10:44 MÜASİR XAVARİCLƏR !!! | |||
Müasir Xavariclər. Muasir Xavariclər.mp3 Kitabın adı: Şeyx Əbdül Mühsin əl-Ubeykan (kitabdan bəzi alıntılar)Əli ibn Əbi Talib (radiyallahu anhu) deyir: Mən Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim. "Axır zamanda yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən yaxşısının sözü ilə danışacaq, İslamdan, oxun ovlanmış şikardan çıxdıyı kimi çıxacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Belə kəslərə qarşı mübarizə aparın. Bu işi görənə Qiyamət günü mükafat vardır"[1]. Əbül-Aliya (Allah ona rəhmət etsin!) demişdir: "Mən Quranı sizin Peyğəmbərinizin e vəfatından 10 il sonra oxudum. Ona görə də Allah mənə iki xeyir bəxş etdi və bilmirəm ki, ikisindən hansı daha yaxşıdır: Allahın məni İslamın doğru yoluna yönəltməsi və yaxud Allahın məni həruri (xəvaric) etməməsi”[2]. [1]Buxari № 361, Muslim № 1066 və Əbu Davud № 4767 rəvayət etmişdir. [2]Səhih:Əbdur-Rəzzaq (10/153), İbn Sa`d (7/114),əl-Laləkayi ŞərhuUsulu-Etiqad (№ 230), İbn Əbi Zəməneyn Usulus-Sunnəh (№ 240), əl-Həravii Zammul-Kəlaam (qaaf 89/bəə) və əz-Zəhəbi əs-Siyərdə qeyd etmişdir(4.212). Təkfirin əsası xaricdən gəlmiş insanlar tərəfindən, təəsübkeş cavanlar arasında təbliğ edilməklə yayılmışdır. Bu insanlar sələfi dəvətindən bəhrələnməyən insanlardır. Onlar cavanlar arasında parçalanma toxumlarını səpir və onları zəlalət dəstələrinə dəvət edirlər. Məsələn, bəzi cavanlar bu ölkədən[1] Əfqanıstana gedərək orada özlərinə təkfir fikirlərini öyrədən insanları tapdılar. Əslində onlar (başqa ölkəyə cihad adı ilə getmək əvəzinə) öz ölkələrində qalmalı və insanları gözəl üslubla İslama dəvət etməli, cəmiyyətə fayda verən işlərlə məşğul olmalıydılar. Özlərinə əziyyət verəcək insanlarla üzləşməməliydilər. (Lakin çox təəssüf) Xəvariclərin metodu isə müxaliflərlə üz-üzə gəlmək, fitnəkarlıq etmək, çaxnaşma salmaq, rəhbərlərə açıq-aşkar narazılıq bildirmək, onların eyiblərini yaymaq və s. əməllərdir. Onların öz rəhbərlərinə qarşı üsyan etməsi onların həbs edilməsi, əziyyət verilməsi və qovulması ilə nəticələndi. Bəziləri bu vəziyyətdə ölkəsindən qaçmış sonra alimləri, rəhbərləri və ümumiyyətlə müsəlmanları kafir saymaqla öz etirazlarını bildirmişlər. Onlar doğru əqidə və mənhəc məsələləri haqqında ən cahil insanlardır. Bəziləri bir neçə hədis və ya müəyyən elmi məsələləri əzbərləyərək özünü müfti və ya Şeyxülislam hesab edib, özünü haqlı sayaraq bütün ümməti kafir sayır. Beləliklə, elmlə silahlanmayan bəzi gənclər də onların təsiri altına düşürlər. Partlayışlarda iştirak edənlərin istifadə etdiyi metod bu idi. Onlar öz əməllərinin doğru olduğunu zənn edərək səhv ictihad etmiş və bu ictihadlarına görə də üzürsüz sayılırlar. Çünki onlar alimlərdən elm almamışdılar. Ona görə hamı elm adamları ilə sıx əlaqədə olmalı və onlardan uzaqlaşmamalıdır. İbn Abbas (Allah ondan razı olsun!) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət edir: "Bərəkət sizin böyüklərinizlə olmağınızladır”[2]. Bu hədisi İbn Hibban, əl-Xatib, əl-Qadi və Əbu Nuaym səhih isnadla rəvayət etmişlər. Onlar həmin gənclərin təkfir və ya digər məsələlərdə alimlərdən soruşacaqlarını bildikləri üçün bütün alimləri təkfir etmişlər. Hətta Şeyx Əbdül Əziz İbn Bəzz (Allah ona rəhmət etsin!) kimi alimin minhəcinin doğruluğunu, onun Məhəmməd ibn İbrahimin tələbəsi olub və ondan öncə yaşamış: İbn Teymiyyə, İbn əl-Qeyyim, dörd məzhəb alimləri, tabiinlər, səhabələrə qədər olan alimlərin elmindən bəhrələndiyini bildikləri halda, onun kafir olmasını və buna görə ondan fətva qəbul edilmədiyini həmin gənclərə diktə etmişlər. Bu gün dünənə necə də bənzəyir. Əlinin (radiyallahu anhu) dövründəki xəvariclər etdiklərinin doğruluğuna və bununla Allaha yaxınlaşdıqlarını düşünür, hətta buna inanırdılar. Ona görə Nəhravanda (Əlinin qoşunu ilə döyüşə girəndə) onlar belə deyərdilər: "Hökm yalnız Allahındır! Cənnətə gedin...gedin”. Əbu Əyyub deyir: "Mən (döyüş zamanı) xəvariclərdən bir kişinin belinə nizə ilə zərbə endirərək, nizəni onun belinə sancdım və dedim: "Ey Allahın düşməni, Cəhənnəmə yaxşı yol!” O isə dedi: "Hansımızın ona daha erkən vasil olacağını sonra biləcəksən!”. Bu insanlar (əvvəlki xəvariclər) zəlalətdə olmalarına baxmayaraq, onlar can verəndə də öz əməllərində əzmkar, səbrli və güclü imanla haqlı olduqlarını etiqad edirdilər. Elm iddiasında olan müxtəlif insanların ətrafına toplaşmaq və altmış, yetmiş, səksən il elm öyrənən və öyrədən, müdrik alimləri tərk etmək fitnə-fəsadın və zəlalətin yayılmasının əsas səbəblərindəndir. Bu alimlər öz müəllimlərindən dərs almış, onların kitablarını oxumuş və doğru mənhəci başa düşənlərdir. Kim bu alimlərdən elm öyrənər və onların sözünü dinləyərsə Allahın izni ilə bu bəladan qurtulacaqdır. [1] Yəni, Səudiyyə Ərəbistanından. [2]Səhih: İbn Hibban Səhih(№559), əl-Xatib əl-Bağdadi Tarixi Bağdad(№5862), əş-Şihab əl-Qudai Müsnəd(1/57) və Əbu Nuaym Hilya(8/172) kitabında rəvayət etmişdir. Həmçinin Təbarani əl-Avsat (№8991), Hakim Mustədrək (1/62) və Beyhəqi Şuabul İman (7/463) kitabında rəvayət etmişlər. Hakim demişdir: "Hədis Buxarinin şərtinə əsasən səhihdir lakin Buxari onu rəvayət etməmişdir”. əz-Zəhəbi də bu fikirlə razılaşmışdır. Elmi zəif və təcrübəsi az olan insan, yaxşını pisdən ayıran təcrübəli insan ilə eyni ola bilməz. Böyük fəsadı dəf etmək üçün kiçik fəsada əməl edilir. Çox insan bu qaydanı bilmədiyi üçün aşağdakı hədisi özünə örnək götürür: "(Rəhbərdən), qəti dəlil olan sırf küfr gördükdə üsyan edə bilərsiniz”[1]. Bu hədisi oxuyandan sonra elə düşünür ki, öz düşüncəsiylə