Baş səhifə » 2014 » İyun » 23 » Qamət Süleymanov: "Alimciklər mini marketlər kimi doludur" -musahibə-
15:21
Qamət Süleymanov: "Alimciklər mini marketlər kimi doludur" -musahibə-

Qamət Süleymanov:

"Alimciklər mini marketlər kimi doludur"

 

Dünyada gedən proseslərin fövqündə ən çox müzakirə olunan İslam camaatı sələfilərdi. Xalq deyimi ilə - vəhhabilər. Ancaq onlar peyğəmbərin sələfi olduqlarını bəyan etmək üçün özlərinə sələfi deyirlər. Biz də həm dünyanı, həm də onların baxışlarına dərindən nəzər salmaq üçün Əbu Bəkr məscidinin imamı, Qamət Süleymanovla görüşməyə qərar verdik.
 

Suallarımız çox idi. Biz İslamı anlamaq, İslamın mahiyyətinin nə olduğunu, İslamda məcburiyyət, terror olub olmadığını, İslamın ərəblər üçünmü gəldiyini sələfilərin baxışı ilə anlamaq üçün suallarımızı verdik və oxucularımız üçün cavab aldıq. Gerisi oxucunun təqdiridir.


Əbu Bəkr məscidinin imamı Qamət Süleymanovun Etatist.com-a verdiyi müsahibənin birinci hissəsini təqdim edirik:

- Birinci sualım, peyğəmbərin dövründə olan İslamla, indiki İslamı fərqləndirən və birləşdirən cəhətlərlə bağlıdır. Bu gün İslamın adının terrorla bağlanmasına necə nail olublar?
- Bilirsiniz ki, İslam dini gələndə müxtəsər, aydın və qısa idi. Öyrənmək üçün də çox rahat idi. Cəbrayıl (ə) peyğəmbərin yanına gəldi və insanların öyrənməsi üçün ona suallar verdi. İmanın nə olduğunu izah etdi, dedi, iman Allaha, mələklərinə, kitablarına, axirət gününə, peyğəmbərlərə və qədərin xeyrinə, şərinə inanmaqdır. İslamın nə olduğunu soruşduqda, dedi ki, İslam şəhadətdir, namazdır, həcdir, orucdur, zəkatdır. Sonra peyğəmbər səhabələrindən soruşanda ki, "bu gələnin kim olduğunu bildinizmi?”, onlar bilmədiklərini və gələnin təəccüblü adam olduğunu deyirlər. Peyğəmbər buyurdu ki, gələn Cəbrayıl idi. Dinimizi öyrətməyə gəlmişdi. Fikir verirsinizmi, peyğəmbər imanın 6 şərtini, islamın 5 şərtini din adlandırdı. Deməli, o zaman din rahat idi. Əli ibn Talib deyir ki, "İslam nöqtə idi, cahillər onu böyütdülər”. Təbii ki, o zamankı İslamla, indiki İslam çox fərqlənir. Kim ki, peyğəmbərin dövründəki İslama istinad edir, o həmin İslam dayanıb. Başqalarına istinad edənlər təbii ki, İslamdan uzaqlaşıblar. Ona görə də problem var.
 
- Cahillərin İslamı böyütməsinin əsasını nədə görürsünüz? O boşluğu harda tutdular?
- İslam dövləti böyüyərkən, dinə əcnəbilərin, qeyri-ərəblərin gəlməsi ilə  boşluq yarandı. Çünki, onlar dinə özlərində olan elmlərlə, adətlərlə gəldilər. Qəbul etmək istəmirdilər, amma qəbul edəndə də düşündülər ki, "qəbul edək, amma bəzi adətlərimizi qoruyaq, saxlayaq”. Hamısı bunların nəticəsində oldu. Allah Quranda neçə yerdə deyir ki, mənə və mənim peyğəmbərimə tabe olun. Bir də deyir ki, mənim peyğəmbərimə tabe olan kəs düz yoldadır. Açıq-aydın deyir ki, onun danışığı havadan deyil, onun danışığı vəhdir. Deyir, o sizə nəyi əmr edib, götürün, sizi nədən çəkindirib, çəkinin. Əgər Qurana fikir versək, Allah özündən başqa peyğəmbəri də əsas tutub. Həm də bu insanların öz istəkləri ilə bağlıdır. Məsələn, kimsə bununla qazanmaq istəyir, kimsə hakimiyyətə gəlmək istəyir. Axı insanların öz iradələri, özlərinə aid niyyətləri var, bu da bölünməyə səbəb olub.
 
