Dr. ELNUR NƏSİROV.RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ(1-ci Hissə)(2-ci Hissə)(3-cü Hissə)(4-cü Hissə)(5-ci Hissə)(6-ci Hissə)(7-ci Hissə)Bu kitab müəllifi tərəfindən 1977-ci ildə Türkiyə Respublikası Səlcuq Unversiteti, İctimai Elmlər İnsitutunda Prof. Dr. Mikayıl Bayramın elmi rəhbərliyi altında magistr işi olaraq yazılmış və müdafiə edilmişdir.Prof. Dr. Əhməd Önkal və Prof. Dr.Zəkəriyyə Kitapçı bu əsərə müsbət rəy vermişlərdir.Kitabı tam pdf formatında bu linkdən yükləyə bilərsiniz:"Raşidi Xəlifələr Dövründə Azərbaycanın Fəthi"
RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-8
İslam dininin Azərbaycanda yayılmasının səbəbləri
Fəth edilmiş bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da İslam dini
insanlar arasında böyük rəğbətlə qarşılanmış və sürətlə yayılmışdı.
Fəqət bu mərhələ necə gerçəkləşmişdi? Vuruşaraq, qılınc gücü ilə ələ
keçirilmiş hər yerdə yeni bir dinin və ya ideologiyanın qəbul
edilməsinin səbəbi, həqiqətən, o yerin hərbi yolla ələ keçirilməsi ola
bilərmi? Bu qəti olaraq yanlış fikirdir. Belə ki, mədəni, elmi, dini,
ideoloji və ümumiyyətlə, cəmiyyətin ictimai, iqtisadi, siyasi cəhətləri
ilə hər hansı bir təbəddülata məruz qalmasını hərbi-siyasi səbəblərlə
izah etməyə çalışmaq səhvdir.
Bu səhv fikirlər bəzən doğru
olmayan araşdırma və tədqiqatların nəticəsində meydana çıxır, bəzən də
məqsədli olaraq ortaya atılır. Bu İslam dininin Azərbaycanda yayılması
məsələsinə də aiddir. O dövrün siyasi, ictimai və iqtisadi hadisələrinə,
təfərrüatına varmadan, bir mənalı şəkildə yanaşıldıqda səhv nəticələr
çıxarmaq qaçınılmaz olar.
Azərbaycan İslam fütuhatından əvvəl
qarışıq və rəngarəng dini, siyasi, mədəni və etnoloji təşəkkülə malik
idi. Bu da tez-tez ictimai və siyasi zəmində ciddi ziddiyyətlərin
meydana çıxmasına səbəb olurdu(Paşazadə, həmin əsər, s. 42.). Bu xüsusən
Azərbaycanın Araz çayından şimaldakı hissəsində, yəni Albaniyada özünü
bariz şəkildə göstərirdi. Xristianlıq, Gürcüstan və Ermənistandan fərqli
olaraq, Albaniyada dərin kök sala bilməmişdi. Xristian etiqadi formulu
üzərindəki ixtilaf və anlaşılmazlıqlar əsrlər boyu davam etmişdi. Məzhəb
ixtilaflarının başlıca mövzusunu «təslis» etiqadı təşkil edirdi(Uçar,
həmin əsər, s. 43.). Monofizit, diofizit, nəsturilik kimi xristian dini
cərəyanları, Sasanilərin dövlət dini olan məcusiliyin Albaniyada ciddi
nüfuza malik olması, nəhayət, xalqın bütpərəstliyi tam olaraq tərk
etməməsi ölkə əhalisi arasındakı parçalanmanın əsas səbəblərindən
idi(Göyüşov, həmin əsər, s. 120-121; Bünyadov, həmin əsər, s. 90-91.).
Alban kilsəsinin tənəzzülü
Albaniyada ən böyük torpaq sahibi, iri feodallardan sonra kilsə idi.
