Baş səhifə » 2013 » Yanvar » 23 » Muhəmməd ibn Sirinin həbs edilməsi.
11:30
Muhəmməd ibn Sirinin həbs edilməsi.

Muhəmməd ibn Sirinin həbs edilməsi.

 

Bir gün Muhəmməh ibn Sirin –rahiməhullah- borca qırx min dinarlıq yağ aldı. Qabın birini açarkən içində iylənmiş ölü bir siçan gördü. Öz-özünə dedi:

- Yağlar eyni yerdə hazırlanıb, demək o birilər də təmiz deyil. Əgər mən bunu sahibinə qaytarsam o bunu başqalarına satar.


Halbuki bunu qaytarmaq Muhəmməd ibn Sirinin tam haqqı idi. Lakin o, bu cür düşünüb, yağları yerə boşaltdı. Fəqət, bu yağlar səbəbi ilə ziyana uğrayan Muhəmməd ibn Sirin borc içində qaldı. Yağ sahibi gəlib pulunu istədikdə isə, o, məsələnin nə yerdə olduğunu söyləmədi.


Pulu ödəyə bilmədiyi üçün yağın sahibi hadisəni valiyə bildirdi. Vali isə pulu ödəyincəyə kimi Muhəmməd ibn Sirinin həbs edilməsinə əmr verdi.


Bu səbəblə İbn Sirin rahiməhullah uzun müddət həbsdə qalmalı oldu. Bu müddət ərzində həbsxana gözətçisi Muhəmməd ibn Sirinin necə təqvalı, əxlaqlı, müttəqi olduğunu və çox ibadət etdiyini gördüyü üçün bir gün ona dedi:
- Ey Şeyx, gecə düşəndə ailənin yanına get, gecəni onlarla birlikdə keçir. Səhər açılınca geri dön. Azadlığa çıxanadək bu cür edərsən!


Muhəmməd ibn Sirin cavabında dedi:
- Xeyr, vallahi ki, bunu edə bilmərəm!


Gözətçi:
- Allah səni xeyirlə mükafatlandırsın! Nə üçün razı olmadın?

 

Muhəmməd ibn Sirin dedi:
- Valiyə xəyanət etməkdə sənə kömək etməmək üçün razı olmadım!

 

Bir müddət keçdi. Böyük səhabə Ənəs ibn Məlik –radıyAllahu anhu- ölüm ayağında ikən onu Muhəmməd ibn Sirinin yuyub, cənazə namazını qıldırmasını vəsiyyət etdi. O vəfat etdikdə isə Muhəmməd ibn Sirin hələ də həbsdə idi. Müsəlmanlar valiyə vəsiyyət haqda xəbər verdilər. Vali onun azadlığa buraxılmasına izn verdi.

 

Muhəmməd ibn Sirin isə dedi:
- Yağ sahibindən izn almadığınız təqdirdə buradan çıxmaram. Çünki mən onun haqqına görə həbs edilmişəm.

 

Yağ sahibi də izn verdi. Beləliklə, Muhəmməd ibn Sirin həbsxanadan çıxıb, Ənəs ibn Məliki –radıyAllahu anhu- yudu, kəfənləyib cənazə namazını qıldırdı. Və yenidən həbsxanaya geri döndü. Heç ailəsini görməyə də getmədi...

 

Şeyx haqqında ətraflı bax:

- İbnul Cəuzi, Sıfətus-Səufə, 111/241-248

 

Tərcümə: əz-Zubeyr

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 698 | Yüklədi: selefimedia