Baş səhifə » 2013 » May » 4 » Əsl zahidlik nümunəsi. Səhabə və Tabiin nəsli. -1-ci hssə-
06:58
Əsl zahidlik nümunəsi. Səhabə və Tabiin nəsli. -1-ci hssə-

Əsl zahidlik nümunəsi.


Səhabə və Tabiin nəsli.


1-ci hissə


Əbubəkr əs-Siddiq:

Möminlərin anası Aişə (Allah ondan razı olsun) buyurur:
- Allaha and olsun ki, Əbubəkr əs-Siddiq vəfat etdikdə, özündən sonra nə bir dinar, nə də bir dirhəm qoymadı.

 Həmçinin Aişə (Allah ondan razı olsun) buyurur:
- Əbubəkr ölüm yatağında ikən dedi: "Əbubəkr ailəsində dəvə və qılınc ustası olan kölədən başqa bir mal yoxdur. Bu kölə müsəlmanların qılınclarını düzəldər, həmçinin bizə də xidmət edərdi. Mən öldükdən sonra onu Ömərə ver.”
Onu Ömərə göndərdiyim zaman isə, o dedi: "Allah Əbubəkrə rəhmət etsin. Özündən sonra gələnləri yordu!” (yəni, özündən sonra gələn möminlər ona bənzəməyə çalışacaq və bu yolda yorulacaqlar! – tərc.)

Həsən rəvayət edir ki, Əbubəkr (Allah ondan razı olsun) ölüm ayağında ikən Əbu Hureyra onun yanına girdi və dedi:
- Ey Rəsulullahın xəlifəsi! Mənə nə nəsihət edirsən?!

Əbubəkr əs-Siddiq dedi:
- Allah (subhənəhu və təalə) dünyanı önünüzə sərdikdə, ondan yalnız öz payınızı götürün. Sübh namazını qılan hər kəs, Allahın tərəfindədir. Allahın tərəfində olduğun zaman isə Onun əhdini pozma, yoxsa Uca Allah səni üzü üstə oda sürükləyər!

Aişə (Allah ondan razı olsun) buyurur:
- Əbubəkrdən başqa yediyini öz istəyi ilə qusan digər bir kəs tanımıram. Ona bir yemək gətirildi, yedikdən sonra ona "bunu ibn Numən gətirdi!” dedilər. Bunu eşitdikdə Əbubəkr dedi: "İbn Numənin kahinliklə qazandığını mənə yedirtdinizmi?” Sonra da yediyini qusdu.

Həsən Əbubəkrin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: "Vallahi ki, kəsilən və doğranan bu ağacın yerində olmaq istəyərdim.”

Qatadə rəvayət edir ki, Əbubəkr (Allah ondan razı olsun) deyərdi: "Kaş ki, heyvanların yediyi bir ot olardım!”

Qasim (Əbubəkri) qəsd edərək belə demişdir: "Elə insanlar vardır ki, onların zikr ediləcək bir nöqsanları yoxdur!”

Müaviyə ibn Əbi Sufyən (Allah ondan razı olsun) demişdir:
- Dünya Əbubəkri istəmədi, heç o da dünyanı istəmədi. Dünyə Ömər ibnul Xattabı istədi, fəqət o dünyanı istəmədi.

Ömər ibnul Xattab:

Yəhyə ibnul Cədə rəvayət edir ki, Ömər demişdir:
- Bu üç şey olmasaydı, Allaha qovuşmağı seçərdim: Allah üçün səcdəyə getmək olmasaydı, ən gözəl meyvələr seçildiyi kimi, ən xeyirli sözlərin seçildiyi məclislərdə iştirak etməsəydim və Allah yolunda cihada çıxmasaydım.

Həsən rəvayət edir ki, bir gün Ömər ibnul Xattab bir zibilliyin yanından keçərkən orada dayandı və zibilliyə baxmağa başladı. O qədər baxdı ki, yanında olanlar narahat olmağa başladılar. Sonra isə dedi: "Baxın, şəhvətlə uğrunda çalışdığınız dünyanız budur!”

 

Osman ibnul Əffan buyurur:
- Ömər ibnul Xattabın ölüm ayağında ikən üç dəfə bu sözləri təkrar etdiyinin şahidi oldum: "Əgər Allah məni bağışlamasa vay mənim halıma”


Zeyd ibnul Eyşəm babasından rəvayət edir ki, İnsanlara qıtlıq üz vermişdir. Ömər zeytun yeyirdi və bu səbəbdən qarnı quruldadı.  Ömər qarnına vuraraq dedi: "İstədiyin qədər qurulda, Allaha and olsun ki, insanlar yağ yemədikcə, sən də yeməyəcəksən!”

 

Huzeyfə danışır ki, insanların qabağında ətlərin olduğunu gördüm. Ömər məni çağırdı, mən də gəldim. Ömər çörəklə yağ istədi. Ona dedim: "Məni ət yeməkdən məhrum edib, bunları yeməyə dəvət etdin?” Ömər mənə dedi: "Mən səni öz yeməyimə dəvət etdim. O isə gördüyün müsəlmanların yeməyidir.”

Müaviyə rəvayət edir ki, Ömər demişdir:
- Ey Müaviyə, mən gündüzlər yatsam xalqımı itirərəm, gecələr də yatsam özümü itirmiş olaram.

 

Həsən rəvayət edir ki, bir gün Ömər ibnul Xattab oğlu Abdullahın yanına girdi və gördü ki, onun yanında bir parça ət var. Bu nədir? –deyə soruşdu. Abdullah dedi: Nəfsim istədi!
Ömər ibnul Xattab dedi: "Sən hər nəfsin istəyəni yeyirsənmi? Bir kəsə nəfsinin hər istədiyini yemək – israf üçün kifayətdir.”