Kilsə və monastırların əlində olan torpaqlar bölünməz və irsən keçən
mülklər idi. Kilsə torpaqları varlı knyaz və kəndlilərin hədiyyələri ilə
getdikcə böyüyürdü. Bu torpaqların əsl sahibləri, yəni onların
nemətlərindən faydalananlar isə xristian din xadimləri idi(Bünyadov,
həmin əsər, s. 63.). Bununla əlaqədar alban baş yepiskopu Simeon bir
neçə «qanun» də tərtib etmişdi. Özü də keşiş olan salnaməçi Moisey bu
haqda belə yazır: «İlahi qanunlara əsasən xalqın öz günahlarından xilas
olmaq naminə Tanrı evinə gətirdiyi malı yalnız keşişlər xərcləyə
bilərlər. Hər nə gətirilsə, keşişlərindir, çünki onlar gecə-gündüz
Tanrıya ibadət edib ondan əmin-amanlığı, yer üzündə sülhü, günahların
bağışlanmasını və canların, bədənlərin gümrahlığını istəyirlər». Bunu
əsaslandırdığı «ilahi qanun» isə bu idi: «Qoy layiq olmayan mənim
səcdəgahım önündə durub gətirilən payı yeməyə cəsarət etməsin» (İncil,
Xüruc, XXIX, 33; Ərqam, I, 52). Salnaməçi Moisey bunun xüsusən «pis
hərbçi atlılara» qadağan olduğunu yazır. Daha sonra o, əlavə edir «Qara
camaatdan heç kəs nə kilsə mərasiminə, nə dini ayinlərə, nə də ki
keşişlərin olduğu yerə yaxınlaşa bilməz»( Moisey, həmin əsər, s. 183.).
Göründüyü kimi, ölkənin hər tərəfdən məruz qaldığı hücumlar və
müharibələr kilsənin, belə demək mümkündürsə, heç vecinə də deyildi. Bu
müharibələrdə iştirak edənlərin əksəriyyətini təşkil edən zadəganlarla
kilsə arasında dərin uçurumun yaranmasına və zadəganların kilsəyə
etimadının itməsinə səbəb olmuşdu. Bundan daha pisi isə geniş torpaq
ərazilərinə sahib olan kilsənin kəndliləri ağır vergilərlə əzməkdə,
feodalları çoxdan ötüb keçməsi idi. Kilsənin belə istismarçı mövqeyi
xalqın kilsəyə və xristian din xadimlərinə etibar və inamının ciddi
şəkildə azalmasına səbəb olmuşdu. Beləcə Alban kilsəsi siyasi, hərbi və
ictimai dəstəkdən özü-özünü məhrum etmişdi. Bu Azərbaycanın İslamlaşması
prossesində ciddi bir amildir.
Bu mövzuda ermənilərin
göstərdikləri «xidmətdən» də söhbət açmaq yerinə düşərdi. Hələ İslamdan
əvvəl başlayan alban və erməni kilsələri arasındakı mübarizə ərəblərin
Zaqafqaziyanı öz hakimiyyətləri altına almalarından sonra da davam
etmiş, hətta şiddətlənmişdi. Monofizit olan erməni kilsəsi diofizit
Bizans kilsəsinə yaxınlıq göstərən albanları öz milli kilsələrindən
məhrum edərək erməni yepiskopluğunun hegemoniyası altına almaq
istəyirdilər. «Albaniya tarixi» adlı salnamədən 703-717-ci illərdə
erməni kilsəsinə başçılıq etmiş yepiskop İlyanın, tipik bir erməni kimi
hərəkət edərək, ikiüzlülük kəlməsinin ehtiva etdiyi mənanı aşan
keyfiyyətdə yazılmış məktubu ilə öz dindaşlarını müsəlman hökmdara
çuğulladığını öyrənirik. Öz etiqadında səmimi olmadığı açıq-aydın
anlaşılan bu erməni yepiskop Əməvi xəlifəsinə belə yazırdı: «Dünya
fatehi, möminlərin əmiri, Tanrının qulu Əbdul-Məlik ibn Mərvana
(685-705) erməni katolikosu İlyadan. Hakimi-mütləq Tanrının hökmü ilə
bizim ölkə itaətlə sizin hakimiyyətinizə tabedir. Biz və albanlar vahid
(?) İsa dininə etiqad edirik. Bərdədə oturan indiki Albaniya katolikosu
Bizans imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adını çəkir və
ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun. İndi qoy bu
sizə məlum olsun və bu məsələni diqqətdən kənar etməyəsiniz, çünki bu
bədəfkarlıqda onun bir əyan qadın həmfikiri də vardır. Böyük hökmdar,
siz öz hökmünüzlə əmr edin ki, onlar Tanrıya qarşı işlədikləri
günahlarına görə müstəhəqq (layiq) olduqları cəzaya çatsınlar»( Moisey,
həmin əsər, s. 176.). Əbdul-Məlikin göndərdiyi bir dəstə əsgərlə Bərdəyə
gələn İlya, alban yepiskopu Nersesi və yanındakı qadını mühakimə
edərkən müxtəlif işkəncələr vermişdi. Sonra onu və qadını zəncirlədərək
acından ölməyə məhkum etmiş, onun yazdığı kitabların isə Tərtər çayına
atılmasını əmr etmişdi(Moisey, həmin əsər, s. 177.).
