Baş səhifə » 2014 » Oktyabr » 13 » Sahib Əsədov:" Əsl Alimlərin digərlərindən fərqi."
07:36
Sahib Əsədov:" Əsl Alimlərin digərlərindən fərqi."

«ƏSİL ALİMLƏR DİGƏRLƏRİNDƏN NECƏ FƏRQLƏNİRLƏR?»
 

Əsil alimlər elmləri ilə tanınırlar; Elm: Onları başqalarından fərqləndirən xüsusiyyətdir. Onlar insanların bilmədikləri zaman Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) qalan mirasla danışarlar.
Əsil alimlər şübhə doğuran məqamlarda qədəmlərinin sabit olmasıyla seçilərlər; Elə hallar, elə məsələlər olur ki, orada yalnız Allahın elm bəxş etdiyi şəxslərdən və ya elm əhlinə tabe olan kimsələrdən başqa digərlərinin fəhmi, anlayışı donur, əyriyə meyl edir.
Alimlər sabit dağlar kimidirlər; Çünki, onlar dində möhkəmlik, yəqinlik əhlidirlər ki, bunu elmlə qazanıblar.

İmam ibn əl-Qeyyim əl-Cövziyyə demişdir:

"Elmdə möhkəm olan kimsəyə dənizin dalğaları qədər şübhələr gəlsə belə onun yəqinliyi aradan qalxmaz və ona şəkkin bir zərəri toxunmaz; Çünki, o elmdə elə möhkəmlənmişdir ki, ona şübhələr qalib gələ bilməz. Əksinə, ona şübhə gəldikdə elmin gözətçisi və elmin ordusu o şübhəni əli bağlanmış və məğlub edilmiş şəkildə geri qaytararlar."

(Miftəhu dərus-səadəti, 1/140)

Əsil alimlər həmçinin, öz nişanələri və Allah qorxusuyla da tanınarlar;

Çünki, onlar insanlar içində Allahı ən yaxşı tanıyanlardırlar. Allahu təala buyurmuşdur:

" Allahdan yalnız alim bəndələr qorxarlar."

(Fatir: 28)

Həmçinin, alimlər dünya və onun ləzzətlərinə aldanmamaqlarıyla, nəfslərinin bu şeylərdən yüksəkdə durmasıyla tanınırlar.

Alimləri insanlar bu və digər xüsusiyyətlərlə tanıyırlar. Hansı bir kimsəni haqq əhlindən olan ümmətdə və ya o haqq əhli olan ümmətin cumhuru içində alim sayıldığını, lider görüldüyünü və elmiylə seçildiyini görsəniz bilin ki, o alimdir.

Şeyxulislam ibn Teymiyyə (rahiməhullah) demişdir:

"Kimin ki, ümmət içində ümumən doğru danışan dili varsa, o baxımdan ki, ümmətin cumhurunun müxtəlif təbəqələri içində tərif və mədhlər edilirsə, o kimsələr hidayət rəhbərləri və işıqlı yolun çıraqlarıdırlar."

(Fətava, 43/11)


Bu haqdır. Müsəlmanlar isə Allahın yer üzündəki şahidləridirlər.

Ənəs ibn Malik (radiyəllahu anhu) dedi: (Allah rəsulu da yanlarında ikən insanlar) Bir cənazənin yanından keçdilər və həmin vəfat etmiş insanı təriflədilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Vacib oldu." Sonra başqa bir cənazənin yanından keçdilər və həmin vəfat etmiş insanı pis şəkildə yad etdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Vacib oldu". Ömər (radiyallahu anhu) dedi: Nə vacib oldu? (Sallallahu aleyhi və səlləm) buyurdu: Haqqında tərif etdiyiniz kimsəyə Cənnət vacib oldu. Haqqında pis danışdığınız kimsəyə də Cəhənnəm vacib oldu. Siz Allahın yer üzündəki şahidlərisiniz." Digər rəvayətdə isə: "Möminlər Allahın yer üzündəki şahidləridirlər." Deyə varid olmuşdur

(Buxari; 3/181; Müslim; 2/655; Bu Hədisi Əhməd, Tirmizi, Nəsai və Hakim də həmçinin rəvayət etmişlər. Sonuncu ləfz Buxaridə gələn ləfzdir)

