Baş səhifə » 2013 » İyun » 6 » Əsl zahidlik nümunəsi.Səhabə və Tabiin nəsli.4-cü hissə.
08:23
Əsl zahidlik nümunəsi.Səhabə və Tabiin nəsli.4-cü hissə.
Əsl zahidlik nümunəsi.

Səhabə və Tabiin nəsli.


(1-ci hissə)

(2-ci hissə)

(3-cü hissə)



Muhəmməd ibn Sirin:

Həfsə bint Sirin rəvayət edir ki, Muhəmməd anasının yanında ikən susardı. Çox hörmətlə davranardı.

İbn Aun rəvayət edir ki, Muhəmməd ibn Sirin anasının yanında ikən oraya bir nəfər girdi. Muhəmmədin susqun olduğunu görüb orada olanlardan soruşdu: "İbn Sirinə nə olub? Xəstələnibmi?” Orada olanlar dedi: "Xeyr, sadəcə anasının yanında bu cür olur!”

İbn Şəuzəb deyir ki, İbn Şirin günaşırı oruc tutardı.

Ummu Abbad deyir: "Biz Muhəmməd ibn Şirin ilə qonşu idik, gündüz gülməsini, gecə isə ağlamasını eşidirdik.”

İbn Aun deyir ki, camaat namazının vaxtı gəldi. İbn Sirin dedi: "Quran hafizləri önə çıxsın!” Sonra ondan nə üçün imam dayanmadığını soruşduqda o dedi: "Qorxdum ki, namazdan sonra insanlar "İbn Sirin bizə imam dayandı!”- söyləyərlər.”

İbn Zuheyr danışır ki, İbn Şirin ölümü xatırladığı zaman bütün orqanları sanki fəaliyyətini dayandırırdı.

Bəkr ibn Abdullah əl-Muzəni buyurur: "Kimsə dövrümüzün ən elmli insanını görmək istəyirsə Həsənul Bəsriyə baxsın, biz ondan daha elmli digər birinə rast gəlmədik. Kim dövrümüzün ən müttəqi olanını görmək istəyirsə Muhəmməd ibn Sirinə baxsın, o hətta şübhədə qaldığı məsələləri də tərk edərdi. Kim dövrümüzün ən abid insanını görmək istəyirsə Sabit əl-Bunəniyə baxsın. Biz ondan daha abid birini görmədik, o isti günləri tez-tez oruc tutardı. Kim də dövrümüzün ən hafiz və eşitdiyi hədisləri ən gözəl şəkildə nəql edən kəsi görmək istəyirsə Qatadəyə baxsın.”

Abdullah ibnul Həsən:

Salih deyir ki, anam vəfat etdi. Abdullah ibnul Həsən gəlib mənə dedi: "Əgər bu müsibət sənə bir ibrətdirsə, bu sənin üçün nemətdir. Əks halda bil ki, nəfsinin müsibəti daha ağırdır.”

Muhəmməd ibnul Vasi:

Cəfər ibn Suleyman rəvayət edir ki, Muhəmməd ibnul Vasi dedi: "Dünyada ccamaatla namaz qılmaq və (müttəqi) dostlarla görüşməkdan başqa heç bir həzz qalmamışdır.”

Əbu İmran əl-Cəuni deyir ki, məsciddə əyləşmikdik. Bir nəfər gəlib dedi: "Ey məscid əhli! Vallahi ki, Allah Cənnəti də, Cəhənnəmi də siz insanlar ilə dolduracaqdır. Biz onun bu sözünə ağladıq!”

Əbu Rac’a

İbn Əuf rəvayət edir ki, Əbu Rac’a demişdir: "Kim məndən hər hansısa bir şeyi örnək götürmək istəyirsə, bilsin ki, mən gündə beş dəfə Rəbbim üçün səcdəyə qapanardım!”

Ata İbnul Yəsar

İmam Məlik rəvayət edir ki, bir dəfə Ata ibnul Yəsar bir nəfərin məsciddə nəsə satdığını görür və onu çağıraraq deyir: "Bura Axirət bazarıdır, sən onu satmaq üçün dünya bazarına get!”

