Əsl zahidlik nümunəsi.Səhabə və Tabiin nəsli.3-cü hissə. - 20 Мая 2013 - Elm, İman, Əməl, İxlas.
Baş səhifə » 2013 » May » 20 » Əsl zahidlik nümunəsi.Səhabə və Tabiin nəsli.3-cü hissə.
11:33
Əsl zahidlik nümunəsi.Səhabə və Tabiin nəsli.3-cü hissə.

Əsl zahidlik nümunəsi.


Səhabə və Tabiin nəsli.


(2-ci hissə)

(1-ci hissə)


Salman əl-Farisi:

Həsən deyir: Salman ölüm ayağında ikən ağlamağa başladı. Ondan: Axı nə üçün ağlayırsan? – deyə soruşdular. O dedi: "Dünyadan köçdüyüm üçün ağlamıram, ona olan sevgimdən dolayı da ağlamıram. Lakin bir gün Rəsulullah (sallAllahu aleyhi və səlləm) bizə dedi: Dünyadan götürəcəyiniz pay, ancaq bir yolçunun azuqəsi qədər olsun!” O bizdən əhd almışdır, biz isə bu əhdimizə xilaf çıxdıq.”
Həsən deyir: "Sonra Salmanın qoyub getdiyi mala baxdıq, iyirmi və ya otuz dirhəmi qalmışdır.”
Başqa rəvayətdə Səad deyir: "Salmanın ətrafındakı əşyalara baxdım, bir ləyən, bir paltar yumaq üçün qab və bir çanağı vardı.

Cəfər rəvayət edir ki, Salman əl-Farisi demişdir: ”Üç şeyə gülür, üç şeyə də ağlayıram. Onu ölüm gözlədiyi halda, dünya üçün çalışan, qafil bir kəs və Rəbbinin ondan razı qaldığını və ya ona qəzəbləndiyini bilmədiyi halda qəh-qəhə ilə gülən adam məni güldürür. Lakin, sevdiyim kəslərdən ayrılmaq, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) və səhabələrindən ayrıldığım kimi, Cənnətə yoxsa Cəhənnəmə düşəcəyimi bilməməyim və Aləmlərin Rəbbinin hüzurunda duracağım – bax, bunlar məni ağladır.”

Əbu Hureyra:

Salim ibnul Bəşir rəvayət edir ki, Əbu Hureyra ölüm ayağında ikən ağlamağa başladı. Ondan nə üçün ağladığını soruşduqda belə dedi: "Dünyadan ayrıldığım üçün ağlamıram. Ona görə ağlayıram ki, yolum uzun, tədarüküm isə azdır. Mən Cənnət və Cəhənnəm arasındakı bir təpədə axşamladım və bilmirəm hansısa düşəcəyəm.”

əs-Subhi rəvayət edir ki, Əbu Hureyra demişdir: "Eh qarnım. Doyuranda məni azdırır, ac saxlayanda məni qıvrıldır. (yəni, acından qıvrılıram.)”


Abdullah ibn Məsud:

Abdullah ibnul Utbə rəvayət edir ki, Abdullah ibn Məsud insanların yuxuya getdiyi vaxt qalxar və ondan arının səsi kimi bir səs eşidilərdi.

Məsruk rəvayət edir ki, Abdullah ibn Məsud demişdir: "Oruclu olduğunuz zaman dodaqlarınıza yağ sürtün ki, heç kim oruc tutduğunuzu hiss etməsin!”

Mənsur danışır ki, Abdullah ibn Məsud namaz qıldığı zaman, sanki atılmış bir paltarı xatırladardı.

Məin rəvayət edir ki, Abdullah ibn Məsud demişdir: "Bacarsan özünü Quran ilə həmsöhbət eylə! Allahın (subhənəhu və təalə) "Ey iman gətirənlər!” dediyi zaman (xitabın sənə olunduğunu düşünüb) qulağını geniş aç, çünki bu an ya xeyir əmr ediləcək, ya da şərdən çəkindiriləcəkdir!”

Abdurrahmən ibnul Həmid rəvayət edir ki, Abdullah ibn Məsud cənazədə gülən bir kəsi gördü və ona dedi: "Cənazədə gülürsən? Səninlə daha danışmaram!”

Abdullah ibn Məsud buyurur: "Quran əhli – insanlar yatdıqları zaman gecənin qiymətini, insanlar yeyib içdikləri zaman gündüzün dəyərini, xalq sevinc içində ikən hüznün gerçək mənasını, onlar gülərkən göz yaşın nə olduğunu, insanlar xəta edərkən susmağı, insanlar aldandıqları zaman isə xüşu içində olmağı bilməlidir. Quran əhlinə gözü yaşlı, hüznlü və ağır olmaq yaraşır. Onlara kobud, qafil, məzəli və sərt olmaq yaraşmaz.”

