Ramazana niyyət etmənin hökmü və qaydaları
Sual: Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir?
Cavab: Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək
kifayətdir. O ki, qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin
yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir. Peyğəmbər
səllallahu aleyhi və səlləm demişdir: «Əməllər niyyətlərə görədir
və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun
rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun
hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin
razılığını qazanmaq) üçündür.(Onun savabını Allah verir.) Kimin də
hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun
hicrəti niyyət etdiyində tamamlanır.(İstədiyinə yalnız bu dünyada nail
olur.)» ( Buxari və Muslim)
Sual: Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidirmi?
Cavab: Bəli, etməlidir.
Sual: Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərtdirmi?
Cavab: Məlumdur ki, Ramazan ayında hər gün dan yeri sökülməmişdən əvvəl
səhur (Oruc tutanın səhər yeməyi) edən kəs əlbəttə, bunu oruc tutmaq
üçün edir. Hərgah o, sadəcə səhər yeməyi yemək niyyətində olsaydı, onu
bu vaxt etməzdi. Səhura qalxmayıb yatıb qalan şəxsə gəlincə, qeyd etmək
lazımdır ki, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət
etmək kifayətdir.
Sual: Orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu pozulurmu?
Cavab: Orucu pozmağı qətiyyətlə niyyət edən kəs heç nə yeməsə də, içməsə
də belə tutduğu oruc batil olur. Həmin şəxs orucuna davam etməli və o
günün əvəzinə başqa aylarda bir gün oruc tutmalıdır.
Sual: Həm Ramazan orucunun qəzasını, həm də nafilə orucunu niyyət edib — iki niyyətlə bir oruc tutmaq olarmı?
Cavab: Buna aid heç bir dəlil-sübutun olmamağı onu göstərir ki, bunu etmək caiz deyildir.
http://www.feqih.com/?p=386
|