Səid ibnul Cubeyr

Səid ibnul Cubeyr bir gün Əbus-Səvvara məktub yazır və məktubunda buyurur: "Əziz qardaşım, insanlardan çəkin və nəfsini onlardan qoru! Çətin vəziyyətə düşmüş bir kəsi görsən, sənə lütf etdiyinə görə Allaha həmd et! Şeytandan əmin olma, o səni etdiyin əməllər ilə aldadar!”

Qasim ibn Əbu Eyyub rəvayət edir ki, Səid ibnul Cubeyrin ağlamaqdan gözləri zəifləmişdir.

AbdulMəlik ibn Əbu Suleymən bildirmişdir ki, Səid ibnul Cubeyr hər iki gecədə Quranı xətm edərdi.

Qasim ibn Əbu Eyyub rəvayət edir ki, Səid ibnul Cubeyr namazda ikən bu ayəni iyirmi dəfədən çox təkrar etdi: "Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır. (Bəqərə surəsi, 281)”

Rəvayət edilir ki, Səid ibnul Cubeyr demişdir: "O qədər müsibətə düçar oldum ki, müsibət ilə qarşılaşmadığım gün – Rəbbimin məni təkr etdiyini zənn edərdim.”

Cəfər rəvayət edir ki, Səid ibnul Cubeyrdən "İnsanların ən abidi kimdir?” – deyə soruşuldu, o belə cavab verdi: "Günahlarına görə narahat olan, onları xatırladıqca əməllərini kiçik görən kəsdir.”

Hiləl ibnul Xattab rəvayət edir ki, Səid ibnul Cubeyr hər il bir dəfə ümrə, bir dəfə də həcc edirdi.

Hiləl rəvayət edir ki, Səid ibnul Cubeyr Kəbədə ikən bir rükətdə bütöv Quranı xətm etdi.

Məlik ibn Dinar

Cəfər ibn Abdullah rəvayət edir ki, Məlik ibn Dinar "Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin” (Həşr surəsi, 21) ayəsini oxuduqda hönkürtü ilə ağladı və dedi: "And içirəm ki, Quran oxuduqda qəlbi titrəyəməyən bir qul Qurana iman etmiş olmaz!”

Cəfər ibn Abdullah rəvayət edir ki, Məlik ibn Dinar dedi: "Ey Quran əhli! Quran qəlbinizə nələri əkdi? Bilin ki, Quran möminin ilk baharıdır. Necə ki, yerin baharı yağışdır, o toxum olan yerə düşdüyündə, yer nə qədər sərt olsa da, toxum cücərib çıxacaqdır. Beləcə, Quran da möminin qəlbinə toxum əkər. Ey Quran əhli! Quran qəlbinizə nələri əkdi? Hardadır, bir-iki surə əzbərləyənlər? Həmin surələrə nə qədər əməl etdiniz?”

Rəvayət edilir ki, Məlik ibn Dinar demişdir: "Əgər yatmamağı bacarsaydım, yatmazdım. Çünki qorxuram ki, əzab yuxuda ikən gələr. Bəzi köməkçilər tapsaydım, onları yer üzünə yayar və "Ey insanlar, alov yaxınlaşır!”-demələrini tapşırardım”

Məlik ibn Dinar demişdir: "Yaşayış olmayan ev xarabalıq olduğu kimi, hüznlənməyən qəlb də xarabalıqdır.”

Cəfər İbn Abdullah rəvayət edir ki, bir gün Məlik ibn Dinar hüznlü bir səslə: "Ey Cənnət və Cəhənnəm əhlinin kimlər olduğunu bilən Allahım, görəsən Məlik hansılardandır?”- deyərək ağlayırdı.

Osman Əbu İbrahim rəvayət edir ki, Məlik ibn Dinar bir gün dostuna dedi: "Ürəyim təzə çörəklə qaymaq istəyir. Dostu dərhal gedib, onları tapdı və gətirib Məlikə verdi. Məlik təzə çörəyə baxıb dedi: "Qırx ildir, nəfsim səni istədi, lakin ona qalib gəldim. İndi sən mənə qalib gəlmək istəyirsən?” və onu yeməyib geri qaytardı.”

