüzanın sərkərdəlik etdiyi ordunu Neman ibn Muqarrin Əhvaz ətrafında məğlubiyyətə uğratdı. Hürmüzan qaçıb Tustər qalasına sığındı və qalanın müdafiəsini möhkəmlətdi. Müsəlmanlar Tustər qalasını mühasirəyə aldılar. Bir müddət sonra qaladakılardan biri Əbu Musa ilə əlaqə quraraq şəhərin gizli girişini ona bildirdi. Mücahidlər bir gün sübh namazı vaxtı gizlicə şəhərə girdilər və qapıları açaraq İslam ordusunun şəhərə girməsini təmin etdilər. Beləcə Tustər fəth olundu. Çox sayda sasani əsgəri, o cümlədən Hürmüzan da əsir alındı. Hürmüzan Sasani ailəsinin yaxın qohumu idi. O, əsirlikdə ikən İslam dinini qəbul etmişdi. Ömər ibn Xəttab onu azad edərək özünün müşaviri vəzifəsinə təyin etmişdi(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 140-143.).
Sasani ordusu üzərində ard-arda qazanılan qələbələr bu imperiyanın əslində zənn edildiyi qədər qüdrətli olmadığını üzə çıxarmışdı. Bundan sonra hərbi səfərlər nizamlı və planlı fütuhata dönməyə başlamışdı(Uçar, həmin əsər, s. 63.). Ömər bin Xəttabın xəlifəliyinin ilk illərində aparılan hərbi əməliyyatların əsas məqsədi İraqı fəth etmək idi. Xəlifə müsəlmanların İranın mərkəzi əyalətlərinə girmələrinə izn vermirdi. O, bu məsələdə çox diqqətli davranırdı. Gənc İslam dövlətini və müsəlmanları təhlükəyə atmaqdan ehtiyat edirdi. Amma Əhnəf ibn Qeys və digər sərkərdələrin məlumatlarını dinlədikdən sonra xəlifə III Yəzdigərd və ətarfındakıların tamamən ihma edilməsinə qərar verdi. Bununla yanaşı, müharibələrdə alınan saysız-hesabsız qənimət bədəvi ərəb qəbilələrindən gələn könüllüləri müharibəni İranın mərkəzi və şimali əyalətlərində davam etdirməyə təşviq edirdi(Təbəri, Tarix-i Təbəri, c. V, s.1975; İbn Kəsir, əl-Bidayə, c. VII, s. 145; Bünyadov, həmin əsər, s. 85.).
H.19/m.640-cı ildə Cərir ibn Abdullah əl-Bəcəlinin komandanlığında böyük bir ordu Cəluladan Hulvana doğru yola çıxdı. III Yəzdigərd bundan xəbər tutub Hulvandan İsfahana getdi. Cərir ibn Abdullah Hulvanı müqavimətsiz, sülh yolu ilə təslim aldı. Şəhər əhalisi ilə canları və mallarının toxunulmazlığına zəmanət verərərk əhd bağladı(Bəlazuri, Fütuh-ul-Büldan, c. II, s. 89; İbn Kəsir Hulvanın h.21/m.642-ci ildə Nəhavənd müharibəsindən sonra fəth edildiyini qeyd edir. Bax: əl-Bidayə, c. VII, s. 200.).
Müsəlmanlarla, belə demək mümkündürsə, gizlənqaç oynayan III Yəzdigərd İsfahandan imperiyanın dörd tərəfinə fərmanlar göndərərək iranlıları müharibəyə çağırırdı. O, hətta vassal dövlətlərdən də öz qüvvələrini köməyə göndərməyi tələb etmişdi. Bu əsnada Kufə valisi olan Əmmar bin Yasir (r.a.) Mədinəyə məktub yazaraq Sasani şahının fəaliyyətləri haqqında xəlifəyə məlumat vermişdi. Ömər ibn Xəttab məktubu alan kimi özünün müşavirə məclisini topladı. Xəlifə Sasanilərlə vuruşmaq üçün böyük bir ordu toplanmasını və bu ordunu baş komandanlığına Neman ibn Muqərrinin təyin edilməsini qərara aldı. Xəlifə Bəsrə, Şam və Əmmandakı ordu komandirlərinə də fərman göndərərək qısa müddətdə öz əsgərləri