təkfir etdiyi rəhbərə qarşı üsyan edə bilər. Hələ bu işində özünü mücahid də hesab edir. Bu, cihad anlayışı haqda səhv düşüncədir. Bəziləri elə düşünürlər ki, əlinə silah alıb istənilən kafirə qarşı döyüşməyi bacarar və etdiyi əməli də Allah yolunda cihad sayılar. Lakin bu açıq-aşkar zəlalət düşüncəsidir. Əhli Sünnə və camaat alimləri əqidə kitablarında qeyd edirlər ki, cihadı istənilən günahkar və ya yaxşı rəhbər ilə etmək lazımdır[2] və cihad yalnız rəhbərlərin əmri altında olmalıdır. Əgər rəhbər cihada çağırsa və cihad etsə sən də bu çağırışla cihada qoşul. Əgər rəhbər cihadı dayandırsa, kiminsə cihada davam etməsi səhvdir və etdiyi əməl də batil sayılır. Əgər rəhbərlər cihad etməyə imkanları olduları halda, bilərəkdən onu dayandırsalar, buna görə günah qazanarlar. Lakin yenə də bu halda bir adam belə onlardan icazəsiz cihada başlaya bilməz. Yaxşı, əgər rəhbər küfr etmişdirsə bəs ona qarşı üsyan necə olmalıdır? Bu haqda Əbul Məali əl-Cuveyni[3] demişdir: "Bu, sıravi insanların işi deyil, səlahiyyət sahiblərinin işidir”[4]. Əgər hakim kafir olarsa səlahiyyətli şəxslər onu dəyişdirib başqası ilə əvəz edirlər. Lakin bir şərtlə ki, buna görə fitnə olmasın və qan tökülməsin. İmam Əhməd (Allah ona rəhmət etsin!) də Abbasi xəlifələri: "Quran məxluqdur!” – dedikdə onlara belə münasibət bəsləmişdir. Onlar insanları: "Quran məxluqdur!” – deməyə məcbur edir, İmam Əhmədə və digər alimlərə bunu dedizdirmək üçün işgəncə verirdilər. Təbii ki, bu sözü demək küfrdür və İmam Əhməd: "Quran məxluqdur!” - deyəni təkfir edirdi. Lakin bəziləri İmam Əhmədin yanına gəlib: "Biz bunlara qarşı üsyan etmək istəyirik, fitnə artıq çox böyüyüb!” – dedikdə, o buyurmuşdu: "Mən bunu sizə halal görmürəm. Fitnə zamanı qılınc işləsə qan axıdılar, yollar kəsilər, insanların namusları tapdalanar. Siz, pis rəhbərdən qurtulub, yaxşısı gələnə qədər səbr edin!”[5]. Bu, müsəlmanların rəhbərləri və sələf alimləri tərəfindən başa düşülən əsas prinsip olmuşdur. Belə ki, əgər hakim kafir olarsa yalnız ixtiyar sahibləri fitnə-fəsada yol vermədən, qan axıdılmadan, onu vəzifəsindən kənarlaşdıra bilərlər. Aşağdakı səbəblərə görə sıravi insanlar bunu edə bilməzlər. Birinci: Ola bilər onlar təkfir etmək məsələsində səhv etsinlər. İkinci: Əgər onlardan bəziləri üsyana qatılsa, digərləri isə qatılmasa o zaman arada ixtilaf düşəcək və fitnə olacaqdır. Üçüncü: Onlar, səlahiyyət sahiblərindən fərqli olaraq, rəhbərin dəyişdirilməsi və ya ona qarşı üsyanın nəticəsinə əhəmiyyət vermirlər. Kimsə deyə bilər ki, "Filan rəhbər dünyəvi qanunlarla (Qavaninul vadiyya) hökm verir, deməli o kafirdir!”