Məin ibnus Saad rəvayət edir ki, Abdullah ibn Məsud bir gün dəmirçilərin yanından keçərkən, köz halına gəlmiş dəmirləri gördü və hönkürtü ilə ağlamağa başladı.

Muhəmməd ibn Sirin rəvayət edir ki, Abdullah ibn Məsud bir nəfərə yardım edib, onun ehtiyacını ödədi. Evə gəldikdə bir hədiyyə gördü və onun nə olduğunu soruşdu. "Sənin yardım etdiyin adam göndərdi.” –dedilər. Bunu eşidən Abdullah ibn Məsud dedi: "Onu tez evdən çıxarın. Mən etdiyimin əvəzini bu dünyada almaram!”

Möminlərin anası Aişə (Allah ondan razı olsun)

Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) "Evlərinizdə qərar tutun! (Əhzab surəsi, 33)” ayəsini oxuduqda hicabı islanıncaya qədər ağladı.

Hişəm atasından nəql edir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Kaş ki, unudulardım!”

Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir:  "Kaş ki, doğranan bir ağac olardım, kaş ki heç yaradılmazdım.”

Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) bir ağacın yanından keçərkən demişdir: "Ehh, kaş ki, bu ağacdakı yarpaqlardan biri olardım!”

Utbə ibnul Qazvan:

Xalid ibn Umeyr rəvayət edir ki, Utbə bir xütbə verdi, Allahı həmd səna etdikdən sonra buyurdu: "Şübhəsiz ki, bu dünyanın bir sonu vardı və (ömür) çox sürətlə keçir. Ondan geridə qalan isə sizin içərək qabın dibində saxladığınız su qədərdir. Siz əbədi bir həyata qədəm qoyacaqsınız. Oraya hazırladığınız ən xeyirli əməllər ilə qədəm qoyun. Eşitdim ki, bir daş cəhənnəmin dibinə yetmiş ilə çatır. Allaha and olsun ki, həmin cəhənnəm doldurulacaqdır. Təəccübləndinizmi? Eşitmişəm ki, Cənnətin iki yeri arası qırx illik məsafədir. Elə bir gün gələcəkdir ki, ora da dolacaqdır. Xatırlayıram, Rəsulullah ilə (sallAllahu aleyhi və səlləm) birlikdə yeddi nəfər idik. Yeməyə ağac yarpaqlarından başqa heç nəyimiz yox idi, hətta sonda damağlarımız yara olmuşdur. Mənim bir paltarım vardı. Onu iki yerə böldüm, yarısını mən, yarısını da Səad (radıyAllahu anhu) geyindi. Bu gün isə aramızda sağ qalanların hərəsi bir şəhərə əmir oldu. Mən öz gözümdə böyük, Allahın gözündə isə kiçik olmaqdan Allaha sığınıram. Sizlər bizdən sonra bir çox idarəçilər ilə sınağa çəkiləcəksiniz.”

Həsən və Huseyn (radıyAllahu anhumə):

Ummu İshəq binti Talhə (Allah ondan razı olsun) rəvayət edir ki, Həsən ibn Əli gecənin əvvəlində, (qardaşı) Hüseyn isə gecənin sonunda (namaza) qalxardı.

Bəkir İbn Abdullah:

İbrahim ibn İsə rəvayət edir ki, Bəkir demişdir: "Evimdən çıxıb yolda rastlaşdığım insanların məndən daha fəzilətli olduğunu gördüm. Çünki mən özümü çox gözəl tanıyıram, onlar haqqında isə yəqin deyiləm.”

Ummu əd-Darda:

Vəhb əl-Məkki rəvayət edir ki, bir gənc Ummu əd-Dardaya çoxlu suallar verdi. Nəhayət Ummu əd-Darda dedi: "Sən bu soruşduqlarının hər birinə əməl edirsənmi?” O: "Xeyr!”-dedi. Ummu əd-Darda dedi: "Elə isə, nə üçün öz əleyhinə olan hüccəti çoxaldırsan?!”