Cəfər rəvayət edir ki, Məlikin zövcəsi vəfat edəndə ona dedi: "Evlənmək istəyərsənmi? Məlik ibn Dinar belə cavab verdi: "Bacarsam nəfsimi də boşayacam!”

Rabi ibnul Xeysəm

Bəşir rəvayət edir ki, bir gün Rabi ibnul Xeysəmgildə gecələdim. Namaza qalxdı və "Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər! (Casiyə surəsi, 21)” ayəsini oxuyub hönkürtü ilə ağladı və başqa ayəyə keçə bilmədi.

Hammad deyir ki, biz səhər Rabini gördükdə, gecə yatmadığını anlayırdıq.

Bişr ibnul Həris rəvayət edir ki, Rabi ibn Xeysəmin yanında bir kəsdən söz açıldı, o dedi: "Allahı xatırlamaq, kimisə xatırlamaqdan daha xeyirlidir!”

Asim rəvayət edir ki, Rabiyə deyildi: "Dostların şeirlərdən misallar gətirir, lakin sən heç şeir söyləmirsən!” Rabi belə cavab verdi: "İstəmirəm ki, Qiyamət günü kitabımı açıb mənə şeir oxusunlar!”

Bəkr ibn Məiz rəvayət edir ki, Rabidən "Necə sabahladın?” –soruşduqda, o demişdir: "Zəif və günahkar olaraq, ruzimi yeyir və əcəlimi gözləyirəm!”

Abdullah rəvayət edir ki, soyuq bir qış gecəsi idi. Rabinin qapısına bir dilənçi gəldi. Rabi ibn Xeysəm onun çox nazik geyindiyini görüb, əynindəki qiymətli köynəyini çıxardı və ona verərək bu ayəni oxudu: "Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Siz nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.”(Ali İmran surəsi, 91)

Əbu Vail rəvayət edir ki, Rabi ibn Xeysəmin yanına gedib: "Səninlə birlikdə Allahı həmd və zikr etmək üçün gəldik!” –dedikdə, o dedi: "Allahummə, sənə həmd olsun ki, onlar "Səninlə birlikdə içki içməyə gəldik!”- söyləmədilər.”

İbnul Museyyəb rəvayət edir ki, Rabi ibn Xeysəmin atı oğurlandı. Ona dedilər: "Oğru üçün bəddua et!” Rabi əlini açıb belə dua etdi: "Allahummə, əgər zəngindirsə qəlbini mal sevgisindən təmizlə, əgər fəqirdirsə onu zəngin et!”

Bəkr ibn Məiz rəvayət edir ki, Rabi öz xidmətçisinə deyərdi: "İşlərin yarısı sənə, yarısı da mənə aiddir. Qoy çöpləri süpürmək də, mənə aid olsun!”

Bəkr ibn Məiz rəvayət edir ki, Rabi ibn Xeysəm otuz min dirhəmə bir at almışdır, bir yerdə atını bağladı, köləsini ot yığmağa göndərdi, özü isə namaza durdu. Köləsi qayıtdıqda atın harada olduğunu soruşdu. Rabi oğurlandığını xəbər verdikdə, köləsi dedi: "Atı gözünün önündə oğurladılar?” Rabi dedi: "Mən Allaha dua edirdim, heç bir şey məni bundan ayıra bilməzdi.” Sonra isə belə dua etdi: ”Allahummə, zəngindirsə onu islah et, fəqirdirsə onu zəngin et!” Və bu duasını üç dəfə təkrarladı.

Rabi ibn Xeysəm buyurur: "Xeyir istəyib, şərdən sığınmaq, yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək, eləcə də Lə iləhə illəllah, Əlhəmdulilləh, Allahu Əkbər, SubhənAllah və Quran ayələrindən başqa heç bir sözdə xeyir yoxdur.”

