Baş səhifə » 2013 » İyul » 11 » Qamət Süleymanov: “Hacı Əbdül xəstədir, Həmid Herisçi isə cəfəngiyyat danışır” - MÜSAHİBƏ-
10:46
Qamət Süleymanov: “Hacı Əbdül xəstədir, Həmid Herisçi isə cəfəngiyyat danışır” - MÜSAHİBƏ-

Qamət Süleymanov:

"Hacı Əbdül xəstədir, Həmid Herisçi isə cəfəngiyyat danışır”

- MÜSAHİBƏ-




"Əbu-Bəkr” Məscidinin imamı, Azərbaycanda sələfi təriqətinin əsas simalarından olan Hacı Qamət Süleymanov suallarımıza cavab verib.

- Hacı Əbdül bəyan edib ki, harada vəhhabi varsa, onlar ABŞ-ın nökərləridir. Bu nə dərəcədə doğru ifadədir?

- Biz Hacı Əbdülə ciddi yanaşmırıq. Onun dedikləri haqqında fikir bildirmək, söylədiklərini şərh etmək niyyətindən uzağıq. Biz ona xəstə kimi baxırıq. Əgər ona sağlam və ciddi insan kimi baxsaydıq, dediklərinə ciddi yanaşardıq. 

- Hacı Əbdül sizin təriqət haqqında belə fikirlər daima işlədir...

- Bu haqda bir neçə dəfə eşitmişik. Amma iş ondadır ki, cəmiyyətdə ona ciddi insan kimi baxmırlar. Biz də cəmiyyətin bir nümayəndəsi olaraq onu ciddiyə almırıq.

- Hacı Əbdülün həm də axund olduğunu nəzərə alsaq, sizə qarşı belə aqressiv fikirlər bildirən din adamları çoxdurmu?

- Açıq-aydın bir şey yoxdur. Şübhəsiz ki, belə fikirlər yalan və böhtandır. Böhtan xarakterli olan fikirlərə baxmaq belə doğru deyil.

- Deyilənlər böhtandırsa, onlar həm də sifarişlə deyilə bilərmi, yoxsa bu təriqətlər arasında olan fikir ayrılıqlarının göstəricisidir?

- Təbii ki, bu faktorlar var. Təriqət məsələsinə gəldikdə deyim ki, kim başqasına baxmaq istəyirsə, bundan öncə özünə baxmalıdır. Özünə diqqətlə baxdıqdan sonra isə başqasına söz deyib-deməyəcəyi haqqında düşünsün.

- Müsəlman ölkələrində baş verənləri, xüsusilə Misirdə yaşananları necə qiymətləndirirsiniz, vaxtı ilə Misirdə sələfilər Mursini dəstəkləyirdi...

- Bilirsinizmi, bu oyundur. Mən bildiyim qədər sələfilər öncədən Mursi ilə razı deyildilər. Mursi islam təşkilatına rəhbərlik edirdi, sələfilər isə bu təşkilatı heç vaxt dəstəkləməyiblər. Mənim fikrimcə, Misirdə baş verənlər sadəcə olaraq böyük bir oyundur. 

- Bu oyunun mahiyyəti haqda nə deyə bilərsiniz?

- Məncə, indi müsəlman ölkələrində inqilab dəbdədir. İnqilab baş tutan ölkələrdə dərhal islamçıları hakimiyyətə gətirirlər. Sonra vəziyyəti sakitləşdirir və dərhal islamçıları aradan çıxarırlar. Misirdə də baş verənlər bundan ibarətdir. Əslində bu Liviyada və Tunisdə də olmuşdu. Başqa bir şey yoxdur. 

- Bu proseslərdə və dediyiniz oyunlarda ABŞ-ın əli varmı?

- Mən bu haqda danışa bilmərəm. Çünki mənim o dərəcədə məlumatım yoxdur. Sadəcə olaraq müşahidəmi dilə gətirə bilərəm.

- Türkiyədə də islamçı hakimiyyətə qarşı mitinqlər keçirilir. Sizin bu məsələyə baxışınız necədir?

- Görünən budur ki, müəyyən qüvvələr var və onlar Türkiyədə də dəyişiklik etmək istədilər. Ancaq bu alınmadı. Ola bilər ki, xarici qüvvələr bu işdə maraqlıdır. Şübhəsiz ki, daxildən də kimlərsə bu işi dəstəkləyə bilər. Bilirsinizmi, çoxpartiyalı ölkələrdə belə hallar yaşanır. Çünki müxalifətdə olan partiyalar iqtidara gəlmək istəyir və bu zaman mümkün olan bütün vasitələrdən istifadə olunur.

- Siz islamçıların, dini təriqət mənsublarının hakimiyyətdə olmasını necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, mən dindarın siyasətə qarışmasına pis baxıram. Ona görə ki, Allaha şərik qoşulmamalıdır. Peyğəmbərlər məhz buna görə gəliblər. Əgər diqqətlə baxsanız görərsiniz ki, heç bir peyğəmbər birinci hakimiyyət qurmayıb. Əksinə, ilk olaraq insanların əqidəsini, mənəviyyatını düzəldib. Bunları düzəltmədən hakimiyyətə cəhd etmək islamın üslubu deyil. 

- Bəs Həmid Herişçi ilə sizin aranızda nə problem var?

- Hə, bu adam daima pirləri reklam edir. Açığı, mən heç onu tanımıram, şəxsi mənada problemim yoxdur. Ancaq bir-iki dəfə diqqət elədim və gördüm ki, cəfəngiyyat danışır.

- Niyə onun yalan danışdığını düşünürsünüz?

- Yəni bu adamın dediklərindən belə çıxır ki, biz xəstəxanaları, tibb universitetlərini bağlamalıyıq. Vətəndaşın dişi ağrıyırsa, diş pirinə, böyrəyi ağrıyırsa böyrək pirinə aparmalıyıq. Mənim fikrimcə, bunların hamısı cəfəngiyyatdır. Sadəcə olaraq bunu deyirəm.

Nemət

Mənbə:
http://teleqraf.com

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1351 | Yüklədi: selefimedia