Ammar ibn Yəsir:

Rəvayət edilir ki, Ammar ibn Yəsir Firatın sahilində ikən demişdir: "Ya Rabb! Əgər bilsəydim ki, buradan özümü atmaqla səni razı salacam, mütləq bunu edərdim. Allahummə, əgər bilsəydim ki, bir alova girməklə səni məmnun edəcəm, mütləq özümü həmin oda atardım. Ya Rabb! Əgər bilsəydim ki, özümü bu çaya atıb, boğulmaqla səni məmnun edəcəm, mütləq bunu edərdim!”

Muaz ibnul Cəbəl:

Abdullah ibnus-Sələmə rəvayət edir ki, bir nəfər Muaza nəsihət etməsini xahiş etdi. Muaz dedi: "Oruc tut, iftar et, namaz qıl, yat və dünyavi keçimin üçün də çalış. Günahlardan həzər et və yalnız müsəlman olaraq ölməyə çalış. Məzlumun duasından da özünü qoru!”

Rəvayət edilir ki, Muaz ölüm ayağında ikən belə dua etdi: "Allahummə, bilirsən ki, mən bu dünyada bağ-bağat işləri ilə məşğul olmaq üçün qalmaq istəmədim, fəqət ehtiyaclılara kömək etmək, sıxıntıda olanlara yardım etmək və zikr məclislərində oturmaq üçün qalmaq istədim!”

Əbu Səid ibnul Muəllə danışır ki, bir karvanla qarşılaşdım. Mənə nəsihət etdilər. Aralarında gözünü bir nöqtəyə zilləmiş kimi baxan bir gənc vardı. Ona yaxınlaşıb nəsihət istədim. O dedi: "Axirətdə ehtiyac içində olduqdan sonra, bu dünyada zəngin olmağın heç bir mənası yoxdur. Biri dünya, digəri isə Axirət üçün olan iki vəziyyətlə üz-üzə gəlsən, öncə Axirət üçün olanı yerinə yetir. Çünki Axirətin qopması ilə hər şey bitəcək.” İbnul Muəllə sözünə belə davam etdi: "Allaha and olsun ki, orada olanların etdikləri nəsihətləri unutdum, lakin Allahu təalə bu gəncin nəsihətini qəlbimə yerləşdirdi. Getdikdən sonra onun kim olduğunu soruşdum. Muaz ibnul Cəbəl (radıyAllahu anhu) olduğunu söylədilər.”

Tariq ibn Abdurrahmən rəvayət edir ki, Şamda taun xəstəliyi yayılarkən Muaz bir xütbə verdi və buyurdu: "Siz bu xəstəlikdən də şiddətli olan bir şeydən qorxun! O da, insanın evinə mömin yoxsa münafiq kimi qayıtdığını bilməməsi və idarəçiliyin uşaqların əlinə keçməsidir.”

Muhəmməd ibn Nədr rəvayət edir ki, Muaz ibnul Cəbəl demişdir: "Üç şey vardır ki, kim onları edərsə, Allahın qəzəbinə düçar olar: Boş yerə gülmək, çox yatmaq və tox ikən yemək!”

Huzeyfə ibnul Yəmən:

Muhəmməd ibn Sirin rəvayət edir ki, Ömər ibnul Xattab Huzeyfəni vali təyin etmişdir. Vəzifəsini bitirdikdən sonra  geri qayıdarkən Ömər özü onu qarşılamaq üçün yola çıxdı. Yolda oturub, Huzeyfədən ayrıldığı gündən bəri və valilik dönəmindən sonra vəziyyətinin necə olduğu haqda düşünməyə başladı. Huzeyfəni əvvəlki halında gördükdə isə, onu qucaqlayaraq: "Sən mənim qardaşımsan, mən də sənin!”- dedi və bu sözünü iki dəfə təkrarladı!

Təmim əd-Dari:

Rəvayət edilir ki, Təmim əd-Dari bir gün Casiyə surəsini oxuyurdu. "Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. (Casiyə surəsi, 20)” –ayəsinə çatdıqda ağlamağa başladı və səhər açılanadək ağlayaraq bu ayəni təkrar etdi.

Əbu Ubeydə ibnul Cərrah:

Qatadə rəvayət edir ki, Əbu Ubeydə demişdir: "Kaş ki, bir qoç olardım. Sahibim məni kəsər və ətimi yeyərdi.”

Hişəm babasından (Urvədən) rəvayət edir ki, bir gün Ömər ibnul Xattab Şama səfər etmişdir. Şəhərin hakimləri onu qarşıladılar, Ömər soruşdu: "Qardaşım hanı?” Onlar dedi: "Ey möminlərin əmiri, qardaşın kimdir?” Ömər: "Əbu Ubeydə!” –dedi. Bu vaxt Əbu Ubeydə dəvə ilə gəldi və Öməri salamlayıb, hal-əhval tutdu. Sonra Ömər onun evinə getdi. Evində qılınc, mizraq və qalxandan başqa heçnə görməyib dedi: "Bir az əşya toplayardın!” Əbu Ubeydə dedi: "Cənnətə girməyimiz üçün bunlar kifayət deyilmi?”