Övladı rəvayət edir ki, atamın bütün əməlləri gizli idi, hətta Quran oxuduqda kimsə yanına gələrdisə, paltarı ilə Quranı örtərdi.

Səid ibn Məsruk rəvayət edir ki, Rəbi ibn Xeysəm öz-özünə dedi: "Ey ətim, "Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcəkvə o gün Cəhənnəm gətiriləcək” (Fəcr surəsi, 20-23) – həmin an sən nə edəcəksən?

Əbul Vail rəvayət edir ki, Abdullah ibn Məsud ilə gəzintiyə çıxdıq. Yanımızda Rabi ibn Xeysəm də var idi. Bir dəmirçiyə rast gəldik. Abdullah ibn Məsud kömür olmuş dəmirlərə baxdı, Rəbi də onlara ibrətlə baxırdı. Sonra Firat çayının kənarında böyük bir ocaq qalandığı yerə gəldik. Abdullah ibn Məsud alovun göyə yüksələn şölələrini, ətrafa yayılan qığılcımlarını gördükdə bu ayəni oxudu: "Onlar (Cəhənnəm) odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyar və uğultusunu eşidəcəklər. Onlar əlləri qoynunda bağlı halda onun dar bir küncünə atıldıqları zaman ölüm diləyərlər. (Onlara deyilər:) "Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!” (Furqan surəsi, 12-14)” Bu an Rabi ibn Xeysəm yerə yıxıldı. Biz onu götürüb evinə gəldik. Abdullah İbn Məsud Zöhr namazına qədər gözlədi, o özünə gəlmədi. Əsr namazına qədər gözlədi, o yenə ayılmadı. Nəhayət, gecə ikən özünə gəldi və Abdullah ibn Məsud öz evinə qayıtdı.

Yasin əz-Zeyyad rəvayət edir ki, bir kəs Rabiyə dedi: "Səndən daha xeyirli bir adamı mənə göstərə bilərsənmi?” Rabi dedi: "Danışığı zikr, susması təfəkkür, addımı isə tədəbbür olan kəs məndən daha xeyirlidir.”

Rəvayət edilir ki, Abdullah ibn Məsud Rabi ibn Xeysəmin evinə gəldikdə, içəri girərkən deyərdi: "Müjdə olsun, muhsinlərə...”

Əbu Xeyyan atasının belə dediyini rəvayət edir: "Heç vaxt Rəbi ibn Xeysəmin dünyadan danışdığına şahid olmadım, sadəcə bir dəfə demişdir: "Neçə məscidiniz var?””

Rəvayət edilir ki, Rabi ibn Xeysəmin yanında bir nəfərdən söz açıldı. Rabi dedi: "Mən öz nəfsimdən razı deyiləm ki, özümü qoyub başqasını qınayım. İnsanlar öz günahlarından əmin oldular, lakin başqalarının günahlarının təlaşına düşdülər.”

Nuseyr rəvayət edir ki, bir gün Rabi ibn Xeysəm ağlamağa başladı. O qədər ağladı ki, saqqalı da islandı, sonra isə (səhabələri qəsd edərək) dedi: "Elə kəslər gördük ki, biz onların yanında bir oğrunun misalındayıq!”

İbrahim ət-Teymi rəvayət edir ki, Rabi ibn Xeysəm ilə iyirmi il dostluq etdim, ondan utanılası bir kəlmə belə eşitmədim.

Munzir əs-Səuri rəvayət edir ki, Rabi ibn Xeysəm bir nəfərə belə nəsihət etdi: "Ey Allahın qulu! Bildiyin şeylərdə Allahdan qorx, bilmədiyin şeyləri isə bilənlərə həvalə et. Çünki  alimlər günahlardan daha çox həzər edərlər. Bu gün xeyirliləriniz xeyir ilə üstün olmadı, əksinə şərdən qorunmaqla üstün oldu. Yoxsa lazımınca xeyirə tabe olmur, şərdən də lazımınca uzaq durmurlar. Muhəmmədə (sallAllahu aleyhi və səlləm) nazil edilmiş hər şeyi dərk etməmiş, hər oxuduğunuzu da anlamamısınız. İnsanlara gizli qalan günahlar Allaha əyandır. Onların əlacını axtarın. Bilin ki, günaha bir daha qayıtmamaq üzrə edilən tövbə ən böyük əlacdır.”

