Baş səhifə » 2012 » Oktyabr » 19 » ‘İməmus-Sunnə’ (Sünnənin İmamı) ləqəbli - Əhməd ibn Hənbəl. 1-ci Hissə.
07:49
‘İməmus-Sunnə’ (Sünnənin İmamı) ləqəbli - Əhməd ibn Hənbəl. 1-ci Hissə.

İməmus-Sunnə’ (Sünnənin İmamı) ləqəbli - Əhməd ibn Hənbəl- 1

ALİMLƏRİN İMAM ƏHMƏD HAQQINDA SÖYLƏDİKLƏRİ


İbrahim əl-Hərbi (rahiməhullah) buyurur:
- Mənə elə gəlir ki, Allah Əbu Abdullahda öncəkilərin və sonuncuların elmini cəm etmişdir!

İmam əl- Muzəni (rahiməhullah) buyurur:
- Bir gün İmam Şafii mənə dedi: "Mən Bağdadda elə bir cavan oğlana rast gəldim ki, onun hər dediyi sözlərə insanlar "Bu haqqdır” deyirdilər”.

Mən imam Şafiidən soruşdum:
- Həmin oğlan kim idi?

İmam Şafii (rahiməhullah) buyurdu:
- O, Əhməd ibn Hənbəl idi.

İbn Əbu Hətim (rahiməhullah) buyurur:
- Bir gün mən atamdan Əli ibnul-Mədini və Əhməd ibn Hənbəl haqqında, onlardan hansının daha çox elmli olduğunu soruşdum.

O dedi:
- Onlar bir birilərinə yaxındır, lakin Əhməd daha zəkalı idi. Əgər sən Əhmədə sevgi bəsləyən bir kimsəyə rast gəlsən, bil ki o, Əhli-Sünnədir!

İmam Şafii (rahiməhullah) buyurur:
- Bağdaddan çıxarkən, orada tərk etdiklərim içində Əhməd ibn Hənbəldən daha fəzilətli, daha elmli və daha fəqih biri yox idi!

Əli ibnul Mədini (rahiməhullah) buyurur:
- Allah (subhənəhu və təalə) dini Rıddə* günü ƏbuBəkr əs-Siddiqlə, Minhə** günü isə Əhməd ibn Hənbəllə izzətləndirdi! Fəqət bu xüsusda, Əhməd ibn Hənbəl, Əbubəkr əs-Siddiqdən də əfzəl idi, çünki Əbubəkrin ətrafında səhabələr var ikən, Əhməd ibn Hənbəl bu fitnəyə tək olaraq məruz qaldı.

İmam Əbu Davud əs-Sicistani (rahiməhullah) buyurur:
- İki yüz məşhur alimlə qarşılaşdım. Onlar arasında Əhməd ibn Hənbələ tay olan heç bir kəsi görmədim. O heç bir zaman insanlar kimi dünya işlərindən bəhs etməzdi. Yalnız elmdən söhbət düşərkən danışmağa başlayardı!

İmam Əbu Zura (rahiməhullah) buyurur:
- Elmin hər bir sahəsində Əhməd ibn Hənbəlin bənzərini görmədim. Onun elmdə çatdığı dərəcəyə, başqa birisi (digər bir alim) çata bilməmişdir.

Mənhə ibn Yəhyə (rahiməhullah) buyurur:
- Əhməd ibn Hənbəl bütün xeyirləri özündə cəm etmişdir. Mən çox alimlə rastlaşdım, lakin elmdə onun kimi üstün olan birinə rast gəlmədim!

Əhməd ibn Səid ər-Razi (rahiməhullah) buyurur:
- Saçları hələ qapqara ikən, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) hədislərini bu qədər çox əzbər bilən və fiqhi bu qədər gözəl bilən Əhməd ibn Hənbəldən başqa heç kimi görmədim!

Bir gün imam Şafii ona demişdir:
- Sən səhih xəbərləri bizdən daha yaxşı bilirsən. Əgər bir səhih xəbər öyrənsən, onu mənə bildir ki, o xəbərin ardınca gedim. Hətta, Kufə, Misir, Şam yaxud harada olursa olsun...

