Mədinəli qadının yuxusu Aişə anamız (radıyAllahu anhə) buyurur:
- Mədinəlilərdən bir qadın yaşayırdı, onun əri ticarətlə məşğul olar və
arabir müxtəlif yerlərə səfərə çıxardı. Əri hər dəfə səfərə çıxdıqda
qadın bir yuxu görərdi. Hər səfərə çıxarkən də zövcəsini hamilə
vəziyyətdə qoyub gedərdi. Həmin qadın Rasulullahın (sallAllahu aleyhi və səlləm) yanına gəlib deyərdi:
- Ərim məni hamilə vəziyyətdə qoyub ticarət etmək üçün getdi. Yuxuda
görürəm ki, evimin dirəyi sınır və mən gözü kor olan bir uşaq doğuram. Rasulullah (sallAllahu aleyhi və səlləm) isə ona belə cavab verərdi: - Xeyirdir! Uca Allahın izni ilə, ərin sağ-salamat evə qayıdacaq və sən saleh bir övlad doğacaqsan!
Qadın bu yuxunu iki və ya üç dəfə görmüşdü, hər dəfə də Rasulullahın
(sallAllahu aleyhi və səlləm) yanına gəlib, ona danışar, Rasulullah da
(sallAllahu aleyhi və səlləm) yuxunu bu cür yozardı. Hər dəfə də əri
səfərdən qayıtdıqdan sonra bir oğlu dünyaya gəlirdi. Yenə bir gün həmin qadın Rasulullahın (sallAllahu aleyhi və səlləm) olmadığı vaxt gəldi. Yenə də həmin yuxunu görmüşdü. Mən ondan soruşdum: - Ey Allahın qadın qulu, Peyğəmbərdən nə soruşacaqsan? Qadın dedi:
- Mən bir yuxu görürdüm, hər dəfə Peyğəmbərin (sallAllahu aleyhi və
səlləm) yanına gələr və o yuxu haqda danışardım. Peyğəmbər də
(sallAllahu aleyhi və səlləm) ”Xeyirdir!” –deyərdi və dediyi kimi də
olardı. Mən dedim: - O yuxunu mənə danış! Qadın dedi: - Peyğəmbər (sallAllahu aleyhi və səlləm) gəlincəyədək söyləyən deyiləm! Vallahi, qadın yuxusunu mənə danışmayana kimi onu buraxmadım. Qadın yuxunu danışan kimi isə ona dedim: - Vallahi, yuxun doğru çıxarsa, ərin mütləq öləcək və sən günahkar bir öv lad dünyaya gətirəcəksən! Qadın bunları eşidib oturdu və ağladı. Rasulullah (sallAllahu aleyhi və səlləm) gəlib soruşdu: - Ya Aişə, bu qadına nəsə olubmu? Aişə olanları Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) danışdı. Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
- "Ya Aişə, belə etmə! Müsəlmanın yuxusunu yozmalı olsanız, onu xeyrə
yozun. Çünki yuxu, onu yozanın yozduğu kimi də gerçəkləşir!” Aişə sözünə bu cür davam edir: - Vallahi, əri öldü və zənn edirəm ki, dünyaya gətirdiyi uşaq da günahkar biri idi. Əd-Darimi, 2/174/2163; İbn Həcər hədisi həsənləşdirib: ‘Fəthul Bəri’ kitabı, 12/450
|