Baş səhifə » 2014 » Noyabr » 15 » “Sabirabad hadisələri” ilə bağlı məhkəmədə narazılıqlar yaşandı.
20:14
“Sabirabad hadisələri” ilə bağlı məhkəmədə narazılıqlar yaşandı.

“Sabirabad hadisələri” ilə bağlı məhkəmədə narazılıqlar yaşandı.



Xəbər verdiyimiz kimi, 04.07.2014-cü il tarixdə Sabirabad rayon bazarında Zeynalov Rəmzi Ramiz oğlu dini ayrı-seçkilik zəminində Zərbəliyev Cavanşir Məmmədağa oğlunu təhqir edərək, bir neçə nəfərin köməkliyindən istifadə etməklə onun saqqalını qırxıb. Bu hadisə respublika ictimaiyyətində geniş əks-səda doğurub. Hadisədən dərhal sonra Zeynalov Rəmzi təqsirləndirilən şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. 

12.11.2014-cü il tarixdə Sabirabad rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə birinci məhkəmə baxışı keçirilib. Məhkəmədə zərərçəkmişin vəkilləri işin obyektiv, hərtərəfli, şəffaf və tam aparılması məqsədi ilə bir neçə vəsatət vermiş olsalar da, hakim həmin vəsatətləri qəbul etməyib. Məsələnin aktuallığını nəzərə alaraq, zərərçəkmiş Zərbəliyev Cavanşir Məmmədağa oğlunun hüquqlarını müdafiə edən hüquqşünas Məmmədzadə Fərid Faiq oğlu ilə görüşdük.

- Birinci məhkəmə baxışı haqda təəssüratlarınız.

- Hakim və dövlət ittihamçısının mövqeyi ümumən bizi qane etmədi. Hakimin birtərəfli mövqe vəsatətlərimizi təmin etməməkdə özünü göstərirdi.

Birinci vəsatət işin yenidən ibtidai istintaqa qaytarılmasından ibarət idi. Belə ki, təqsirləndirilən şəxslərin hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Bu maddələr özündə xuliqanlıq hərəkətlərini ehtiva edir. Halbuki təqsirləndirilən şəxslərin hərəkətlərinin dini zəmində olması internetin “You Tube” saytında olan kadrlara ötəri baxarkən aydın olur. Belə ki, orada təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı onun dini təriqətinə nifrət etdiyi üçün cinayət əməli törətdiyi aydın görünür, bu isə təqsirləndirilən şəxslərin hərəkətlərinin AR CM-nin 283-cü maddəsi (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ilə tövsif edilməsini zəruri edir. Həmin hərəkətlərdə zərərçəkmişə həm fiziki, həm də mənəvi iztirabların verilməsi öz əksini tapır, bu isə AR CM-nin 113  (İşgəncə) maddəsində nəzərdə tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə və AR CM-in 133-cü (İşgəncə vermə) maddəsində nəzərdə tutulmuş, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə maddəsi ilə tövsif edilməli idi. Həmçinin zərərçəkmişin iradəsinə zidd olaraq, onu ölüm təhdidi ilə seyid deyilən şəxsin hüzuruna aparıblar, bu isə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə (AR CM 145-ci maddə) maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd olunan bu məqamlar birinci vəsatətdə öz əksini tapmış və işin ibtidai istintaqa qaytarılması məhkəmədən xahiş edilmişdir. Amma Sabirabad rayon Məhkəməsinin hakimi Firdovsi Əliyev, görünür işin tam, obyektiv, hərtərəfli araşdırılmasında maraqlı deyil. Belə olmasa idi, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilən vəsatət təmin edilməli idi, hakimin həmin vəsatəti təmin etməməsi barədə qərar təqdim etməməsi isə onun obyektivliyinə şübhələr yaradır.

İkinci vəsatətimiz də məhkəmə baxışa başladıqdan sonra yuxarıda göstərilən ağırlaşdırıcı halların olması ilə bağlı işin yenidən ibtidai istintaqa qaytarmasına dair idi. Hakimin hərəkətləri özünün çıxardığı qərarlarda əksini tapmalı olduğu halda o, vəsatəti şifahi şəkildə rədd etmiş və bildirmişdir ki, çıxarılacaq hökmdə vəsatətlərinizə hüquqi qiymət veriləcək. Bizim vəsatətlər iş üçün əhəmiyyətli olduğundan məhkəmə baxışının bitməsini gözləyə bilmərik.

Üçüncü vəsatətimiz məhkəmədə obyektivliyi, aşkarlığı təmin etmək məqsədi ilə audio, video yazıların aparılması, KİV nümayəndələrinin iştirakının vacibliyi barədə idi. Bu, ilk növbədə tərbiyəvi əhəmiyyətli hal ola bilərdi. Belə ki, biz vahid Azərbaycan xalqının nümayəndələriyik. Belə neqativ hadisələr birliyimizə xələl gətirə bilər. Məhkəmə prosesinin kütləvi informasiya vasitələrində obyektiv şəkildə, şərhsiz işıqlandırılması bu cür hüquq pozuntularına gələcəkdə yol verilməməsinə xidmət edə bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı bilməlidir ki, Konstitusiyamıza əsasən din dövlətdən ayrıdır, hər bir kəsin vicdan azadlığı vardır, yəni hər kəs istədiyi dinə və ya təriqətə ibadət edə bilər.

Məhkəmə iclasında biz hadisə barədə tam məlumatın çatdırılması məqsədi ilə məlum video görüntülərin nümayiş etdirilməsini xahiş etmiş olsaq da, hakim bu xahişimizi də qəbul etmədi. 