. Biz isə ona deyirik ki, artıq tanınmış böyük və müdrik alimlər bu məsələ haqda danışmışlar. Bu məsələ Allahın hökmündən başqa bir hökmlə hakimlik etmək məsələsidir”. İbn Abbas (radiyallahu anhu)demişdir: "Bu, İslamdan çıxaran böyük küfrdən aşağı mərtəbədə olan kiçik küfr, kiçik asilik və kiçik zülmdür”[6]. Əgər kimsə Allahın qanunlarını tərk edib dünyəvi qanunlarla hökm verirsə bizim onu kafir elan etməyimiz və İslam dinindən çıxarmağımız doğru deyildir. Əgər biz onun vəziyyətini dəqiq yoxlasaq ki, bu insan digər hökmləri Allahın hökmündən daha gözəl görür, yaxud Allahın hökmünü əsla doğru saymırsa, məhz belə halda o, şübhəsiz kafir olur. Lakin o, nəfsi istəkləri, dünyəvi mənfəət, vəzifəsini itirəcəyindən qorxaraq, hökmünə riayət olunmayacağını düşünərək, bununla belə Allahın hökmünün daha yaxşı olduğunu etiqad edirsə, belə insana kafir hökmü vermək, İslamdan çıxarmaq olmaz. Bu insan, rüşvət xətrinə Allahın hökmündən başqa bir hökmlə hakimlik edənə bənzəyir. İslam ümmətinin yekdil rəyinə əsasən belə insan kafir sayılmır, o sadəcə olaraq böyük günah sahibidir”[7]. Bu düzgün rəy, alimlərin bir fikridir[8]. Ümumiyyətlə kiməsə kafir deməkdə ən xırda şübhə varsa bu şübhə təkfirdən uzaqlaşmaq üçün yetərlidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), müsəlmanın eyibni gizlətməyi və onun üçün üzr axtarmağı əmr edərək buyurmuşdur: "Qardaşınız üçün üzr axtarın”[9]. Ona görə müsəlman digər müsəlmanların eyiblərini gizlətməyə, onları cəzalara və ölümə məhkum olunmaqdan qorumağa çalışmalıdır. Bütün bunlar, şəriət sahibinin məqsədlərindən sayılır. Kiminsə küfr etdiyini ehtimal edərək onu təkfir etməyə can atmaq, Allahdan qorxmağın əlaməti deyildir. Ən böyük Allah qorxusu, müsəlmanları təkfir etməkdən, namuslarına toxunmaqdan, qanlarına əl batırmaqdan uzaq olmaqdır. Həmçinin demək lazımdır ki, insan əlində olan nemətə görə Allaha şükür etməlidir. Bəzi insanlar hər hansı bir pis vəziyyətdə olanda: Nə üçün mən bu vəziyyətdəyəm? Nə üçün bu ölkədə olan müsəlmanlar belə vəziyyətdədir? – deyərək şikayətlənir, söyür və təhqir edir, olduğu vəziyyətin bu yolla dəyişməsini istəyir. Təbii ki, bu hərəkət açıq-aşkar səhvdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Allahın nemətlərinə naşükür qalmamanız üçün, özünüzdən (vəziyyətcə) aşağı olana baxın, yuxarı olana baxmayın!”[10]. Əgər bir nəfər xəstələnibsə, o digər sağlam insanlara baxıb: Nə üçün mən xəstə, bunlar isə sağlamdır? – deməz. Əksinə daha pis xəstələrə baxdıqda, Allahın ona rəhm etdiyini bilib öz vəziyyətinə şükr edər. Həmçinin orta səviyyəli insan yüksək səviyyəli insanlara deyil, yemək tapmayan kasıblara baxıb Allaha şükr etməlidir[1] Buxari (№7056) və Müslim (№1709) rəvayət etmişlər. [2] Bax. Laləkai Şərhi usul etiqad əhlis sünnə vəl camaat(4, 1299), İbn Əbil İzz əl-Hənəfi Şərh əl-Əqidəh ət-Təhaviyyə (2, 555), İbn Teymiyyə Məcmu əl-Fətava (28, 503). [3] Abdul Məlik İbn Abdullah