Aməş rəvayət edir ki, Rabi ibn Xeysəm dəmirçilərin yanına getdikdə, köz olmuş dəmirlərə baxar və huşunu itirərdi. Mən də ona bənzəmək üçün dəmirçilərin yanına getdim, lakin mənə heç bir xeyri olmadı.

Abdul-Məlik əl-İsfəhəni rəvayət edir ki, bir gün Rabi ibn Xeysəm dostlarına dedi: "Dərdin, əlacın və şəfanın nə olduğunu bilirsinizmi?” Dostları: "Xeyr!”- dedikdə, Rabi buyurdu: "Dərd günahdır, əlac istiğfardır, şəfa isə bir daha həmin günaha qayıtmamaq üzrə edilən tövbədir. ” 

Sufyən atasından nəql edir ki, Rabi ibn Xeysəm demişdir: "Mömin bir kəsin – ölümdən daha xeyirli bir gözləyəni yoxdur!”

Əbu Ubeydə rəvayət edir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) Rabi ibn Xuseym ilə birlikdə olduqda yanlarına üçüncü bir kəs buraxılmazdı. Abdullah ibn Məsud deyərdi: "Əgər Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səni görsəydi, səni sevərdi. Hər dəfə səni gördükdə mənə Allaha yönələn kəsləri xatırladırsan!”

İbn Hibbən rəvayət edir ki, Rabi ibn Xeysəm iflic olduğu üçün iki nəfərin arasına girib məscidə gəlirdi. İbn Məsudun dostları ona demişdir: "Axı sənin üçün rüsxət vardır, sən evində qıl!” Rabi isə bel əcavab vermişdir: "Doğrudur. Amma mən müəzzinin bu sözlərini eşitdim: "Həyyə Aləs-Saləh! - Namaza tələsin” Sizdən kim müəzzinin bu sözünü eşidərsə, olduğu haldan asılı olmayaraq ona tabe olsun...”

İbn Said deyir ki, Rabi ibn Xeysəm məscidimizə gəldi. Atını bağlayıb, namaz qılmaq üçün içəri girdi. Heyvanını oğurladılar. Çıxarkən onu bizdən soruşdu. Biz də: "Bilmirik, oğruya bəddua et!”-dedik. O isə belə cavab verdi: "Tərk edin onu, nə bilirsiz bəlkə tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi!”

Muhəmməd adlı birisi rəvayət edir ki, Rabi ibn Xeysəm səcdədə ikən sərçələr onun atılmış bir paltar olduğunu zənn edər, gəlib üzərinə qonardılar.

Uveys ibn Amir
Rəvayət edilir ki, Ömər ibnul Xattabın yanına Yəməndən əlavə qoşun gəldikdə onlardan: "Uveys ibn Amir aranızdadırmı?” – deyə soruşdu və Uveysin yanına gələrək dedi: "Sən Uveys ibn Amirsənmi?” Uveys dedi: "Bəli.” Ömər dedi: "Sən Murad qəbiləsinin Qaran qolundansanmı?”  Uveys dedi: "Bəli.” Ömər dedi: "Sən albinizm
(Orqanizmdə piqment azlığı nəticəsində dəri və saçların həddən artıq ağlığı) xəstəliyinə yoluxmuşdun, bu xəstəlikdən sağaldın, lakin bədənində dirhəm böyüklükdə bir ləkə qaldı. Elə deyilmi?” Uveys dedi: "Bəli.” Ömər dedi: "Sənin anan varmı?” Uveys dedi: "Bəli.”

