Baş səhifə » 2013 » Dekabr » 16 » SƏHABƏLƏRİN CƏNNƏT HƏRİSLİYİ.
10:35
SƏHABƏLƏRİN CƏNNƏT HƏRİSLİYİ.
SƏHABƏLƏRİN CƏNNƏT HƏRİSLİYİ.

Bizans imperiyası Mədinə İslam dövlətinin güclənməsinin qarşısını almaq üçün Şamda yeni bir hərbi kampaniya hazırlıqlarına başlamışdı. Şam diyarından gələn ticarət karvanları vasitəsi ilə bu xəbərlər Mədinəyə çatmışdı. Bu xəbərlərin araşdırılıb doğrulanmasından sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) dərhal hərbi hazırlıqlar üçün tədbirlər gördürməyə başladı. Mutə döyüşündən əvvəlki hərbi səfərbərlikdən fərqli olaraq bu dəfə strateji hədəf açıq və aşkar olaraq elan edilmişdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Mədinə yaxınlığındakı Səniyyətü’l-Vəda adlı yerdə hərbi düşərgə qurulmasını və bütün hərbi hazırlıqların orada aparılmasını tapşırmışdı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) Məscidu’n-Nəbəvidə möminlərə xitab edərək Allah yolunda hərbi səfərə çıxan İslam ordusuna malları və canları ilə yardım etmələri üçün onları təşviq etmişdi.
Allah Rəsulu (
sallallahu aleyhi və səlləm):
"Kim bu gün (Təbük səfəri üçün) sədəqə versə, verdiyi sədəqə qiyamət günü Allahın hüzurunda onun lehinə şahidlik edəcəkdir”
deyərək möminləri təşviq etmişdi.
Ömər ibn Xəttab (Allah ondan razı olsun) Təbük səfəri üçün dörd min dirhəm bağışlayanda Allah Rəsulu (
sallallahu aleyhi və səlləm) ondan "Evində nə qaldı?” deyə soruşmuş, Ömər (Allah ondan razı olsun) də bu infaq etdiyinin sahib olduğu mal-dövlətin yarısı olduğunu bildirmişdi. Əbu Bəkr (Allah ondan razı olsun) də orduya dörd min dirhəm bağışlamışdı. Eyni sualı Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona da vermiş və Əbu Bəkr (Allah ondan razı olsun) "Evimdə Allah və Rəsulunun sevgisi qaldı” deyə cavab vermişdi. Əbu Bəkr (Allah ondan razı olsun) sahib olduğu bütün mal varlığını Təbük səfəri üçün bağışlamışdı. Əbdürrəhman ibn Əvf (Allah ondan razı olsun) də Təbük səfəri üçün orduya dörd min dirhəm bağışlamışdı. Osman ibn Əffan (Allah ondan razı olsun) min dinar qızıl pul, üçyüz dəvə və yüz minik atını orduya bağışlayanda Allah Rəsulu (sallallahu aleyhi və səlləm) sevimli kürəkəni üçün belə dua etmişdi: "Ey Allahım! Mən Osmandan razıyam, sən də ondan razı ol!”. Bundan başqa Osman (Allah ondan razı olsun) ordunun səfər vaxtı su təchizatı üçün də lazım olan bütün xərcləri çəkmişdi.
Maddi vəziyyəti əlverişli olmayan müsəlmanlar da hər kəs əlindən nə gəlirsə Allah yolunda cihad üçün yola çıxmağa hazırlaşan orduya kömək etməkdə idilər. Kimi başındakı əmmaməsini, kimi bir dəst paltarını, kimi ərzaq, kimi bir səbət xurma, kimi bir dəvə, kimi də bir qoyun orduya bağışlamışdı. Kasıb müsəlman olan Əbu Uqeyl (
Allah ondan razı olsun) orduya verməyə bir şey tapmadığı üçün gecə-gündüz hərbi düşərgədəki əsgərlər və minik heyvanları üçün quyudan su çəkmişdi. O, bu əməyinə qarşılıq ona bağışlanan iki səbət xurmanın birini evinə, ailəsi üçün göndərmiş, digərini isə mücahidlərə paylamışdı. Uqbə ibn Zeyd (Allah ondan razı olsun) adlı başqa bir kasıb səhabə isə orduya bağışlaya biləcəyi heç bir şeyinin olmamasından çox kədərlənərək səhərə qədər dua etmiş və səhər evindən götürdüyü bir qab yeməklə utanaraq Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) hüzuruna gəlmişdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun hüznlü halına baxıb: "Muhəmmədin (sallallahu aleyhi və səlləm) varlığı əlində olan Allaha and olsun ki, sən Allahın nəzdində sədəqəsi qəbul olanların arasına yazıldın” demişdi.

Hazırladı:
Elnur Nasirzadə

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 548 | Yüklədi: selefimedia