Baş səhifə » 2012 » Dekabr » 3 » Allahın bəndəsini sevdiyinə dair əlamətlər hansılardır?
11:46
Allahın bəndəsini sevdiyinə dair əlamətlər hansılardır?
Allahın bəndəsini sevdiyinə dair əlamətlər hansılardır?

Sual:

Allahın bəndəsini sevdiyinə dair əlamətlər hansılardır? Qul necə tam əmin ola bilər ki, Allah Azzə və Cəllə onu sevir və həmin quldan razıdır?

Cavab:

Həmd Allaha məxsusdur.

Siz ciddi  və mühüm  bir məsələ barədə soruşursunuz ki, buna hamı deyil yalnız Allahın saleh qullarından az bir qism nail olur.

Allah sevgisi elə bir "məqamdır ki, bunun uğrunda salehlər yarışır və mübarizə aparır...

Yarışanlar bunun elmini öyrənmək üçün əllərini çarmalayırlar.  Buna görə aşiqlər özlərini fani edirlər. Sərin küləyin ruhu ilə abidlərə həyat verir.

Bu qəlbin və ruhun qidasıdır...gözlərin sevincidir...bu elə bir həyatdır ki, bundan mərhum buraxılan ölüdür...elə bir nur ki, bunu itirən qaranlıq zülmətdə qalır...elə bir şəfadır ki, bundan məhrum qalan xəstələnir...elə bir sevincdir ki, bundan məhrum qalan sıxıntı və əzab içərisində yaşayır...

Bu, iman və əməllərin ruhudur...bunun vasitəsilə insan Rəbbinə yaxınlaşır...bu olmadıqda sanki ruhsuz bir cəsədə bənzəyir.”.

Ey Rəbbimiz bizi Sevdiklərinin cərgəsinə daxil et.

Allah sevgisinin nişanələri və səbəbləri vardır ki, qapının açarına bənzəyir. Bu səbəblərə aşağıdakılar aiddir:

1.Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yoluna tabe olmaq. Allah-Təala Qurani-Kərimdə belə buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.[1]

2.Möminlərə qarşı mülayim, zəlil, kafirlərə qarşı sərt, Allah yolunda cihad etmək və heç kəs və heç bir  şeydən deyil yalnız Allah Sübhənahudan qorxmaq. Allah-Təala bu keyfiyyətləri tək bir ayədə zikr edərək buyurur: "Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sev-diyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”.[2]

Bu ayədə Allah-Təala sevdiyi qövmün keyfiyyətlərini təsvir edir. Bunlardan birincisi təvazökarlıq, müsəlmanlara qarşı təkəbbürlü davranmamaq, kafirlərə qarşı sərt olmaq, onların qarşısında alçalmamaq yaxud rüsvay olmamaqdır. Allahın sevdikləri Allah yolunda şeytana, kafirlərə, münafiqlərə və fasiqlərə qarşı, öz nəfslərinə qarşı mübarizə aparırlar. Onlar qınayanın qınağından qorxmurlar, çünki nə qədər ki, dinlərinin əmrləri ilə gedirlər onlara istehza edən yaxud ittiham edənlərə əhəmiyyət vermirlər.

3.Nafilə ibadətlər etmək. Allah Azzə və Cəllə qüdsi bir hədisdə belə buyurur: "Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm.”. Nafilə ibadətlərə nafilə namazları, sədəqə, ümrə, həcc və oruc daxildir.

4.Allah naminə bir-birini sevmək, ziyarətləşmək, yardımlaşmaq və nəsihət etmək.

Bu keyfiyyətlər barədə tək bir hədisdə bildirilir. Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) Allah Azzə və Cəllədən rəvayət etdiyi hədisdə belə deyir: "Mənə görə bir-birini sevənlərə sevgim vacib olmuşdur. Mənə görə bir-birini ziyarət edənlərə sevgim vacib olmuşdur. Mənə görə bir-birinə yardım edənlərə sevgim vacib olmuşdur. Mənə görə bir-birinə bağlı olanlara sevgim vacib olmuşdur”.[3]

"Mənə görə bir-birini ziyarət edənlərə”ifadəsinin mənası budur ki, onlar bir-birini yalnız Allah xatirinə, Onun razılığını qazanmağı umaraq, Onun vəchinə olan məhəbbətdən və Ona itaətdə yardımlaşmaq naminə ziyarət edirlər.

Allah Təbarəkə və Təalanın "Mənə görə bir-birinə yardım edənlərə” sözünün mənası budur ki, onlar Allahın razılığına nail olmaq üçün öz canlarını fəda edərək Allahın düşməninə və  bununla əmr olunduqları digərlərinə qarşı birgə cihad edirlər”.

