Baş səhifə » 2012 » Noyabr » 8 » «Mən bura gəlməklə xoşbəxtlik tapmışam».Azadlıq radiosu Əbu Bəkr məscidi haqqında.2007-ci il. -mp3-
11:11
«Mən bura gəlməklə xoşbəxtlik tapmışam».Azadlıq radiosu Əbu Bəkr məscidi haqqında.2007-ci il. -mp3-
«Mən bura gəlməklə xoşbəxtlik tapmışam»

"Azadlıq" radiosunun 2007-ci ildə "Əbu Bəkr məscidi" haqqında hazırladığı reportajı.

"Əbu Bəkr" məscidi və sələfilik gerçəkləri adiltərəfsiz bir jurnalist
Babək Bəkirin gözü ilə.

Həqiqətən bu maraqlı və gözəl reportajı heç olmasa bir dəfə bu məsciddə 10 minə yaxın insanın arasında cümə , bayram və ya gündəlik fərz  namazı qılan birisinə həyacansız, qəlbi titrəmədən dinləməməsi mümkün deyiı. Əlhəmdulilləh nə qədər fitnələr qalxır qaxsın bu camaatın hələdəbir biri ilə köhnə qardaşlığı eyni ilə gözəl şəkildə davam edir.Çünki bu dostluğun , bu qardaşlığın bünövrəsi həqiqətən təqva üzərində və təqva əhli tərəfindən ucaldılan bir elm mərkəzində tökülüb.Elmdə balacaların cahilliklərindən baş verən bəzi fitnələr inşAllah məscidimizin açılması ilə əriyib gedəcək.Dualarımızda bu yöndədir.
Uca Allahdan tezliklə məscidimizin açılmasını istəyirik.
Amin!




Mp3 yüklə:

3.4 MB



«Əbu-Bəkr» məscidində cümə ibadəti idi. İmamın xütbəsi vaxtı məscidin içi bir yana, onun pilləkənlərinin üstü belə ibadətə gələn insanlarla dolmuşdu. Bundan başqa, məscidin qarşısındakı böyük talvarın altı da ibadətə gələn insanların ixtiyarına verilmişdi. Məscidin işçilərinin sözlərinə görə, təkcə talvarın altında 10 mindən çox ibadətə gələn insan var idi. Üstəlik, məscidin yerləşdiyi küçədə də yolboyu insanlar dayanıb ibadət prosesinə qoşulmağa çalışırdılar. Həmin gün İmam Qamət Süleyman məsciddə yox idi. Xütbəni ilahiyyətçi alim Yaşar Qurbanov verirdi. O, öz xütbəsində ibadətə gələn insanlara namazın vacibliyini belə əsaslandırırdı:

- Bir müsəlman namaza qalxa, gözəl, kamil formada dəstəmaz ala, sonra namaz qıla və namazı huşu ilə qıla, namazdan qalxanda, o, uşaq kimi günahsız olacaq…

«Əbu-Bəkr» məscidinə ibadətə gələn bu insanları təkcə Tanrı sevgisinin birləşdirdiyini düşünmək sadəlöhvlük olardı. İbadətdən sonra özünü ikinci qrup Qarabağ əlili kimi təqdim edən bir dindar deyir ki, onu bu məscidə çəkən səbəblərdən biri də keçmiş döyüş yoldaşlarıı ilə bir yerdə olmaq istəyidir:

- Mən bura gəlməklə xoşbəxtlik tapmışam. Burada Azərbaycanın azadlığı, bütövlüyü uğrunda vuruşan insanları görürəm. Mən Azərbaycanın nicat yolllarından birini də burada görürəm…


«Biz burada islamı yalnız peyğəmbərin buyruqları əsasında yayırıq»

Başqa məscidlərlə müqayisədə «Əbu-Bəkr» məscidinə gələn insanlar bir-birləri ilə daha mehriban olurlar. Bu xoş münasibəti onlar yad nəzərlərdən də əsirgəməməyə çalışırlar. Əlbəttə, bütün bunlar «Əbu-Bəkr» məscidindən kənarda baş verənlərlə bir təzad təşkil edir. Mən özümü Azərbaycanda ilk dəfə təxminən belə bir aurada, ötən əsrin 80-ci illərində milli azadlıq hərəkatı vaxtı, Azərbaycan Xalq Cəbhəsinin qərərgahlarında hiss etmişəm. Onda da «Əbu-Bəkr» məscidində olduğu kimi, tanış-qohum olmayan insanlar bir-birilərinə qardaş nəzərləri ilə baxırdılar. «Əbu-Bəkr» məscidinin təsərrüfat işləri üzrə müdiri Rasim Baxışov deyir ki, on minlərlə insanı heç vaxt aldadıb bir yerə yığmaq mümkün deyil.  Başqa məscidlərdən fərqli olaraq burada dindarların bir-birilərinə daha isti münasibət göstərməsini də o, daha səmimi olmaları ilə izah edir:
- Onda bərəkət olur ki, orada islam düzgün təbliğ olunsun. Biz burada islamı yalnız peyğəmbərin buyruqları əsasında yayırıq. Ay deyirlər, orada nə paylayırlar, onlar kimdirlər…, bütün bunlar qısqanclıqdan irəli gələn söz-söhbətlərdir…

«Əbu-Bəkr» məscidində 21 yaşlı Pərviz Sadıqovla tanış oluram. Onun deməsinə görə, dörd ildən çoxdur ibadətlə məşğul olur. Pərviz deyir ki, ailədə bütün  bacı və qardaşları da onun kimi özlərini islama bağlayıblar. Hələ ki, yalnız valideyinləri Pərviz Sadıqovun ifadəsi ilə desək, zahirən müsəlmandır. Yəni, hələ ki, heç bir ayinlərə əməl etmirlər. Pərviz Sadıqov deyir ki, dörd il əvvəl, yəni ibadətlə məşğul olana qədər həyatda yaşamağının mənası ona aydın olmayıb. İndi isə dərk edir ki, həyatda yaşamağının mənası Tanrıya qul olmaqdır. Bəs bu ibadət 21 yaşlı Pərviz Sadıqovun həyatında hansısa dəyişikliklərə səbəb olubmu?

- Təbii birinci qəlb rahatlığıdır. Artıq problemlər mənə çox asan gəlir. Üstəlik, Tanrı öz qullarını həyatda da mükafatlandırır. İbadətlə məşğul olduqdan sonra ali məktəbdə işim daha asan gedib. Hörmətim artıb…

Uzun saqqala və şalvarın balağının topuqdan qısa olmasına görə, insanları «vəhhabi» adlandırmaq savadsızlıqdır. Bu, peyğəmbərin buyruğudur. Onda belə çıxır ki, peyğəmbər «vəhhabi»lərin böyüyüdür…

«Əbu-Bəkr» məscidinin yerləşdiyi küçədə, məscidlə üzbəüz yeni mağazalar inşa edilir. Onların bəziləri artıq istifadəyə verilib. Həmin mağazalarda nə şərab, nə də siqaret satılır. Bəzi satıcıların uzun saqqallı olmaları da bu mağazaları başqa ticarət müəssisələrindən fərqləndirir. Əslində, indi tək «Əbu-Bəkr» məscidinin qarşısındakı mağazalarda yox, hava limanındakı ticarət obyektlərində də tez-tez belə uzun saqqalı satıcılara rast gəlmək olur. Hava limanındakı qara bazarda belə uzun saqqallı, şalvarı topuqdan qısa satıcıları yarızarafat, yarıciddi «vəhhabi» adlandırırlar. Hətta belə söz-söhbətlər gəzir ki, bu dindar insanlar maddi baxımdan da bir-birilərinə əl tutmağı bacarırlar. «Əbu-Bəkr» məscidinin imamı Hacı Qəmət Süleyman isə deyir ki, Azərbaycanda vəhhabi yoxdur. O, insanları uzun saqqalarına və qısa şalvarlarına görə, «vəhhabi» adlandırmağı yanlışlıq hesab edir:

«Uzun saqqala və şalvarın balağının topuqdan qısa olmasına görə, insanları «vəhhabi» adlandırmaq savadsızlıqdır»

Ancaq Azərbaycanda uzun saqqalı insanlara tək qara bazarlarda fərqli münasibət bəsləmirlər. Hər halda son bir ildə Daxili İşlər Nazirliyi vəhhabi olduqları iddia edilən bir neçə dini qruplaşmaların gizli toplantı yerlərinin aşkarlanması ilə bağlı məlumatlar yayıb. İstər Bakı ətrafı kəndlərdə, istərsə də ölkənin müxtəlif əyalətlərində aparılan belə əməliyyatlar zamanı onlarla həbs edilən dindar var. Ancaq uzun saqqalı insanlara qarşı xüsusi kampaniya təkcə həbslərlə müşahidə edilmir. Belə uzun saqqallı dindar insanların deməsinə görə, bəzən onları polis şöbələrinə aparıb saqqallarını qırxırlar. Qamət Süleyman deyir ki, dindar insanlara qarşı zorakı münasibətlər əksinə radikalizmin güclənməsinə xidmət edir.

- Bilirsiniz, bu radikalizmin güclənməsinə xidmət edir. Yəni, bəzi radkal qüvvələr bundan istifadə edib, özlərinə tərəfdar qazanırlar. Kimin-kimliyi konkret müəyyən edilməlidir. Biz də cinayətkarın əleyhinəyik. O, cinayət edibsə, biz buna qarşıyıq. Ancaq yalnız din adamıdırsa, incidilirsə, bu, düzgün deyil…


Mənbə: http://www.azadliq.org/content/article/399674.html



«Əbu-Bəkr» məscidində Cümə namazı, 18 may 2007






Bölmə: Audiolar | Baxılıb: 2134 | Yüklədi: selefimedia