ilə Cündi Şapura gedib Neman ibn Muqərrinin ordusu ilə birləşməyi əmr etdi. Beləcə bu müəzzəm ordunun baş komandanlığına Neman ibn Muqərrin, avanqard qüvvələrin başına onun qardaşı Nueym ibn Muqərrin, digər qardaşı Suveyd ibn Muqərrin sağ cinah qüvvələrinin başına, Huzeyfə ibn-ul-Yəman sol cinah qüvvələrinin başına, ordunu arxadan qoruyan dəstənin komandirliyinə Mucaşi ibn Məsud təyin edildilər. Bu orduda Muğirə ibn Şubə, Cərir ibn Abdullah, xəlifənin oğulları Abdullah ibn Ömər və Ubeydullah ibn Ömər, Əmr ibn Madikərib və digər bir çox səhabələr də vardılar. Sasanilərin birləşmiş ordusuna isə məşhur sərkərdə Mərdanşah Hörmüzd başçılıq edirdi(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 180-187; Zərrinkub, həmin əsər, s. 392-394.).
H.21/m.642-ci ilin yayında iki ordu Həmədanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında qarşı qırşıya gəldilər. Çərşəmbə günü başlayan müharibə üç gün davam etmişdi. Bu misli görünməmiş döyüşdə qan su yerinə axmışdı. O dərəcədə qanlı döyüş olmuşdu ki, insanlar və atlar döyüş meydanındakı qandan ötrü ayaq üstə dayana bilmirdilər, sürüşüb yıxılırdılar. Cümə günü işa namazı vaxtı döyüş müsəlmanların parlaq qələbəsi ilə bitmişdi. Döyüş meydanında 30 min Sasani əsgərinin cəsədi qalmışdı. Mücahidlərdən də çox sayda şəhid olan vardı. İslam ordusunun baş komandanı Neman ibn Muqərrin də şəhid olmuşdu(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 196-199; Zərrinkub, həmin əsər, s. 394; Kitapçı, həmin əsər, s. 230; Numani, həmin əsər, c. I, s. 268.). Xəlifə Ömər ibn Xəttab Neman ibn Muqərrinin şəhid olduğu xəbərini eşidəndə çox kədərlənmiş və göz yaşlarını saxlaya bilməmişdi.
Nəhavənddəki məğlubiyyətdən sonra Sasani ordusu bir daha özünə gələ bilmədi və nəhəng imperiya sürətlə yıxılmağa başladı. İranlılar qalalara qapanaraq fərdi qaydada müqavimət göstərməyə başladılar(Numani, həmin əsər, c. I, s. 268; Bünyadov, həmin əsər, s. 71.).
İslam tarixində Nəhavənddə qazanılmış zəfər Fəth-ul-fütuh (fəthlər fəthi) yəni zəfərlər zəfəri adlandırılmışdır. Belə ki, bu zəfərdən sonra ərəblər İranı başdan-başa, demək olar ki, ciddi bir maneəyə rast gəlmədən fəth etmişdilər. Ömər ibn Xəttab III Yəzdigərdin müqavimət göstərmək üçün yenidən əsgər toplamasının qarşısını almaq üçün müsəlman hərbi birləşmələrinə İranın müxtəlif əyalətlərinə yürüşlər təşkil edərək əhalini itaət altına almaq və Yəzdigərdə kömək etməkdən çəkindirməyi əmr etmişdi(Zərrinkub, həmin əsər, s. 394; Numani, həmin əsər, c. I, s. 268.).
Nəhavənd zəfərindən sonra Ömər ibn Xəttab bir gün Tustər qalası fəth edilərkən (638) əsir düşmüş, daha sonra İslamı qəbul edərək xəlifənin müşaviri vəzifəsinə təyin edilmiş iranlı sərkərdə Hürmüzana(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 140-143.) belə bir sual vermişdi: «Yeni fəthlərə Fars əyalətindən, Azərbaycandan, yoxsa İsfahandan başlayaq?». Hürmüzan belə cavab verir: «Fars və Azərbaycanın hər biri bir qanaddır, İsfahan isə başdır. Qanadlardan birini kəssən digəri öz işini görər. Başı kəssən hər iki qanad da düşər»(Təbəri, Tarix-i Təbəri, c. V, s. 1966.).