Qaldırdığım vəsatətlərin təmin edilməməsi bizdə hakimin qərəzli mövqe tutmasına dair fikir formalaşdırır. Bu səbəbdən hakimdən etiraz vermək fikrindəyik. Məqsədimiz məhkəmənin daha obyektiv işə baxan hakimlə təmin olunmasına nail olmaqdır.

Eyni zamanda həmin məhkəmədə iştirak edən dövlət ittihamçısının da dəyişdirilməsinə nail olmaq fikrindəyik. Buna səbəb dövlət ittihamçısının bizim vəsatətləri müdafiə etmək əvəzinə, onların rədd edilməsinə dair fikir səsləndirməsidir. Bu isə dövlət ittihamçısının mövqeyindən çox təqsirləndirilən şəxslərin müdafiəçisinin mövqeyini əks etdirir.

- Zərərçəkmiş tərəfin qanunvericilikdən tələbi nədir?

- Bizim məqsədimiz hər-hansı bir şəxsin cəza alması deyil, işin əsas təşkilatçısının müəyyən edilərək cəzalandırılmasıdır. Biz Azərbaycana qarşı təxribat şəbəkəsinin fəaliyyətindən şübhələnirik. Belə ki, təqsirləndirilən şəxsin özünün məhkəmədə dediyi kimi, onu düzgün maarifləndirməyiblər.

- Fərid müəllim, cəmiyyətdə sizin sülhsevər, barışıq tərəfdarı olan bir hüquqşünas kimi imiciniz formalaşıb. Lakin mövcud məsələdə tutduğunuz mövqe bir qədər fərqlidir. Bunu nə ilə əlaqələndirmək olar?   

- Mən ilk növbədə Azərbaycan vətəndaşıyam. Vətənimi, xalqımı, dövlətçiliyimi sevirəm. Bir hüquqşünas kimi hər zaman mövqeyim dəyişməz olaraq qalır: cəmiyyətdə sosial, dini, irqi, cinsi mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərhüquqludur. Ona görə də hər kəsi qanunlara hörmətlə yanaşmağa dəvət edirəm. Ulu öndərimizin azərbaycançılıq ideyası özündə dini, milli, sosial birliyi ehtiva etdiyi üçün bu birliyin pozulmasının qəti əleyhinəyəm. Azərbaycançılıq ideyasına qarşı yönəlmiş hər bir təxribata qarşı mübarizə mənim başlıca amalımdır. Özüm ibadət əhliyəm, eyni zamanda hüquqşünasam. Lakin fərqli fikirlərə də hörmətlə yanaşmağı bacarıram. Çünki dinimizdə və qanunvericilikdə zorakılığa, məcburiyyətə yer yoxdur. Azərbaycanda tarix boyu mövcud olmuş tolerantlıq ənənəsini cəmiyyətimizin başlıca nailiyyətlərindən biri hesab edirəm.   

- Təqsirləndirilən şəxs üçün nə kimi cəza istəyirsiniz?

- Hər bir insanın səhvi ola bilər. Əsas odur ki, səhvini vaxtında anlayıb bu yoldan çəkinəsən, başqalarının məkrli niyyətinə alət olmayasan. Bizim bir Allahımız, bir vətənimiz var. Təbii ki, onların əməllərinə məhkəmə qiymət verəcək. Məncə, təqsirləndirilən şəxslər zərərçəkmişdən üzr istəyərək halallıq almalıdırlar. İnsani baxımdan isə deyə bilərəm ki, təqsirləndirilən şəxslərin səmimi peşmançılığı hadisənin tam təfərrüatı ilə açıqlanmasında öz əksini tapmalıdır. Bir faktı da qeyd edim ki, zərərçəkmiş təqsirləndirilən şəxslərə qarşı kin saxlamır. Təqsirləndirilən şəxslərin yaxınlarının mənimlə söhbətlərində də səmimi etirafların, peşmançılığın olduğunu hiss etmişəm. Ümidvaram ki, mövcud problem qarşılıqlı anlaşma şəraitində həll olunacaq və qanunun aliliyi təmin olunmaqla tərəflər arasında barışıq əldə olunacaq.

- Sizcə, gələcəkdə bu cür neqativ halların olmaması üçün nə kimi tədbirlər görmək lazımdır?

- İlk növbədə insanlar maariflənməlidir. Bu məsələdə ziyalıların, dini xadimlərin rolu böyükdür. Onlar vətəndaşlar arasında geniş təbliğat işləri aparmalıdırlar. Hamımız bilməliyik ki, dövlətçiliyimiz hər bir vətəndaşın hüquq və azadlığının təminatçısıdır. Azərbaycanın uğurlarının əsası bizim birliyimizdədir. Bu birliyi qorumaq hər bir möminin, vətəndaşın müqəddəs borcudur. Yeri gəlmişkən, mən sosial şəbəkələrdə və ümumən internet məkanında Azərbaycanın imicinə zərbə vuracaq məlumatların yayılmasının qəti əleyhinəyəm. Bu barədə ciddi ölçü götürülməsinin vacib olduğunu düşünürəm. Sonda qeyd etməliyəm ki, məhkəmənin çıxaracağı ədalətli qərar Azərbaycan Respublikasında milli və dini birliyin təntənəsinə xidmət edəcək.

İsa Rəvan.

Mənbə:

http://www.mediainfo.az/kriminal/32889

Bölmə: Xəbərlər | Baxılıb: 1470 | Yüklədi: Azerislamoglu