Baş səhifə » 2012 » Noyabr » 22 » Vahid xütbə nə verəcək?
22:50
Vahid xütbə nə verəcək?

Vahid xütbə nə verəcək?


   

2013-cü ildən ölkənin bütün məscidlərində vahid xütbənin icrası nəzərdə tutulub. Qafqaz Müsəlmanları İdarəsi bu qərarı əhalinin dini maarifləndirilməsini daha mütəşəkkil təşkil etmək zərurəti ilə əsaslandırır.

"Media forum” saytına danışan Qafqaz Müsəlmanları İdarəsi fitva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Mirəziz Seyidzadə vahid xütbə zərurətini həm də ibadət evlərində yaranan pərakəndəliklə əlaqələndirib: "Bir çox axundun moizəsi tələb edilən səviyyədə olmadığına görə vahid tezislərin hazırlanması qərara alındı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və Qafqaz Müsəlmanları İdarəsini təmsil edən şəxslərdən ibarət qrup yaradılıb. Qrupun hazırladığı tezislər yanvar ayından ibadət evlərinə təqdim ediləcək. Xütbə mövzuları ildə bir dəfə təkmilləşdiriləcək.

Xütbə mövzuları günün tələblərinə cavab verməli, moizələrdə ictimai proseslər də yer almalıdır. Əgər Məhərrəm ayıdırsa, xütbələrdə Qarabağ şəhidləri də anılmalı, torpaqlarımızda qanı axan hər bir kəs yad edilməli, köçkün həyatı yaşayan soydaşlarımızın problemlərinə və bu kimi məsələlərə toxunulmalıdır”.

Mirəziz Seyidzadə qeyd edib ki, bu təşəbbüs həm də axundların ümumi dünyagörüşünü artırmaq və bilik bazasını yeniləmək məqsədi güdür: "Ölkədə 2 mindən çox məscid var. Axund bir neçə kənd sakininin toplandığı bir məscidə rəhbərlik edir, onun xütbələri dinlənir. Əlbəttə, onun zamanla ayaqlaşması, daim öz üzərində çalışması vacibdir. Xütbə söyləyən axundun nitqi inkişaf etməli, ictimai şəklə salınmalıdır. Təqdim edilən tezislər axund və imamların xütbələrini təkmilləşdirəcək, sistemləşdirəcək”.

Mirəziz Seyidzadə bildirib ki, axundlar üçün kursların açılmasına da hazırlıq işləri görülür.

Məscidlərdə vahid xütbə tətbiqinin müsbət təsiri olacaqmı? "Media forum” saytının sualını cavablandıran "Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov bu təşəbbüsü gərəkli addım kimi qiymətləndirib: "Bu, bir sıra ərəb ölkələrində artıq sınaqdan keçirilib. Qafqaz Müsəlmanları İdarəsi bu addımla məscidlər üzərində rəhbərliyi möhkəmlətməyə də çalışa bilər. Amma islahatın müsbət tərəfi çoxdur. Məscidlər öz fəaliyyətində tam müstəqil olanda da arzuolunan keyfiyyət görünmür. Bəzən imam radikal mövqe tutur, müəyyən fikir sahibi kimi çıxış edir. Və ya məscidə gələn ibadət əhli onu hansısa istiqamətə çəkməyə maraq göstərir”.

Qamət Süleymanov nəzərə çatdırıb ki, əhali arasında hansısa mövzuda xütbə dinləmək istəyi olduqda bu təkliflər quruma ünvanlana bilər: "Belə halda imam xütbə mövzusundan savayı ibadətə gələnlərin də təkliflərini yerinə yetirə bilər”.

Məşhədi Dadaş məscidinin imam-camaatı Şahin Həsənli isə Qafqaz Müsəlmanları İdarəsinin bu qərarının sırf tövsiyə xarakteri daşıdığını deyib. O qeyd edib ki, vahid xütbə təklifi heç də məscidlərin diktə ilə xütbə söyləməsi kimi qəbul edilməməlidir: "Hər şeydən əvvəl ibadət evlərinin vahid proqram əsasında ümumi istiqaməti müəyyənləşəcək. Mövzunun tövsiyə olunması mətnin də verilməsi demək deyil”.

Şahin Həsənli qeyd edib ki, bəzi neqativ məqamlar aşkarlandığına görə qurum ibadət evlərinin fəaliyyətində təşkilatçılığı gücləndirməyi qərara alıb: "Bəzi din xadimləri mövzu seçimində çətinlik çəkir, bəzilərinin fəaliyyətində axsamalar müşahidə olunur, aktuallığını, mahiyyətini itirmiş mövzulara yer ayırırlar. Qurumun təşəbbüsü həm də yardım xarakteri daşıyır. Məqsəd xütbələrin keyfiyyətinin yüksəldilməsi, din xadimlərinin maarifləndirilməsidir. Hər bir icma rəhbəri və ya din xadimi öz fəaliyyətində müstəqildir”.

http://www.mediaforum.az

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 627 | Yüklədi: selefimedia