Nəhavənd zəfərindən qısa müddət sonra xəlifə Ömər (r.a) Kufə valisi Əmmar bin Yasirə məktub yazaraq mücahid komandirlərindən Abdullah ibn Abdullah əl-Ənsarini təlimatlandırmağı əmr etdi. Fərmanda belə deyilirdi: «Əmrin altındakı əsgərlə birlikdə İsfahana doğru hərəkət et. Ziyad ibn Hənzələ sənin yerinə Kufədə qalıb müdafiə ilə məşğul olsun. Abdullah ibn Varəqə ər-Riyahini avanqard qüvvələrə komandir təyin et. Abdullah ibn Varəqə əl-Ənsarini və İsmət ibn Abdullahı da sağ və sol cinah komandanlığına təyin et». Abdullah ibn Abdullah əl-Ənsari dərhal xəlifənin əmrini yerinə yetirməyə başladı və ordusu ilə İsfahana yaxınlaşdı. İsfahan hakimi Fədusfan qaladan çıxıb Abdullah ibn Abdullah əl-Ənsarinin düşərgəsinə gəldi və əhd bağlayaraq İsfahanı müsəlmanlara təslim etdi. Əhdə görə şəhər əhalisindən kim istəsə köçüb gedəcək, istəməyən isə şəhərdə qalacaqdı. Qalanların canları və mallarının toxunulmazlığına, cizyə ödəmələri şərtilə, zəmanət verilmişdi. Köçüb gedənlərin daşınmaz əmlakı isə müsəlmanlara veriləcəkdi(Yenə orada.).
Nəhavənd zəfərindən qısa müddət sonra fəth edilmiş Həmədan şəhərinin əhalisi Qəqa ibn Əmr ilə bağladıqları əhdi pozaraq üsyan etmişdilər. Xəlifə Ömər (r.a) Nueym ibn Muqərrinə məktub yazaraq öz ordusu ilə Həmədana getməyi əmr etdi. Nueym qardaşı Suveyd ibn Muqərrinlə birlikdə 12 min nəfərlik ordu ilə Həmədana yürüş etdi. Şəhər əhalisi sülh təklif edərək yenidən əhd bağlamağı tələb etdilər. Nueym onların istəyini yerinə yetirərək əvvəlki şərtlərlə əhd bağladı və öz ordusu ilə şəhərə girdi. Bu hadisələr baş verərkən Deyləm, Rey və Azərbaycan əhalisi ərəblərlə vuruşmaq üçün öz qüvvələrini birləşdirmiş və müharibəyə hazırlaşmışdılar. Azərbaycanlı əsgərlərə Qədisiyyədə öldürülən iranlı sərkərdə Rüstəmin qardaşı İsfəndiyar Fərruxzad komandanlıq edirdi. Bu müttəfiq ordusuna bizanslılar da köməyə gəlmişdilər. H.22/m.643-cü ildə iki ordu Vac-i Ruz adlı yerdə qarşılaşdılar. Burada Nəhavənd döyüşü ilə müqayisə edilə biləcək dərəcədə şiddətli vuruşma baş verdi və döyüş İslam ordusunun qələbəsi ilə bitdi. Vaci Ruz döyüşündən sonra Ömər ibn Xəttabın əmri ilə Nueym ibn Muqərrin Rey şəhərini mühasirəyə alaraq fəth etmişdi(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 200-201; İbn əl-Əsir, əl-Kamil fit-Tarix, c. III, s. 26-29.).
III Yəzdigərdi təqib edən mücahidlər onun sığınacaq tapdığı hər şəhəri və hər qalanı fəth etməyə çalışırdılar. Həmədan və Reyin fəthindən sonra Sasani şahının şimala gedərək Xəzər xaqanının yanında sığınacaq tapma ehtimalı da aradan qaldırılmışdı.
H.21/m.642 – h.23/m.644-cü illərdə İsfahan, Təbəristan, Fars, Kirman, Sistan və Xorasan əyalətlərinin fəth edilməsi ilə İran demək olar ki, tamamilə müsəlmanların əlinə keçmiş, beləcə qocaman Sasani imperiyası tarix səhnəsindən silinib getmişdi(Kitapçı, həmin əsər, S. 230.).

