Baş səhifə » 2014 » Fevral » 1 » QADINI VURMAQ HAQQINDA.Nisa-34 ayəsinin şərhi.
10:24
QADINI VURMAQ HAQQINDA.Nisa-34 ayəsinin şərhi.
QADINI VURMAQ HAQQINDA.

Bunda qadını alçaltmaq, ona qarşı haqsızlıq və Allahın qadın üçün verib razı qaldığı ehtiram mərtəbəsindən başqa bir mərtəbəyə endirmə vardır. Həmçinin, qadınların itaətsizliyi (asiliyi) zamanı üzünə vurmaq və onu pis bir şəkildə döymək Allahın öz elçisinə öyrətdiyi ədəbləndirmə metoduna ziddir. Allahın ən-Nisa surəsinin 34-cü ayəsində buyurduyu "vurmaq” isə itaətsizlik zamanı ədəbləndirmək qəsdilə zərər vermədən vurulan yüngül zərbədir:

وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا إِنَّ اللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا
«Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət etmək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür.»
 (ən-Nisa: 34)


Bu ayə üzərində 3 məqam haqda danışılacaqdır:
Birincisi; "döyün!” əmridir ki, bu ümumi bir kəlmədir və Sünnədə bunun "zərər verilmədən yüngülcə vurmaq” olması qeyd edilmişdir.
Amr ibn əl-Əhvasdan mərfu olaraq gələn rəvayətdə:
 "Qadınlarla xeyirlə davranın! Onlar yalnız sizin köməkçilərinizdirlər. Bundan başqa sizin onlar üzərində mülkiyyətiniz yoxdur. Yalnız açıq-aydın çirkin bir işlə gəlmələri istisnadır. Əgər belə bir iş edərlərsə, onlarla yataqları ayırın və ağrıtmadan yüngülcə vurun!”
Hədisin isnadı zəif olsa da, onun mənasını qüvvətləndirən başqa səhih hədislər də var.
Buradakı "vurmaq” sümük sındıran deyil, "pis nəfsi” sındırandır ki, bu ədəbləndirmə üçündür. Bu, intiqam və pis hala salmaq məqsədilə edilməməlidir.
İkincisi; Qadını ədəbləndirmə məqsədilə vurmaq yalnız öyüd-nəsihəti qəbul etmədikdən və yatağı ayırma metodunun faydası olmadıqda tətbiq edilə bilər. Çünki, bəzən qadını yataqda tərk etməyin təsiri onu vurmaqdan daha təsirli olur. Bununla o qadın ərinin ona rəğbət bəsləmədiyini hiss etmiş olur. O yalnız başına gələn bu halı düşünür, yataqda tərk olunmasıyla özünün möhkəm danlandığını və tərk edilməsiylə ona qarşı münasibətin necə dəyişildiyini hiss edir.
Üçüncüsü; qadının itaət etdiyi təqdirdə onu vurmaqdan əl çəkməyin vacib olmasıdır. Buna dəlil isə Allahın bu ayəsidir:

 وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا

«Əgər sizə itaət etsələr, onlara əziyyət etmək üçün başqa yol axtarmayın.»


Amma:
 لا تسأل الرجل فيما ضرب امرأته
"Kişidən qadınını nə üçün vurduğu soruşulmaz”


hədisinə gəldikdə, bunun isnadı zəifdir və bu hədisdə qadını ədəbləndirmək və başqa məqsədlər üçün mütləq şəkildə vurulmasının icazəliliyinə hüccət yoxdur. Necə ki, bəzi insanlar bunu özlərinə hüccət hesab etmişlər.
Aişə (radiyəllahu anhə) demişdir:
«Mən heç vaxt peyğəmbərin nə bir qulluqçusunu, nə bir zövcəsini vurduğunu, nə də əliylə bir şeyi vurduğunu görmədim. Yalnız Allah yolunda döyüşməsi istisnadır.»
Abdullah ibn Zəm`ah (radiyəllahu anhu) peyğəmbərin (Səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:

 لا يجلد أحدكم امرأته جلد العبد ثم يجامعها في آخر اليوم

«Sizdən heç biriniz köləsini qamçıladığı ilə zövcəsini qamçılayıb (döyüb) sonra da günün axır hissəsi onunla yaxınlıq etməsin!»

Buxari və Müslimin "Səhih”lərində gələn rəvayətdə - Qeysin qızı Fatimənin gözləmə müddəti bitdikdən sonra Əbul-Cəhm ona nişanlandı və Peyğəmbər (Səllallahu aleyhi və səlləm) onun haqqında dedi:
"Ona gəldikdə, o qadınları çox döyən bir kimsədir.”
Bir rəvayətdə isə:
 "Əsasını boyunundan yerə endirməyən biridir”
 deyə varid olmuşdur. Bu da Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) qadını döyməyi yalnız şəri çərçivədə və Sünnəsinə uyğun olanı xaric olmaqla sevmədiyinə dəlalət edir.

Hazırladı:

Sahib Əsədov.

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 848 | Yüklədi: selefimedia