İbn Yusuf əl-Cuveyni, əl-Nəysəburi əş-Şafii. Çox sayda kitabların müəllifidir. Hicrətin 419-cu ilinin əvvəlində anadan olmuş və 478-ci ildə vəfat etmişdir. [4] Bax. Ğiyasul Umam(səh.96) [5] Bax. İbnul Xallal Sünnə (1/134). [6] Səhih: Muhəmməd İbn Nasr əl-Mərvəzi Təzim Qadris Salət(2/522), Hakim Müstədrək (№3219) və Beyhəqi Sunanul Kubra (8/20) kitabında rəvayət etmişlər. Hakim demişdir: "Bu hədisin səhih isnadı var və Şeyxeyn bunu rəvayət etməmişdir.” Zəhəbi də bu fikirlə razılaşmışdır. [7] Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin!) Məcmuul Fətava (22/61) əsərində demişdir: "Günah etdikləri səbəbi ilə hakimlərə qarşı üsyan etmək düzgün deyil. Zina və bənzəri günahlara görə kiməsə ölüm hökmü tətbiq edilməsinə baxmayaraq, eyni günahı hakim edərsə (zina və.s) ona qarşı üsyan etmək olmaz. Çünki bu üsyan səbəbi ilə baş verən fitnə, hakim tərəfindən edilən böyük günahın fitnəsindən qat-qat çoxdur. [8] Fayda üçün, Daimi Elmi Araşdırmalar və Fətvalar Komitəsinin mövzu ilə əlaqədar bəzi fətvalarını qeyd etmək istəyirik: Sual (№2) fətva (№5226): Təkfir nə zaman caizdir və nə zaman caiz deyildir? Allahın aşağıdakı sözündə təkfirin hansı növündən söhbət gedir? "Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə ki kafirlərdirlər!”(Maidə:44) Cavab: Allaha həmd, Onun Elçisinə, ailəsinə və səhabələrinə salam və salavat olsun. Sizin: "Təkfir nə zaman caizdir və nə zaman caiz deyildir?” sözünüzə gəldikdə isə düşünürük ki, hökmü sizə açıqlamağımız üçün məsələnin sizi narahat edən məqamlarını bizə izah etməlisiniz. Allah taəlanın: "Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə ki kafirlərdirlər!” - sözünə gəldikdə ayədə deyilən bu küfr böyük küfrdür. Qurtubi Təfsirində (6/188) demişdir: "İbn Abbas və Mucahid demişlər: "Kim Quranı və Allahın Elçisinin (sallallahu aleyhi və səlləm) sözünü inkar edərək Allahın nazil etdiyi ilə hökm etmirsə o zaman o kafirdir”. Allahın nazil etdiyindən başqası ilə hökm verən bu işinin günah olduğunu etiqad edər, rüşvətə, məhkuma bəslədiyi düşmənçiliyə, yaxud məhkumla qohumluğu, dostluğu və s. belə amillərə görə başqa hökm ilə mühakimə edərsə, bu əməl böyük küfr ola bilməz. Belə halda o günahkar olar. Küfr sayılan bu günah böyük küfrdən aşağı mərtəbə olan küfr, böyük zülmdən aşağı mərtəbədə olan zülm, asilikdən aşağı mərtəbədə olan asilikdir. Müvəffəqqiyyət Allahdandır. Allahın salamı və salavatı Onun Elçisinə, ailəsinə və səhabələrinə olsun! Daimi Elmi Araşdırmalar və Fətvalar Komitəsi Prezident: Əbdül Əziz ibn Abdullah ibn Bəzz Vitse Prezident: Əbdürrəzzaq Əfifi Üzv: Abdullah ibn Ğudəyyan Üzv: Abdullah ibn Quud
