10:23 RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-2 | |
Dr. ELNUR NƏSİROV.
RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ Bu kitab müəllifi tərəfindən 1977-ci ildə Türkiyə Respublikası Səlcuq Unversiteti, İctimai Elmlər İnsitutunda Prof. Dr. Mikayıl Bayramın elmi rəhbərliyi altında magistr işi olaraq yazılmış və müdafiə edilmişdir.Prof. Dr. Əhməd Önkal və Prof. Dr.Zəkəriyyə Kitapçı bu əsərə müsbət rəy vermişlərdir. RAŞİDİ XƏLİFƏLƏR DÖVRÜNDƏ AZƏRBAYCANIN FƏTHİ-2 (1-Cİ HİSSƏ BURADA) Azərbaycanda xristianlıq və digər dinlər İslam fütuhatı ərəfəsində Azərbaycanın dini vəziyyəti də etnik vəziyyəti kimi qarışıq və rəngarəng idi. Azərbaycanın şimalında, yəni Albaniyada xristianlıq yayılmışdı. Cənubda isə əsasən məcusilik hakim din idi. Alban kilsəsi Qafqazda və bütün xristian dünyasında ən qədim kilsələrdən biridir. Albaniyada xristian icmaları IV əsrdən etibarən, yəni xristianlığın bu ölkənin rəsmi dövlət dini olmasından əvvəl peyda olmağa başlamışdı. Albaniyada xristianlıq bir-birinin ardınca iki mərhələdə yayılmışdı(Şeyxülislam Allahşükür Paşazadə, Qafqazda İslam, Bakı 1991, s. 40; Məmmədov A, həmin əsər, s. 217.). İsa əleyhissəlama vəhy olunan tövhid dinini təbliğ üçün həvari Faadey İran və Qafqaza göndərilmişdi. Faadey Artaz (Maku) vilayətinə gələrək burada fəaliyyətə başlamışdı. O, bu bölgədə yeni dini təbliğ etməklə məşğul ikən erməni Artaşesi sülaləsindən çar Sanatuk (115-116) tərəfindən qətlə yetirilmişdi. Faadeyin tələbələrindən Yelisey Qüdsə qayıdaraq baş vermiş hadisəni oradakılara danışmışdı. Bundan sonra Yelisey həvari Yakovun tövsiyəsi ilə yenidən bu bölgəyə gəlmiş və ermənilərdən gizlənərək Albaniyaya keçmişdi. Albaniyaya gələn Yelisey Çolada (Dərbəndin cənubu) təbliğə başlamışdı. Yelisey bir qrup tələbəsi ilə Uti vilayətinə gedərkən yerli əhalidən bir neçə nəfər onu və tələbələrini qətlə yetirmişdilər. Alban çarı III Vaçaqan (487-510) bir neçə əsr sonra onun öldürüldüyü yerdə (Samur çayının kənarındakı Zərqun dərəsində) məbəd tikdirmişdi(Moisey, həmin əsər, s. 18.). Albaniyanın xristianlıqla tanışlığı belə olmuşdur. Bu xristianlığın bu ölkədə yayılmasının birinci mərhələsi idi. Belə təxmin edirik ki, bu mərhələdən sonra Albaniyada ilk xristian icmalar yaranmağa başlamışdı. İkinci mərhələdə isə bu xristianlığın Albaniyanın rəsmi dövlət dininə çevrilməsi ilə gerçəkləşmişdi. 313-cü ildə Alban knyazı Urnayr, Qriqori adlı
bir missionerin təbliği ilə xristianlığı qəbul etmiş və bu dini
Albaniyanın rəsmi dininə çevirmişdi. Urnayr Sasani şahı II Şapurun
bacısı Asay ilə evli idi. Bu hadisədən sonra Urnayr xristianlığın
Albaniyada yayılmasını təmin etmişdi(Moisey, həmin əsər, s. 26.
Paşazadə, həmin əsər, s. 40.). Bu dövrdə İranda da xristianlıq sürətlə yayılmaqda idi.
