AZƏRBAYCAN XALQINA ALİM NƏSİHƏTİ
Məşhur din alimi
Şeyx Məhəmməd
Saleh əl-Useymininj
(rahimahullah)
Azərbaycan müsəlmanlarına nəsihəti
Həmd olsun Allaha – aləmlərin
Rəbbinə! Peyğəmbərlərin sonuncusu, müttəqilərin imamı
Məhəmmədə, onun ailəsinə və bütün səhabələrinə salam və
salavat olsun. Bu mənim Azərbaycanda yaşayan qardaşlarıma
nəsihətimdir. Allahdan diləyim budur ki, söyləyəcəyim
sözlər onlara çatan an onların əhval-ruhiyyələri xoş
olsun.
Məlumdur ki, Uca Allah peyğəmbəri Məhəmmədi -
ona Allahın salavatı və salamı olsun – hidayət və haqq dinlə
göndərmişdir. Hidayət faydalı elm, haqq din isə saleh əməldir.
Uca Allah Məhəmmədin - ona Allahın salavatı və salamı olsun –
özündən öncəki peyğəmbər qardaşlarına əmr etdiyi kimi ona
da insanları heç bir şəriki olmayan tək Allaha ibadət etməyə
çağırmağı əmr etmişdir.
Allah təala buyurur:
"(Ya
Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki,
ona: "Məndən başqa heç bir ilah yoxdur. Buna görə də yalnız
mənə ibadət edin!” – deyə vəhy etməyək”. (əl-Ənbiya,
25).
Ilk öncə şəriksiz və tək Allahdan başqasına
ibadət etməməklə, qəlbini hər hansı bir bir məxluqa
bağlamamaqla, Allahdan başqasının qadir olmadığı işlərdə
yaradılanlardan kömək istəməməklə izzət və cəlal sahibi
Allahı təkləşdirmək hər bir insana vacibdir. Onun qorxusu,
ümidi, təvəkkülü, tövbəsi və mütiliyi bütünlüklə Allah
üçün olmalıdır. Bilsin ki, Allahdan başqasına edilən hər bir
ibadət batildir. Onlar insana heç bir fayda verə bilməzlər.
Əksinə onu Allahın razılığından və Cənnətindən
uzaqlaşdırarlar. Həmçinin bilsin ki, yaradılanlardan heç kəs
insana nə fayda, nə də zərər verə bilməz.
Necə ki, Uca
Allah peyğəmbərinə - ona Allahın salavatı və salamı olsun-
buyurmuşdur:
"De: "Mən Allahın istədiyindən başqa özümə
nə bir xeyir, nə də bir zərər verə bilərəm.” (əl-Əraf,
188).
O, həmçinin buyurmuşdur:
"De: "Mən sizə demirəm
ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi
bilmirəm və sizə də demirəm ki, mən mələyəm.” (əı-Ənam,
50).
Başqa bir ayədə isə ona belə buyurmuşdur: "De: "Mən
sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik
deyiləm! (Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!).
De: "Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz
və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!
(Mənim əlimdən) Allah dərgahından olanı və Onun
göndərdiklərini (Quranı və dini hökmləri) təbliğ etməkdən
başqa (heç bir şey gəlməz).” (əl-Cinn, 21).
Bilsin
ki, övliyalara, peyğəmbərlərə, rəsullara, mələklərə dua
etsə belə ona nə cavab və nə də fayda verə bilməzlər.
Uca
Allah buyurur:
"Əgər siz onları çağırsanız (dua etsəniz),
onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də
cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin (Onları
Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi)
danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən
xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!” (Fatir,
14).
Peyğəmbər -ona Allahın salavatı və salamı
olsun- Abdullah ibn Abbasa belə buyurmuşdur: "Dua etdikdə Allaha
dua et, kömək dilədikdə Allahdan dilə. Bil ki, əgər bütün
ümmət sənə fayda vermək üçün bir yerə toplaşsa belə,
Allahın sənin qədərinə yazdığından başqa bir fayda verə
bilməz. Yox əgər sənə zərər vermək üçün toplaşsa, Allahın
sənin qədərinə yazdığından başqa bir zərər verə
bilməz.”
