(Fayl olaraq Yüklə: word , pdf , jar , jad )
------------------
Nəsx- bir şeyi aradan qaldırmaq, bir şeyi başqa şeylə dəyişdirmək, onun yerinə başqasını qoymaq deməkdir.
Allah (subhənəhu və təalə) buyurur:
-
Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: "Sən ancaq bir
iftiraçısan!"– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı
bilir. Xeyr! Onların çoxu bunu bilmir. [1]
Qurani-Kərimin üç növ nəsxi mövcuddur.
I- Hökmün nəsxi
Yəni,
ayənin hərfi şəkli- yazılış forması Quranda mövcud olaraq qalır və
həmin ayə tilavət edilir, lakin onun hökmü ilə əməl edilmir. Bu cür
ayələrə misal olaraq Bəqərə surəsi 240-cı ayəni göstərmək olar. Allah
(subhənəhu və təalə) buyurur:
-
Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr
zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə
baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar öz istəkləri ilə çıxıb
getsələr, şəriətə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə
sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir. [2]
Bu
ayə qadına, əri öldükdən sonra bir il iddət müddəti saxlamağı əmr edir.
Lakin daha sonra Allah (subhənəhu və təalə) başqa bir ayədə- Bəqərə
surəsi 234-cü ayədə bu hökmü nəsx edərək buyurur:
-
Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün
gözləməlidirlər. Onların gözləmə müddəti bitərkən şəriətə müvafiq qayda
üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə
etdiklərinizdən xəbərdardır. [3]
İbnul A’rabi (rahiməhullah) buyurur:
-
İslamın başlanğıcında iddət müddəti-cahiliyyət dövründəki kimi bir il
idi. Daha sonra Allah (subhənəhu və təalə) bu hökmü 4 ay 10 gün ilə nəsx
etdi. Və bu əksər alimlərin görüşüdür. [4]
Hökmü nəsx olunmuş ayələrə bu ayələri də misal gətirmək olar. Allah (subhəhənu və təalə) buyurur:
-
Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli
kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli
kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan
adamlardır. [5]
Bu ayə özündən sonrakı ayə ilə nəsx edilmişdir:
-
İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik
olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki
yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni
ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir. [6]
Və ya başqa bir ayədə Allah (subhənəhu və təalə) buyurur:
-
Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu
söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha
pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır,
Rəhmlidir. [7]
Bu ayə də özündən sonrakı ayə ilə nəsx edilmişdir:
-
Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər
siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz
qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə
etdiklərinizdən xəbərdardır. [8]
II- Tilavətin nəsxi
Yəni, ayənin hərfi şəkli- yazılış forması Qurandan götürülüb, oxunuşu ləğv olunub, lakin hökmü isə qalır.
Allah (subhənəhu və təalə) buyurur:
-
Biz hər hansı bir ayəni nəsx edir və ya onu unutdururuqsa, ondan daha
yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər
şeyə qadirdir? [9]
Ayədəki "bir ayəni nəsx edir”- ayənin hökmünün nəsxinə, "onu unutdururuqsa”- ayənin tilavətinin nəsxinə dəlildir.
Səhabələrdən-
Ubeyy ibnul Kə’b, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Sə’d ibn Əbu
Vəqqas, tabiinlərdən- Sə’d ibn Museyyəb, Dəhhaq ibn Məzahin və başqaları
ayədəki "onu unutdururuqsa” kəliməsinin tilavətin nəsxi olduğunu
söyləmişlər.
Allah (subhənəhu və təalə) tilavətin nəsxinə dair başqa bir ayədə buyurur:
- Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır. [10]
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:
-
Əgər sizlərdən biri hər hansısa ayəni unudarsa "mən onu unutdum.”
deməsin. "O mənə Allah (subhənəhu və təalə) tərəfindən unutduruldu.”-
söyləsin! [11]
Tilavəti nəsx olunmuş ayələrə misal olaraq Rəcm ayəsini göstərmək olar.
Bu haqda İbn Abbas (radıyAllahu anhu) rəvayət edir ki, Ömər ibnul Xattab (radıyAllahu anhu) buyurdu:
-
Allahın nazil etdiyi ayələrdən biri də Rəcm ayəsi idi. Biz onu oxumuş
və dərk etmişdik. Rəsulullah (sallAllahu aleyhi və səlləm) rəcm etmiş,
yəni evli zinakarı daşqalaq etmiş və biz də ondan sonra rəcm etmişdik.
