Baş səhifə » 2014 » Sentyabr » 15 » Şeyx Abdullah əl-Ğuneymanın bəyanatı. -video+MƏTN-
07:31
Şeyx Abdullah əl-Ğuneymanın bəyanatı. -video+MƏTN-

Şeyx Abdullah əl-Ğuneymanın bəyanatı.

 

Sizə bir bəyanat oxumaq istəyirəm. Çox mühüm bəyanatdır. Hansı ki, bəziləri insanları təkfir edərək, əhli sünnə alimlərinin yolundan uzaq düşüblər.

 

Həmd olsun Allaha, aləmlərin Rəbbninə. Allahın qulu və Elçisi Peyğəmbərimiz Muhəmmədə Allahın salavatı və salamı olsun! Sonra isə:

Hicri tarixlə 1424-cü ildə Küveyt dövlətindən bir neçə gənc yanıma gəlmişdir. Onlar məndən (şəriətdən başqa) qanunlara müraciət etmək, həmçinin, (insanı) əzəmətləndirmək, qarşısında alçalmaq və itaətkarlıq məqsədilə məxluq üçün ayağa qalxmaq, həmçinin şəriətdən başqa qanunlar qoymaq, bu işdə iştirak etmək, bu əməli edənin arxasında namaz qılmaq, qəbri təvaf etmək və s. bu kimi suallar soruşdular.

Mən də onların suallarına təfsilata varmadan ümumi cavablar verdim. Onlar da bu sualları cavablarla birlikdə götürüb getdilər və şəxslərə tətbiq etməklə onlara kafir və İslamdan çıxdıqlarına hökm verməyə başlamışlar və bunu da sualları cavablandırana, yəni mənə nisbət etmişlər. Bu çox ciddi və təhlükəli bir işdir. Böyük günahlar səbəbindən insanları təkfir edən xavariclərin məsləyidir (yoludur).

 

Mən isə bundan uzağam və heç kəsə də halallıq vermirəm ki, yuxarıda sözü gedən şəxslərin etdiyi kimi təfsilata varmadan qeyri-şəriət qanunlarına müraciət edənləri və bu qanunvericilikdə iştirak edənləri təkfir etməyi mənə nisbət etsin! Həqiqətən bunu edənlər elm tələbəsinə yaraşmayan bir iş tutmuşlar.  Onlar bunu etməklə səhv etmiş və etdiklərinə görə günahkardırlar. Çünki, Ümumi Hökmlə, Şəxsə Hökm vermək arasında fərq vardır. Şəxsə hökm vermək üçün təfsilata varmaq və bu əməlin edilməsinin səbəbini araşdırmaq lazımdır. Onu bu əməli etməyə nə vadar etdiyini bilmək lazımdır. Sonra isə hüccət qaldırıb, onda olan şübhəni aradan qaldırmaq lazımdır. Buna görə də səhabələr və digər sələflər Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” (əl-Maidə, 44) ayəsini təfsilata vararaq təfsir etmişlər və demişlər: “Burada İslamdan çıxarmayan kiçik küfr qəsd edilir”. Başqa biriləri isə demişlər: “Bu Allaha və Axirət gününə küfr etmək deyil”. Hər hansı bir dünya mənafeyinə görə Allahın şəriətindən başqa qanuna müraciət edən şəxs əgər əməlinin günah olduğunu bilib, Allahın şəriəti ilə hökm verməyin vacib olduğunu etiqad edirsə buna görə İslam dinindən çıxaran küfrlə kafir olmur. Həmçinin, bu qanunvericilikdə iştirak edənin hökmü də eynidir.

İbn Cərir (Allah ona rəhmət etsin!) İbn Abbasdan (Allah onlardan razı olsun!) rəvayət edir ki, o Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” (əl-Maidə, 44) ayəsinin təfsirində deyir: “Bu əməl küfrdür, lakin Allaha, Peyğəmbərlərinə və mələklərinə küfr etmək dərəcəsində deyil.”