Azərbaycana təşkil olunmuş ilk hərbi səfərlər və İyaz ibn Ğanəm

I xəlifə Əbu Bəkr (r.a.) h.13-cü ilin cəmadi-əl-axir ayının 22-sində (27 iyul 634) çərşəmbə axşamı günü vəfat etmişdi və həmin gün Ömər ibn Xəttab (r.a.) Allah Rəsulunun (s.a.v.) II xəlifəsi vəzifəsinə möminlərin yekdil qərarı ilə seçilmişdi. Onun xəlifəlik müddəti İslam tarixinin qızıl dövrü kimi qiymətləndirilə bilər. Belə ki, İran, İraq, Suriya, İordaniya, Misir, Kürdüstan, Ermənistan, Gürcüstan, Azərbaycan və Şimali Afrika kimi məmləkətlər onun dövründə fəth edilərək İslam dövlətinin ərazisinə daxil edilmişdi(Kazıcı, həmin əsər, s. 33.).
H.18/m.639-cu ildə Ömər ibn Xəttab (r.a) Sasani əsgərlərinin harada olursa olsun təqib olunması haqqında cəbhədəki müsəlman komandirlərə fərmanlar göndərmişdi. Bu əmrlərə əsasən Kufə və ətrafında yerləşən hərbi birləşmələr Azərbaycan, İsfahan və Rey istiqamətində hücuma keçmişdilər(Təbəri, Tarix-i Təbəri, c. V, s.1960.). Bu hərbi əməliyyatlar kəşfiyyat xarakteri daşımaqla yanaşı, ərəblərin Azərbaycan torpaqlarına ilk gəlişləri idi. Bu hərbi səfərlərin xarakteri və məqsədləri haqqında əvvəlki bölmələrdə yazmışdıq.
Mənbələr bu təqib əməliyyatlarında iştirak edən ordular və komandirlər haqqında ətraflı məlumat vermir. Amma Azərbaycana təşkil olunmuş ilk səfər haqqında orta əsrlərdə yaşamış müsəlman tarixçi Əbu Abdullah Muhəmməd ibn Ömər əl-Vaqidi öz əsərində məlumat vermişdir. Daha əvvəl də qeyd etdiyimiz kimi İyaz ibn Ğanəm, Əbu Musa əl-Əşəri, Səd ibn Əbu Vəqqasın əmri altındakı mücahidlər əl-Cəzirəni fəth etmişdilər(İbn Kəsir, əl-Bidayə, c. VII, s. 126. İbn Kəsir, bu orduların Urfa, Hərran, Ərməniyyəni fəth etdiyini və cizyə vermələri şərtiylə yerli əhali ilə əhd bağlandığını qeyd edir.). Ömər ibn Xəttabın əmri ilə əl-Cəzirə qəsəbəsi əyalət mərkəzi və İyaz ibn Ğanəm də bu əyalətə vali (canişin) təyin edilmişdi. Malatya şəhərindən Şimali Afrikaya qədər olan məmləkətlər bu əyalətə daxil edilmişdi. İyaz ibn Ğanəm Yərmuk müharibəsi qəhrəmanlarından idi. O, valiliyə başlayandan sonra müxtəlif istiqamətlərdə fəth hərəkatını davam etdirmiş, Diyarbəkir, Urfa, Hərran kimi şimali Mesopatamiyanın (Kürdüstan) bir sıra şəhərlərini fəth etmişdi(Vaqidi, Fütuh-uş-Şam, s. 175-181.). İyaz ibn Ğanəmin əmri ilə müsəlman əsgərlər Bidlisin dağ keçidlərindən keçərək Van gölünün şimalından Azərbaycan torpaqlarına girmişdilər(Vaqidi, Fütuh-uş-Şam, s. 175-181; Əhməd ibn Əbu Yəqub əl-Yəqubi, Tarix-i Yəqubi, Beyrut 1960, c. II, s. 150.).
İyaz ibn Ğanəm Van gölünün şimalında yerləşən Əxlat qalasından hərbi baza kimi istifadə etmiş və Ərməniyyə vilayətindəki bir çox qala və şəhərləri fəth etmişdi. Bu hərbi əməliyyatlar vaxtı onun əmri altındakı əsgərlər Azərbaycanın cənub-qərbindəki üç böyük şəhəri: Xoy, Səlmas, Urmiya və ətraf əraziləri zəbt etmişdilər. Bu üç şəhərin xalqı, çox azı istisna olmaqla, İslam dinini qəbul etmişdilər. İyaz ibn Ğanəm oraya insanlara Quranı və İslam dinini öyrətmək üçün müəllimlər təyin etmiş, özü isə əsgərləri ilə birlikdə əl-Cəzirəyə qayıtmışdı.
Ərəblər Azərbaycana təşkil etdikləri hərbi səfərlərdə bir daha bu yoldan istifadə etməmişdilər. Belə ehtimal etmək mümkündür ki, yüksək dağ silsilələri arasından keçən bu yollar səhra milləti olan ərəblər və onların əsas nəqliyyat vasitələri olan dəvələrin hərəkəti üçün əlverişli deyildi. Belə ki, Həmədan, Rey, Zəncan kimi şəhərlər fəth edildikdən sonra Azərbaycana aparan cənub yolu açılmış və yuxarıda haqqında danışdığımız güzərgah öz əhəmiyyətini itirmişdi. Xoy, Səlmas və Urmiya əhalisinin İslam dininə meyilli olduğuna baxmayaraq, bu fəth hərəkatı müvəqqəti olmuş və bir neçə il sonra Utbə ibn Fərqəd həmin şəhərləri ikinci dəfə fəth etmişdi.

