Baş səhifə » 2012 » Oktyabr » 19 » İməmus-Sunnə’ (Sünnənin İmamı) ləqəbli - Əhməd ibn Hənbəl. 2-ci Hissə.
07:48
İməmus-Sunnə’ (Sünnənin İmamı) ləqəbli - Əhməd ibn Hənbəl. 2-ci Hissə.

İməmus-Sunnə’ (Sünnənin İmamı) ləqəbli - Əhməd ibn Hənbəl- 2

İMAM ƏHMƏDDƏN XATİRƏLƏR...

(Əvvəli burada...)

Quran Məxluqdur iddia edildiyi Minhə günlərindən biri idi. İmam Əhmədi xəlifənin hüzuruna gətirdilər və ona xəlifə ilə gözəl tərzdə danışmasını təlqin etdilər. Bu zaman Əhməd ibn Hənbəl qorxunc mənzərə ilə qarşılaşdı, qarşısında iki adamın artıq boynu vurulmuşdur. Fəqət bu hal İmam Əhmədi təlaşa salmadı. Əksinə, həmin yerdə İmam Şafinin bir tələbəsinə gözü sataşdı və ondan soruşdu:

- Məshin üzərinə məsh çəkmək haqqında İmam Şafiidən nə eşitmisən? Bu haqda nə isə bilirsənmi?

İmam Əhmədin bu çətin vəziyyətdə ölümü düşünməməsi, əksinə elm öyrənməyə həris olması və bu səbəbdən verdiyi bu sual oradakıları heyrətləndirir. Hətta İmam Əhmədin edam olunmasına xəlifəni təşfiq edən düşməni- Əhməd də təəccübünü gizlədə bilməyərək deyir:
- Buna bir baxın! Bunu edam etmək üçün gətirirlər, bu isə fiqhdən soruşur!

Rəvayət edilir ki, xristianları görərkən imam Əhməd gözlərini bağlayardı. Bir gün ondan nə üçün belə etdiyini soruşduqda, o demişdir:
- Uca Allahın adından yalan uyduran, Onun sözlərini yalan sayıb, Ona iftira atan kəslərin üzünə baxa bilmirəm!

İmam Mərvəzi (rahiməhullah) buyurur:

- Bir gün imam Əhməddən soruşdum: "Ey Əhməd! Bu gün kefin necədir?”
İmam Əhməd bin Hənbəl belə cavab verdi:

- Bir adam ki, Rəbbinin ondan vacib buyurduqlarını yerinə yetirməyini, Peyğəmbərinin (sallAllahu aleyhi və səlləm) ondan Sünnəyə riayət etməyini, iki mələyin ondan yaxşı işlər görməyini, nəfsinin ondan istəklərinə tabe olmağını, İblisin ondan günah işlər görməyini, Ölüm mələyinin ondan ruhunu təslim etməyi və nəhayət ailəsinin ondan yemək içmək tələb etdiyini bilə, səncə onun kefi necə olar?

İmam Əhməd elm öyrənmək üçün bir çox ölkələrə səfər edərdi. Kitabları isə öz kürəyində daşıyardı. Bir gün səfər əsnasında tanışlarından biri, İmam Əhmədin yazdığı qeydlərin çox olduğunu görərək ona deyir:
- Gah Kufəyə, gah da Bəsrəyə gedirsən. Nə vaxta kimi belə davam edəcək?
İmam Əhməd buyurur:
- Qələm ilə ta məzara kimi...

İmam Əhmədin bu qədər çox elm öyrənib, ibadət etdiyi görənlərdən biri ondan soruşur:

- Ey Əbu Abdullah! Nə vaxt rahatlıq tapıb, dincələcəksən?
İmam Əhməd belə cavab verir:
- Cənnətə ilk ayaq basdığım zaman...

Rəvayət edilir ki, İmam Əhməd zöhr namazından sonra Bağdad məscidində dərs verərdi. Onun dərslərində beş minə yaxın adam olardı. İmam Əhməd yüzminlərlə hədisi əzbər yaddaşına həkk etməsinə və güclü hafizəsinə baxmayaraq bu dərslərində hədis rəvayət edərkən, hər hansısa bir sözü olduğu kimi deyil, ona oxşar söz ilə deməkdən ehtiyat edərək həmişə dəftərinə baxardı.