- Ümumiyyətlə İslam yalnız ərəblər üçün gəlmişdi?
- Xeyr. İslam ümumi dünya üçün gəlib. Kim deyirsə ki, ərəblər üçün gəlib, səhvdir. Quran-i Kərimə fikir verin. Orda elə qadağalar var ki, o zaman o yox idi. Yəni ərəblərin çoxu onu görməmişdi. Məsələn, donuzun haram olmağı. Məlumdur ki, Quran Məkkə, Mədinə və onun ətrafında nazil olub. Ərəblər donuzun nə olduğunu bilmirdilər. Bəzi avamlar bu qadağanın o zaman soyuducunun olmaması ilə əlaqələndirir. Deyirlər ki, o vaxt donuz ətini saxlamaq mümkünsüz idi. Amma bu belə deyil. Çünki, belə olsa gərək bütün ətlər qadağan olardı. Məgər qoyun və ya dəvə ətini soyuducu olmadan saxlamaq olar? Bu onu göstərir ki, dinimiz bütün dünya üçündür. Allah Quranda peyğəmbərə deyir ki, insanlara de ki, mən bütün insanlar üçün gəlmişəm. Bu da bizim peyğəmbərimizin digərlərindən fərqi idi.
 
"Tərcümə Quran sayılmır"

"Cihadı tətbiq etməyin şərtləri var"- Əbu Bəkr məscidinin imamı

- Mən çox vaxt tərcümələrdə, Quranın dövrə və zamana görə dəyişildiyini görürəm. Məsələn Nahl surəsi 36-cı ayədə deyilir ki, "Mən bütün qövmlərə öz dilində xitab edən peyğəmbərlər göndərdim”. Yusif surəsi 2-ci ayədə isə deyilir ki, mən bu kitabı siz anlayasınız deyə ərəbcə verirəm. Amma tərcümələrdə ərəbcə sözünü çıxarıblar. O zaman cümlənin mahiyyəti də dəyişir. Sizcə bu ayələrdən görünmür ki, İslam ərəb dünyası üçündür?

- Doğrudur bu ayələr var. Peyğəmbərimizdən qabaq hər qövm üçün peyğəmbər gəlib. Amma peyğəmbərimiz sonuncu və ümümdünyəvi olduğu üçün məhz ərəb dili seçilib. Ərəb dilinin seçilməyinin özündə bir hikmət var. Siz deyirsiniz ki, tərcümə o keyfiyyəti vermir. Mən razıyam. Ona görə də, tərcümə Quran sayılmır. Çünki, biz tərcüməyə getsək ziddiyyətlər görəcəyik. Məsələn, Azərbaycan dilində 6-7, rus dilində tutaq ki, 10-15, ingilis dilində bəlkə də 100-ə yaxın tərcümə var. Amma hamısının arasında fərq var. Ərəbcəsi isə bir dənədir. Heç kim o mənanı tam çatdıra bilməyib. Elə ayələr var ki, başqa dilə çevriləndə məna itir, o dildə onu izah etmək mümkünsüzdür. Biz qayda qoysaq ki, hər kəs öz dilində oxusun, o zaman hər kəsin öz Quranı olacaq və bu düzgün deyil. Hərə onu başqa cür başa düşəcək. Bu Quran ayələrinə ziddir. Quran bizi birliyə çağırır. Sadəcə bir dil seçilməli idi. Ona görə də məhz ərəb dili seçilib. Tərcümələr biri-birinə ziddir. Bir sözlə tərcümə Quran sayılmır.
 
"İslam alimlərinə fikir versəniz görərsiniz ki, onların arasında ərəb azdır”
 
Bəs 7-ci əsrdə bütün dünya üçün gələn dini başqa millətlər necə anlayacaqdı? Yəni İslam bu qədər yayılmasaydı və başqa millətdən olan biri ərəb yarımadasına gedib dini necə öyrənəcəkdi? Axı hər kəs ərəb dilini bilmir. O zamanlar isə bunu bilmək indikindən qat-qat çətin idi.
- Bunu öyrənməklə anlayacaqdı. Çünki Quran, İslam bizə elmi öyrənməyi, onu təbliğ etməyi əmr edir. Elə Quranın özündə elmlə bağlı ayələr var. Sadəcə ola bilər ki, biz indi bəzi şeyləri dərk edə bilmirik, bizə ağır gəlir. O vaxt belə problemlər yox idi. İslam alimlərinə fikir versəniz görərsiniz ki, onların arasında ərəb azdır. Çoxusu əcnəbilərdir.
 