İyaz ibn Ğanəm və Utbə ibn Fərqədin Urmiya, Səlmas və Xoyu fəthi

Utbə ibn Fərqəd əs-Suləmi h.20/m.639-cu ildə xəlifə Ömər ibn Xəttabın əmri ilə kufəli əsgərlərin başında Fərat çayı boyunca şimal istiqamətində hərəkətə keçərək çayın qərb və şərq sahillərini və Mosul şəhərini fəth etmişdi. Mosuldan şimal- şərqə istiqamət alan Utbə ibn Fərqəd Azərbaycan torpaqlarına daxil olmuş və Urmiya şəhərini zəbt etmişdi. Urmiya gölünün qərb sahili ilə şimala irəliləyən İslam ordusu Səlmas və Xoy şəhərlərini də fəth etmişdi. Utbə ibn Fərqədin əsgərləri burada məğlubiyyətə uğratdıqları Sasani ordusundan külli miqdarda qənimət almışdılar(Bəlazuri, Fütuh-ul-Büldan, c. II, s. 150-151.).

Huzeyfə İbn-ul-Yəmanın Ərdəbili fəthi

Nəhavənd döyüşündən (642) bir müddət əvvəl Səd ibn Əbu Vəqqasın yerinə Kufə valiliyinə təyin olunmuş Muğirə ibn Şubə vəzifəyə başladıqdan sonra xəlifənin məktubunu Huzeyfə ibn-ul-Yəmana (r.a.) çatdırmışdı. Bu vaxt artıq Nəhavənd döyüşü bitmiş və Huzeyfə ibn-ul-Yəman öz əsgərləri ilə birlikdə Nəhavənd yaxınlığındakı hərbi düşərgədə idi. Ömər ibn Xəttab məktubda Huzeyfə ibn-ul-Yəmana Azərbaycana hərbi səfərə çıxmağı əmr edir və onu Azərbaycan valiliyinə təyin etdiyini yazırdı. Nəhavənddən hərbi yürüşə başlayan Huzeyfə ibn-ul-Yəman Azərbaycanın cənub-şərqində yerləşən Ərdəbil şəhəri ətrafına çatmışdı. O dövrdə Ərdəbil Cənubi Azərbaycanın paytaxtı sayılırdı. Belə ki, Sasani canişini bu şəhərdə yaşayırdı. Canişin Bacərvan, Şiz, Miyanəc və.s şəhərlərdən topladığı ordu ilə Huzeyfə ibn-ul-Yəmanın ordusunu qarşıladı. Ərdəbil yaxınlığında baş vermiş müharibə müsəlmanların zəfəri ilə bitmişdi. Döyüşdən sonra Huzeyfə ibn-ul-Yəman ərdəbillilərlə əhd bağlamıdı. Əhdə görə şəhər əhalisindən heç kim öldürülməyəcək, əsir alınmayacaq və məbədlər dağıdılmayacaqdı. Bunun əvəzində əhali illik 800 min dirhəm cizyə ödəməyi qəbul etmişdi. Huzeyfə ibn-ul-Yəman öz əsgərləri ilə Ərdəbildən Xəzər dənizi sahili boyunca şimala doğru hərəkət edərək Muğana gəlmiş, burada müqavimət göstərənlər məğlubiyyətə uğradılmış və yerli əhali ilə əhd bağlanmışdı(Bəlazuri, Fütuh-ul-Büldan, c. II, s. 139-140. (Ərdəbil Nəhavənd zəfərindən sonra fəth edilmişdi. H.22/m.643-cü ildə isə Utbə ibn Fərqəd Huzeyfənin yerinə Azərbaycan valiliyinə təyin edilmişdi. Buna görə də ehtimal ki, Ərdəbil h.21/m.642-ci ilin sonu, h.22/m.643-cü ilin əvvəlində fəth edilmişdi)).