İbn Kəsir ‘əl-Bidəyə van Nihəyə’-(10/329) kitabında yazır ki, İmam Əhməd beş dəfə həcc ziyarəti etmiş, pulu olmadığından bu ziyarətlərin üçünü piyada olaraq etmişdir. O, Yəməndəki muhəddis Abdurrazzaq ibn Həmməmin yanına hədis almaq üçün gedərkən, miniyə pulu olmamış və yol boyu köləlik edərək Yəmənə gəlib çıxmışdır.

Hətta İmam Abdurrazzaq onun minik ilə geri qayıtması üçün imam Əhmədə pul verir, lakin imam Əhməd bu pulu ondan qəbul etməyərək buyurur:
- Bir kimsədən bunu qəbul etsəydim, mütləq səndən qəbul edərdim!
Bu mövzuda imam Əhmədin bir məşhur cümləsi də vardır:
- Biz pul hayında olmadığımız üçün gəlirik, əgər pul hayında olsaydıq buralara gəlməzdik!


Rəvayət edilir ki, İmam Əhmədin oğlanları xəlifə Mutəvakkilin etdiyi yardımı qəbul etdiyi üçün, İmam Əhməd onlardan incimişdir və özü Xəlifə Mutəvakkilin ona göndərdiyi hədiyyələri qəbul etməmiş, həmçinin ona kəsdiyi maaşı da geri qaytarmışdır. Baxmayaraq ki, Əhməd ibn Hənbəl çox aclıq keçirmiş və kasıb olaraq yaşamışdır. Hətta alimlər İmam Əhmədin iki dəfə sınağa çəkildiyini söyləmişdirlər. Birinci Quranın Məxluq olmasını iddiası, ikinci sınaq isə Yoxsulluq olmuşdur.
Hökmdarlar hər kəsin "Quran məxluqdur!” söyləməsini əmr edərkən, bir çox böyük İslam alimləri bu kəliməni söyləməkdən vaz keçirlər. Fəqət çoxsaylı işgəncə gördükləri üçün dözməyərək, təuriyyə etmiş və Quranın məxluq olduğunu söyləyib, həbsdən azad edilərək sərbəst buraxılmışdırlar. Bunlar içində Yəhyə ibn Məin, əl-Qavariri, Sucadə və s. məşhur alimlər var idi. Lakin iki nəfər bu əziyyətlərə baxmayaraq "Quran Allahın kəlamıdır, məxluq deyildir!”- söyləmiş və bu sözündə sabit qalmışdırlar. Bunlar Muhəmməd ibn Nuh və Əhməd ibn Hənbəl idi.
Rəvayət edilir ki, Xəlifə Məmun bu iki nəfərin "Quran məxluq deyildir! söylədiklərini eşidib, onları öz hüzuruna çağırarkən hər ikisi Allaha dua edir ki, bu zalım xəlifə ilə qarşılaşmasınlar! Uca Allah bu iki saleh kəsin duasını qəbul edir. Belə ki, Muhəmməd ibn Nuh yolda ikən vəfat edir və xəlifənin sarayına gedib çıxa bilmir. Əhməd ibn Hənbəl isə saraya çatana kimi xəlifə Məmun vəfat edir və İmam Əhməd təkrar Bağdadda həbsxanaya salınır!

Abdullah ibn Əhməd ibn Hənbəl (rahiməhumullah) buyurur:

- Atam işgəncədən azad olandan sonra İmam İshəqın birinci olaraq onun yanına gəlməsinə görə narahat olur. Ona görə özü onu görmək üçün səfərə çıxır. ər-Rey şəhərinə çatanda, oradakı məscidə daxil olur.

Qaranlıq düşəndə məscid əhli atama deyir:
- Biz məscidi bağlamaq istəyirik, sənin çıxmağını gözləyirik.

Atam isə onlara belə deyir:
- Bu Allahın məscididir, mən isə Allahın qulu!

Onlar deyirlər:
- Ya könül xoşluğu ilə çıx, ya da səni zorla məsciddən çıxardacağıq.

Atam danışırdı:
- Mən onlara salam verib çıxdım. Çöldə güclü yağış yağır və ildırım çaxırdı. Yağış o qədər güclü idi ki, bilmirdim ayağımı haraya atım. Heç haraya gedəcəyimi də bilmirdim. Bu vaxt bir nəfər evindən çıxıb mənə dedi:
- Gecənin bu vaxtı haraya gedirsən?

Mən dedim:
- Haraya gedəcəyimi bilmirəm.

O dedi:
- Gir içəri!