İmam Muzəni (rahiməhullah) buyurur:
- Dövrümüzdə ən qəribə və heyrətamiz üç şey vardır: (Birincisi) Ərəb olmasına baxmayaraq, ərəbcə bir kəlimə belə danışa bilməyən- Əbu Səvr, (İkincisi) ərəb olmasa da, ərəbcə danışarkən bir kəlimədə belə xəta etməyən- Həsən Zəfərani və (üçüncüsü) azyaşlı olmasına baxmayaraq, onun söylədiklərini böyüklər təsdiq edən- Əhməd ibn Hənbəl!

Muhəmməd ibn Sabah (rahiməhullah) demişdir:
- Əhməd ibn Hənbəldən və Suleymən ibn Avuddan daha ağıllı bir kəs görmədim!

Əli ibnul Mədini (rahiməhullah) buyurur:
- Aramızda Əhməd ibn Hənbəldən daha çox hədis əzbərləyən yoxdur. Onu 50 ildir ki, tanıyıram, hər gün də onun elmi artır!

Qasim İbnus-Səlləm (rahiməhullah) buyurur:
- Hal-hazırda elm dörd nəfərdə cəm olmuşdur: Əhməd ibn Hənbəl, Əli ibn Mədini, Yəhyə ibn Məin və Əbubəkr ibn Şeybə. Bunlar içində isə ən elmli Əhməddir. Onun kimi Sünnəni daha gözəl bilən heç kimi görmədim!

Yəhyə ibn Məin (rahiməhullah) buyurur:
- Vallahi, biz Əhmədin dözdüyü çətinliyə dözə bilməz, onun yoluna tab gətirməzdik!

Abdurrahmən ibn Mehdi (rahiməhullah) buyurur:
- Sufyən əs-Səurinin hədislərini ən gözəl bilən Əhməddir. Əhməd ibn Hənbələ hər dəfə baxarkən Sufyən əs-Səurini xatırlayıram!

Əbu Zuradan (rahiməhullah) "Gördüyün hədis alimləri içində ən güclü hafizəyə malik olan kim idi?”- deyə soruşduqda, o bu cür cavab vermişdir:
- İmam Əhməd ibn Hənbəldir!

İmam İshaq buyurur:
- İraqda Əhməd ibn Hənbəl, Yəhyə ibn Məin və başqa dostlarımızla əyləşirdik. Hər hansısa bir hədisi bir, iki, yaxud üç şahid ilə müzakirə edirdik. Mən onlardan "Bu hədislərin qayəsi, təfsiri və fiqhi nədir?”- deyə soruşduqda, hər biri susardı, təkcə İmam Əhməd cavab verirdi. Onun hədis və sünnət elmi, tabiinlərin fətvalarını bilməsi, onlardan hökm çıxarması - onu həm hədisdə, həm də fiqh elmində imam etmişdir.

İbrahim əl-Hərbi (rahiməhullah) buyurur:
- Üç nəfər gördüm ki, onların tayı-bərabəri yoxdur! Analar onlar kimisini doğmaqdan acizdirlər. Mən Qasim ibn Səlləmi gördüm. O, içinə ruh üfürülmüş bir şahiqa kimi yüksək idi. Mən Bişr ibn Hərisi gördüm. O, da başdan ayağa kimi, təpədən dırnağadək ağılla yoğrulmuş bir idi. Mən Əhməd ibn Hənbəli gördüm. Allah o mübarək insanda, sanki öncəkilərin və sonrakıların elmini toplamışdır.

Yəhyə ibn Məin (rahiməhullah) buyurur:
- Əhməd ibn Hənbəl ilə 50 il dostluq etdim, bir yerdə olduq. Fəqət, bir dəfə də olsun, fərəhləndiyini görmədim, halbuki xeyirdə onun bənzəri yox idi!

Əbu Ubeydə Qasim ibn Səlləm (rahiməhullah) buyurur:
- Əbu Yusufun yanında oldum, Muhəmməd ibn Həsən, Yəhyə ibn Səid və Abdurrahmən ibn Mehdi ilə görüşdüm. Lakin heç birində Əhməd ibn Hənbəldə olan heybəti tapmadım!

