Baş səhifə » 2013 » Fevral » 6 » Şeyx İbn Bazın "Məzhəbçilik məcburi deyil"
02:15
Şeyx İbn Bazın "Məzhəbçilik məcburi deyil"
 
Bismilləhirrahmənirrahim

Sual:
İnsan müəyyən bir məzhəbə tabe olmağa məcburdurmu?
Bir kitab var, adı "Məzhəbsizlik İslam şəriətini hədələyən ən təhlükəli bidətdir". Məgər məzhəbsizlik bidətdir? Başqa bir kitab da var, adı "Sələfilik fərqli mübarək mərhələdir, lakin o, İslam məzhəbi deyil". Sizin bu barədə rəyiniz nədir? Allah Sizi xeyirlə mükafatlandırsın! Qeyd etdiyim kitablar da böyük bir alimə məxsusdur.

Şeyx İbn Bazın – rahiməhillah – cavabı:
Məzhəbçilik məcburi deyil. Kim deyir ki, insanlar məzhəbə tabe olmağa məcburdurlar, məsələn, Əhmədin, Malikin yaxud Şafiinin məzhəbinə, onun sözü doğru deyil. Məzhəblər yenidir, səhabə və tabeinlərdən sonra ortaya çıxıb və heç kəs üçün məcburi deyil. Onlar sadəcə məşhurlaşmış və sözləri qeydə alınmış alimlərin görüşləridir. Bu məzhəblər məşhurlaşıblar. Əhməd – rahiməhullah, Malik – rahiməhullah, Şafii – rahiməhullah, Əbu Hənifə – rahiməhullah – Sövri, Övzai, İshaq ibn Rahəveyh kimi alimlərdir. Və necə ki, biz Sövrinin, İbn Üyeynənin, İshaqın, Övzainin ya da başqalarının görüşlərini qəbul etmək məcburiyyətində deyilik, o cür də biz Əhmədin, Malikin, Şafiinin yaxud Əbu Hənifənin görüşlərini qəbul etməyə məcbur deyilik. Lakin biz ixtilaflı məsələlərə baxıb onların görüşlərindən haqqa müvafiq olanları götürməli, haqqa müxalif olanları isə tərk etməliyik. Alimlər nədə icma ediblərsə və ona müxalif olmaqda üzr yoxdursa, onu qəbul etmək və ondan bərk yapışmaq vacibdir. Alimlər nədə ixtilaf ediblərsə, onu Quran və Sünnə ilə tutuşdurmaq vacibdir.
Necə ki, Allah - əzzə və cəll - buyurur:
"Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, onu Allaha və Onun Elçisinə həvalə edin"
(4:59).
Quran və Sünnəyə uyğun olanı götürməli, onlara müxalif olanları tərk etməliyik. Əgər "məzhəbsizlik" sözünü işlədənin qəsdi odur ki, məzhəbçilik vacib deyil və məcburi deyil, onda bu, doğrudur. Amma əgər onun qəsdi odur ki, insan özünü hansısa bir məzhəbə aid edə bilməz, onda onun sözü doğru deyil. Adamın şafii, hənbəli, maliki yaxud hənəfi məzhəblərinə özünü aid etməyi caizdir, çünki o, bu məzhəblər üzrə yetişib, onların şeyxlərindən elm alıb və s. Buna görə də özünü onlara aid edə bilər, bunun ziyanı yoxdur. Lakin mühüm odur ki, təqlid və təəssübkeşlik etməsin. Nə vaxt haqq ona bəlli olsa, onu qəbul etməlidir, haqq başqa məzhəbdə olsa belə. Təəssübkeşlik və koranə təqlid etmək caiz deyil. Əgər "məzhəbsizlik" sözünü işlədən adamın qəsdi odur ki, təəssübkeşlik və koranə təqlid etmək olmaz, onda bu, doğrudur. Amma əgər qəsdi odur ki, adam özünü bu məzhəblərə aid edə bilməz, bu, alimlərin yoluna müxalifdir və onun heç bir əsası yoxdur. İnkar olunmalı şey, sözü səhv olsa belə, Zeydə yaxud Ömərə təəssübkeşlik göstərməkdir. Məhz dəlillərə nəzər salmadan və onları düşünmədən koranə təqlid etmək qadağandır. Amma özünü məzhəbə aid etmək, lakin məzhəbdə haqqa müxalif olanları tərk edib haqqı, kimdə olmağından asılı olmayaraq, qəbul etmək, doğrudur.

Sələfiliyin mənasına gəldikdə isə, o, Allahın ad və sifətlərində, onlara iman gətirməkdə, gəldiyi kimi, təhrifsiz, tətilsiz, təkyifsiz və təmsilsiz qəbul etməkdə, dəlili götürməkdə, koranə təqlid və təəssübkeşliyin tərk etməkdə sələflərin tutduqları yoldur. Sələfilikdən qəsd olunan budur. Sələfilik Peyğəmbərin – salləllahu əleyhi wəsəlləm – və onun səhabələrinin yoludur. Bu məhəmmədi bir yoldur, əgər bu yolla gedənlərdə elm və bəsirət olarsa. Çünki bəzən cahil də sələfiliyi iddia edir. Lakin burada yalnız Sünnəni gözəl şəkildə bilən, Rəsulun və səhabələrinin yoluna tabe olan nəzərdə tutulur. Bu, saleh sələflərin yoluna qayğı göstərən həqiqi sələfidir. O, sələflərin yolu ilə gedir və hər şeyi dəlil ilə qəbul edir. O, Allahın ayələrinə, adlarına və sifətlərinə iman gətirir və Allahın ad və sifətlərinin Allaha laiq şəkildə isbat etməkdə sələflərin yolu ilə gedir. O deyir ki, Quran Allahın kəlamıdır və məxluq deyil. Və deyir ki, Qiyamət günü Allah görsənəcək və möminlər Onu Cənnətdə görəcəklər. Bütün bunlar haqqdır və saleh sələflərin sözləridir. Bu, Peyğəmbərin – salləllahu əleyhi wəsəlləm – və sahabələrinin sözüdür. Deməli, sələfi özünü ümmətin sələflərinə, yəni Peyğəmbərin – salləllahu əleyhi wəsəlləm – sahabələrinə və onlara yaxşı əməllərdə tabe olanlara, aid edən adama deyilir. Əgər o adam sələflərin yolunu anlasa və həmin yolla gedərsə, onda o, səmimidir. Amma əgər o, bunu dili ilə desə, lakin əməllə təsdiqləməsə, onda o, öz sözündə yalançıdır. Səmimiyyət gərəklidir.

Mənbə:

http://www.binbaz.org.sa/mat/10635

Rauf Abasquliyev

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 833 | Yüklədi: selefimedia