Baş səhifə » 2013 » Aprel » 10 » Vətəndaşlarımız bir ildə falçılara 200 milyon manat xərcləyib.
11:31
Vətəndaşlarımız bir ildə falçılara 200 milyon manat xərcləyib.

Vətəndaşlarımız bir ildə falçılara 200 milyon manat xərcləyib


2012-ci ildə Azərbaycan vətəndaşlarının falçılara, cadugərlərə və ekstrasenslərə 200 milyon manat pul xərcləyib. Belə bir açıqlama ilə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhəbri Vüqar Bayramov çıxış edib. İqtisadçı onu da qeyd edib ki, əslində, digər ölkələrlə müqayisədə Azərbaycanda falçı və ekstrasenslərə daha az vəsait xərclənib. Maraqlıdır ki, Moskvanın baş kardioloqu Yuri Buziaşvili etiraf edir ki, ruslar hər il cadugər və ekstrasenslərə 30 milyard dollar vəsait xərcləyirlər.

Azərbaycana gəldikdə isə, hər halda yuxarıda səslənən rəqəm də az sayıla bilməz. İnananlar tərəfindən göstərilən miqdarda vəsait "mədəni cibgir”lərin ovucuna getsə də, ölkəmizdə bu cür fəaliyyət həm dini, həm də hüquqi müstəvidə qadağan olunub. Amma falçıların rəsmi vergi ödəyicisi olduğu xarici təcrübələr də var. Mütəxəssislər isə bu və digər inzibati metodlardansa, ölkəmizdə ümumiyyətlə, falçılara qarşı ciddi cəza tədbirlərinin görülməsini təklif edirlər.

"Bu kimi hallar etibardan sui - istifadə olaraq qiymətləndirilir və dələduzluq kateqoriyasına daxildir”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirir ki, qanunvericilikdə konkret olaraq ekstrasenslərin hərəkətlərini tənzimləyən maddə yoxdur: "Tərəfimizdən bunun statistikası aparılmır. Amma bütün hallarda bu kimi hallar etibardan sui - istifadə olaraq qiymətləndirilir və dələduzluq kateqoriyasına daxildir. Buna qarşı da daimi olaraq mübarizə aparmaqdayıq”.

 "Falçıların fəaliyyətindəki şarlatanlığın mahiyyətini açıb ortaya qoymaq daha düzgün olardı”

Sosioloq Asif Ozan bildirir ki, XXI əsr daha çox dünyada sivil düşüncənin, mədəni şüurun və elmi idrakın üstün olduğu bir dövrdür: "Belə bir dövrdə əgər bir cəmiyyətdə insanlar bir il ərzində şarlatanlara iki yüz milyon manata qədər pul xərcləyirsə, bunun kökündə bəzi konkret stimullar və səbəblər dayanır. Bu səbəblərdən biri o ola bilər ki, cəmiyyətdə xurafata inanların, mistik şüur daşıyıcılarının kəmiyyətcə sayı artıb. İkinci bir stimul isə ondan ibarətdir ki, son zamanlar həlli çətin olan, sosial, psixoloji-mənəvi problemlərin sayı artıb. Bütün bunların həllini real həyatda görə bilməyən insanlar daha çox xurafata meyl edir. Ancaq bu gün Azərbaycanda birinci səbəb daha üstündür. Çünki, son 10-15 il ərzində Türkiyə istisna olmaqla, İslam dünyasının aparıcı dövlətləri Azərbaycanda sivilizasiya, ali təhsil ocağı və yaxud hansısa bir mədəni müəssisə az təsis ediblər. Ancaq Azərbaycanda məscid açmaq istəyində olan və yaxud məscid açan İslam dövlətlərinin sayı kifayət qədər çoxdur. Ən çox da cənub qonşumuz bunda maraqlıdır. Son vaxtlar Azərbaycanda məscidlərin sayı artdığına görə, məscidlərin sayına mütənasib olaraq, həmin məscidlərin ətrafında formalaşan dini mühit böyüyüb. Yəni, Azərbaycanda son dövrlər empirik - praqmatik düşüncə daşıyıcılarından daha çox dini düşüncə daşıyıcılarının sayı artıb. Əgər cəmiyyətdə daha çox dinə inanan insanların sayı artırsa və bu şüur formasının miqyasını genişləndirmək üçün Azərbaycanda bəlli ölkələrdən missionerlər göndərilirsə, onda falçılığa, xurafata, inanların auditoriyası get-gedə böyüyəcək”.

Sosioloq onu da əlavə etdi ki, bu tendensiyanın qarşısı mütləq şəkildə alınmalıdır: "Ona görə ki, dini xurafatın çiçəklənməsi həmin cəmiyyətin perspektivləri üçün təhlükə törədə bilər. Ancaq sosial-psixoloji prosesləri dövlət qanunlarla tənzimləməməlidir. Çünki cəmiyyətdə elə proseslər var ki, onların qarşısını mənəvi qanunlarla, əxlaqi məcəllələrlə almaq mümkündür. Hər hansı formada inzibatçılıq hökmən qarşı tərəfdə müqavimət yaradır. Müqavimətin yarandığı mühitdə isə həmin şüur forması çiçəklənir. Bu isə onların öz xurafat üzərində olan inanclarına inamı artıracaq. Ən yaxşı metod isə, cəmiyyətdə elmi maariflənmə işini və elmə, təhsilə olan marağı artırmaqdır. Bunun üçün də dövlətin maliyyə imkanları, iqtisadi rıçaqları var”.