Ömər ibnul Xattab bunları eşitcək buyurdu:
- ‘Bir gün Rasulullahın (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim:
- "Sizə Yəmən əhlindən olan əlavə qoşunla birlikdə Murad qəbiləsinin Qaran qolundan olan Uveys ibn Amir adlı bir kişi gələcək. Onda albinizm xəstəliyi olmuş, bu xəstəlikdən sağalmış və bədənində dirhəm böyüklükdə bir ləkə qalmışdı. Onun çox yaxşı baxdığı bir anası var. O Allaha and içdiyi zaman Allah onun andını həyata keçirər. Əgər ondan sənin üçün bağışlanma diləmək fürsəti əldə etsən, bundan yararlan!”
İndi sən mənim üçün Allahdan bağışlanma dilə!’

Uveys onun üçün Allahdan bağışlanma dilədi. Ömər dedi: "Harada yaşamaq istəyirsən?” Uveys: - ‘Kufədə.’- deyə cavab verdi. Ömər dedi: "Sənin barəndə Kufə valisinə məktub yazımmı?” Uveys ibn Amr dedi: "Qara camaat arasında olmaq mənim üçün daha xoşdur.” Bir il sonra Kufədən bir nəfər həcc ziyarətinə gedir. Ömərlə görüşdükdə, Ömər ondan Uveysi soruşur. Kişi deyir: "Mən ondan ayrılanda köhnə bir evdə qalırdı və ərzağı da qıt idi. Ömər ibnul Xattab buyurdu: Bir gün Rasulullahın (sallAllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Sizə Yəmən əhlindən olan əlavə qoşunla birlikdə Murad qəbiləsinin Qarən qolundan olan Uveys ibn Amir adlı bir kişi gələcək. Onda albinizm xəstəliyi olmuş, bu xəstəlikdən sağalmış və bədənində dirhəm böyüklükdə bir ləkə qalmışdı. Onun çox yaxşı baxdığı bir anası var. O Allaha and içdiyi zaman Allah onun andını həyata keçirər. Əgər ondan sənin üçün bağışlanma diləmək fürsəti əldə etsən, bundan yararlan!”
Kişi Uveys ibn Amirin yanına gələrək deyir: " Mənim üçün Allahdan bağışlanma dilə!”
Uveys buyurur:"Sən xeyirli bir səfərdən qayıtdın. Sən mənim üçün dua et." Sonra isə dedi: "Ömərlə qarşılaşmadın ki?” Kişi: - Bəli, qarşılaşdım.- deyir.
  Uveys bu kişi üçün də Allahdan bağışlanma diləyir. İnsanlar onun kim olduğunu anlayanda isə, Uveys insanların əlindən oranı tərk etdi və ölüncəyə qədər görünmədi.

Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurur:
- Həqiqətən tabiinlərin ən xeyirlisi Uveys adlı bir kişidir. Onun bir zaman bədənində bir ağ ləkə vardır. Ona əmr edin ki, sizin üçün bağışlanma diləsin! (Muslim, 223, 224, 225, 2542)

Useyr ibnul Cəbir danışır ki, Kufədə bir məclisdə idik. Məclis dağıldı, lakin hələ də orada bir neçə kəs qalmışdır. Onların arasında bir nəfər var idi ki, onun kimi gözəl nitqli digər bir kəs görməmişdir. Ona heyran olmuşdum. Dostlarıma: "Bunu tanıyırsızmı?” –dedim. Onlardan biri: "Bu Uveys ibnul Amrdir!” –söylədi. Evinin harada olduğunu öyrənib oraya yollandım. Ona dedim: "Nə üçün insanlar arasına çıxmırsan?” O dedi: "İnsanlar arasına çıxmaq üçün heç bir geyimim yoxdur!” Bəzi insanlar da Uveysin bu halını daim lağ edərdilər. Mən dedim: "Bu köynəyimi götür və geyin!” O: ”Xeyr, bunu geyinsəm daha çox lağ edərlər!” –dedi. Mən israr etdim, nəhayət o qəbul etdi və geyinib insanlar arasına çıxdı. Onlar da Uveysi lağ etməyə başladılar. O geri yanıma qayıdıb əynindəkini çıxardı və dedi: "Gördünmü?”
Mən də onların yanına gedib, sərt bir şəkildə: "Axı bu adamdan nə istəyirsiz? Çılpaq olur lağ edirsiz, geyinir lağ edirsiz!”-dedim.