Sasani şahları İranlı xristianlara daima şübhə ilə yanaşırdılar. Bizans –
İran müharibələri davam edərkən iranlı xristianlar Sasani dövlət
məmurlarının və məcusilərin təzyiqinə məruz qalırdılar. Sasanilərin idarəsi altında olan
torpaqlarda yaşayan xristianlarla Bizans kilsəsi arasındakı uçrumun
dərinləşməsinin bir başqa səbəbi də Nestorun xristianların Məryəm oğlu
İsanın (ə.s) ilahi və bəşəri cəhətlərinin bir və bölünməz olduğu
etiqadına etiraz etməsi olmuşdu. O, iki mümtaz kimliyin bir vücudda
zahir olduğunu deyir, bunlardan birinin İlahi (ata), digərinin də insani
olduğunu iddia edirdi. Nestora görə «kəlimətullah», müstəqil bir insan
fərdi (oğul) olan Məryəm oğlu İsanın bədənində zahir olmuşdu. Bu
iddiasına görə Nestor təzyiq və təqibə məruz qaldı və qaçıb İrana
sığındı. Bizans dövləti 489-cu ildə Nestorun böyük nüfuza sahib olduğu
Urfadakı məktəbləri bağlatmışdı. Bu səbəbdən Nestorla həmfikir olan din
xadimlərinin hamısı İrana köçmüşdülər. Bu hadisədən sonra xristianlıq
İranda sürətlə yayılmağa başlamışdı. Şəhər əhalisi, xüsusilə də
sənətkarlar, tacirlər və ziyalılar arasında xristianlığa rəğbət var idi.
Dövlətin rəsmi dini olan məcusilik haradasa kənd və qəsəbə dininə
çevrilmişdi. Mədain baş yepiskopunun nüfuzu möbid-i möbidanın
(məcusilərin ali dini rəhbəri) nüfuzu ilə bərabər sayılırdı.
Azərbaycanın cənubi – qərbində də Nestorun dini təlimini öyrədən
məktəblər qurulmuşdu(Hikmət, həmin əsər, s. 245-248; ostroqorsky, həmin
əsər, s. 52; Barthold, həmin əsər, s. 14-16.). Bu kimi hadisələr Alban feodalları ilə kilsə arasındakı ziddiyyətləri qızışdırır, bəzən Alban çarları ilə din xadimləri arasında çəkişmələrə səbəb olurdu. Bu da öz növbəsində kilsənin və din xadimlərinin gözdən düşməsinə və feodalların onlara kin bəsləməsinə səbəb olurdu.
Ölkədə ən böyük torpaq sahibi iri feodallardan sonra kilsə idi. Kilsə və
monastırların əlində olan torpaqlar bölünməz və irsən keçən mülklər
idi. Kilsə torpaqları varlı knyaz və kəndlilərin hədiyyələri ilə
getdikcə böyüyürdü. Bu torpaqların əsl sahibləri, yəni onların
nemətlərindən faydalananlar isə xristian din xadimləri idi(Eyni əsər, s.
63.). Bu da din xadimlərinin hər birinin iri feodala çevrilməsinə səbəb
olmuşdu. Əhalini ağır vergilərlə əzənlərin sırasına beləcə din
xadimləri də daxil olmuşdular.
Zərdüştilik
Azərbaycanın şimalında, yəni Albaniyada xristianlıq hakim din idi.
Ölkənin cənubunda isə əhalinin əksəriyyətinin vicdanına zərdüştilik
hakim idi. Zərdüştilik hər nə qədər səmavi din sayılmasa da, etiqadi
əsaslar baxımından səmavi dinlərə yaxın idi. Dünyanın cismani (kiti) və
ruhani (minə) kimi iki qisimdən təşkil olunduğunu öyrədən zərdüştilik,
yaradanın insana üç mühüm şeyi inamı (mənəş), sözü (nəviş) və əməli
(kənəş) əmr etdiyini deyirdi. Zərdüştilərin oda sitayiş məsələsinə
gəldikdə, bu onların Məbudun (Ahuramazd) odda təcəssüm etdiyini zənn
etmələrindən irəli gəlirdi. Görüldüyü kimi zərdüştiliyin etiqadi
əsasları, İslamın qəlblə iman, dillə təsdiq və əməllə tətbiq
prinsiplərinə uyğun idi. Bu, məcusilərin İslamı qısa müddətdə din kimi
mənimsəmələrinin səbəbləri arasında mühüm yer tutmuşdu(PAŞAZADƏ, həmin
əsər, s. 35-36.). 2.reshidiXelifeler_azerb.fethi.doc
2.reshidiXelifeler_azerb.fethi.pdf
2.reshidiXelifeler_azerbaycaninFethi.jad
2.reshidiXelifeler_azerbaycaninFethi.jar | |
Bölmə: Mobil Kitablar | Baxılıb: 908 | |