əl-Muntaha Şərh əl-Muvatta, 1779 saylı hədis.

  1. Sınaq-imtahana çəkilmək. Bəla və fəlakətlər qul üçün bir sınaqdır və Allahın onu sevdiyinə dair bir əlamətdir. Çünki bu dərman kimidir, acı olsa da, acılığına rəğmən dərmanı sevdiyiniz şəxsə verirsiniz və Allah bu cür məsəl çəkilməkdən daha ucadır. Səhih bir hədisdə belə deyilir: "Böyük əcr-savab bəlanın böyüklüyünə görə verilir. Allah Azzə və Cəllə bir camaatı sevdikdə O, onları imtahana çəkir. Kim razı qalarsa Allahın razılığını qazanar, kim narazı qalarsa Allahın qəzəbini qazanar”.[4]

Çünki möminin başına müsibət gəlməsi cəzalarının toplanaraq Axirətə qalmağından xeyirlidir. Axı necə olmasın ki, onun məqamı yüksəlir və bununla pis əməlləri silinir? Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allah quluna xeyir istədikdə onun cəzasını bu dünyada tezləşdirər və quluna şərr istədikdə onun günahlarını əvəzini tam verənə kimi Qiyamət Gününə saxlayar”.[5]

Elm əhli belə bir açıqlama verirlər ki, bəla və sınaqların saxlandığı şəxs yalnız münafiqdir, çünki Allah bu dünyada onun cəzasını saxlayır ki, onu Qiyamət Günü bütöv günahla gətirsin.

Ey Rəbbim, bizi sevdiyin qullar arasına daxil et.

Allah sizi sevirsə, artıq bundan sonra nail olunacağınz xeyir barədə və qazanacağınız fəzilət barədə heç soruşmayın...Allahın sizi sevdiyinizi bilməyiniz kifayətdir. Allahın bəndəsinə olan sevgisinin böyük səmərəsinə aşağıdakılar aiddir:

1.İnsanlar onu sevər və yer üzündə ona rəğbət bəslənər. Necə ki, bu barədə Buxarinin rəvayət etdiyi (3209) hədisdə bildirilir: "Allah bir qulunu sevdikdə Cəbrayıla: "Mən filankəsi sevirəm sən də onu sev!”-deyə buyurur, Cəbrayıl (həmin adamı) sevir və sonra səma əhlinə xitab edərək deyir: "Allah filankəsi sevir, siz də onu sevin” və səma əhli onu sevir və sonra yer üzündəkilər ona rəğbət bəsləməyə başlayırlar”.

2.Allahın sevdikləri üçün hədisi qüdsidə bildirdiyi böyük fəzilətlər. Əbu Hureyranın belə söylədiyi rəvayət olunur: "Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) dedi: "Allah buyurur: "Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm. Qulumun mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. Çünki Mən ona yamanlıq etmək istəmirəm”.[6]

Bu hədisi qüdsidə Allahın quluna olan sevgisinə dair bir sıra faydalar var:

1."Onun eşidən qulağı”, yəni bəndə yalnız Allahın sevdiyi şeylər eşidir.
2."Görən gözü”, yəni bəndə yalnız Allahın sevdiyi şeyləri görər.
3."Tutan əli”, yəni əli ilə yalnız Allahın sevdiy işləri edər.
4."Yeriyən ayağı”, yəni yalnız Allahın sevdiyi (yerə) gedər.
5."Məndən diləsə, ona dilədiyini verərəm”, yəni duaları qəbul olunar və istəkləri ona verilər.
6."Sığınacaq istəsə ona sığınacaq verərəm”, yəni Allah öz qoruması ilə onu hər bir şərdən qoruyar.

Allahdan diləyimiz budur ki, Onu razı salmaqda bizə yardımçı olsun.

Doğrusunu Allah bilir.

http://islam-qa.com/ar/ref/27232



[1] Ali-İmran, 31.

[2] əl-Maidə, 54.

[3] Əhməd, 4/236 və 5/236; İbn Hibbən, ət-Tənəsuh, 3/338; Şeyx əl-Albani "Səhih ət-Tərğib və Tərhib”də (3019, 3020, 3021) bu iki hədisi səhih deyə təsnif edib.

[4] Tirmizi, 2396; İbn Macə, 4031; Şeyx əl-Albani hədisi səhih deyə təsnif edib.

[5] Tirmizi, 2396; Şeyx əl-Albani hədisi səhih deyə təsnif edib.

[6] Buxari, 6502.


http://www.dinifetvalar.com/component/content/article/419-allah-sevgisi/1617-allahn-bndsini-sevdiyin-dair-lamtlr-hanslardr

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 718 | Yüklədi: selefimedia