Məni evinə saldı, paltarımı dəyişdirdi və qurusunu verdi. Sonra mən namaz üçün paklandım. Daha sonra isə soba olan otağa keçdim. Süfrə açılmışdı. Mənə yemək təklif edildi və mən də onlarla bərabər yedim. Sonra isə o, məndən soruşdu:
- Sən haradansan?

Mən dedim:
- Bağdaddanam!

O dedi:
- Orada Əhməd ibn Hənbəli tanımırsan?

Mən dedim:
- Mən elə Əhməd ibn Hənbələm.

O isə dedi:
- Mən də İshəqam!

İmam Əhməd xatırlayır:
- İmam Vaki ilə hədisləri müzakirə edərdik. İşa namazını qıldıqdan sonra isə məsciddən çıxıb evinə gedərdi. Mən isə müzakirəni davam edərdim. Hər dəfə doqquz və ya on hədis deyər, mən də onları əzbərləyərdim. Sonra hədis oxuyan dostlarım mənə onları yazdırmağımı xahiş edərdilər, məndə o hədisləri deyər, onlar isə yazardılar.

İmam İshaq buyurur:
- İraqda Əhməd ibn Hənbəl, Yəhyə ibn Məin və başqa dostlarımızla əyləşirdik. Hər hansısa bir hədisi bir, iki, yaxud üç şahid ilə müzakirə edirdik. Mən onlardan "Bu hədislərin qayəsi, təfsiri və fiqhi nədir?”- deyə soruşduqda, hər biri susardı, təkcə İmam Əhməd cavab verirdi. Onun hədis və sünnət elmi, tabiinlərin fətvalarını bilməsi, onlardan hökm çıxarması - onu həm hədisdə, həm də fiqh elmində imam etmişdir.
Tələbəsi Mərvazi buyurur:
- Yoxsul bir kəsin imam Əhmədin məclisində olduğu qədər, qiymətli və əziz tutulduğunu, heç bir yerdə görmədim. O çox həlim və təvazökar idi. Tələskən deyildi, ciddi və təmkinli idi. Məscidə gəldiyi zaman önə keçməzdi, harada boş yer tapardısa orada əyləşərdi.

Əbu Həfs Ömər ibn Salih xatırlayır:
- Əhməd ibn Hənbəlin yanına getdim. Ondan soruşdum: "Qəlb nə ilə yumşalır?”

İmam Əhməd tələbəsinə baxdı, başını aşağı saldı, bir qədər düşündükdən sonra başını qaldırdı və dedi:

- Övladım, qəlb halal yemək ilə yumşalar!
Buradan çıxıb Bişr ibnul Hərisin yanına getdim və ona da eyni sualı verdim. Bişr ibnul Həris "
Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.(Rad surəsi, 28)” ayəsi ilə cavab verdi.

Mən bu an dedim:
- İmam Əhmədin yanından gəlirəm.
Bişr ibnul Həris dedi:
- Əhməd sənə nə cavab verdi?

Mən "Halal yemək dedi” deyə cavab verdim.
Bişr ibnul Həris buyurdu:
- O bunun əslini xəbər vermişdir.
Oradan da çıxıb AbdulVahhəb ibn Əbul Həsənin yanına getdim. Ona da eyni sualı verdim, o cavabında buyurdu:
- Allahı zikr etməklə qəlblər rahatlıq tapar.

Ona da Əhməd ibn Hənbəlin yanından gəldiyimi deyincə, sevincli halda soruşdu:
- Əhməd nə cavab verdi.

Mən "Halal yemək dedi” deyə cavab verdim.
AbdulVahhəb ibn Əbul Həsən buyurdu:
- O sənə bunun cövhərini söyləmişdir. Bunun əsli onun dediyi kimidir, əsli onun dediyi kimidir.

Bir gün imam Şafii İmam Əhmədin qonağı olur. Süfrəyə yemək qoyulduqda, İmam Şafii yeməyə başlayır. O qədər çox yeyir ki, hətta qızı "Niyə bu qədər çox yeyirsən?!”- deyir.

İmam Şafii buyurur:
- Vallahi, neçə vaxtdır təqva əhli tapmadığım üçün ac idim. İndi onu tapmışam və onun yeməyindən doyunca yeyirəm.
Bu xüsusda, İmam Əhmədin gözəl bir sözü vardır:
- Üç kimsə vardır ki, onlarla yemək ləzzətli yeyilir: Qardaşlar ilə sevinc içində, Yoxsullar ilə onları sevindirərək və Ailə ilə xoşbəxtlik içində...