Atə rəvayət edir ki, Uveys ibnul Amrin yanında həccdən bəhs edildi. Ona dedilər: "Həcc etmisənmi?” O: "Xeyr!”-dedi. Dedilər: "Bəs nə üçün həcc etmirsən?” Uveys bu sualın qarşısında sükuta daldı. Orada onlardan biri dedi: "Minik məndən!” Digəri dedi: "Həcc etmək üçün lazım olan xərc də məndən” Üçüncü biri isə dedi: "Azuqəsi də məndən!” Beləcə Uveys bunu qəbul edərək həcc etdi.

Əsvəd ibnul Yezid

Əbu İshəq rəvayət edir ki, Əsvəd ibnul Yezid  Həcc və Ümrə etmək üçün səksən dəfə Məkkəyə səfər etmişdir.

Əli ibnul Mudrik rəvayət edir ki, bir gün Alqamə ibnul Qeys Əsvəd ibnul Yezidə dedi: "Nə üçün bədəninə bu qədər əziyyət verirsən?” Əsvəd dedi: "Onun rahatlığı üçün!”

Məlik ibnul Miğval

Abdullah ibn İdris rəvayət edir ki, Məlik namaza təkbir gətirməyə hazırlaşarkən ona dedilər: "Neçə rükətin qaldı?” O dedi: "Hələ yarısı qalıb – iki yüz əlli rükət!”

Əbul Əxvas

Əbul Əxvas buyurur: "Misirə gedən kimsə – orada yaşayan səhabənin namaz qılarkən, arı uğultusuna bənzər səsini eşidərdi. Onlar bu qədər Allahdan qorxduqları halda, necə olur ki, indikilər özlərindən bu qədər əmindilər?!”

İmam Məsruk

Əbu İshəq rəvayət edir ki, Məsruk Həccdə olarkən səcdə vəziyyətində yatardı.

Abdullah rəvayət edir ki, Məsruk demişdir: "Bir kəsə elm olaraq təqva, cəhalət olaraq elmi ilə öyünməsi yetər.”

Aməş rəvayət edir ki, Məsruk demişdir: "Addığınız hər addımda ya bir savab, ya da bir günah vardır.”

Xaffəf ibn Əbu Səria rəvayət edir ki, Məsruk demişdir: "Dünyada ən çox qibtə ediləcək bir şey vardır ki, o da qəbrində hüzur içində olub, əzabdan qorunmuş mömindir.”

Ənəs ibn Sirin rəvayət edir ki, Məsrukun zövcəsi demişdir: "Məsruk ayağları şişənədək namaz qılardı, mən də oturub onun bu halına ağlayardım!”

Talha rəvayət edir ki, Məsruk demişdir: "Müsibətlərə səbr edən möminlər Qiyamət günü dünyadakı müsibətlərə səbr etdiklərinin əvəzi olaraq mükafat alacaqlarını bildikləri üçün, dünyada ikən dərilərinin qayçı ilə kəsilməsini arzu edərlər.”

Amr ibn Utbə

Aməş rəvayət edir ki, Amr ibn Utbə demişdir: "Allahdan üç şey istədim. Onlardan ikisini mənə verdi. Birini də verəcəyi ümidi ilə yaşayıram. Zahid olmağı istədim. Namaz qılmaq üçün mənə qüvvət verməsini istədim, verdi. Və bir də şəhid olmağı istədim, onu mənə nəsib edəcəyi ümidi ilə yaşayıram.” (O, həqiqətən də, şəhid oldu! – tərc.)

Muslim ibn Cəfər

Muhəmməd ibn Bişr rəvayət edir ki, Muslim İbn Cəfər demişdir: "Dünyaya qarşı oruc tut, qoy iftarın ölüm olsun. Dünyada səbr ilə yarasını müalicə edən bir xəstə kimi ol!”