Peyğəmbər -ona və ailəsinə Allahın salavatı
və salamı olsun- İbn Abbasa -Allah ondan razı olsun- əmr
etmişdir ki, dua etdikdə başqasına deyil, yalnız Allaha dua
etsin. Həmçinin kömək dilədikdə başqasından deyil, yalnız
Allahdan diləsin. O bildirmişdir ki, ümmət bir yerə toplaşsa
belə ona nə bir fayda, nə də bir zərər verə bilməz. Bu,
Allaha təvəkkülün və tövbənin həqiqi şəkildə
gerçəkləşməsidir.
Sonra mən onlara tövsiyə edirəm ki,
Allahın və Rəsulunun əmr etdiyi şəkildə düzgün namaz
qılsınlar. Onlar namaz vaxtlarına xüsusi riayət etsinlər. Nə
tez, nə də gec olmamaq şərti ilə, hamısını öz vaxtında
qılsınlar.
Uca Allah bu haqda belə buyurur:
"Çünki namaz
möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.” (ən-Nisə,
103).
Namaz vaxtlarına gəlincə, məlumdur ki, sübh
namazı dan yeri söküləndən günəş doğana qədər, zöhr
(günorta) namazı günəşin zeniti keçməsindən hər şeyin
kölgəsi özü boyda olana qədər, əsr (ikindi) namazı bundan
sonra günəş saralana, zəruri vaxtı isə günəş batana qədər,
məğrib (axşam) namazı günəşin batmasından şəfəqi itənə
qədər, işa (gecə) namazı günəşin şəfəqinin itməsindən
gecə yarısına qədərdir. Namazı rahatlıqla yəni,
tələsməyərək arxayınlıqla qılsınlar. Çünki namaz tələsik
qılınarsa batil olar. Peyğəmbər -ona və ailəsinə Allahın
salavatı və salamı olsun- namazı tələsik qılan kişiyə belə
buyurmuşdur: "Get yenidən qıl! Həqiqətdə sən namaz
qılmadın.” Həmin adam eyni əməlinə görə Peyğəmbər
tərəfindən -ona və ailəsinə Allahın salavatı və salamı
olsun- bir neçə dəfə qaytarıldıqdan sonra ona belə demişdir:
"Səni haqla göndərən Allaha and olsun ki, bundan yaxşısını
bacarmıram. Öyrət məni!” Peyğəmbər -ona və ailəsinə
Allahın salavatı və salamı olsun- ona düzgün namaz qılmağı
öyrədərək buyurmuşdur: "Namaz qılmaq istədikdə kamil
dəstəmaz al, sonra qibləyə yönəlib təkbir et, sonra Qurandan
bildiyini oxu, sonra tələsmədən rüku et, sonra qalx və ayaq
üstə arxayın (tələsmədən) dayan, sonra səcdə et və səcdədə
arxayın ol, sonra qalx və arxayıncasına otur, sonra səcdə et və
səcdədə arxayın ol və bunu namaz boyu təkrar et!”
Həmçinin
tövsiyə edirəm ki, zəkat versinlər. Zəkat Allah təalanın
mal-dövələtə vacib etdiyi bir paydır. O, varlılardan götürülüb
kasıblara verilir. Uca Allah zəkatın kimlərə verilməsini bəyan
edərək buyurmuşdur: "Sədəqələr (zəkatlar) Allah
tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq
ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb
dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara,
ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman
gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə
(və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin
(borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad
edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan,
vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər
şeyi) biləndir, hikmət sahibidir!” (ət-Tövbə, 60).
Onlara
nəsihət edirəm ki, Ramazan ayında şəriətin tələblərinə
uyğun olaraq oruc tutsunlar. Bu, onların sübh aıçılandan günəş
batana qədər özlərini orucu pozan şeylərdən qorumalarından,
haram buyurulanlardan çəkinmələrindən və üzərlərinə vacib
olan əməlləri yerinə yetirmələrindən ibarətdir. Orucun əsas
mahiyyəti də elə budur.
Uca Allah buyurur:
"Ey iman
gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib
edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz
pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə,
183).
Peyğəmbər -ona Allahın salavatı və salamı
olsun- buyurmuşdur: "Kim pis sözdən, pis əməldən və ya
onları etməyə səyindən əl çəkməzsə, onun yemək və
içməkdən imtina etməsinə Allahın heç bir ehtiyacı
yoxdur.” Gücü çatan hər bir kəsin həccə gedib
Beytul-Haramı (Kəbəni) ziyarət etməsini tövsiyə edirəm.
Bu
haqda Uca Allah buyurur:
"Onun yoluna (ərzaq, minik, və
sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib
o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim
bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə,
Allah aləmlərə (heç kəsə) möhtac deyildir!” (Ali-İmran,
97).