Bir gün imam Əhməddən soruşurlar:
- İgidlik, qəhrəmanlıq nə olan şeydir?
İmam Əhməd buyurur:
- İgidlik- Allah qorxusundan nəfsin istəklərini tərk etməkdir.

İmam Əhməd onun hər kəs tərəfindən tanınıb, barmaq ilə göstərilməsini sevməzdi. Hətta o bir dəfə demişdir:
- Məkkəyə gedib, oradakı vadilərin birində sükut içində yaşamaq istəyirəm, qoy məni heç kim tanımasın!

İmam Əhmədin heybətindən hər kəs çəkinirdi. Hətta, rəvayət edilir ki, o dövrün polisləri də onun heybətindən çəkinmişlər.

Tələbələrində biri deyir :
- Biz bir məsələ haqda danışarkən onun etiraz etməsindən və rədd cavabı verməsindən çox çəkinirdik!

Bir nəfər danışır:
- Mən xəlifə Məmunun Bağdaddakı vəkili olan İshaq ibn İbrahimlə görüşdüm, bir çox sultanlarla görüşdüm və onların hüzurunda oldum. Fəqət Əhməd ibn Hənbəldən heybətlisinə rast gəlmədim. Onun yanında olub, bir şey haqqında danışarkən məni titrəmə tutardı.

Əbu Ubeydə Qasim ibn Səlləm (rahiməhullah) buyurur:
- Əbu Yusufun yanında oldum, Muhəmməd ibn Həsən, Yəhyə ibn Səid və Abdurrahmən ibn Mehdi ilə görüşdüm. Lakin heç birində Əhməd ibn Hənbəldə olan heybəti tapmadım!

Tələbəsi İshəq ibn Həni xatırlayır:
- Bir gün səhər tezdən "Kitəbuz-Zuhd”u oxumaq üçün imam Əhmədin yanına getdim. Onu gözlədiyim müddətcə yerə bir həsir saldım və üstünə də bir döşəkçə qoydum. O gəlib, bunu görərək dedi:
- Bu nədi?

Mən dedim:
- Sənin üçün hazırladım ki, əyləşəsən!
İmam Əhməd dedi:
- Götür onu! Bil ki, "Zuhd”dan bəhs edilən bir məclisin haqqı ancaq və ancaq zuhdə riayət etməklə verilmiş olar!
Onu götürdüm və imam Əhməd torpaqda oturub dərsə başladı.

Bir gün Əli ibn Mədini imam Əhməddən nəsihət etməsini xahiş edir, İmam Əhməd buyurur:
- Azuqən təqva olsun, Axirət isə daim gözünün önündə dursun!

Bir gün imam Əhməd Abdurrazzaq ibn Həmməmin yanına hədis öyrənmək üçün gedir. Şəhərə çatdıqda Abdurrazzaq İmam Əhmədin halının pis olduğunu görüb soruşur:
- Nə üçün bu haldasan?

İmam Əhməd buyurur:
- Vallahi, üç gündür ki, dilimə heç bir şey dəymir.

Rəvayət edilir ki, İmam Əhməd bircə bahalı geyimi var idi ki, onu da ancaq gecə namazı qılarkən geyinərdi.

Muhəddislərdən olan Abdussaməd bir gün imam Əhmədin qonağı olur. Gecə ikən imam Əhməd Abdussamədin yatağının yanına bir qabda su qoyur. Səhər sübh namazına onu oyatmaq üçün gəldikdə isə, görür ki, Abdussaməd sudan içməmişdir. Və imam Əhməd onun gecə namazına qalxmadığını anlayır. Onu namaza oyatdıqdan sonra isə deyir:
- Sən hədis alimi ola-ola gecə namazını tərk etmisənmi?

Abdussaməd buyurur:
- Ey imam, axı mən müsafirəm!
İmam Əhməd buyurur:
- Nə olsun müsafirsən?! Məsruk Həcc ziyarətində səcdə vəziyyətində yatardı...

Əbu Fəzara rəvayət edir ki, qonşum ilə birgə İmam Əhmədin yanına getdim. İmam Əhmədin yanına çatdıqda, o məndən qonşumun kimliyi haqqında soruşdu. Mən qonşum olduğunu bildirdim və sənə söyləyəcəyi vardır- dedim.

İmam Əhməd dedi:
- Buyur!