İbrahim ət-Teymi

Əbu Xayyan rəvayət edir ki, İbrahim ət-Teymi demişdir: "Hər söylədiyimi əməlimlə müqayisə etdiyimdə, yalançı olmaqdan qorxardım”

Məruf ibnul Vasil rəvayət edir ki, İbrahim ət-Teymi qissə danışar, Əbu Vail də onu dinləyib ağlayardı.

Sufyən ibn Uyeynə rəvayət edir ki, İbrahim ət-Teymi demişdir: "Nəfsimi Cəhənnəmdə fərz etdim. Boynuna zəncirlər bağlanmış halda əzab görür, Zəqqum yeyir və irin içirdi. Nəfsimə dedim: "Nə isə istəyirsənmi?” O dedi: "Tez dünyaya qayıt və elə bir əməl et ki, mən bu əzabdan qurtulum!” Daha sonra nəfsimi Cənnətdə fərz etdim. Hurilər ilə birlikdə idi, əynində isə ipəkdən geyim vardı. Nəfsimə dedim: "Nə isə istəyirsənmi?” O dedi: "Dünyaya qayıt və elə bir əməl et ki, bu nemətlər artsın.” Mən isə ona dedim: "Ey nəfsim, hələki dünyadasan, bu arzularını gerçəkləşdir!””

İmran rəvayət edir ki, İbrahim ət-Teyminin yanına gəldim. Ağlayırdı. Nə üçün ağladığını soruşduqda belə cavab verdi: "Ölüm mələyini gözləyirəm, amma bilmirəm məni Cənnətlə müjdələyəcək, yoxsa Cəhəmmənlə?!”

Aməş deyir ki, bir cənazə olanda, kimi dəfn edəcəyimizi bilməzdik. (Ölünümü, yoxsa İbrahim ət-Teymini?! – tərc.)

Həris ibnul Qeys

Rəvayət edilir ki, Həris ibnul Qeys demişdir: "Axirət işi gördüyün zaman ayağa qalx, dünya işi gördüyün zaman isə ondan vaz keç. Saleh bir əməli sabaha saxlama. Namaz qılarkən, şeytan gəlib: "Sən özünü göstərmək üçün namaz qılırsan!” – dediyi zaman namazını uzat!”

Əbu Vail

Asim rəvayət edir ki, günlərin birində Əbu Vailin evində səcdədə ikən belə dediyini eşitdim: "Allahummə, məni bağışla. Məni bağışlasan, lütfünlə bağışlamış olarsan. Əgər mənə əzab versən, heş vaxt zülm etməzsən.” Sonra isə hönkürtü ilə ağlama başladı. Övladını itirənlər kimi ağlayırdı.

Əbu Meysərə

Əbu İshəq rəvayət edir ki, Əbu Meysərə bir gün yatağına uzanarkən dedi: "Kaş ki, heç doğulmayardım!” Zövcəsi ona dedi: "Nə üçün belə deyirsən? Uca Allah sənə hidayət vermədimi?” Əbu Meysərə dedi: "Bizə Cəhənnəmə girəcəyimiz xəbər verilmişdir, lakin oradan çıxıb-çıxmayacağımız xəbər verilməmişdir.” (Bu ayəni qəsd edir: "İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. (Məryəm surəsi, 71)” – tərc.)

Əbu Abdurrahmən əs-Suləmi

Rəvayət edilir ki, Əbu Abdurrahmən əs-Suləmi Peyğəmbərin (Allahın ona salavat və salamı olsun): "Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir. (Buxari, Kitəbu Fədailil Quran, 4740)”- hədisini söylədikdən sonra: "Məni burada oturdan bax bu hədisdir”- deyərək Kufə məscidində qırx il Quran öyrətmişdir.


Abdullah ibnul Mubərakın "Kitəbuz-Zuhd vər-Raqaiq” və Əhməd ibn Hənbəlin "Zuhd” kitabı əsasında...


Hazırladı: Ummu Suleyman


-inşAllah ardı var-



Bölmə: Maraqlı məqalələr | Baxılıb: 825 | Yüklədi: selefimedia