Ermənilər
tarix boyu alban kilsəsini məhv edərək albanları erməni kilsəsinin
təsirinə salmaq istəmişdilər. Fəqət nə məcusi Sasani şahları, nə
müsəlman ərəb, türk və Azərbaycan hökmdarları albanların bir millət kimi
yox olmasına səbəb ola biləcək bu işin həyata keçməsinə razı
olmamışdılar. Ermənilər, bu arzularına nəhayət, xristian rusların əli
ilə çata bilmişdilər. 1836-cı ildə Sankt-Peterburq müqəddəs sinodu
(kilsə qurultayı), erməni katolikosunun xahişini nəzərə alaraq alban
kilsəsini, bir daha bərpa edilməmək qeydi ilə, ləğv etmişdi(Bünyadov,
həmin əsər, s. 91.). Ehtimal ki, ermənilər tərəfindən öz dini
etiqadlarına görə sıxışdırılan və təqib olunan albanlar arasında İslam
dininə rəğbət artırdı və bu onların müsəlmanlaşması prosesində mühüm bir
amil olmuşdu.
İslami nöqteyi-nəzərdən zərdüştilik
Əvvəlki bölmələrdə zərdüştiliyin Azərbaycanla sıx əlaqəsi haqda
yazmışdıq. Bunu hər şeydən əvvəl bu dinin banisi olan Zərdüştün
Azərbaycanlı olması ilə izah etmək mümkündür. Barthold, Markvart,
Bertels kimi şərqşünaslar Zərdüştün İranın şərqində doğulub yaşadığını
iddia edirlərsə də, Jakson, Meyye, Makovelskiy kimi mütəxəssislər onun
əslən İranın şimali-şərqindən, yəni Azərbaycandan olduğu fikrini irəli
sürmüşdülər(Fazili, həmin əsər, s. 166.). Araz çayı kənarında yeri bu
gün məlum olmayan bir şəhərdə dünyaya gələn(Hikmət, həmin əsər, s. 157.)
bu şəxs İran Əhəməni şahlarından Ərşam oğlu Gəştasbın himayəsində öz
dinini yaymışdır. Gəştasb, Sparam oğlu Zərdüştün söylədiklərinin öküz
dərilərinə yazılmasını əmr etmiş və 12 min öküz dərisinə yazılmış bir
kitab meydana gəlmişdir. Bu kitab «Avesta» adlanmış və zərdüştiliyin
dini kitabı olmuşdur. Bütün bunlar m.ə. 660-589-cu illərdə baş
vermişdir(Fazili, həmin əsər, s. 164; Hikmət, həmin əsər, s. 160.).
Dövlətin rəsmi dini halına gələn zərdüştilik qısa müddətdə İran,
Azərbaycan, Orta Asiya və Şərqi Anadoluda yayılmışdır. Məbudun
(Ahuramazd) odda təcəlli etdiyini zənn edən zərdüştilər atəşgahlar, yəni
məcusi məbədləri inşa etmişdilər. Azərbaycanın cənub-qərbində yerləşən
Şiz (Qanzaka) şəhəri ən böyük atəşgahlara sahib olması ilə məşhur idi və
zərdüştiliyin mərkəsi hesab olunurdu(Fazili, həmin əsər, s. 82.).
Bələmi əcəmlərin ən böyük atəşgahlarının Azərbaycanda olduğunu və
pəhləvi dilində oda «Azər» deyildiyini yazır(Bələmi, Tarix-i Qozide-yi
Bələmi, s. 110.). İstəxri, Məsudi kimi müsəlman tarixçi və
coğrafiyaşünaslar Abşeron yarımadasından yüksələn alovların gecələri 40
fərsəx (35-45 km) uzaqdan göründüyünü yazırlar(İbrahim ibn Muhəmməd
əl-İstəxri, Kitab-ul-Məsalik-ul-Məmalik, Leiden 1927, s. 190; Əbul-Həsən
Əli ibn-ul-Hüseyn əl-Məsudi, ət-Tənbih vəl-İşraf, Beyrut 1981, s.
96-97.).
Biz burada zərdüştiliyin etiqad əsaslarından, ayinlərindən
söz açmayacağıq. Məsələnin mövzumuzla əlaqəli cəhəti İslamın
zərdüştiliyə olan münasibətidir. Quran-i Kərimin sadəcə bir yerində
zərdüştilik, daha doğrusu məcusilər haqqında danışılır: «Həqiqətən,
Allah iman edənlər (möminlər), yəhudilər, sabiilər (göy cismlərinə
sitayiş edənlər), xristianlar, məcusilər və müşriklər arasında qiyamət
günü hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə qadirdir» (Həcc,
17).