"Ərəb dili qrammatikasının baniləri ərəb deyil, fars olublar”
 
- Sizcə niyə belədir?
- Sadəcə əcnəbilərdə öyrəniblər, müəyyən bir dərəcəyə çatıblar. Düzdür, ərəblərdən də var, amma çoxu əcnəbidir. İkincisi, hətta ərəb dili qrammatikasının baniləri ərəb deyil, fars olublar. İndi biz düşünürük ki, o vaxt necə öyrənirdilər? Amma elə deyildi. O zaman elə bir problem yox idi. O ayələr ki, aydın idi, onları başa düşürdülər, həmin ayələrə təslim olurdular. Başa düşmədikləri ayələri isə peyğəmbərdən soruşurdular. Hamı susurdu, təslim olurdu. Quranda deyildiyi kimi, Allaha tabe ol, təslim ol. Sonradan da buna istinad edənlər elə də qalıb. Ayrılanlardan başqa hamısı belədi. Əsasdan uzaqlaşandan sonra hər yeni çıxan hərakata tabe olub, orda qalırdılar.
 
- Biz indi İslamı 5 şərti ilə bilirik. Amma bir də İslamın şəkilləndirilməmiş anlayışı var. Səhv etmirəmsə Ənəm surəsində deyilir ki, "İbrahim, islam ol”. İslam demək əslində din mənasından daha çox Allaha təslim olmaq deməkdir. Necə düşünürsüz?
- İslam elə təslim olmaq mənasındadır. O sözdən götürülüb. İslam təslim olmaq deməkdir və bütün peyğəmbərlər islamı təbliğ edib. Quranda da var ki, bütün peyğəmbərlər eyni şeyi təbliğ edib. Ola bilər ki, ibadətdə fərq olsun, amma hamısı eyni şeyi təbliğ ediblər. Allah buyurur ki, səndən öncə gələnlərin hamısı bunu deyirdi ki, yalnız Allaha ibadət edin və tağutdan çəkinin. Yəni, Allaha zidd olan məsələlərdən çəkinin. Bütün peyğəmbərlərin dini bir olub. Peyğəmbər elə əslində öz vaxtında ən birinci təslim olan deməkdir. Bütün peyğəmbərlər müsəlman idi. Müsəlman olmaq - xaliqin istədiyi kimi olmaq deməkdir. 
 
"Allah bizə buyurur ki, bilmədiyiniz şeyi zikr əhlindən, yəni, alimlərdən soruşun"

"Cihadı tətbiq etməyin şərtləri var"- Əbu Bəkr məscidinin imamı

- Allah insanı yaradanda ona iradə azadlığı verir ki, o, seçim edə bilsin. Quranda yalnız bir ayədə insana əmr buyrulub. O da ruha əmrdir - "geri gəl”. Başqa bir yerdə "əmr edirəm” sözü yoxdur. Amma indiki bir çox alimlər konkret öz hökmləri ilə öldürmək, batil hesab etmək hökmlərini qorxmadan verə bilirlər, yəni insanları seçimsiz buraxırlar. Sizcə bu necə olur? Sizə elə gəlmir ki, indiki alimlər Allaha təslim olmaqdan kənardılar.

- Elə alimlər var ki, mən onları alim saymıram. Onlar öz nəfslərinə uyurlar. Allah bizə buyurur ki, bilmədiyiniz şeyi zikr əhlindən, yəni, alimlərdən soruşun. Allah buyurur ki, bilənlə, bilməyən bir olmaz. Necə ki, görənlə, kor olan bir olmaz. Ona görə hər kəsə alim demək düzgün deyil. Kim alim sayılır biz onu öyrənməliyik. Öyrənməliyik ki, İslam kimi alim sayır. İndi facebook bəzilərinin alimidir. Bəzilərinin şeyxi internetdir. Deyirsən ki, ay kişi, sən nə danışırsan, deyir facebookda belə yazılmışdı, filan saytda belə yazılmışdı. Soruşanda ki, tanıyırsanmı o şəxsi, deyir yox. Birincisi tanımadığın şəxsdən elm, xəbər götürməzlər. Hətta səhabələrdən sonra gələn tabinlərin böyüklərindən biri olan İbn Sirinin dövründə bu məsələ ortaya qoyulmuşdu. Deyirdi ki, baxın görün elmi kimdən götürürsünüz. Biz elm götürəndə baxmalıyıq görək kimdən götürürük. Kimsə ərəbcə və ya farsca bir söz deyəndə deyirlər ki, bu alimdir. Problem budur. Başlayırlar onun fikirlərini götürməyə. Alim kimdir? Alim olmaq üçün əvvəlki alimlərin yolu ilə gəlmək lazımdır. Alim bilinir, ümmətdə görsənir. Amma alimciklər mini marketlər kimi doludur indi. Onlara qulaq asmaq düzgün deyil. İraqda, Suriyada görürük nələr baş verir. Mötəbər alimlərimiz deməyib ki, orda cihaddır. Amma alimciklər deyirlər ki, bəli cihaddır. Biz mötəbərlərə ümmətin tanıdığı alimlərə qulaq asmalıyıq.
 