(İnsanın) alim olduğunu bildirən amillərdən biri şeyxlərinin həmin adamın elminə şahidlik etməsidir. Müsəlmanların, bu ümmətin sələflərinin alimlərinin və onlara gözəl şəkildə tabe olanların adətindən olmuşdur ki, öz elmlərini tələbələrinə miras qoysunlar. O kəslər ki, öz dəyərli yerlərini özlərindən sonrakı tələbələrinə miras qoyurlar və ümmətdəki imamlıq və bu liderlik onlara keçir. O elm tələbələri öz şeyxləri onların elmini təsdiqləmədikcə, onlara başçılığa, fətva verməyə və dərs keçməyə izn vermədikcə bu başçılığı etmirlər.

İmam Malik (rahiməhullah) demişdir:

"Bir insanın özündən daha yaxşı bilən birindən soruşmayınca (öyrənməyincə) özünü bir işin əhli sayması doğru deyildir. Mən Rabiadan və Yəhya ibn Səid`dən soruşmayınca fətva vermədim. Əgər onlar mənə (fətva verməyi) qadağan etsəydilər mən bu işə son qoyardım.

(İbn Həmdanın "Sifətul-Fətva vəl-Mustəfti" kitabından nəql olunur; 7)

İmam Malik (rahiməhullah) bir başqa yerdə belə belə demişdir:

"Hər bir insanın məsciddə oturub dərs keçib fətva verməyi onun bu əməli xoşlamasıyla deyil. Bunun üçün fəzilət sahibləri, işin əhli olan kimsələr və o məscidin məsul şəxsləri ilə məsləhətləşmək lazımdır. Əgər onlar bu şəxsi bu işin əhlindən hesab etsələr, o zaman bunu edə bilər. Mənim özümə elm əhlindən olan 70 şeyx bu işə uyğun gəlməyimə şahidlik etməyincə məsciddə dərs verməyə başlamadım."

(İbn Fərhundan nəql olunur "əd-Diybəc" 21; Həmçinin bax, İbn Həmdanın "Sifətul-Fətva vəl-Mustəfti" 7)

Alimin elminə və fəzilətinə dəlalət edən amillərdən həmçinin: onun dərsləri, fətvaları və əsərləridir.

İmam Əbu Tahir əs-Silfi imam əl-Xattabinin belə dediyini rəvayət edir:

Əbu Süleymana gəldikdə isə o, Əbu Davudun kitabını şərh etmişdir. Əgər bir əhli olan kimsə onun əsərlərinə fikir verərsə və onun kitablarındakı gözəl üslubunu görərsə, onun varid etdiyi mövzularda imamlığını, dindarlığını və mötəbərliyini təsdiqləyər. O hədis öyrənmək, elmləri oxumaq üçün səfərə çıxmış və (çox yerləri) gəzib-dolaşmışdır. Sonra isə bir çox elmlərdə əsərlər yazmışdır."

(Zəhəbi "Siyəri-Aləmin-Nubəla", 25/ 17)

Bunlar alimin elminə dəlalət edən bəzi amillərdir. Lakin, vəzifə və s. kimi şeylər isə elmə dəlalət etmir.

(İslami) Alimlər təyin olunmaqla alim olmurlar. Onlar elmləriylə seçilirlər. Nə də vəzifə təyini olaraq bir insan alim olmur. Bu ümmətin tarixində öndərlik edən, qədir-qiyməti yüksək olan və bütün ümmətin imamına çevrilən elə bir alim yoxdur ki, o vəzifə ilə tanınsın. İmam Əhməd və şeyxul-İslam İbn Teymiyyə ümmətin bu uzun tarixinə bir misaldırlar.

Şeyxul-İslam ibn Teymiyyə demişdir:

"Vəzifə və mövqe sahibi olmaq alim olmayanı müctəhid etmir. Əgər elmdə və dində söz sahibi olmaq vəzifə və güc ilə olsaydı, onda xəlifə və ya sultan buna daha haqlı olardı. Əgər xəlifə və ya sultan özünün alim olduğunu iddia edə bilmirsə, onda rəiyyətə də quran və sünnədən kənar şey danışmamaq şərtiylə bu gərəkməz. Rəhbərdən başqasının isə bu məsələdə həddini aşmaması daha çox gərəkir."