əl-Hakim (Allah ona rəhmət etsin!) əl-Mustədrək kitabında (2/313) Sufyandan, o da Hişam ibn Huceyrdən, o da Tavusdan, o da İbn Abbasdan (Allah onlardan razı olsun!) rəvayət edir ki, o bu ayə barədə demişdir: “Bu sizin nəzərdə tutduğunuz küfr deyil, həqiqətən bu İslamdan çıxaran küfr deyil. “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” (əl-Maidə, 44) ayəsində qəsd edilən küfr İslam dinindən çıxarmayan kiçik küfrdür. Hakim bu rəvayəti nəql etdikdən sonra demişdir: “Bu hədisin isnadı səhihdir. Lakin Buxari və Muslim bunu rəvayət etməmişlər”. Zəhəbi bu rəvayət barədə “Səhihdir” demişdir. Hafiz bu rəvayəti nəql edən Hişam barədə demişdir: “Doğru danışan ravidir, bəzi səhvləri var”.Bu səbəbdən bu əsərə tən edilir. Lakin bu tənə rəvac vermir. Məlum oldu ki, Hişam doğru danışan ravidir. Ondakı bəzi səhvlər bu hədisə aid deyil. Onun bu rəvayəti səhihdir. Onların (təkfirçilərin) bu hədisə tən etmələrinin heç bir faydası yoxdur, çünki onlar o dərəcəyə çatmayıblar ki, hansısa hədisə səhihdir və ya zəifdir desinlər.

İbn Cərir ət-Tabəri əl-Həsən ibn Yəhyadan, o da Abdurrazzaqdan, o da Məmərdən, o da İbn Tavusdan o da atası Tavusdan rəvayət edir ki, bir dəfə İbn Abbasdan “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” (əl-Maidə, 44) ayəsi barədə soruşuldu. O dedi: “Bu əməl küfrdür”. İbn Tavus dedi: “Allaha, mələklərinə, Kitablarına və Peyğəmbərlərinə küfr etmək kimi deyil.”

Həmçinin İbn Cərir ət-Tabəri Ətadan rəvayət edir ki, o Uca Allahın: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.”, “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır.”, “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir.” (əl-Maidə, 44, 45, 46) ayələri barədə demişdir: “Bu İslamdan çıxarmayan kiçik küfrdür, böyük fasiqlikdən aşağı fisqdir, böyük zülmdən aşağı zülmdür”.

Həmçinin Tavusdan “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” ayəsi barədə: “İslamdan çıxaran küfr deyil” –dediyini rəvayət etmişdir.

Bəğavi bu ayənin təfsirində demişdir: “İbn Abbas və Tavus demişlər: “İslamdan çıxaran küfr deyildir. Bəli bunu etsə küfr etmiş olar, lakin Allaha və Axirət gününü inkar edən kimi deyil”. Əta demişdir: “Bu ayələrdə qəsd edilən küfr kiçik küfrdür, böyük fasiqlikdən aşağı fisqdir, böyük zülmdən aşağı zülmdür”.

Abdul-Əziz ibn Yəhyə əl-Kinənidən bu ayələr (əl-Maidə, 44, 45, 46 ayələri) barədə soruşulduqda, o demişdir: “Bu ayələr Allahın nazil etdiklərinin bəzilərinə deyil bütün nazil etdiklərinə aiddir. Allahın nazil etdiklərinin hamısı ilə hökm etməyən kəs kafir, zalım və fasiqdir. Lakin kimsə Allahın nazil etdiyi tövhidi əməl edib, sonra tərk etsə və sonra da Allahın nazil etdiyi bütün şəriətlə hökm etməsə bu ayələrdə qeyd olunan hökmə aid deyil.

 

İkrimə (Allah ona rəhmət etsin!) demişdir: “Bu ayələrin mənası budur ki, kim (şəriətlə hökm etməyin vacibliyini) inkar edərək Allahın hökmü ilə hökm etməzsə kafir olar. Kim (şəriətlə hökm etməyin vacibliyini) etiraf edərək hökm etməzsə zalım və fasiq olar. Alimlər demişlər: “Bu (kafir hökmü) Allahın hökmü barədə dəlilləri açıq-aşkar, bilərəkdən rədd edənə aiddir. Amma əgər kiməsə gizli qalarsa və ya yozumunda səhv edərsə bu zaman kafir olmur.”. s. s. (3/61)

