Baş səhifə » 2013 » Yanvar » 24 » Qamət Süleymanov:"Hazırda sünnə məscidlərində, məscidi dolduranların 90 faizi sələfilərdir". -MÜSAHİBƏ--
02:21
Qamət Süleymanov:"Hazırda sünnə məscidlərində, məscidi dolduranların 90 faizi sələfilərdir". -MÜSAHİBƏ--

Qamət Süleymanov

"Hazırda sünnə məscidlərində, məscidi dolduranların 90 faizi sələfilərdir".


-MÜSAHİBƏ--


"Gündəlik Teleqraf”ın suallarına Əbu-Bəkir məscidinin imamı, Sələfi təriqəti icmasının rəhbəri Hacı Qamət Süleymanov cavab verib.
- Ölkəmizdəki dini vəziyyəti necə qiymətləndirirsiniz?

- Ümumilikdə necə var idisə, o cür də gedir. Vəziyyət dəyişməyib. Düzdür, bəzi yerlərdə çətinliklər var. Məsələn, Gəncədə məscid bağlanaraq kitabxana edilib. Bundan sonra oradaki əhali, sünnə qardaşlarımız məscidin olmaması ucbatından əziyyət çəkirlər. Ancaq ümumi ab-hava sakit və sabitdir. 


- Mən yalnız sələfilərin durumunu deyil, ümumilikdə ölkədəki dini vəziyyəti nəzərdə tuturam...


- Normaldır. Sakitlikdir.

- Siz daha çox hansı dini icmalarla münasibətdəsiniz və əlaqələr saxlayırsınız?

- Heç biri ilə əlaqə saxlamırıq. Biz özümüz üçün ibadət edirik. Hansısa icma ilə bizim sıx əlaqələrimiz, münasibətimiz yoxdur. Biz başımızı aşağı salıb ibadətimizlə məşğuluq.

- Sizin bütün dini icma ilə məsafə saxlamağınız və ünsiyyətə girməməyiniz qapalılıqdan xəbər vermirmi?

- Xeyr. Burada söhbət qapalılıqdan getmir. Mənə elə gəlir ki, heç bir icma başqa bir icma ilə ünsiyyət qurmur. Hərə öz işi, öz ibadəti ilə məşğuldur, vəssalam.

- Yəni, siz heç kimlə görüşmürsünüz?

- Yox, heç kimlə görüşmürəm. Axı, buna ehtiyac da yoxdur.

- Ünsiyyətə ehtiyacın olduğu, həqiqətlərin polemika yolu ilə ortaya çıxarıldığı XXI əsrdə sələfilər nədən buna ehtiyac duymur?

- Əvvəla, biz bir təşkilat deyilik, namaz qılanlarıq. Görüşləri, münasibətləri və əlaqələri isə müəyyən qurumlar həyata keçirməlidir. Məncə, bunu dövlət qurumları və ya hansısa bir idarə edə bilər. Bu bizim səlahiyyətimizə aid məsələ deyil.

- Elə dini ayinlər var ki, onu bütün müsəlmanlar həyata keçirirlər, yəni ortaq dəyərlərdir. Bu ortaq ayinləri bütün icmaların nümayəndələri olaraq bir araya gəlib icra edirsinizmi?

- Qurban və Orucluq bayramını qeyd edə bilərəm. Bəli, bu bayramlarda toplaşırıq.

- Burda toplaşırsınız?

- Yox. Açıq olan məscidlərdə toplaşırıq. Mən misal kimi İlahiyyat və ya Qaraçuxur məscidini qeyd edə bilərəm.

- Sizi Qafqaz Müsəlmanları İdarəsi və ya Dini İşlər üzrə Dövlət Komitəsi tədbirlərinə dəvət edirlərmi?

- Xeyr. Sadəcə olaraq, Dini Komitə Ramazan bayramına bir-iki gün qalmış tədbirə dəvət etmişdi. Ondan sonra heç bir tədbirə dəvət etməyiblər.

- Sizinlə Qafqaz Müsəlmanları İdarəsi və ya Dini İşlər üzrə Dövlət Komitə arasında münasibətlər necədir?

- Normal münasibətlər var. Onlar bizim üçün mərkəz kimi idarədir və ehtiyac olanda qanunlar çərçivəsində onlara müraciət edirik.

- Bəs fəaliyyət necədir?

- Məscidimizə qoyulan məhdudiyyət davam edir. Düzünü deyim ki, bizə namaz qılanlarla yanaşı namaz qılmayanlar da müraciətlər edib məscidin nə zaman tam açılacağını soruşurlar. Müraciətlər çoxdur. İndiyə qədər bu söhbət uzanıb və heç kimin də başı çıxmır. Mən məsciddə oluram, gün ərzində bura az sayda adam gələ bilər. Kənar adamlara icazə vermirik. Gələnlər əsasən yaxınlıqdakı mağazalarda işləyənlər və qonşulardır. Tam fəaliyyət göstərmək üçün bizə minlərlə müraciətlər var. Ancaq bu başdan bir söz deyə bilmərik.

- Mən bura daxil olanda gördüm ki, insanlar sərbəst şəkildə bura gəlib-gedirlər, hazırda onlarla insan ibadət edir. Heç məhdudiyyət hiss edilmir...

- Əlbəttə, fəaliyyət var, amma məhdud fəaliyyətdir. Məcid tam bağlanmayıb, sadəcə məhdudiyyət qoyulub. Məhdudiyyət ondan ibarətdir ki, az sayda insanlar bura gəlib ibadət edə bilərlər.

- Məhdudiyyətə səbəb nədir?

- Birincisi, dedilər ki, burada 2008-ci ildə baş verən hadisə ilə bağlı istintaq davam edir. Amma istintaq bitib, lakin məhdudiyyət qaldırılmayıb. Əslində bu məsələyə aydınlıq gətirilməlidir.

- Sizin sayınız haqqında müxtəlif fikirlər səsləndirilir. Konkret olaraq Azərbaycanda sələfilərin sayı nə qədərdir?

- Bunu saymaq, hesabat aparmaq mümkün deyil. İkincisi, biz qeyri-adi bir şey deyilik. Əhli sünnəyik. Bunun dəqiq sayını heç kəs deyə bilməz. Təxmini rəqəmlər demək olar. Qabaqlar 10 və ya 15 min kimi rəqəmlər deyirdilər. Amma mən dəqiq rəqəm deyə bilmərəm.

- Siz xütbələrinizdə qeyd etmisiniz ki, təkcə Əbu-Bəkir məscidinə cümə namazına 5 mindən çox sələfi toplaşır...

- Bəli, məscid tam fəaliyyət göstərən zamanlar bu qədər dindar gəlirdi. Hətta insanlar küçələrə düzülürdü.

- Azərbaycanda elə məscid varmı ki, orada xələfi də, sələfi də, sünni də, şiə də, nurçu da rahat şəkildə birgə ibadət etsin?

- Çox məscidlərdə bu hal var.

- Konkret məscid adı deyə bilərsiniz?

- İlahiyyat, Qaraçuxur məscidi. Məscidlər çoxdur ki, orada məzhəb problemi yoxdur. İnsanlar ora gəlib istədiyi kimi ibadət edə bilərlər. Amma sizə deyim ki, bəzi yerlərdə sünni camaat üçün problem yaradırlar. Bizə çatan xəbərlərə görə, məscidə əli bağlı daxil olanda problemlər yaranır. Amma ümumilikdə vəziyyətin normal olduğunu düşünürəm.

- Azərbaycanda sələfi təriqətinin nəzarətində olan neçə məscid var?

- Mən bildiyim qədər yalnız Əbu-Bəkir məscididir. Başqa məscid yoxdur.

- Amma adını bir neçə dəfə xüsusilə çəkdiyiniz Qaraçuxur və Müşfiq qəsəbəsində olan məscidlərin də sələfilərə məxsus olduğu deyilir...

- Başqa məscidlər qarışıqdır və sırf bizim məscid deyil. Sadəcə olaraq bizim camaatımız çox olduğundan ola bilsin ki, kənardan başqa cür görünür. Bəlkə rayonlarda var, amma Bakıda yalnız bura bizə məxsusdur.

- Vəhhabilər və ya sələfilər daha çox hansı rayonlarda üstünlük təşkil edir?