"Cihadı tətbiq etməyin şərtləri var"

"Cihadı tətbiq etməyin şərtləri var"- Əbu Bəkr məscidinin imamı

- İslamda alimlik anlayışı varmı? Az öncə Qurandan ayə gətirdiniz ki, zikr əhli var. İndi İranda, Səudiyyə Ərəbistanında və ya Suriyada təhsil alan şəxslər həqiqətən alimlik dərəcəsinə çatırlar?

- Xeyr. Alim olmaq üçün 5-10 il kifayət deyil. Alimlik müəyyən bir yaşa, elmə baxır və müəyyən bir mərhələdən keçəndən sonra o adama etimad etmək olar. Alimlik təkcə kitab oxumaqla olmur. Ən əsası təcrübə ilə olur. Həyat bilgisinə sahib olan və təcrübəsi çox olan şəxsə etimad etmək olar. Adam var, kitab oxuyar gələr və korlayar məsələni. Məsələn, Allah-Təala buyurur ki, belə edin. Amma alimə deyirsən, deyir yox. Çünki,onu etməyin qaydası var. Nə vaxt edəcəksən? Allah bizə buyurur ki, namaz qılın. Ancaq elə hallar var ki, namaz qılmaq düzgün deyil. Məsələn, dəstəmazsız qıla bilməzsən. Ya da elə məsələ var ki, məkruh vaxtı... İndi bilirsiniz necə aldadırlar əsasən? Quran-i Kərimi gətirirlər və 20-yə yaxın cihaddan ayə göstərirlər. Deyirlər ki, cihad et, cihad etməlisən, kafirləri harda görsəniz öldürün və s. Ona görə adam çaşır. Amma bunun tətbiqi tamamilə ayrıdır. Məsələn, cihadı tətbiq etməyin şərtləri var. Ayə var, bu düzdür. Ancaq bunu necə edəcəyik? Bunun qaydası var. Çay içmək var. Amma onu qaynatmaq lazımdır, dəmləmək lazımdır ki, rəng alsın. Nə olsun çaydır? Fəqət onun tətbiqinin qaydası var. Baxın, bu çaşdırır çoxunu. Gənclərin çoxu ona görə yollarından dönürlər. Çünki, Qurandan cihad barədə ayələr gətirirlər. Deyirlər ki, Quranda yazılıb. Ən əsasıda deyirlər ki, harda kafir gördün öldür. Düzgün deyil bu. Birinci bu müharibə vaxtı olur. İkincisi rəhbərdən soruşmaq lazımdır. Məsələn, Allah deyir ki, oğrunun əlini kəs. Əgər sən gördün ki, biri oğurluq edir, onun əlini kəsə biləcəksən? Mən deyəcəm yox. Sən deyəcəksən ki, mənə axı Quran belə deyir. Quran elə deyib. Düzdür. Amma bu sənə aid deyil. Bu kim məsuliyyət daşıyırsa ona aiddir. Yoxsa o cür olsa hamı bir-birinin əlini kəsər. Ona görə bu qayda və qanundur. İslam dini XX əsrə qədər hakim din olub. Quran ilə dövlət idarə olunub dünyanın yarısı idarə olunub. Quran yalnız namaz qılmaq və palatkada oturub ölülərə oxumaq üçün deyil. Bu kitabın ona heç bir dəxli yoxdur. Quranı ucuzlaşdırmışıq bir az. Quran-i Kərim həyat tərzidir. Quran birinci bizə deyir ki, Allahı necə tanı və insanlarla necə yaşa.
 
"Biz fikirləşməyin əleyhinə deyilik, ancaq..."
 