 

Əbu Məzin deyir ki, Ömərin əynində yamaqlı bir köynək gördüm, baxdım ki, düz on iki dənə yamağı var.

Həsən rəvayət edir ki, Ömər ibnul Xattab xəlifə ikən on iki yamağı olan bir köynəkdə xütbə verdi.

 

Qatadə rəvayət edir ki, Cümə günlərinin birində Ömər gecikdi. Tələsik gəldi, gecikdiyi üçün üzrxahlıq edərək dedi: "Məni gecikdirən əynimdəkinin yuyulması oldu. Mənimsə ondan başqa bir geyimim yoxdur”

 

Osman ibnul Əffan:


Həsən deyir ki, Osman həyasından dolayı qapıları bağlı olan bir evdə olsa da, yuyunarkən paltarını tam soyunmazdı.

 

Humeyd rəvayət edir ki, Ömər ilə Osman yeməyə dəvət edildilər. Yedikdən sonra çıxıb gedərkən, Osman Ömərə dedi: "Bir yemək gördük ki, kaş görməyərdik.” Ömər: Nə üçün? – deyə soruşduqda, Osman dedi: "Qorxuram ki, bu yemək lovğalanmaq üçün bişirilmiş olsun!”

 

Zubeyr ibn Abdullah deyir ki, babam (Əbu Xalid, Osmanın köləsi idi) mənə demişdir:
- Allah ona rəhmət etsin, Osman ibnul Əffan gecə ikən ev əhlindən heç kəsi oyatmazdı. Fəqət, kimin oyaq olduğunu görərdisə, dəstəmaz almaq üçün suyu tökməyə çağırardı. Əksər günlərini isə oruclu keçirərdi.

 

Həmədani xəbər verir ki, Osmanı xəlifə ikən qatır üzərində gördüm, arxasında köləsini mindirmişdir.

 

İbn Sirin rəvayət edir ki, Osman öldürüldüyü zaman zövcəsi demişdir: "Siz onu öldürdünüz, hərçənd ki, o, gecələri bir rükətdə Quranı xətm edərək keçirərdi.”

 

Amrə bintul-Qeys buyurur:
- Osman öldürüldüyü il Aişə ilə birlidkə Məkkəyə getdik. Mədinəyə çatdıqda Osmanın öldürüldüyü an oxuduğu mushafı gördük. Qan damlası bu ayənin üzərinə axmışdır: "Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir! (Bəqərə surəsi, 137)”

 

Əbu Hureyra (Allah ondan razı olsun) buyurur:
- Osman evində qırx gün mühasirə altında qaldı. Məndən sahur vaxtı onu oyatmağımı istədi. Səhər olduqda gəldim və "Ey möminlərin əmiri, Allah sənə rəhm etsin, sahurdur”- dedim. O üzünü (əlləri ilə) ovuşduraraq dedi: SubhənAllah! Ey Əbu Hureyra. Yuxumu kəsdin. Yuxuda Rəsulullahı görürdüm. Mənə: "Sabah bizimlə iftar edəcəksən dedi.” Və elə ertəsi gün də (Osman) öldürüldü!

Osmanın köləsi Həni buyurur:
- Osman hər hansısa bir qəbrin başında durduğu zaman saqqalı islanıncaya qədər ağlayardı. Ona "Cənnəti (və cəhənnəmi) xatırlayırsan ağlamırsan, buna görə ağlayırsan?” –deyildi. O dedi: "Rəsulullah (sallAllahu aleyhi və səlləm) demişdir: "Qəbr Axirət məskənlərinin ilkidir. Əgər insan ondan qurtularsa, ondan sonrakılardan da asan qurtular. Əgər qurtula bilməzsə, ondan sonkarılar daha şiddətli olacaqdır!”

 

Abdullah ər-Rumi rəvayət edir ki, Osman demişdir:
-
Hansına yerləşdiriləcəyimi bilmədən Cənnətlə Cəhənnəm arasında olsam, hara düşdüyümü bilənə qədər kül olmaq istəyərdim.

Zubeyr ibn Abdullah nənəsi Zuheyyənin belə dediyini rəvayət edir: "Osman gündüzləri orucla, gecələri isə ibadətlə keçirərdi. Yalnız gecənin əvvəlində yüngül yuxuya dalardı.”

 


Əli ibn Əbu Talib:

Yezid ibn Mihcən rəvayət edir ki, Rahbədə Əli ilə birlikdə idim. Bir qılınc istədi və onu qınından çıxararaq "Bunu kim alar?”-dedi. Sonra isə buyurdu: "Vallahi, üstümdə bir geyim ala biləcək qədər pulum olsaydı, heç bunu satmazdım.”

 

Amr ibnul Həbəşi rəvayət edir ki, Əli ibn Əbu Talib öldürüldükdən sonra oğlu Həsən bir xütbə verdi və buyurdu: "Öncəkiləri elmi ilə keçdiyi, sonrakıların da ona yetişə bilmədiyi bir insan sizdən ayrıldı. Əgər Rəsulullah (sallAllahu aleyhi və səlləm) ona bayrağı verər və göndərərdisə, göndərildiyi yeri fəth etməyincə geri çəkilməzdi. (Lakin) o, nə qızıl, nə də gümüş qoyub getmədi. Özündən sonra ancaq yeddi yüz dirhəmi qaldı. Əhlinə xidmət göstərəcək bir kəsi də yoxdur!”



Hazırladı:

Az Zubeyr.

-ardı burada -

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 705 | Yüklədi: selefimedia