 

İbn əl-Arabi (Allah ona rəhmət etsin!) demişdir: “On birinci məsələ: Uca Allahın: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” (əl-Maidə, 44) ayəsi. Təfsir alimləri bu ayənin təfsirində ixtilaf etmişlər. Bəziləri demişlər: (ayədə nəzərdə tutulan) “kafirlərdir”, “fasiqlərdir” və “zalımlardır” sözlərinin hamısında yəhudilər nəzərdə tutulur. Bəziləri isə demişlər: (ayələrdəki) “kafirlərdir” sözü müşriklərə, “zalımlardır” sözü yəhudilərə, “fasiqlərdir” sözü isə nəsranilərə (xristiyanlara) aiddir. Mən də sonuncu rəydəyəm. Çünki bu ayənin zahirinə uyğundur.  Bu rəy həmçinin, İbn Abbas, Cabir ibn Zeyd, İbn Əbi Zəidə və İbn Şubrumənin rəyidir. Tavus və başqaları demişlər: “Bu İslamdan çıxaran küfr deyil. İslamdan çıxaran küfrdən aşağı küfrdür.”

Əgər Allahın nazil etmədiyi ilə hökm edən bunun Allahdan olduğunu iddia edərsə bu zaman o Allahın hökmünü dəyişmiş olur və bu əməl də böyük küfrdür.  Lakin əgər öz istəyinə uyub, asilikdən Allahın nazil etmədiyi ilə hökm edərsə bu əməl günahdır və Əhli Sünnənin böyük günah sahiblərinin bağışlanması əsasına görə bağışlana bilər”. (Bax: Əhkəmul-Quran: 2/624,625).

 

Qurtubi demişdir: Uca Allahın: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” “..... zalımlardır” və “fasiqlərdir” (əl-Maidə, 44, 45, 46) ayələri kafirlərə nazil olub. Bu Səhih Muslimdə gələn əl-Bəranın hədisində sabit olub (bax. Səhih Muslim, 1700-cü hədis). Əksər təfsirçilər də bu rəydədirlər. Müsəlmana gəlincə isə o böyük günah edərkən kafir olmur. Bəzi alimlər demişlər ki, ayədə nəzərdə tutlan ifadə var. Yəni, “Kim Quranı rədd edərək və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) sözünü inkar edərək Allahın nazil etdiyi ilə hökm etməzsə kafir olar”. Bunu İbn Abbas və Mucəhid demişlər. Ayənin mənası isə daha genişdir.

 

İbn Məsud (Allah onlardan razı olsun!) və əl-Həsən (Allah ona rəhmət etsin!) demişlər: Bu ayələr müsəlmanlar, yəhudilər və kafirlərdən Allahın nazil etdiyi ilə hökm etməyən hər kəsə aiddir, yəni, bunun doğruluğunu etiqad edib, halal görərsə. Amma əgər haram iş tutduğunu etiqad edərək bu işi görən (hökm edən) fasiq (günahkar) müsəlmanlardandır və işi Allaha qalıb. Allah istəsə ona əzab verər, istəsə də bağışlar. Təfsir Qurtubi (6/19).

Şeyx Muhəmməd ibn İbrahim (Allah ona rəhmət etsin!) Allahın hökmü ilə hökm etməməyi iki qismə bölmüşdür:

Birinci qisim: İslam dinindən çıxaran hökm. Bu da özlüyündə altı qisimdir:

1) Allahın hökmünü inkar edərək inadkarlıq edən;

2) Allahın hökmünü inkar etməyən lakin Allahdan qeyrisinin hökmünün daha yaxşı olduğunu etiqad edən;

3) Allahdan qeyrisinin hökmünün Allahın hökmünə bərabər olduğunu etiqad edən;

4) Allahın hökmündən qeyrisi ilə hökm verməyin icazəli olduğunu etiqad edən;

5) Bütün insanlar üçün məhkəmələr qurub insanların təsis edilən qanunlarla hökm verməyi məcbur edən;

6) Bir çox qəbilə və tayfa başçılarının (babalarından miras qalan) “səlumuhum” adlanan qanunlarala etdikləri hökm;

Bütün bu hökm növləri İslam dinindən çıxaran əməldir.