İlk müsəlmanların zərdüştilərə hansı nöqteyi-nəzərdən
yanaşdıqları məsələsinə gəldikdə demək olar ki, onlar məcusiləri kitab
əhli hesab edirdilər. İmam Malik ibn Ənəsin «Muvatta» adlı əsərində belə
bir hədis qeyd olunur: «Cəfər ibn Muhəmməd ibn Əli atasından nəql edir:
Ömər ibn Xəttab sözü məcusilərdən salaraq: «Onlar haqqında nə edəcəyimi
bilmirəm» dedi. Buna cavab olaraq Əbdur-Rəhman ibn Əvf dedi: «Mən
Rəsulullahın (s.a.v) «Onlarla əhli-kitab kimi rəftar edin» dediyini
şəxsən eşitmişəm»( İmam Malik, əl-Muvatta, İstanbul 1994, c. II, s.
68.).
Onu da qeyd etmək lazımdır ki, ilk müsəlman fatehlər
Azərbaycan və İrandakı zərdüştilərdən cizyə almışdılar. Bunu bağlanan
əhd və verilən əmannamələrdə də görmək mümkündür. Məlum olduğu kimi
cizyə sadəcə kitab əhlindən, yəni xristian və yəhudilərdən alınan vergi
növüdür. Bu Quran-i Kərimin Tövbə surəsi 29-cu ayəsinin hökmü ilə
sabitdir. İmam Malikin əsərində isə belə bir hədis nəql olunur: «İbn
Şihab dedi: Eşitmişdim ki, Rəsulullah (s.a.v) Bəhreyn məcusilərindən
cizyə almışdır. Ömər ibn Xəttab İran məcusilərindən, Osman ibn Əffan da
bərbərilərdən cizyə almışdır»( əl-Muvatta, c. II, s. 68.).
Ərəblər
Azərbaycana gəlişlərinin ilk dövrlərindən etibarən burada İslam dininin
yayılması üçün səy göstərmişdilər. Valilər əyalətlərə dövlət
xəzinəsindən maaş alan müəllimlər təyin edir, onların məskunlaşmasını
təmin edirdilər(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 330-331.).
Müsəlmanlar sahib olduqları ədalət, fəzilət və comərdlik kimi insani
keyfiyyətlərlə fəth olunmuş məmləkətlərdə yaşayan xalqın rəğbətini
qazanırdılar(Zeydan, həmin əsər, c. I, s. 98-100.). Bu onların vaxt
keçdikcə İslam dininə yaxınlaşmaları və bu dini qəbul etmələri üçün
əlverişli şərait hazırlayırdı. Ərəblər sadə və asan olduğu qədər
əzəmətli olan bir din gətirmişdilər. Bu yeni din insanları, çox vaxt
müharibə ilə nəticələnən məzhəb və etiqad çəkişmələrindən, dini
etiqadına görə təqib olunmaqdan, ağır vergilərdən xilas edirdi. Bu
səbəbdən də onlar müsəlmanları və İslamın qayda- qanunlarını xilaskar
kimi görürdülər(Bünyadov, həmin əsər, s. 88.).
İslam dininin
Azərbaycanda rəğbətlə qarşılanmasının bir başqa səbəbi də İslamın səmavi
dinlərə tolerant münasibət bəsləməsi olmuşdur. Hətta xristian
məzhəbləri belə bir-birlərinə qarşı bu dərəcədə tolerantlı deyillər.
İslam dinini əsilzadələr, sənətkarlar və tacirlər, yəni şəhər əhalisi,
daha tez mənimsəyir və qəbul edirdilər(Həsən İbrahim, həmin əsər, c. I,
s. 287; Bünyadov, həmin əsər, s. 87-88.).
İslam dininin
Azərbaycanda necə sürətlə qəbul edilib yayıldığını klassik müsəlman
tarixçilərin əsərlərindən öyrənmək mümkündür. Əhməd ibn Yəhya
əl-Bəlazuri IV xəlifə Əli ibn Əbu Talibin dövründə ikinci dəfə
Azərbaycan valiliyinə təyin edilmiş Əşas ibn Qeys əl-Kindinin bu ölkəyə
gəldiyi vaxt əhalinin müsəlman olduğunu, məscidlərdə Quran oxunduğunu
gördüyünü yazır.(Bəlazuri, Fütuh-ul-Büldan, c. I, s. 330-331.).
Fayl olaraq yüklə:
Mobil telefon üçün yüklə: