Baş səhifə » 2013 » İyun » 13 » Əsl zahidlik nümunəsi. Səhabə və Tabiin nəsli. 5-ci Hissə. (Tamamını yükləmə faylları:pdf,word,jar,jad əlavə edilmişdir)
10:25
Əsl zahidlik nümunəsi. Səhabə və Tabiin nəsli. 5-ci Hissə. (Tamamını yükləmə faylları:pdf,word,jar,jad əlavə edilmişdir)


Əsl zahidlik nümunəsi.

Səhabə və Tabiin nəsli.


Əvvəlki Hissələr: (1-ci hissə) : (2-ci hissə) : (3-cü hissə) : (4-cü hissə)

Tamamını yükləmə faylları. PDF : WORD : JAR : JAD


Əbu İshəq:

Aun İbn Abdullah Əbu İshəqa deyir: "Özündən sonra nə qoyub gedirsən?” Əbu İshəq deyir: "Bir rükətdə Bəqərə surəsini oxuyurdum, onu qoyuram!”

Muhəmməd ibnul Munkədir:

İbn Uyeynə rəvayət edir ki, Muhəmməd ibnul Munkədirdən soruşdular: "Ən çox sevdiyin əməl hansıdır?” O dedi: "Möminləri sevindirmək!”

Səlləm ibnul Munzirin:

Həmməd ibnuz-Zeyd deyir ki, Səlləm ibnul Munzirin yanına daxil oldum. Can üstə idi. Onun bu halı məni kədərləndirdi. Bu vaxt müəzzinin azan səsi eşidildi. Səlləm ibnul Munzir müəzzinin sözlərini təkrar etməyə başladı. Elə ki, müəzzin şəhadət gətirməyə başladı, Səlləm də şəhadət gətirdi və vəfat etdi!

Urvə ibnuz-Zubeyr:

Hişəm ibn Urvə rəvayət edir ki, atamın ayağı kəsilərkən o belə dua etdi: "Allahım, etdiklərin nə gözəldir. Mənə iki ayaq, iki əl verdin. Onlardan biri aldın. (Başqa rəvayətdə: "Həqiqətən, Sən çoxunu verdin, azını aldın! – tərc.)”

Hişəm rəvayət edir ki, atam qırx il günlərini oruclu keçirdi, elə oruclu ikən də ruhunu təslim etdi!

İmam Tavus:

Abdullah ibn Bişr rəvayət edir ki, Tavus məscidə getmək üçün bazardan keçərkən, ütülmüş heyvan başlarını görər və cəhənnəm əhlini xatırladığı üçün o gün yemək yeyə bilməzdi.

Abdurrazzaq atasından rəvayət edir ki, çovğun və buludlu bir qış səhəri idi. Yəmənin valisi Muhəmməd ibn Yusuf (və ya Eyyub ibn Yəhyə) Tavusun yanına gəldikdə, onu səcdədə tapdı. (Soyuq olmasın deyə) üstünə bir şey salınmasını əmr etdi. Üzərinə saldıqda isə o başını belə qaldırmadı, fəqət salam verib namazı bitirdikdə üzərinə salınmış şeyi gördü və onu bir tərəfə qoyub evinə getdi.

Ata ibn Əbu Rabah

İbn Cureyc rəvayət edir ki, Ata ibn Abu Rabah yaşlandığı və zəiflədiyi üçün bir rükətdə Bəqərə surəsindən iki yüz ayə oxuyurdu.

Mücahid

Leys rəvayət edir ki, Mücahid demişdir: "Kim nəfsini zəlil edərsə, dini əzizləşər. Kim nəfsini əzizləyərsə, dini zəlilləşər.”

Həris ibnul Qeys:

Rəvayət edilir ki, Həris ibnul Qeys demişdir: "Dünyadan bir ehtiyacın olsa tövbə et, Axirət ehtiyacını isə Allahdan dilə!”

İbrahim ibn Ədhəm:

Əbu Muaviyə rəvayət edir ki, İbrahim ibn Ədhəm demişdir: "Allah ilə öz arana başqa bir nemət verən daxil etmə. Əks halda borcun çoxalar!”

Rəvayət edilir ki, İbrahim ibn Ədhəm demişdir: "Məşhurlaşmağı sevən Allahı qəlbən təsdiq etməmişdir!”

İbn Muxeyriz:

Raca ibn Əbu Sələmə rəvayət edir ki, İbn Muxeyriz nəsə almaq üçün dükana girdi. Bir nəfər satıcıya – "Bilirsənmi kimdir? İbn Muxeyrizdir!” – dedi. Bunu eşidən ibn Muxeyriz dedi: "Biz bura pulumuz ilə nəsə almağa gəldik, dinimiz ilə deyil!”

Atə əl Xorasani:

Abdurrahmən İbnul Yezid rəvayət edir ki, Atə əl-Xorasani ilə cihada yollandıq. Gecəni namazda keçirdi. Gecənin üçdə biri və ya yarısı keçdikdən sonra çadırına gəlib dedi: "Ey Abdurrahmən ibnul Yezid, Ey Hişəm, Ey Yezid, ey filankəs ... Dəstəmaz alın və namaza qalxın. Gecə qalxıb namaz qılmaq, gündüzləri oruc tutmaq –  (cəhənnəmdə) qan və irin içməkdən, qızğın dəmirlərin bədəninizə basılmasından daha asandır.”