Bukeyr ibn Abdullah əl-Leysinin səfəri və Gərmizan döyüşü

H.21/642-ci ildə Həmədanı ikinci dəfə fəth edən Nueym ibn Muqərrin əl-Muzni buradan Reyə getmişdi. Reyə getməmişdən əvvəl o, Vac-i Ruz döyüşündə iştirak etmiş mücahidlərin komandirlərindən biri olan Bukeyr ibn Abdullah əl-Leysini öz dəstəsi ilə Hulvanda qalmağı əmr etmişdi. Bir müddət sonra xəlifə Ömər (r.a) Bukeyr ibn Abdullah və Utbə ibn Fərqəd Azərbaycana gedərək buradakı Sasani ordusunun qalıqlarını təmizləmək əmrini verdi. Əmrnaməyə görə Bukeyr ibn Abdullah Hulvandan şimal istiqamətinə hərəkət edəcəkdi. Öz ordusu ilə Mosulda olan Utbə ibn Fərqəd isə şəmal-şərqə doğru gedəcək, beləcə iki ordu Azərbaycanın mərkəzinə doğru irəliləyərkən yolda birləşəcəkdilər(Təbəri, Tarix-i Təbəri, c. V, s. 1961.).
Sasanilərin sərkərdələrindən biri olan İsfəndiyar Fərruxzad Azərbaycanın müxtəlif şəhərlərindən əsgər toplamağa başlamış və ərəblərlə vuruşmaq üçün müharibə hazırlıqlarına başlamışdı. Kəşfiyyatın bu xəbəri gətirməsindən sonra Bukeyr yürüşü dayandıraraq Mədinəyə, Ömər ibn Xəttaba ətraflı məlumat vermiş və əlavə qüvvə istəmişdi. Ömər ibn Xəttab Nueym ibn Muqərrinə məktub yazaraq Simak ibn Xərəşə əl-Ənsarini öz əsgərləri ilə Bukeyrə köməyə göndərməsini əmr etmişdi. Bu vaxt Reyin mühasirəsi ilə məşğul olan Nueym öz qüvvələrini parçalamamaq üçün xəlifənin əmrini dərhal yerinə yetirə bilməmişdi(Təbəri, Tarix-i Təbəri, c. V, s. 1979; Bələmi, Tarix-i Qozide-yi Bələmi, Məşhəd 1373, s. 110.). Bu səbəbdən də Bukeyr ibn Abdullah İsfəndiyarın ordusuna qarşı öz ordusu ilə vuruşmağa məcbur olmuşdu. Gərmizan dağ silsiləsi yaxınlığında baş vermiş şiddətli döyüş ərəblərin qələbəsi ilə nəticələnmişdi. İsfəndiyar Fərruxzad əsir alınaraq Bukeyr ibn Abdullahın yanına gətirilmişdi(İbn əl-Əsir, əl-Kamil fit-Tarix, c. III, s. 