İkinci qisim: İslam dinindən çıxarmayan hökmdür. Əgər insan böyük günah etdiyini etiqad edərək Allahın nazil etmədiyi qanunlarla hökm etməsinə səbəb dünya məhəbbəti olarsabu əməl böyük küfrdən aşağı olub, İslamdan çıxarmayan küfrdür.

Səudiyyə Ərəbistanı Fətvalar Komitəsi 5741 saylı fətvasında “Allahın nazil etdiyi ilə hökm verməyən müsəlmandırmı, yoxsa böyük küfr etmiş kafirdir?” sualına cavab olaraq demişdir:

“Həmd olsun Allaha!  Uca Allah buyurur: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.”, başqa ayədə: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır.”, başqa ayədə: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir.” (əl-Maidə, 44, 45, 46). Əgər bir rəhbər Allahın hökmündən başqası ilə hökm verməyi halal sayaraq icazəli olduğuna inanarsa, onun küfrü, zülmü, fasiqliyi böyük olar və bununla dindən çıxar. Yox əgər o bu işin haram olduğunu etiqad edərək, rüşvət və ya başqa məqsədlə edərsə, əməli kiçik küfr, zülm və fasiqlikdir və həmin insan günah sahibidir. Elm əhli belə insanın İslamdan çıxmadığı qənaətindədirlər. Onlar, deyilən ayələrin təfsirində bu haqda geniş danışmışlar.”

 

Şeyx Abdul-Əziz ibn Baz deyir: “Heç kəsə Allahın nazil etmədiyi ilə hökm verməsi icazəli deyil. Əksinə bu əməl böyük günah və pis bir qəbahətdir. Amma bu əməlin İslamdan çıxaran böyük küfr olmasına gəlincə isə, bu alimlər arasında təfsilata ehtiyacı olan məsələdir. Kim Allahın nazil etmədiyi ilə hökm verib bu əməlin günah olmadığını düşünərsə və ya bu hökmün Allahın hökmü ilə eyni olduğunu düşünərsə və ya bundan daha pis düşünərək şəriət qanunlarının bu gün üçün münasib olmadığını və insanlar tərəfindən qoyulan qanunların daha münasib və (insanlar arasında) daha çox islahedici olduğunu düşünərsə bu üç halın hamısı böyük küfrdür.

Kim hansı zamanda olursa-olsun Allahdan qeyrisinin hökmünün Allahın hökmündən daha yaxşı və ya ona bərabər olduğunu iddia edərsə və ya şəriətin üstün və daha yaxşı olduğunu etiraf etsə belə Allahın nazil etmədiyi qanunlarla hökm verməyi icazəli görərsə bu üç halın hər birini deyən kafir olar, həmçinin bunu etiqad edənin də hökmü belədir. Kim Allahdan qeyrisinin hökmünün caiz (icazəli) olduğunu və ya Allahın hökmünə bərabər olduğunu və ya Allahın hökmündən daha yaxşı olduğunu etiqad edərsə bu insan bütün elm əhlinə görə İslamdan çıxmış mürtəddir.

Amma kimsə səhv etdiyini və günahkar olduğunu bilərək bu əməli rüşvət məqsədilə və ya hər hansı qövmü (toplumu) razı salmaq kimi müəyyən məqsədlər üçün edərsə və Allah bilir qəlbində bu əməli inkar edirsə və bunun batil və günah olduğunu bilirsə bu insan kafir olmur və etdiyi bu əməlinə görə asi (günahkar) olur. Böyük küfrdən aşağı olan kafir, böyük zülmdən aşağı olan zalım və böyük fisqdən aşağı olan fasiq olar. Necə ki, bunu İbn Abbas (Allah onlardan razı olsun!), Mucəhid ibn Cəbr (Allah ona rəhmət etsin!) və başqa alimlər demişlər. Bu məsələ elm əhli arasında da məlumdur ki, kim bu əməli küfr adlandırırsa İslamdan çıxarmayan küfrü qəsd edir.” (Nurun aləd-Dərb fətvaları, 4/127)

Bununla da aydın olur ki, (mənim dediyim) ümumi cavabı yazıb və onu insanlar arasında yayanlar və bu ümumi, təfsilatı bəyan edilməyən səhv cavab əsasında da insanlara hökm verənlər xəta və böyük günah etmişlər. Belə ki, müəyyən insanlara (şəxsən) kafir hökmü vermişlər və bununla da xəvariclərin yolunu getmişlər və bu təkfiri sualı ümumi cavablandırana, yəni mənə nisbət etmişlər. Bu fitnə əhlinin işidir.