(Fətəva 27/296-297)

 

 «ƏSİL ALİMLƏRLƏ ONLARA BƏNZƏYƏNLƏRİ NECƏ AYIRMAQ OLAR?»

Həqiqi alimlər haqqında düzgün təsəvvür olması üçün alimlərlə qeyriləri və alimlərdən hesab olunanlar, əslində isə alim olmayanlar mütləq ayırd edilməlidir.

1) ALİMLƏRLƏ KİTAB OXUYANLARIN (QARİLƏRİN) AYIRD EDİLMƏSİ:


Bu əsrin xüsusiyyətlərindəndir ki, əksər insanlar oxuya bilirlər. Kitablar da çoxdur. Beləcə cahil insan belə kitab oxumağı ilə insanların ümumundan müstəsna ola bilir. Alimlərin kitabları da yayılmışdır, nəşr evləri bir çox kitabları nəşr etmişdir. Bütün bunlar Allahın neməti olsa da bəzən haqdan uzaqlaşmağa səbəb ola bilir. Bu da elmi əsasları bilməyən insanların çoxsaylı kitablar qarşısında elm öyrəndiyini zənn edərək dəlillərə dinin əsaslarına, üsullarına görə yox, öz ağıllarına görə yanaşdıqlarından azmaqları baş verir. Onlar məsələlərə düzgün yanaşmaqdan, istinbat qaydalarından, dəlilləri (insanlara) çatdıra bilməkdən, ziddiyyətləri dəf etmək və tərcih (üstün rəyi ayırd edə bilmək) üslublarını bilmədən azırlar. Əsil alimlər isə bu əsasları və üsulları bilirlər.

2) ALİMLƏRLƏ MÜTƏFƏKKİRLƏRİN VƏ YAZIÇILARIN AYIRD EDİLMƏSİ:


Dindən hər kəsi danışması doğru deyildir. Elmə nisbət olunanlardan yazıçı və mütəfəkkirlər də bəzən İslam alimləri ilə səhv salınır. Hansısa İslami mövzuda nə isə məqalə yazan və ya öz fikirlərini müəyyən kitabda cəm edən və s. işlər görən, əslində isə İslami əsaslardan, bu elmə yiyələnməyin əsaslarından bixəbər olanlar da bəzən kimlərinsə tərəfindən bu şərəfli elmi dərəcəyə nisbət oluna bilirlər.

3) ALİMLƏRLƏ XƏTİBLƏRİ VƏ MOİZƏÇİLƏRİ AYIRMAQLA:


İslam tarixinin əvvəllərindən bəri moizəçilər və ya qissislər (hekayə rəvayət edənlər) adlı bir tayfa ortaya çıxmışdı. İlk dövrlərdə moizəçilər və qissislər alimlərdən və fəqihlərdən olurdu. Sonra dövr keçdikcə insanlara moizə edənlər peyda oldular ki, onlar nə alim, nə də fəqihlərdən deyildirlər. Lakin, bu o demək deyil ki, moizəçilər və xətiblərdən heç biri alim deyildir. Əksinə, onların içindən böyük islam alimləri də çıxıb. Lakin, sözümüzün məğzi odur ki, bəzi insanlar gözəl danışıq qabiliyyəti ilə aldanmış və bunu o xətibin elminə dəlil saymışlar. Ona görə də avam insanların alimlərdən daha çox moizəçilərə və xətiblərə tərəf sürətlə yönəldiklərini görmək mümkündür.
Sonda Allahdan bütün müsəlmanlara dində bəsirət istəyirik!

Va Sallallahummə alə nəbiyyinə Muhəmməd va alə əlihi va sahbihi əcməin!

Qeyd:


("Alimlərlə rəftar qaydaları" kitabından. Müəllif: Abdur-Rahmən ibn Muallə əl-Ləvhiq. Ön söz: Abdul-Əziz ibn Bəz (rahiməhullah)`indir, Birinci mövzunun tam tərcüməsi təqdim edilmiş, ikinci mövzu çox geniş olduğundan oxuculara müxtəsəri təqdim edilmişdir.)

Hazırladı:

Sahib Əsədov

Baxılıb: 498 | Yüklədi: Azerislamoglu