27; Təbəri, Tarix-i Təbəri, c. V, s. 1979; Bələmi, Tarix-i Qozide-yi Bələmi, s. 110;İbn Kəsir, əl-Bidayə, c. VII, s. 202-203.). Bukeyr İsfəndiyarla söhbət edərkən İsfəndiyar ondan soruşmuşdu: «Sən müharibəni çox sevirsən, yoxsa sülhü?» Bukeyr «Sülhü daha çox sevirəm» deyə cavab verəndən sonra İsfəndiyar ona «Elə isə məni öldürtmə, əgər sən məni öldürtsən azərbaycanlılar səninlə əhd bağlamayacaqlar, dağlara qalxıb müqaviməti davam etdirəcəklər». Bukeyr ibn Abdullah onun bu təklifini qəbul etmişdi(Təbəri, Tarix-i Təbəri, c. V, s. 1979; İbn Kəsir , əl-Bidayə, c. VII, s. 203.).
Döyüş bitəndən bir neçə gün sonra Simak ibn Xərəşə öz əsgərləri ilə birlikdə Bukeyrin olduğu yerə gəlib çatmışdı. Utbə ibn Fərqədin də gəlib çatmasından sonra bu üç sərkərdənin əmrindəki mücahidlər bir neçə qala istisna olmaqla, Cənubi Azərbaycanı tamamən ələ keçirmişdilər. Cənubi Azərbaycanın fəth edilməsindən sonra Bukeyr ibn Abdullah xəlifə Ömərə məktub yazaraq bütün baş vermiş hadisələri təfərrüatı ilə ona bildirmişdi. Ömər ibn Xəttab Bukeyrə yazdığı cavabda fəth olunmuş ərazilərin idarə olunması işini Utbə ibn Fərqədə tapşırmasını və Simak ibn Xərəşənin də öz əsgərləri ilə Utbənin əmrinə tabe olmasını, Bukeyr ibn Abdullahın isə öz ordusu ilə Bab-ul-Əbvaba (Dərbənd) doğru irəliləməsini əmr etmişdi. Xəlifənin cavab məktubun alan Bukeyr İsfəndiyarı Utbənin yanında qoyaraq şimala doğru yürüşə başlamışdı(İbn əl-Əsir, əl-Kamil fit-Tarix, c. III, s. 28; Təbəri, Tarix-i Təbəri, c. V, s. 1980; İbn Kəsir, əl-Bidayə, c. VII, s. 203. İbn Kəsir, bu hadisələri nəql edərkən Vaqidi və Əbu Maşərin Azərbaycanın h.22/m.643-cü ildə fəth edildiyi fikri üzərində ittifaq etdiklərini, İbn Cərir ət-Təbəri və digər klassik dövr müsəlman tarixçilərin də bu fikri doğru olaraq qəbul etdiklərini yazır.).