Sual (№11) fətva (№5741): Allahın nazil etdiyindən başqası ilə hökm edən Müsəlmandır, yoxsa böyük küfr edən kafir? Onun əməlləri qəbul olunurmu? Cavab: Allaha həmd, Onun Elçisinə, ailəsinə və səhabələrinə salam və salavat olsun. Uca Allah buyurur: "Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə ki, kafirlərdirlər!”(Maidə:44), "Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə ki zalımlardırlar!” (Maidə:45), "Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə ki fasiqlərdirlər!”(Maidə:47). Əgər bir rəhbər Allahın hökmündən başqası ilə hökm verməyi halal sayaraq icazəli olduğuna inanarsa, onun küfrü, zülmü, fasiqliyi böyük olar və bununla dindən çıxar. Yox əgər o bu işin haram olduğunu etiqad edərək, rüşvət və ya başqa məqsədlə edərsə, əməli kiçik küfr, zülm və fasiqlikdir və həmin insan günah sahibidir. Elm əhli belə insanın Islamdan çıxamadığı qənaətindədirlər. Onlar, deyilən ayələrin təfsirində bu haqda geniş danışmışlar. Müvəffəqqiyyət Allahdandır. Allahın salamı və salavatı Onun Elçisinə, ailəsinə və səhabələrinə olsun. Daimi Elmi Araşdırmalar və Fətvalar Komitəsi Prezident: Əbdül Əziz ibn Abdullah ibn Bəzz Vitse Prezident: Əbdürrəzzaq Əfifi Üzv: Abdullah ibn Ğudəyyan
Sual (№3) fətva (№6310): Dünyəvi qanunların batil olduğunu bildiyi halda ona qarşı mübarizə aparmayan və dəyişdirilməsinə səy göstərməyən insanın belə qanunlara müraciət etməsinin hökmü nədir? Cavab: İxtilaf zamanı Allahın Kitabı və Elçinin (sallallahu aleyhi və səlləm) Sünnəsi ilə hökm etmək vacibdir. Uca Allah buyurur: "Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (Nisə:59)"Amma xeyr! (Ey Elçim!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqətən) iman gətirmiş olmazlar. (Nisa:65). Buna görə mühakimə zamanı Uca Allaha və Onun Elçiunun (sallallahhu aleyhi və səlləm) Sünnəsinə müraciət edilməlidir. Əgər kimsə maddi və ya hansısa mənfəət üçün dünyəvi qanunla hökm verərsə belə insan özünü İslamdan çıxarmayan günah, fasiqlik, asilik edər. Müvəffəqqiyyət Allahdandır. Allahın salamı və salavatı Onun Elçiuna, ailəsinə və səhabələrinə olsun. Daimi Elmi Araşdırmalar və Fətvalar Komitəsi Prezident: Əbdül Əziz ibn Abdullah ibn Bəzz Üzv: Abdullah ibn Ğudəyyan Üzv: Abdullah ibn Quud [9] Beyhaqinin Şuabul İman(6/323) əsərində, Muhəmməd İbn Sirindən belə dediyi qeyd olunur: "Sizə qardaşınızla əlaqədar bir xəbər gələndə, o zaman onun üçün üzr axtarın. Əgər onun üçün üzr tapa bilməsəniz, o zaman: "Onun üzrü var”- deyin. Beyhəqi həmçinin Şuabul İmanda(7/552) Həmdun əl-Qassarın belə dediyini qeyd edir: "Qardaşlarınız arasından birinin ayağı büdrəyəndə, o zaman onun üçün yetmiş üzr axtarın. Qəlbiniz bunu qəbul etməsə, o zaman bilin ki, xata sizin nəfsinizdədir. Çünki Müsəlman üçün yetmiş üzr yeri qoyulduğu halda qəlbiniz bunu qəbul etmədi!”. [10] Müslim (№2963) rəvayət etmişdir.
| |||
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1198 | |