- Elə bir rayon yoxdur ki, orada sələfi olmasın. Məsələn, Gəncədə sələfilər çoxdur. Amma nəzərə alın ki, Gəncə böyük şəhərdir və orada insanların sayı da çoxdur. Ancaq belədə hər rayonda var. Problem ondadır ki, insanlarımız üçün məscid yoxdur. Gəncədə onların məscidi var idi. Amma bizim uşaqları oradan çıxardılar. Ora təmirə xərc qoyulmuşdu, döşəmə, tavan düzəldilmişdi, kondisionerlər alınmışdı. Amma uşaqları oradan çıxaranda heç nə vermədilər. Bu qəribə addım idi. İndi bu məscidi kitabxana ediblər.

- Siz bizim məscidimiz deyəndə qədim Alban məbədini nəzərdə tutursunuz?

- Bəli. İndi Gəncədə məscid məsələsi əhli sünnə üçün problemdir. Sumqayıtda da yığışmağa məscid yoxdur. Bu da sonda müəyyən problemlərə gətirir çıxarır və bundan müəyyən qüvvələr istifadə edirlər.

- Müəyyən qüvvələr bundan necə istifadə edirlər, nəyi nəzərdə tutursunuz?

- Bundan hakimiyyətə, dövlətə qarşı istifadə edirlər. Eləcə də, ola bilsin ki, başqa ölkələrin təsirinin altına düşür. Və ya ola bilsin ki, başqa ölkələrə çıxıb gedirlər. Sözümün mənası odur ki, məscidləri bağlamaq problemin həlli yolu deyil. Əksinə, məscidləri açmaq lazımdır, sadəcə, orada sağlam fikirli adamlar olmalıdır.

- Deyirsiniz ki, Gəncədəki Alban məbədini yaxşı təmir etmişdiniz, döşəmə-tavan düzəltmişdiniz, kondisioner almışdınız və s. Əgər sirr deyilsə, bir az da maliyyə məsələsindən bəhs edin...

- Bizim heç kəsə ehtiyacımız yoxdur. Qabaq adamlar az olanda bir qədər problem var idi. O zaman da burada ərəb təşkilatları çox idi və məscidə müəyyən qədər yardım edirdilər. Amma onlar da bağlanıb getdilər və bir müddət boşluq yarandı. Sonra özümüz buna alışdıq və indi problem olanda camaat özü həll edir. Bu məsələlər problem deyil. Birincisi, böyük xərc lazım deyil, ikincisi on min adam gələn məscidə sizcə, kondisioner almaq mümkün olmaz? Hərə 1 manat qoysa kifayət edər.

- Sizdə də nəzir qutusu var?

- Bəli, sədəqə qutusu var. Kim yardım eləmək istəyirsə, ora atır.

- Bir aylıq xərciniz nə qədərdir və sədəqə qutusuna nə qədər pul toplanırdı?

- Məscid tam işləyəndə 1000-1500 manat yığılırdı. Biz də onun 600-700 manatını işığa verirdik, 400-500 manat da suya ödəyirdik. Əbu-Bəkirin aylıq xərci təxminən 1500-2000 min manatdır. İndi məhdudiyyət olduğundan məscid tam işləmir və biz ayda 200-250 manat işıq pulu ödəyirik.

- Amma 10 min adamın gəldiyi məsciddə ayda min manat sədəqənin toplanması şübhəlidir...

- Məcid pul yığılan yer deyil. Biz məscidə ibadət yeri kimi baxırıq. Qutuları da pul toplamaq üçün qoymamışıq. Arada bizə deyirdilər ki, nəsə etmək, məscidə yardım göstərmək istəyirik. Biz də deyirik ki, nə istəyirsiniz ora atın. Ayın sonunda da qutular açılır və xərclər ödənilir.

- Bu məsələ şəffaf şəkildə həyata keçirilir?

- Əbu-Bəkirdə şəffafdır.

- Ayın sonu bir neçə jurnalist gəlib qutuların açılmasına, pulun sayılmasına və xərclənməsinə nəzarət edə bilərikmi?

- Heç bir problem yoxdur. Bizim bu sarıdan narahatlığımız da yoxdur. Gəlin. Bizim çəkinəcəyimiz yoxdur. Bundan adətən şəffaf olmayan adam çəkinər.

- Sədəqə məsələsi başqa məscidlərdə necə həll edilir və siz bundan razısınızmı?

- Mən ancaq öz məscidimizdən danışa bilərəm.

- Niyə digər məscidlərdən danışmağa çəkinirsiniz?

- Hər məscidin öz imamı var və özləri danışsa yaxşı olar.