Həmçinin valideyinlər ilə gözəl davranmağı,
qohumluq əlaqələrini kəsməməyi, qonşularla xoş münasibət
qurmağı, kasıblara, yoxsullara, yetimlərə əl tutmağı,
qonaqpərvərliyi, sözlərində doğru olmağı, insanlara nəshət
verməyi tövsiyə edirəm. Peyğəmbər -ona Allahın salavatı və
salamı olsun- üç dəfə təkrarlayaraq buyurmuşdur:
"Din
nəsihətdir.” Soruşmuşlar: Ey Allahın elçisi kimə nəsihətdir?
O: "Allaha, Kitabına, Rəsuluna, müsəlmanlara və onların
imamlarına.” - deyə cavab vermişdir. Insanları Allahın
dininə mülayimlik, yumşaqlıq, hikmət, hallarına acıma və
rəhmlə dəvət etmələrini tövsiyə edirəm.
Həmçinin
nəsihət edirəm ki, bir-birlərinə xeyirli işlər görməyi əmr
edərək, pis əməllərdən çəkindirsinlər. Bu, hökm baxımından
fərdul-kifayədir (yəni, bir dəstə insanın icra etməsi ilə
vacibliyi digərlərinin üzərindən götürülmüşdür).
Uca Allah
buyurmuşdur: "(Ey müsəlmanlar!) İçərinizdə (insanları)
yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və
pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat),
həqiqətən nicat tapmış şəxslərdir. (Allahdan tərəfindən)
açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və
ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba
düçar olacaqlar.” (Ali-İmran, 104).
Nəsihət edirəm
ki, fitnə-fəsad törətməsinlər, bir-birinə kin-küdurət və
nifrət bəsləməsinlər, düşmənçilikdən əl çəksinlər.
Çünki bu, möminlərin əxlaqından deyildir. Möminlər bir-birini
sevər, bir-biri ilə mehriban davranar və bir-birinə dayaq
durarlar.
Bu haqda Peyğəmbər -ona Allahın salavatı və salamı
olsun- buyurmuşdur:
"Möminlərin bir-birinə olan sevgisi,
mərhəməti və davranışı bir bədənin misalına bənzəyir.
Əgər bədənin hər hansı bir əzası ağrayarsa digərləri də
qızdırma və yuxusuzluqdan əziyyət çəkər”. O, həmçinin
buyurmuşdur: "Möminlərin bir-birinə dayaq olması onları bir
binaya bənzədir.” Peyğəmbər -ona Allahın salavatı və salamı
olsun- bu sözləri dedikdən sonra barmaqlarını bir-birinə
keçirmişdir.
Tövsiyə edirəm ki, dini elimləri
öyrənsinlər.
Peyğəmbər -ona Allahın salavatı və salamı
olsun- buyurmuşdur:
"Allah kimin üçün xeyir istəyərsə, onu
dində fəqih (yəni, elm sahibi) edər. ”
Elmi, Allahın kitabına
və Onun elçisinin -ona Allahın salavatı və salamı olsun-
sünnəsinə əsaslanaraq öyrənsinlər. Müəyyən şəxslərə və
məzhəblərə təəssübkeşçilikdən əl çəkərək, hər an və
hər vaxt haqqı özlərinə meyar götürsünlər.
Uca Allah
buyurur: "Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha
və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə
həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha
yaxşıdır.” (ən-Nisa, 59).
Nəsihət edirəm ki,
sözlərində, əməllərində və bütün işlərində din
qardaşlığı prinsiplərinə riayət etsinlər.
Uca Allah bu haqda
buyurur:
"Həqiqətən, möminlər (dində) qardaşdırlar.”
(əl-Hucurat, 10).
Başqa bir ayədə isə buyrulur:
"Allahın
sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən
ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun
neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan
bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz
ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq
yola yönəlmiş olasınız!” (Ali-İmran, 103).
Allahdan
özümə və sizə dünya və axirətdə səadət və müvəffəqiyyət
diləyirəm.
Bu, qardaşınız Məhəmməd ibn Saleh
əl-Useyminin sizə olan nəsihətidir. Həmd olsun Allaha -
aləmlərin Rəbbinə! Peyğəmbərimiz Məhəmmədə, Onun ailəsinə
və bütün səhabələrinə salam və salavat olsun.
Furqan
Yayınları
Yüklə:
|