Yezid ibnul Mərsəd:

İbn Cəbir deyir ki, Yezid ibn Mərsəddən "Nə üçün daim gözlərin yaşlıdır?” – soruşdum. O dedi: "Əziz qardaşım, Uca Allah ona asi olacağımız təqdirdə bizi Cəhənnəmdə həbs etməklə hədələmişdir. Əgər o bizi hamamda həbs  etməklə təhdid etsəydi belə, bizim gözlərimiz qurumamalı idi.”

Yezid ibnul Mərsəd ailəsinin yanında da bu halda olardı. Qarşısına yemək qoyular, bu hal onun yeməsinə mane olardı. Zövcəsi bunu gördükdə ağlayardı, onların nə üçün ağladığını bilməyən uşaqları da ağlamağa başlayardı. Bəzən zövcəsi deyərdi: "Sənin bu hüznündən dolayı gözlərimiz nurlanmadı”

Əbu Muslim əl-Xauləni:

Yezid ibn Yezid ibnul Cəbir rəvayət edir ki, Əbu Muslim əl-Xauləni demişdir: "Allahı elə zikr edin ki, cahillər sizi dəli zənn etsinlər!”

Şurahbil ibn Muslim rəvayət edir ki, Əbu Muslim əl-Xauləni bir xarabalığın yanından keçərkən oraya xitab edərək dedi: "Ey xarabalıq olan ev! İçində yaşayanlar haraya getdilər? Özləri artıq getdi, geriyə isə sadəcə etdiyi əməlləri qaldı. Şəhvətləri kəsildi, günahları isə əbədi qaldı. Ey Adəmoğlu, günahları tərk etmək, tövbə etməkdan daha asandır!”

Şurahbil ibn Muslim rəvayət edir ki, iki nəfər Əbu Muslim əl-Xauləninin evinə gəlir, onun məsciddə olduğunu söyləyirlər. Onlar məscidə gedib, Əbu Muslimin namaz qıldığını görürlər. Onu gözlədikləri müddətcə rükətləri saymağa başlayırlar. Və dörd yüz rükət qıldığını sayırlar.

Səid ibnul Museyyəb:

İmran rəvayət edir ki, Səid ibnul Museyyəb qırx il ərzində bir vaxt namazı belə qəza etməmişdir.

Osman ibnul Həkim rəvayət edir ki, otuz ildir müəzzin azan oxuduqda, Səid ibnul Museyyəb məscidin içində onu dinləyirdi.

Rəvayət edilir ki, bir gün xəlifə Abdul-Məlik ibn Mərvan yuxudan ayılıb, köməkçisinə dedi: "Peyğəmbər –Allahın ona salavat və salamı olsun- məscidinə get. Orada olan alimlərdən birini çağır ki, bizə hədis nəql etsin.” Köməkçi məscidə girdi, məscidin ortasında bircə elm halqası gördü. Əli ilə şeyxə işarə etdi. Fəqət şeyx ona önəm vermədi. Sonra şeyxə yaxınlaşıb dedi: "Əlim ilə işarə etdim, nə üçün mənə önəm vermədin?” Şeyx dedi: "Nə istəyirsən?” Köməkçi: ”Möminlərin əmiri məni göndərib dedi ki, orada olan alimlərdən birini çağır ki, bizə hədis nəql etsin.” Şeyx dedi: "Mən onun üçün hədis rəvayətçisi deyiləm!” Köməkçi dedi: "Amma xəlifə ona hədis nəql edən bir kəs istəyirdi!” Şeyx dedi: "Kimdənsə bir şey istəyən, həmin kəsin ayağına gələr. Əgər istəyirsə bu halqada ona da yer var. Hədis ayaqlara gəlməz, hədisi almaq üçün gedərlər!” Köməkçi xəlifənin yanına qayıdıb, şeyxlə arasında olanları ona çatdırdı. Abdul-Məlik ibn Mərvan dərindən ah çəkib yerindən qalxdı və dedi: "O, Said ibnul Museyyəb idi! Ehhh, kaş, sən ona yaxınlaşmaz və bunları söyləməzdin!”

İbnul Hərmələ rəvayət edir ki, Səid ibnul Museyyəb qırx dəfə həcc etmişdir.

Səid ibnul Museyyəb buyurur: "İşa namazından sonra yatmağım – mənim üçün ondan sonra oyaq qalıb faydasız, boş danışmaqdan daha sevimlidir.”

Biləl ibnus Səad:

Rəvayət edilir ki, Biləl ibnu Səad demişdir: "Etdiyin günahın kiçikliyinə baxma, bu günah ilə Kimə asi olduğuna bax!”

Həmçinin Biləl ibnus-Səad demişdir: "Əgər yaxşı əməllərin və unutqanlığın pis əməllərini sənə unutdurursa, demək ki, sən aldanırsan!”