Bir nəfər İmam Əhməd haqqında deyir:
- İmam Əhmədlə bir zamanda yaşayanları gördüm, fəqət onun kimi dindar, onun kimi nəfsinə hakim olan, fəqih, ədəbli və tərbiyəli, gözəl əxlaqlı, təmiz və sabit qəlbli, gözəl sözlü, göstəriş verməkdən uzaq bir kəsi görmədim!

Başqa biri onun haqqında buyurur:
- İmam Əhməd insanlar içində ən çox həyalı olanlardan idi. Şərəfli, gözəl əxlaqlı, gözəl biçimli bir kəs idi. Sükut etməyi çox sevərdi. Boş və faydasız şeylərdən üz çevirərdi. Ondan, hədis müzakirəsi, saleh və zahid kəslərin sözlərindan başqa heç bir söz eşidilməzdi. Bunu da təmkin, sükunət və gözəl sözlər ilə edərdi. Onunla qarşılaşan kəsin üzü gülərdi, ona sevinclə iltifat edərdi. Şeyxlərinə, alimlərə qarşı çox təvazökar idi. Onlar da imam Əhmədi sevər, ona hörmət və ehtiram göstərərdilər.

İmam Mərvazi (rahiməhullah) rəvayət edir ki, bir həkim yanında bir rahib ilə İmam Əhmədin yanına gəldi və yanındakı rahibi göstərərək dedi:
- Ey Əbu Abdullah! Səni görmək üçün mənimlə gəldi!

Rahib imam Əhmədə dedi:
- İllərdən bəridir səni görmək istəyirdim. Sənin varlığın təkcə İslam üçün deyil, bütün bəşəriyyət üçün xeyirlidir! Bizim aramızda səndən narazı olan yoxdur!
İmam Mərvazi bu an deyir:
- Ümid edirəm ki, ölkənin bütün şəhərlərində sənin üçün dua edirlər!

Bir gün İmam Əhməd öz dostu imam İshaqa deyir:
- Mənimlə gəl, sənə tayı-bərabəri görülməmiş bir insanı göstərim.
İmam Əhməd dostu imam İshaqı İmam Şafinin yanına aparır. Bu hadisəni xatırlayan imam İshaq buyurur:
- Heç Şafii də, Əhməd ibn Hənbəl kimisini görməmişdir!

İmam Nəsai (rahiməhullah) buyurur:
- Əhməd ibn Hənbəl, hədis elmi, fiqh, zuhd və səbr xislətlərinin hər birinə sahib idi!

İmam Əbu Davud (rahiməhullah) buyurur:
- Əhməd ibn Hənbəlin məclisləri Axirət məclisi idi. O məclislərində dünyaya aid bir şey danışmazdı. Onun dünyadan danışdığına heç bir zaman şahid olmadım!

İmam Abdurrazzaq ibn Həmməm (rahiməhullah) buyurur:
- Bizə böyük hafiz- əs-Sazkuni gəldi, Hədis ricalını çox gözəl bilən - Yəhyə ibn Məin gəldi, lakin bunların hər birini özündə cəm etmiş- Əhməd ibn Hənbəl bir daha gəlmədi.

İbnul Cəuzi (rahiməhullah) buyurur:
- İmam Əhməd Sünnəyə əməl edib, ondan möhkəm yapışmaqda imamların öndəri idi.

Nuh ibn Həbib (rahiməhullah) buyurur:
-Hicrətin 198-ci ilində, məsciddə Əhməd ibn Hənbəli görüb, ona salam verdim. Camaat onun ətrafına toplaşmışdı və o, da uşaq olmasına baxmayaraq artıq fətva verirdi.

Əbu Asim (rahiməhullah) buyurur:
- Bağdada gəldim və burada elm əhlindən kimin olduğunu soruşdum. Təxminən, ona yaxın elm əhlinin adını sadaladılar. Mən həmin sadalanan alimlər ilə görüşdüm. Onlar içində məni heyrətləndirən bir uşaq oldu– Əhməd ibn Hənbəl. Uşaq olmasına baxmayaraq ondan daha elmli birini görmədim!