Buna görə də elan edirəm ki, həqiqətən, mən verdiyim bu ümumi cavabdan dönürəm və heç kəsə də halallıq vermirəm ki, həmin fətvanı mənə nisbət etsin. Necə ki, Əhli Sünnənin “ümumi hökm müəyyən şəxsə birbaşa tətbiq olunmur” qaydasına müxalif olan bu kəslərin etdiyi kimi. Məsələn Əhli-Sünnə deyir: “Allaha şərik qoşmaq küfrdür, İslam dinindən çıxarır”. Lakin əgər bu əməli müəyyən bir şəxs edərsə bu şəxsə etdiyi əməlin şirk olub, insanı müsəlmanlıqdan çıxardığını bəyan etməyincə, habelə bu əməllə əlaqəli şübhələr ondan qaldırılmayınca onun İslamdan çıxmağına hökm vermək olmaz. Əgər bunları bilib öz əməlində israr etsə bundan sonra ona hökm verilir.

Şeyxul İslam Muhəmməd ibn Abdulvahhab deyir: “Təkfirə (kafir görməyə) gəlincə, mən yalnız Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) dinini (İslamı) bilib, bildikdən sonra onu söyəni, insanları dindən yayındıranı və bu dinə əməl edənlərlə düşmənçilik edənləri kafir sayıram. Təkfir etdiklərim bunlardır. (Əddurər əs-Səniyyə, 1/102)

Həmçinin demişdir: “Əgər biz Abdul-Qadirin, Əhməd əl-Bədəvinin (hər ikisi Misirdə ibadət olunan pir adıdır) və buna bənzər qəbirlərinin üzərində ucaldılan bütlərə ibadət edənləri cahilliyinə və heç kəs tərəfindən xəbərdar edilmədiklərinə görə təkfir etmiriksə, necə ola bilər ki, Allaha şərik qoşmayan insanlara kafir deyək?!”.

Şeyx Muhəmməd ibn İbrahim (Allah ona rəhmət etsin!) deyir: “Üçuncu qisim: Aydın olmayan şeylərə görə insan təkfir olunmur. Hətta dəlillər ona göstərilsə belə. Fərq etməz istər bu üsul (əqidə) məsələrində, istərsə də, furu (qeyri-əqidə) məsələlərində olsun. Buna misal olaraq ailəsinə öldükdən sonra yandırılmasını vəsiyyət edən kişini gətirmək olar. (Bax. əl-Buxari, 3452)” (Fətvalar, 1/74)

Şeyxul-İslam İbn Teymiyyə deyir: “Əsl budur ki, bir söz Quran, Sünnə və Alimlərin icması ilə küfr ola bilər, bu zaman Şəriət dəlillərinin bildirdiyi kimi ümumi olaraq deyilir ki, “bu küfrdür”. Çünki İman məsələləri Allah və Peyğəmbərinin (sallAllahu aleyhi və səlləm) dediklərindən götürülür.

Lakin insanların öz zənnlərinə və istəklərinə uyğun bununla hökm verməkləri anlamına gəlmir və bunu deyən hər hansı şəxsdə təkfirin şərtləri cəm olub, maneləri aradan qalxmayınca ona “kafirdir” hökmü vermək icazəli deyil.” (Məcmu Fətəva, 35/165)

 

Bu qədər. Allah daha yaxşı bilir. Allahın qulu və elçisi Muhəmmədə salavat və salam olsun!

 

Bəyanatı dedi və yazdı:   Abdullah ibn Muhəmməd əl-Ğuneyman

 

 

 www.fatvalar.com

 

-- 

Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 298 | Yüklədi: Azerislamoglu