- Maraqlısı budur ki, bizim alim kimi tanıdıqlarımızdan fərqli olaraq onların istinad verdikləri peyğəmbərlərin nə də onları izləyənlərin heç biri universitet bitirməyib. Amma onlar axtarışda olublar. Ənəm surəsi 74-cü ayədən 78-ə qədər İbrahim peyğəmbərin Allah axtarışları var. Narahat bir bəndə olur, səmimi niyyəti ilə Allahı axtarır. Allah ona Rəsulullaha göndərdiyi kimi Cəbrayılı birbaşa göndərmir. İbrahim (ə) özü axtarışa başlayır, Allah dostu mərtəbəsinə çatır. Amma indi insanlar axtarışdan daha çox hazır olana gedirlər. Nisa surəsində var ki, ağıl etmədinizmi, düşünmədinizmi? Heç bir ayənin üzərində düşünmədən və axtarışda olmadan sadəcə şəkilə gedirlər. Bu doğru addımdır?
- İndi biz deyək ki, ağlın yeri var. Biz demirik ki, ağlın yeri yoxdu. Lakin həddi var. Hədd Quranı aşmamaqdır. Biz desək ki, hər kəs fikirləşsin... Fikirləşməyin əleyhinə deyilik, ancaq hər kəs fikirləşəndə, hərə yeni bir fikir gətirə bilər. Bu da bölünməyə səbəb ola bilər. Elə bölünmələr də bu cür başladı. Müsəlman nədir ümumiyyətlə? Təslim olmaqdır. Biz Qurana təslimik.
 
"...Sonra valideyinləri onu yəhudi, xaçpərəs edir"
 
- Kəlmeyi Şəhadət təslimiyyətdir?

- Bəli. O təslimçiliyin ən birinci əsasıdır. Amma qaldı ki, İbrahim (ə) məsələsinə. İbrahim (ə) o demək deyildi ki, şəkkdə idi Allahdan. Məsələn, Musa (ə) dedi ki, göstər mənə. O demək deyil ki, onlar şəkkdə idi. Onu şəkk və şübhə mənasında başa düşməyin. Peyğəmbərlərin imanında şəkk yoxdur. Alimlər deyirlər ki, İbrahim (ə) günəşə deyirdi və aya deyirdi... Yaddan çıxartmaq lazım deyil ki, peyğəmbərlər həm də müəllimlər idi. Kimlər ki, aya və günəşə ibadət edirdilər, bunu onlara göstərmək istəyirdi. İbrahim (ə) ən başda duran bütdən başqa bütün bütləri yıxır. Ondan soruşanda ki, sən yıxdın, deyir yox, böyüyündən soruşun, odur edən. O, insanlara başa salmaq istəyirdi, sizin ibadət etdiyiniz bunlardır, gəlib-gedir, yanıb-sönür, özünü müdafiə edə bilmir. Bu o cəhətdən idi. İbrahim (ə) axtarıb tapmışdı Allahı. İnsan doğuldanda müsəlman kimi doğulur. Ana bətnində təslim olaraq doğulur. Sonra isə valideynləri onu ya yəhudi edir, ya xaçpərəst və yaxud da məcusi. İnsanın fitrətini Allah tanıyır. Məsələn, adi adamdan soruşsan ki, Allah hardadır, deyəcək göydə. Heç kəs ona deməyib. Artıq onun təsəvvüründə budur ki, Allah ucadadır. Elə şeylər var ki, insanın kökündə var artıq. Lakin sonra o adamlar dəyişir. Cəmiyyət, fikirlər, valideyn və ev onun fikirlərini dəyişir.

- Ümumiyyətlə, insanlar arasında dini, yaxud da məzhəb zəminində münaqişələr yaranmasının səbəbləri onların dayandıqları istinad nöqtələridir. Amma bütün dinlər - istər Xristiyanlıq, istər Musəvilikdən fərqli olaraq İslam özündən başqa həm də 3 kitaba iman etməyi tələb edir. Bu münaqişələrin bitməsi üçün bir istinad nöqtəsi olmalıdır. Bu da var - təslim olmaq. Sizin fikrinizcə İbrahim (ə) kimi, iradə azadlığından istifadə edib, başqaları haqqında hökm vermək yerinə Allah rızası üçün təslim olmaq daha doğru olmaz?

Ardı var....
Mənbə:
http://etatist.com/xeber/15012-cihad-ttbiq-etmyin-rtlri-var-bu-bkr-mscidinin-imam.html

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 806 | Yüklədi: selefimedia