Fəth edilmiş bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da İslam dini
insanlar arasında böyük rəğbətlə qarşılanmış və sürətlə yayılmışdı.
Fəqət bu mərhələ necə gerçəkləşmişdi? Vuruşaraq, qılınc gücü ilə ələ
keçirilmiş hər yerdə yeni bir dinin və ya ideologiyanın qəbul
edilməsinin səbəbi, həqiqətən, o yerin hərbi yolla ələ keçirilməsi ola
bilərmi? Bu qəti olaraq yanlış fikirdir. Belə ki, mədəni, elmi, dini,
ideoloji və ümumiyyətlə, cəmiyyətin ictimai, iqtisadi, siyasi cəhətləri
ilə hər hansı bir təbəddülata məruz qalmasını hərbi-siyasi səbəblərlə
izah etməyə çalışmaq səhvdir.
---------------------
İslam dininin
Azərbaycanda necə sürətlə qəbul edilib yayıldığını klassik müsəlman
tarixçilərin əsərlərindən öyrənmək mümkündür. Əhməd ibn Yəhya
əl-Bəlazuri IV xəlifə Əli ibn Əbu Talibin dövründə ikinci dəfə
Azərbaycan valiliyinə təyin edilmiş Əşas ibn Qeys əl-Kindinin bu ölkəyə
gəldiyi vaxt əhalinin müsəlman olduğunu, məscidlərdə Quran oxunduğunu
gördüyünü yazır.
(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 330-331.)