- Siz məscidin imamı olmaqla yanaşı ictimai xadimsiniz və belə məsələlər haqda sizdən soruşanda cavab verməyə borclusunuz.

- Aydındır. Mən özümü bu məscidin imamı hesab edirəm. Başqa məsələlərə də toxuna bilərəm. Amma başqasının işinə qarışmaq niyyətində deyiləm. Məncə, hər bir yer haqqında öz rəhbərindən soruşmaq lazımdır. Burada gizli və gizlədiləsi bir şey də olmamalıdır.

- Sələfiliyin ölkəmizdə qəbul edilmədiyi, buna birmənalı münasibətin olmadığı haqqında deyilənlərə münasibətiniz necədir?

- Bu, səhv sözdür. 20-25 il dəvət müddətində heç bir məzhəb bu qədər camaat toplaya bilmədi. Hələ təzyiqlər, şayiələr, yalanlar, böhtanların yaydıqlarını da nəzərə alın. Bu yalanlar olmasaydı düşünün görün nə olardı. Etiraf eləmək lazımdır ki, hazırda sünnə məscidlərində, məscidi dolduranların 90 faizi sələfilərdir. Bizim dəvət qəbul edilməsəydi bu sayda adam olardımı? Onlar məscidə allah rizası, axirəti qazanmaq üçün gəlirlər. Daha biz onları çağırmırıq, pula görə gəlmirlər. Əslində bu fikri yayanlar cəmiyyətdə belə fikir formalaşdırmaq istəyirlər ki, sələfilik burada qəbul edilməyib. Bu yalandır. Sələfilik burada geniş yayılıb.

- Deyirsiniz ki, təxminən 10-15 min nəfər sələfi olar. Sonra bildirirsiniz ki, sünnə məscidini dolduranların 90 faizi sələfilərdir. Bu məntiqlə siz yüz mindən çox olmalısınız. İndi hansı rəqəmə inanaq?

- Əvvəla, bizdə o qədər məscid yoxdur ki, yüz minlər orda ibadət etsin. Həm də mən Bakıdan danışıram. Bizdə bir neçə məscid var. Siz elə danışdınız ki, sanki Bakıda yüzlərlə məscid var.

- Yeri gəlmişkən, siz fərqlisiniz. Məsələn, salvarınızın balaqları uzundur, saqqalınız digərləri ilə müqayisədə seyrəkdir...

- Şalvar topuqdan aşağı düşmür. İndi siz vəhhabilər kimi demək istəyirsiniz? Bunların hamısı boş söhbətdir və bilməyənlər danışır. Çünki balaq, şalvar məsələsi peyğəmbərimizdən gəlir. Bu firqə ilə bağlı deyil. Bu süfilərdə də, şiələrdə də, sələfilərdə də var. Sadəcə, sələfilər bunu tətbiq edir deyə cəmiyyətdə fikir formalaşır ki, bu sələfilərin formasıdır. Şəriət deyir ki, ən azı bir ovuc saqqal saxlamalısan.

- Amma sizin saqqalınız bir ovucdan çox azdır. Niyə?

- Bəli, məndə azdır. Hələlik az saxlayıram.

- Siz başqalarına nümunə olmalı deyilsinizmi?

- Bəli.

- Bəs niyə şəriət qaydalarını pozursunuz?

- Yox pozmuram, çalışıram onlara əməl edim. Amma bəzi məsələlərdə insan məcbur olur.

- Niyə?

- Bayaq özünüz də qeyd etdiniz ki, mən cəmiyyətdə tanınmış adamam, çıxışlar edirəm və s.

- Deməli, siz də saqqalın uzun olmasının cəmiyyətdə problem yaratdığını qəbul edirsiniz və dolayısı yolla sələfiliyə cəmiyyətdə birmənalı münasibətin olmadığını etiraf edirsiniz...

- Yox. Söhbət bizim cəmiyyətdən gedir. Camaat öyrəşsin, buna normal baxılsın. Ondan sonra. Avropada, Rusiyada buna normal yanaşılır. Bizim cəmiyyətdə hələlik bu normal görsənmir. Amma mən saqqal məsələsini özümdə eyib və qüsur hesab edirəm. Hər zaman da qardaşlara deyirəm ki, ibrət peyğəmbərdir. Yəni bu məsələlərdə mənə baxmayın. Nümunə peyğəmbər olmalıdır. 

Nemət
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 2091 | Yüklədi: selefimedia