Asif Ozanın sözlərinə görə, falçıların vergiyə cəlb olunması onların statuslarının artıq hüquqi səviyyədə dövlət tərəfindən qəbul olunması deməkdir: "Bu isə, falçıların "əl-qolunu” daha da açar. Onların vergiyə cəlb olunması bir növ onların fəaliyyətlərinin legitimləşdirilməsi demək olardı. Ona görə də falçıları vergiyə cəlb etməkdənsə, onların fəaliyyətindəki şarlatanlığın mahiyyətini açıb ortaya qoymaq daha düzgün olardı”.

"Qanunvercilikdə dəyişiklik edilərək, konkret cəza tədbirləri görülməlidir”

Digər mütəxəssis, Bakı Dövlət Universitetinin "Politologiya və sosiologiya” kafedrasının dosenti Xatirə Əfəndiyevanın sözlərinə görə, birincisi, bizdə çox böyük həm televiziya, həm də dini təbliğat gücü var: "Çünki bu gün cəmiyyətdə yalançı dindarlar çoxalıb. Bundan da başqa məqsədlər üçün istifadə edirlər. Bizdə elə psixologiya formalaşıb ki, biz ətraf üçün yaşayırıq. Bunun qarşısını almağın yeganə üsulu təbliğat yox, qanundur. Qanunvercilikdə dəyişiklik edilərək, konkret cəza tədbirləri görülməlidir. Çünki təmtəraqlı yas mərasimləri qurulursa, nəzir qutuları olursa, insanlar məcburən ora pul qoyacaqlar. Yəni, şüuru dəyişdirmək bir az çətin olacaq. Ancaq rəsmi qadağalarla insanları dəyişə bilərik. Həm də burada medianın da üzərinə hansısa falçının reklamını aparmamaq yükü düşür”.

"İslam dinində buyurulur ki, ekstrasens, kahin, fala baxan, münəccim və astroloqun dediklərinə inanan peyğəmbərimizə göndəriləni inkar etmiş olur”

İlahiyyatçı Elşad Miri hesab edir ki, dindən kənar məsələlər din adı altında həyata keçirilirsə, bunun birinci səbəbində mövhümat dayanır: "Bununla da illərdir ki, mübarizə aparılır. Nəticəsi var, sadəcə, müəyyən insanlar dini öyrənməyin əvəzinə, daha asan şəkildə istədiklərinə nail olacaqlarına ümid edərək, belə ekstrasenslərə aldanırlar. Ora da elə insanlar gedir ki, ya öz var - dövlətini o yolda xərcləməyə, ya da hansısa qiymətli əşyasını ora təqdim etməyə hazırdır. Bunlara "din biznesmenləri” deyə bilərik. İnsanların ümidlərindən istifadə edərək, onların gəlirləri ilə yaşayanlardır. Buna başqa bir səbəb də, bu gün orta və ali məktəblərdə dinlə bağlı hansısa bir seçməli fənnin olmamasıdır. Bu gün insanların əksəriyyəti dini molla və baxıcı ilə bilirlər. Halbuki İslamda bunların hamısı haram olan məsələlərdir. İslam dinində buyurulur ki, ekstrasens, kahin, fala baxan, münəccim və astroloqun dediklərinə inanan peyğəmbərimizə göndəriləni inkar etmiş olur. Peyğəmbərə göndərilən Qurandır. Quranı inkar edənlər isə İslama görə, dindən çıxmış sayılır. Ona görə də bu məsələ ilə bağlı böyük şəkildə maarifləndirmə işləri aparılmalıdır”.


Mübariz Bayramov


http://movqe.az




Uca Allah buyurur:

"Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər...”
(əl-Bəqərə, 102).

"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? "
(əl-Maidə, 90-91).

Rəsulullah sallallahu aleyhi və səlləmdən kahinlər (falçılar, cadugərlər, sehrbazlar) barəsində soruşdular.
O: "Onlar heç nədir!” – deyə buyurdu. Camaat: "Ey Allahın rəsulu, amma onların bizə verdiyi xəbərlər doğru olur” dedi. Rəsulullah: "Onların bu xəbərləri həqiqətdəndir. Onu bir cin (mələklərdən) qaparaq (kahin) dostunun qulağına fısıldayır. Kahinlər də bir doğruya yüz yalan qarışdırır” – deyə buyurdu

(Buxari. Tibb. 46, Tövhid. 57; Bədayətul-xalq 6; Müslim. "Salam” 122-124).

Eləcədə: "Kim bir ərrafın (falçı, kahin) yanına gedib, onun söylədiklərini təsdiq edərsə, Məhammədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz” buyurdu.
(Təbərani). 

Digər bir hədisdə Rəsulullah sallallahu aleyhi və səlləm buyurudu:
"Əyyaşlıq edən, sehrə inanan, qohumluq əlaqəsini kəsənlər cənnətə girməzlər”

(İbni Hibban).

Bölmə: Xəbərlər | Baxılıb: 653 | Yüklədi: selefimedia