VII əsrin əvvəllərində bütün yaxın Şərq, eyni zamanda Zaqafqaziya
bir-biriylə mübarizə aparan iki rəqib dövlət, Bizans və Sasani
imperiyaları arasında bölüştürülmüşdü. Azərbaycanın cənubu tamamən,
şimalı, yəni Arran (Albaniya) isə İrandan yarı asılı bir knyazlıq kimi
öz mövcudiyyətini davam etdirirdi(Ziya Bünyadov. Azərbaycan VII-IX
əsrlərdə, Bakı 1989, s. 39.).
Zaqafqaziyanın siyasi, iqtisadi və
mədəni həyatında mühüm yer tutan Albaniyanın siyasi təşəkkülü hələ e.ə
IV əsrdə başlamışdı(Rəşid Göyüşov. Azərbaycan Arxeologiyası, Bakı 1986,
s. 71.). 510-cu ildə, I əsrin ortalarından etibarən Arranda hökm sürən
Arşaqi sülaləsinin bu ölkədəki hakimiyyəti sona çatmışdı. Qısa müddət
ölkəni iranlı mərzubanlar idarə etmişdilər (510-629). VI əsrin sonu VII
əsrin əvvəllərindən etibarən isə Albaniyada Mehranilər sülaləsi
yüksəlməyə başlamışdı(Fəridə Məmmədova. Politiçeskaya istoriya i
istoriçeskaya qeoqrafiya Kavkazskoy Albanii, Bakı 1986, s. 195.)...