İmam Əvzai rəvayət edir ki, Biləl ibnus Səad demişdir: "Allah sizə dünyaya qarşı meyl etməyəyi əmr etdiyi halda, dünyaya meyl etmək artıq sizə günah olaraq kifayətdir!”

Həmçinin Biləl ibnus-Səad demişdir: "Aşkarda Allahın dostu, təklikdə isə Onun düşməni olma!”

Vəhb ibnul Munəbbih

Cəfər rəvayət edir ki, Vəhb ibnul Munəbbih demişdir: "Nə xoşbəxtdir, öz eybini görüb, başqalarının eybini görməyən kəs. Nə xoşbəxtdir, miskin olmadığı halda Allah üçün təvazökar olan kəs. Nə xoşbəxtdir, halal qazancla topladığını Allah yolunda xərcləyən kəs. Nə xoşbəxtdir, Elm, əxlaq və hikmət əhli ilə oturub-duran kəs. Nə xoşbəxtdir, Sünnət üzərində addımlayıb, bidətlərə düşməyən kəs.”

Rəvayət edilir ki, Vəhb ibnul Munəbbih demişdir: "Dinə ən çox yaxınlaşdıran - əxlaq və dünyada zahid olmaqdır. Ən çox uzaqlaşdıran isə - öz nəfsinə tabe olmaqdır. Dünyaya rəğbət etmək nəfsə tabe olmaqdır. Mal və məqam sevgisi dünyaya rəğbət əmələ gətirir. Mal və məqam sevgisinin səbəbi isə haramları halal edib Allahın qəzəbinə tuş gəlməkdir. Allahın qəzəbi elə bir dərddir ki, onun dərmanı ancaq Allahın rizasını qazanmaqdır. Allahın rizası da elə bir şeydir ki, o var ikən heç bir xəstəlik zərər verə bilməz. Allah rizasını əldə etmək istəyən nəfsinə qəzəblənsin. Nəfsinə qəzəblənməyən Allahı razı edə bilməz. Əgər bir insan dinindən kimlərinsə xoşlamadığı bir şeyi tərk edərsə, bir gün gələr onun dinindən əsər-əlamət belə qalmaz!”

Abdurrahmən ibnul Yezid rəvayət edir ki, Vəhb ibnul Munəbbih demişdir: "Ey dünyada əbədi qalacaq kimi hərəkət edən kəslər, siz zəngilliyi yarada bilməzsiniz! Bir yerdən başqa bir yerə köç edəcəksiniz. Necə ki, atanızın nütfəsindən, ananızın bətninə, bətndən dünyaya gəldiniz, eləcə də, dünyadan qəbrə, qəbrdən məhşərə, məhşərdən də əbədi həyata köçəcəksiniz.”

Məymun rəvayət edir ki, mühacirlərdən biri namazını sürətlə qılan bir adamı görür və ona acıqlanır. Həmin adam isə deyir: "(Namazda) itirdiyim bir şeyi xatırladım.” Həmin mühacir deyir: "Amma itirdiyindən daha böyüyünü itirdin.” (yəni, Namazı sürətlə qılmaqla, itirib namazda xatırladığın şeydən daha böyük olan – savabı itirdin. – tərc.)

Cundub demişdir: "İnsanlara nəsihət edib, öz nəfsini unudan kəs, başqalarını işıqlandırıb, fəqət özünü tükədən şama bənzəyir!”

əl-Leysi buyurur: "Bütün əməllərə nəzər saldıq, Axirət üçün ən xeyirli əməlin dünyadan əl çəkmək olduğunu gördük.”

Nədr ibn İsməil rəvayət edir ki, Ramazan gecələrinin birində Amr ibn Zərrin yanında idik. Ölümdən və ölüm anında hazır olacaq əzab və rəhmət mələklərindən bəhs edirdi. Bu vaxt bir gənc huşunu itirib yerə yıxıldı. Bir qədər sonra isə dünyasını dəyişdi.

Əli İbnuz-Zeyd rəvayət edir ki, Ənsarlardan bir nəfər ölüm ayağında ikən oğluna belə nəsihət etdi: "Allahdan qorx! Saleh bir əməl görmək iqtidarında olduqda, onu sabaha saxlama. Tamahkar olma – Çünki tamahkarlıq fəqirlik gətirir. Ümidsizliyə qapanma – Ümid etdiyin hər bir işdə Allah sənə yetər! Düşünmə ki, hər bir şey üçün bir üzr vardır. Bil ki, etmədiyin xeyirli bir əməlin üzrü olmaz. Namaza qalxdığında onu son namazın kimi qıl, çünki növbəti namaza yetişməyə bilərsən!”



Abdullah ibnul Mubərakın "Kitəbuz-Zuhd vər-Raqaiq” və Əhməd ibn Hənbəlin "Zuhd” kitabı əsasında...


Hazırladı: Ummu Suleyman

Son.




Bölmə: Maraqlı məqalələr | Baxılıb: 870 | Yüklədi: selefimedia