İmam Abdurrazzaq (rahiməhullah) buyurur:
- Əgər bu uşaq (imam Əhməd) uzun ömür sürərsə, alimlərin xəlifəsi olacaqdır!

Əbu Zura İmam Əhmədin oğlu Salehə buyurur:
- Ey Saleh, sənin atan bir milyon hədis əzbər bilirdi!

İmam Mərvəzi (rahiməhullah) buyurur:
- İmam Əhməd evində oturarkən də, Allah qorxusu ilə oturardı.

İmam Abdurrazzaq (rahiməhullah) buyurur:
- Mən Əhməd ibn Hənbəldən daha elmli və Allahdan daha çox qorxan başqa birini görmədim!

Hər bir kəslə zarafat etməyi sevən Yəzid ibn Hərun (rahiməhullah) buyurur:
- Mən bircə İmam Əhməd ilə zarafat etmədim. Hər dəfə gəlib yanında əyləşər, fəqət ona olan ehtiramımdan dolayı bir dəfə də olsun onunla zarafat etməzdim.

Suleymən ibnul Əşar (rahiməhullah) buyurur:
- İmam Əhmədə bənzər bir kəs görmədim. Bir dəfə də olsun onun yanında dünya söhbətləri danışılmadı. Hətta İmam Əhmədin yanında mal sahibləri zikr olunduqda, İmam Əhməd buyurardı: "Bunlar nicat tapanlar deyildir, əsl nicat tapanlar sabah (yəni, Axirətdə) nicat tapacaq kəslərdir.”

Həfs ibn Riyad (rahiməhullah) buyurur:
- Vallahi, Kufəyə bu uşağa (Əhməd ibn Hənbələ) bənzər olan ikinci bir kəs daxil olmadı.

Bişr ibnul Həris (rahiməhullah) buyurur:
- İmam Əhməd elə bir yerdə dayandı ki, o yerdə peyğəmbərlər dayanardı.

İmam Huseyn (rahiməhullah) buyurur:
- İmam Əhmədi pisləyənlər, ayaqları ilə dağı uçurmaq istəyənlərdi. Hətta Xorasanda deyirdilər ki, İmam Əhməd bəşər olsa da, bəşərə deyil, mələklərə oxşar biridir.

İmam Şafii (rahiməhullah) buyurur:
- O bizdən yox, biz ondan faydalandıq! O bizdən faydalanmağa gələrkən, biz ondan faydalanırdıq.

Mərvəzi (rahiməhullah) buyurur:
- Müsəlmanlar Rumlularla müharibə zamanı hər gecə əllərini qaldırıb deyərdilər: "Əhməd ibn Hənbəl üçün dua edin!" Özləri müharibədə olsalar belə müharibədə olmayan alim-Əhməd ibn Hənbəl üçün dua edərdilər.

İmam Zəhəbi (rahiməhullah) buyurur:
- İmam Əhmədin həyatda olması nəinki İslam ümməti üçün, həmçinin bütün bəşəriyyət üçün də xeyirli idi.

Bəzi insanlar İmam Əhməd haqqında demişdir:
- Əgər imam Əhməd yəhudilərin içindən çıxmış olsaydı, yəhudilər onu peyğəmbər sayardılar!



*- Mürtədlik günü
**- Mötəzilələrin Quranın məxluq olmasını iddia etməsi və xalqı bunu qəbul etməyə təhrik etdikləri gün



(İmam Əhməd haqqında bu və sonrakı risalələr üçün) istifadə etdiyim bütün mənbələr:

- əz-Zəhəbi, Siyər a’ləmun Nubələ, 11/177, 188, 195- 199, 211, 229, 241-242, 358
- İbnul Cəuzi, Mənəqibul İməm Əhməd, səh. 380
- əz-Zəhəbi, əs-Siyər, 11/177-358
- İbn Kəsir, əl-Bidəyə van-Nihəyə, 1/332; 10/325, 329, 340-358
- İbn Həcər, Təhzibut-Təhzib, 1/66-68, 72, 76; 5/141
- əz-Zəhəbi, Təzkiratul-Huffəz, 2/431-432, 656
- Şəzəratuz-Zəhəb, 2/96-98
- əl-Xudəri, Tarixut-Tasriil-İsləmi, səh. 260-261
- əl-Xatib əl-Bəğdadi, Tarixu Bəğdad, 4/412-423
- Əbu Nueym, Hilyətul Əuliyyə, 9/161, 233
- əl-Buxari, ət-Tarixul-Kəbir, 1/2-5
- İbn Həlikən, Vəfəyətul-Ayən, 1/47-49
- İbn Əbi Yələ, Təbəqatul-Hənəbilə, 1/4-20
- İbnul Cəuzi, Mənaqibul İməm Əhməd, səh. 69, 95, 123, 155, 168, 176, 182, 183, 192, 203, 214
- Muhəmməd Əbu Zəhra, Əhməd ibni Hənbəl, 1/357, 362, 383, 502-509
- Muhəmməd Əbu Zəhra, Usulul Fiqh, səh. 108, 299, 300
- İbnul Qeyyim, İləmiul əl-Muvakkiin, 1/28-33, 119, 125, 178, 181, 182, 344; 3/111; 4/205-206
- əl-Mədini, Həsəisul- Musnəd, 1/21, 23
- İmam Suyuti, Tədribur-Ravi
- İbn AbdilBərr, Cəmiul-Bəyənil İlm, 2/149
- İbn Teymiyyə, Məcmuul-Fətava, 1/406
- İbn Quteybə, İxtiləf fil Ləfz, səh. 60
- əs-Subki, Təbəqatuş-Şəfiiyyə, 1/27-63, 118, 120, 205, 214
- İbn ən-Nədim, əl-Fihrist, səh. 285
- İbn Mənzur, MuhtəsəruTarixi Diməşq, 3/240, 257
- əl-Mizzi, Təhzibul Kəməl, 1/437, 470
- İbnul Cəzəri, əl-Məşədul Əhməd fi Xatmi Musnəd İməm Əhməd, 1/28, 56
- AbdulAziz əl-Dihləvi, Bustənul-Muhəddisin, səh. 68-70
- Munəccid, Mu’cəm, 1/11, 15, 20; 3/19
- İbnul Qeyyim, ət-Turukul-Hukmiyyə, səh. 13, 222, 227, 229
- AbdulQadir Bədran, əl-Mədxal ilə Məzhəbit İməm Əhməd ibn Hənbəl, səh. 42-43, 133
- Əli Həsən AbdulQadir, Nəzratun Ammə fi Tarixi fiqhil İsləmi, səh. 223, 287
- Muhəmməd ibn Həsən əl-Həcvi, əl-Fiqhus-Səmi fi Tarixi Fiqhil- İsləmi, 2/25
- Buxari, Xalqu ərailil İblidi, səh. 154, 199
- Əbi Davud, Məsailul İməm Əhməd ibni Hənbəl, səh. 262
- AbdulVahid ibn AbdulAziz ət-Təmimi, İtiqatul İməmil Munbəl Əbu Abdullah Əhməd ibn Hənbəl, 2/249, 293-296, 298, 300-303
- Beyhəqi, əl-Əsmə vaş-Şifət, səh. 304, 338-339
- İmam Ğazəli, İhyə, səh. 103-104
- Əbu Yələ, əl-Mutəməd əl Usuluddin, səh. 62, 84, 165, 188, 238
- Əbul Yusr, Usuluddin, səh. 253
- İbn Teymiyyə, Məcmuətur-Rasail, 3/396
- İbn Teymiyyə, əl-İkiil fil Mutəşəbih vat-Təvil, 13/295
- İbn Teymiyyə, Muafəqatu Şəhihil Mənqut, 1/71
- Tarixul İsləm, 1/58-131


___________________

Hazırladı: əz-Zubeyr

Yüklə:

AhmedBinHenbel-1.pdf
ImamEhmed-1.jar
ImamEhmed-1.jad


Ardı burada...


Bölmə: Mobil Kitablar | Baxılıb: 1059 | Yüklədi: selefimedia