Lakin qorxuram ki, bir zaman gələr ki, insanlar belə deyərlər: "Vallahi
ki, biz Rəcm ayəsini Allahın kitabında görmürük." Və beləliklə də
Allahın (Subhənəhu və təalə) nazil etdiyi vacib bir əmri tərk etməklə
doğru yoldan azarlar. Şübhəsiz ki, rəcm Allahın kitabında haqq olduğu
kimi, evli olan kişi və ya qadın zina etdikdə əgər buna sübut
gətirilərsə və ya hamiləlik olarsa yerinə yetirilir. [12]
Tilavətin nəsxinə misal olaraq bu rəvayətləri də gətirmək olar:
Ömər ibnul Xattab (radıyAllahu anhu) buyurur:
-
Biz Rasulullahın (sallAllahu aleyhi və səlləm) dönəmində Qurani-Kərimdə
bu ayəni oxuyardıq: "Öz ata-babalarınızı danmayın! Öz ata-babalarınızı
danmanız, sizi küfrə salar.” [13]
Əbu Musa əl-Əşari (radıyAllahu anhu) buyurur:
-
Biz uzunluğu Tövbə surəsi qədər olan bir surə oxuyurduq. O surədən
əzbərlədiyim bir ayədən başqaları, Allah (subhənəhu və təalə) tərəfindən
mənə unutduruldu. Yadımda qalan ayə isə bu idi: "Adəm övladının iki
vadi dolusu var dövləti olsa, üçüncüsünü də istəyər. Onun gözünü yalnız
torpaq doydurar.” [14]
Ubeyy ibnul Kə’b (radıyAllahu anhu) buyurur:
- Siz Əhzab surəsini neçə ayə olaraq oxuyursunuz? Orada olanlar deyir: "73 ayə”. Ubeyy ibnul Kə’b (radıyAllahu anhu) buyurur:
-
Biz Rasulullah (sallAllahu aleyhi və səlləm) ilə birlikdə Əhzab
surəsini Bəqərə surəsi qədər və ya daha çox oxuyurduq. Həqiqətən həmin
surədə rəcm ayəsi də mövcud idi. [15]
Əbu Uməmə əl-Ənsari (radıyAllahu anhu) buyurur:
-
Bir kişi gecə namazına qalxdı. Əzbərində olan surəni oxuya bilmədi.
Eyni ilə başqa bir kişi də gecə namazına qalxdı və o da dünən əzbərində
olan surəni, həmin gecə xatırlaya bilmədi. Başqa bir kişi də eyni ilə bu
hadisə ilə qarşılaşdı. Səhəri gün hər üç kişi Rasulullahın (sallAllahu
aleyhi və səlləm) yanına gəldilər. Kişilərdən biri dedi:
- Ya Rasulullah! Keçən gecə qalxdım, surəni oxumaq istədim, lakin xatırlaya bilmədim.
Digər iki kişi də eyni sözləri söyləyir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) hər üç kişiyə söylədi:
- Həqiqətən o surə, keçən gecə nəsx edildi. [16]
Əbu Musa əl-Əşari (radıyAllahu anhu) buyurur:
-
Səhabələr Rasulullahın (sallAllahu aleyhi və səlləm) dönəmində belə bir
ayə oxuyurdular: "Adəm övladının iki vadi dolusu var dövləti olsa,
üçüncüsünü də istəyər. Onun gözünü yalnız torpaq doydurar.” Daha sonra
bu ayə Qurani-Kərimdən nəsx edildi. [17]
Ənəs ibn Məlik (radıyAllahu anhu) buyurur:
-
Məunə quyusunun yanında ənsarlardan yetmiş nəfər Quran qarisi olan
səhabə öldürüldüyü üçün Rasulullah (sallAllahu aleyhi və səlləm) Ril,
Zəkvan və Useyyə qəbilələrinə bir ay boyunca bəddua etdi. Eləki bu ayə
nazil oldu, o zaman Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bəddua
etməyi tərk etdi. Ayə belə idi: "Tayfamıza xəbər verin ki, biz- Allah
bizdən, biz də Allahdan razı qaldığımız halda Rəbbimizlə görüşmüşük.”
Daha sonra isə bu ayə nəsx edildi. [18]
Ubeyy ibnul Kə’b (radıyAllahu anhu) buyurur:
-
Bir gün Peyğəmbər (sallAllahu aleyhi və səlləm) səsli namazların
birində qiraət zamanı bir ayəni oxumadı və ötürdü. Namazı bitirdikdən
sonra Rasulullah (sallAllahu aleyhi və səlləm) məndən soruşdu: "Sən
namazda bizlə deyildinmi?”. Mən: "Bəli, ya Rasulullah!” –dedim.
Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu: " Elə isə, mənə
unutduğum ayəni xatırlatmağa sənə nə mane oldu?” Mən dedim: "Mən
düşündüm ki, o ayə nəsx edilib və sənə unutdurulub.” [19]
Başqa rəvayətdə:
-
Ubeyy soruşdu: "Ya Rasulullah, məgər bu ayə nəsx edildimi? Bu səbəbdən
ayəni oxumadın, yoxsa sadəcə oxumağı unutdun?” Rasulullah (sallAllahu
aleyhi və səlləm) buyurdu: "Xeyr, ayə nəsx edilmədi, mən sadəcə onu
oxumağı unutdum!” [20]
-
Bir gün Aişə (radıyAllahu anhə) Əbu Yunusə mushəfi yazmağı əmr edir.
Aişə (radıyAllahu anhə) özü ayələri diktə edir, Əbu Yunus isə mushəfi
yazmağa başlayır. Bəqərə surəsi 238-ci ayəyə (Namazları və orta namazı
qoruyun və Allah qarşısında mütiliklə durun.) çatdıqda Aişə (radıyAllahu
anhə) əmr edir ki, bu ayəni bu cür yaz: "Namazları, orta namazı və əsr
namazını qoruyun və Allah qarşısında mütiliklə durun.” [21]
Aişənin (radıyAllahu anhə) mushəfə ayəni bu formada yazmasının səbəbi o idi ki, bu ayə ilk öncə məhz bu cür nazil olmuşdur: "Namazları, orta namazı və əsr namazını qoruyun və Allah qarşısında mütiliklə durun.” Daha sonra isə "əsr namazı”
əlavəsi nəsx edilmişdir. Lakin hökmü olduğu kimi qalmışdır. Məhz bu
səbəbdən Aişə (radıyAllahu anhə) mushəfə təfsir baxımından ayəni bu cür
yazmağı əmr etmişdir.
Bu haqda əl-Bəra ibnul Azib (radıyAllahu anhu) buyurur:
-
"Namazları, orta namazı və əsr namazını qoruyun...” ayəsi nazil oldu.
Biz bu ayəni "əsr namazını” əlavəsi ilə Rasulullaha (sallAllahu aleyhi
və səlləm) oxuduq. Daha sonra Allah (subhənəhu və təalə) bu ayənin
tilavətini nəsx etdi və yerinə bu ayəni nazil etdi: "Namazları və orta
namazı qoruyun və Allah qarşısında mütiliklə durun” [22]
III- Həm hökmün, həm də tilavətin nəsxi
Buna
da Aişədən (radıyAllahu anhə) rəvayət olunan hədisi misal çəkmək olar.
Daha əvvəl Quranda "on dəfə süd əmmək" ilə məhrəm olmaq haqqında ayə var
idi və daha sonra bu, "beş dəfə süd əmmək" hökmü ilə nəsx olunmuşdur.
Bu ayənin həm tilavəti (oxunuşu), həm də hökmü nəsx olunmuşdur. [23]
Qurani-Kərimin nəsxi Allahın izni və hökmü ilə, Rasulullahın (sallAllahu aleyhi və səlləm) nəzarəti altında baş vermişdir.
İstifadə etdiyim mənbələr:
[1]- Nəhl surəsi, 101
[2]- Bəqərə surəsi, 240
[3]- Bəqərə surəsi, 234
[4]- Əhkəmul Qur’an, cild- 1, səh. 255
[5]- Ənfal surəsi, 65
[6]- Ənfal surəsi, 66
[7]- Mucadilə surəsi, 12
[8]- Mucadilə surəsi, 13
[9]- Bəqərə surəsi, 106
[10]- A’lə surəsi, 6-7
[11]- Buxari, 4752; Muslim, 790
[12]- Buxari, 6829; Muslim, 1691; səhihdir.
[13]- Buxari, cild- 8, hədis- 540; səhihdir.
[14]- Muslim, cild- 3, səh. 100; səhihdir.
[15]- Əhməd, Musnəd, cild- 5, səh. 132; səhihdir.
[16]- Əbu Ubeydə əl Qasim, Ən-Nəsix vəl Mənsux, səh: 14-15, hədis- 17
[17]- Muslim, 1050; Təyəlisi, Musnəd, 541
[18]- Buxari, 4090
[19]- Əbu Davud, Sunən, cild-3, səh. 424, hədis- 907;
[20]- Əhməd, Musnəd, cild- 5, hədis- 123
[21]- Muslim, Səhih, cild- 1, səh- 174, hədis- 629; Əbu Davud, 410; Tirmizi, 2993; Əhməd, Musnəd, 24502
[22]- Muslim, Səhih, cild- 1, səh- 175
[23]- Muslim, 1452
___________________
Hazırladı: əz-Zubeyr