Utbə ibn Fərqədin Azərbaycan valiliyinə təyin edilməsi. İsfəndiyar Fərruxzadla bağlanan əhd və Azərbaycan əhalisinə verilən əmannamə

643-cü ilin əvvəllərində xəlifə Ömər (r.a) Ərdəbil və Muğan fatehi Huzeyfə ibn-ul-Yəmanın yerinə Utbə ibn Fərqədi Azərbaycan ümum valiliyi vəzifəsinə təyin etmişdi. Həmin il Şəhrəzurdan Ərdəbilə gələn Utbə ibn Fərqəd yerli əhalinin Huzeyfə ilə bağladıqları əhdin şərtlərinə əməl etmədiklərini, şəhər ətrafı ərazilərdə yaşayanların isə üsyan edərək məmurları qovduqlarını gördü. Bu səbəbdən də Utbə ibn Fərqəd, Əmr ibn Utbənin əmri altındakı əsgərlərlə həmin ərazilərə yürüşə çıxdı. Üsyan yatırılandan sonra ərdəbillilərlə bağlanmış əhd təzələndi və əvvəlki şərtlərlə yerli əhali cizyə ödəməyi qəbul etdilər(Bəlazuri, Fütuh-ul-Büldan, c. II, s. 140-141.).
Ordusu Gərmizanda məğlubiyyətə uğrayıb, özü də əsir olaraq ərəblərin əlinə keçən İsfəndiyar, Gərmizan döyüşündə iştirak edib sağ qalan qardaşı Bəhram Fərruxzad ümid bəsləyirdi. Bəhram döyüşdən sağ qurtulandan sonra parçalanıb ətrafa dağılışmış əsgərlərini toplamağa başlamışdı. O, eyni zamanda yerli əhaliyə müraciət edərək könüllülər toplayırdı. Yeni ordusunu hazırlayıb başa çatdıran Bəhram dərhal Utbə ibn Fərqədin ordusu ilə qarşılaşmaq üçün yürüşə çıxmışdı. Cənubi Azərbaycanın mərkəzi vilayətlərindən birində baş verən döyüşdə ərəblər qalib gəlmişdilər. Bəhramın ordu topladığı xəbərini eşidəndən sonra Bukeyr ibn Abdullah Dərbəndə yürüşünü təxirə salıb Muğanda gözləməyə başlamışdı. Müsəlmanların döyüşü zəfərlə bitirdikləri xəbərini alandan sonra o, Dərbənd istiqamətində hərəkətə keçmişdi. Qardaşının məğlub olduğunu eşidəndən sonra İsfəndiyar əsirlikdən xilas olmaq ümidini itirərək Utbə ibn Fərqədə müqavilə bağlamağı təklif etmişdi. Utbə onun bu istəyini Mədinəyə, xəlifə Ömər ibn Xəttaba məktub yazaraq bildirmişdi. Xəlifənin bu təklifi məmnuniyyətlə qarşılamasından sonra Cənubi Azərbaycan hakimi İsfəndiyar Fərruxzad ilə Mədinə İslam dövlətinin Azərbaycandakı ümum valisi Utbə ibn Fərqəd arasında müqavilə imzalanmış(Təbəri, Tarix-i Təbəri, c. V, s. 1979; İbn Kəsir, əl-Bidayə vən-Nəhayə, c. VII, s. 203; İbnul-Əsir, əl-Kamil fit-Tarix, c. III, s. 27-28;

Ardi : 5-ci Hissə



Fayl Olaraq Yüklə:

4.reshidiXelifeler_azerb.fethi.doc
4.reshidiXelifeler_azerb.fethi.pdf 

Mobilo Telefonlar Üçün:

4.reshidiXelefeler_azerbaycaninFethi.jad

4.reshidiXelefeler_azerbaycaninFethi.jar

Bölmə: Mobil Kitablar | Baxılıb: 1414 | Yüklədi: selefimedia