Səad ibn Əmr əl-Cuməhi:

Məlik ibn Dinar rəvayət edir ki, Ömər Şama gəldiyi zaman şəhəri dolaşmış və oradakı fəqirlərin adlarının ona bildirilməsini əmr etmişdir. Onların adı təqdim edilərkən isə, Ömər onlar arasında Səadın adını oxudu və "Səad ibn Əmr kimdir?” –dedi. Onlar: "Valimizdir!”- deyə cavab verdilər. Ömər təəccüblü halda: "Valiniz fəqirdirmi?” Onlar: "Bəli! Vallahi ki, o günlərini evində ocaq yandırmadan keçirir.” –dedilər. Ömər bunu eşidib ağlamağa başladı, hətta göz yaşları saqqalını islatdı. Sonra ona min dinar göndərilməsini əmr edərək dedi: "Məndən ona salam söyləyin və ehtiyaclarından dolayı bu pulları ona möminlərin əmiri göndərdiyini bildirin!” Bu pullar Səada çatdıqda isə o dedi: "İnnə lilləhi və innə ileyhi raciun! (Həqiqətən biz Allaha məxsusuq və Onada qayıdacağıq!)”
Bunu eşidən zövcəsi dedi: "Nə oldu? Möminlərin əmiri vəfat etdimi?” Səad dedi: "Xeyr, bundan daha böyük müsibət oldu. Dünya evimə girdi və "İstədiyini et!” –söylədi!”. Sonra Səad  dinarları müsəlman fəqirlərə payladı.

Cəfər ibn Əbu Talib:

Əbu Hureyra rəvayət edir ki, Cəfər miskinləri sevər, onlarla oturub-durar və onlarla həmsöhbət olardı. Bu səbəbdən Rəsulullah (sallAllahu aleyhi və səlləm) onu miskinlərin sevimlisi adlandırmışdr. (Hədis üçün bax: Tirmizi, 66; İbn Məcə, 4125)

Ənəs ibn Məlik:

İmam Zuhri rəvayət edir ki, Dəməşqə gəldikdə orada Ənəs ibn Məlik ilə qarşılaşdım. Gördüm ki, Ənəs ağlayır. Ondan soruşdum:
- Ey Ənəs, nə üçün ağlayırsan?

Ənəs ibn Məlik (radıyAllahu anhu) buyurdu:
- Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) zamanında gördüklərimi indi tapa bilmirəm. Bircə namaz var idi, onu da zay etdilər!
Abdurrahmən ibnul Əsvəd

Nədr ibn İsməil rəvayət edir ki, Əsvəd ailəsi "Cənnət əhli” adlandırılırdı. Abdurrahmən ibnul Əsvəd ailənin ən az ibadət edəni kimi tanınırdı. O, gün ərzində yeddiyüz rükət namaz qılardı.

Əbu İshəq rəvayət edir ki, Abdurrahmən ibnul Əsvəd Mədinəyə gəldi. Ayağı şikəst idi. Səhərə kimi tək ayağı üzərində dayanıb namaz qıldı. İşa namazının dəstəmazı ilə bizə sübh namazını qıldırdı.

Zubeyd deyir ki, hər dəfə Abdurrahmən ibnul Əsvəd ilə qarşılaşdıqda bizə belə deyərdi: "Allah ilə görüşə hazır olun!”

Fudeyl ibn İyəd:

Yəhyə ibnul Həsən deyir: "Fudeyli nə vaxt görərdimsə, onun halına acıyardım. Bir gün onu əlində bir qədər quru xurma ilə gördüm. Əvəzində nəsə almaq üçün onu satmaq istəyirdi. Allah ona rəhmət etsin, ona heçnə demədən oradan uzaqlaşdım.”

Əli ibnul Fudeyl ibn İyəd:

Muhəmməd ibn Əbu Osman rəvayət edir ki, Fudeyl ibn İyədin oğlu Əli Sufyən ibn Uyeynənin yanında idi. Sufyən Cəhənnəmdən danışdı. Əlinin əlində kağıza bükülmüş nə isə var idi. Sufyənin sözlərini eşidib, elə hala qaldı ki, əlindəki yerə düşdü. Sufyən ona tərəf çevrilib dedi: "Burada olduğunu bilsəydim, Cəhənnəmdən bəhs etməzdim.” Əli ibnul Fudeyl bir müddət özünə gəlmədi.”