Qonşum dedi:
- Məni anam sənin yanına göndərdi. O iyirmi ildir ki, iflicdir, gəzə bilmir. Onun üçün Allaha dua etməni xahiş etdi!

İmam Əhməd buyurdu:
- Mənim özümün duaya ehtiyacı vardır.

Həmin qonşu xatırlayır:
- Biz evdən çıxdıq, lakin İmam Əhmədin anam üçün dua etdiyini eşitdim. Evə çatıb qapını döydükdə, anam özü gəlib qapını açdı.

İmam Əhməd buyurur:
- Elə bir hədis yazmadım ki, öncə özüm ona əməl etmiş olmayım. Hətta bir gün hədis eşitdim ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) bir dinar verib qan aldırıb. Mən də bir dinar verib qan aldırdım, sonra bu hədisi yazdım.

Abdussaməd ət-Tayəlisi buyurur:
- İmam Əhmədin yanına gəlib əlimi onun bədəninə, sonra isə öz bədənimə sürtüb təbərruk etdim. İmam Əhməd bu an mənə elə bir qəzəb ilə baxdı ki, Vallahi indiyədək imam Əhmədin bu cür qəzəbləndiyini görməmişdim. Sonra isə buyurdu:
- Axı siz bunu kimdən öyrənmisiz?

İmam Əhməd münaqişə etməyi sevməzdi. Tələbəsi İmam Əhmədə deyir:
- Burada bir nəfər var, Cəhmiyyə firqə mənsubu ilə münaqişə edir, onların xətalarını bəyan edir. Sən buna necə baxırsan?
İmam Əhməd buyurur:
- Mən kimsənin onlar ilə etdiyi münaqişəyə qoşulmaram və buna gərək də yoxdur. Məgər Muaviyə İbn Qurranın bu sözünü eşitməmisənmi:
- Münaqişələr əməlləri silib aparır. Kəlam-xeyrə dəvət etmir. Kəlam əhlindən çəkinin, sünnətə sarılın. Sizdən öncəki alimlərin söylədiklərinə baxın. Onlar kəlamı sevməzdilər. Bidət əhli ilə münaqişə etməzdilər. Ən salamatı onları tərk etməkdi. Biz münaqişə etmək ilə əmr olunmadıq, kəlamı sevən bir kəs görsəniz, ondan uzaq gəzin!

(İmam Əhməd haqqında bu və sonrakı risalələr üçün) istifadə etdiyim bütün mənbələr:


- əz-Zəhəbi, Siyər a’ləmun Nubələ, 11/177, 188, 195- 199, 211, 229, 241-242, 358
- əz-Zəhəbi, əs-Siyər, 11/177-358
- İbn Kəsir, əl-Bidəyə van-Nihəyə, 1/332; 10/325, 329, 340-358
- İbn Həcər, Təhzibut-Təhzib, 1/66-68, 72, 76; 5/141
- əz-Zəhəbi,
Təzkiratul-Huffəz, 2/431-432, 656
- Şəzəratuz-Zəhəb, 2/96-98
- əl-Xudəri, Tarixut-Tasriil-İsləmi, səh. 260-261
- əl-Xatib əl-Bəğdadi, Tarixu Bəğdad, 4/412-423
- Əbu Nueym, Hilyətul Əuliyyə, 9/161, 233
- əl-Buxari, ət-Tarixul-Kəbir, 1/2-5
- İbn Həlikən, Vəfəyətul-Ayən, 1/47-49
- İbn Əbi Yələ, Təbəqatul-Hənəbilə, 1/4-20
- İbnul Cəuzi, Mənaqibul İməm Əhməd, səh. 69, 95, 123, 155, 168, 176, 182, 183, 192, 203, 214,
380
- Muhəmməd Əbu Zəhra, Əhməd ibni Hənbəl, 1/357, 362, 383, 502-509
- Muhəmməd Əbu Zəhra, Usulul Fiqh, səh. 108, 299, 300
- İbnul Qeyyim, İləmiul əl-Muvakkiin, 1/28-33, 119, 125, 178, 181, 182, 344; 3/111; 4/205-206
- əl-Mədini, Həsəisul- Musnəd, 1/21, 23
- İmam Suyuti, Tədribur-Ravi

AhmedBinHenbel-2.pdf
ImamEhmed-2.jar
ImamEhmed-2.jad


Bölmə: Mobil Kitablar | Baxılıb: 854 | Yüklədi: selefimedia