Məruf ibnul Həni:

Səid ibn Abdul-Aziz deyir ki, Məruf ibnul Hənidən soruşdum: "Gündə nə qədər zikr edirsən?” O dedi: "İki yüz min dəfə. Amma bəzən sayı itirirəm.”

Ubeyd ibn Əbu Lubəbə:

İmam Əuzai deyir: "Ubeydi Kəbəni təvaf edərkən gördüm, çox zəifləmişdir. Ona dedim: "Bir qədər də nəfsinin halına acı!” O belə cavab verdi: Möminə məşəqqət gərəkdir.”

Əli ibn Huseyn ibn Əli ibn Əbu Talib (radıyAllahu anhum)

Şueybə ibn Nuamə rəvayət edir ki, Əli ibn Huseyn xəsislikdə ittiham olunurdu. Öldüyü vaxt isə onun Mədinədə yüz ailəyə baxdığı üzə çıxdı!

Cərir buyurur: "’Əli ibn Hüseyn öldüyü vaxt kürəyində gecələr kasıblar üçün daşıdığı kisələrin izləri var idi.”

ət-Tai buyurur: "Əli ibn Huseyn bir dilənçiyə sədəqə verdikdə, öncə onu öpər, sonra isə sədəqəni verərdi.”

Muhəmməd ibn İshəq rəvayət edir ki, Mədinədə bir toplum (fəqir) insan geyinib-keçinərdi. Lakin bu geyimlərinin onlara kim tərəfindən verildiyini bilməzdilər. Əli ibn Huseyn vəfat etdikdə, gecələr onlara gələn bu şeylər daha gəlmədi.

İbn Şubrumə buyurur: "Bir dəfə ona yol yoldaşı oldum, harada təmiz yer görərdisə, dərhal orada namaz qılardı.”

Abdurrahmən ibnul Həfs rəvayət edir ki, Əli ibnul Huseyn dəstəmaz alarkən rəngi saralardı. Ondan bunun səbəbini soruşduqda isə, belə cavab verərdi: "Bilmirsinizmi, kimin hüzuruna çıxıram?”

Osman ibn Əbul As:

Rəvayət edilir ki, Osman demişdir: "Əgər cümə və camaat namazı olmasaydı, evimin çardağında bir yer tapar və qəbrə qoyulana kimi oradan çıxmazdım.”

Əbul Aliyə:

Əbu Xalidə rəvayət edir ki, Əbul Aliyə demişdir: "Biz bir kəsin Quranı əzbərləyib sonra onu unutmasını ən böyük günahlardan sayardıq.”

Xalid ibn Dinar isə buyurur: "Əbul Aliyə bir kəsin Quranı öyrənib, fəqət onu oxumadan yatmasını böyük günah hesab edərdi.”


Bəkr ibn Abdullah əl-Muzəni:

Həmməd ibnus Sələmə rəvayət edir ki, Bəkr ibn Abdullah əl-Muzəni demişdir: "Ana öz övladının gözəl rifahı üçün hər bir çətinliyə qatlaşdığı kimi, Uca Allah da qulunun gözəl aqibəti üçün ona dəfələrlə fürsət verir.”

Müaviyə ibn Abdul-Kərim buyurur: "Bəkr ibn Abdullahı Ərəfa günü əsr namazından sonra qiraət edərkən gördüm. Səsini qaldırmadan gizlicə hönkür-hönkür ağlayırdı.”

İmam əl-İcli:

İmam əl-İcli demişdir: "Mömin üçün tapdığım tək misal – onun, dənizdə bir odun parçası üzərində qalıb, qurtulması üçün "Ya Rabb, Ya Rabb!” –deyə yalvaran bir kəsə bənzəməsidir!”

Qatadə deyir ki, İmam əl-İcli ticarətlə məşğul olar, qazandığını da kasıblara paylayaraq deyərdi: "Əgər belə olmasaydı, mən heç ticarətlə məşğul olmazdım.”


Zuheyr rəvayət edir ki, əl-İcli zəngin idi, lakin malını kasıblara paylayar, qohumlarına yardım edərdi. Oruc tutar, iftarını iki tikə çörəklə açardı.

Hazırladı: Ummu Suleyman


-inşAllah ardı var-


Bölmə: Maraqlı məqalələr | Baxılıb: 384 | Yüklədi: selefimedia