Baş səhifə » 2012 » İyul » 31 » Qamət Süleymanov:“VƏHHABİ OLSAYDIQ, DEYƏRDİK VƏHHABİYİK”
17:45
Qamət Süleymanov:“VƏHHABİ OLSAYDIQ, DEYƏRDİK VƏHHABİYİK”
"VƏHHABİ OLSAYDIQ, DEYƏRDİK VƏHHABİYİK”

Hacı Qamət Süleymanov: "Məsciddəki partlayışdan əvvəl hiss edirdim ki, nəsə olacaq, hədələr eşidirdim, radikallar burada böyük cihad başlamaq istəyirdi”
"Hələlik çox uzun saqqal saxlamaq lazım deyil”
Cəmiyyətdə ona və həmfikirlərinə münasibət birmənalı deyil. Hakimiyyətin basqıları da bir yandan. Zahiri görünüş və baxışlarındakı fərqlilik onları tez-tez ittiham və təzyiqlərlə üz-üzə qoyur. İbadət etdikləri məscidin qapadılması da əlavə problem yaradıb. Hər halda bir sıra suallara aydın cavab almaq üçün onu söhbətə çəkmək istədik. Deyəsən, pis də alınmadı. Bunun bir səbəbi də həmsöhbətimin kompleksinin olmaması, sorğulara səmimi cavab verməsi idi. Beləliklə, "Əbu-Bəkr” məscidinin imam-camaatı Hacı Qamət Süleymanovla müsahibəni diqqətinizə çatdırırıq.

Maşını bir çayxananın qarşısında saxlayır: "Bura sakitlikdir, çay içək, söhbətləşək”. Çayxanadakı azsaylı adamlar qiyafəsi fərqli olan müsahibimə diqqətlə baxır. O isə sərbəst şəkildə kölgəlik seçib əyləşməyi təklif edir.

- Hacı, parlamentin qanun qəbul etməsindən sonra işinizdə hansısa dəyişiklik varmı?

- Bismillahi-rəhmani-rəhim. Hələlik heç nə aydın deyil. Bildiyimə görə, qanun prezident tərəfindən təsdiqlənməlidir. Məncə, müəyyən düzəliş edilsə, yaxşı olar. Çünki bu, qeyri-peşəkar insanın, dindən başı çıxmayan şəxsin qərarıdır. Dindarların fikrini nəzərə almadan buna getdilər. Təbii ki, hər işin öz mütəxəssisi var. Xüsusilə qanunda bildirilir ki, burada oxumayan heç vaxt imam ola bilməz. Mənim fəaliyyətimin qabağı heç vaxt alınmayacaq. Mən Allahın izni ilə Sübhanətəalanın yoluna dəvət edəcəyəm. Ola bilər, imamlıq etməyə, camaatın qabağında dini çıxışlar etməyə izin verilməsin. Ancaq qanun təsdiqlənsin, baxaq. Bəlkə yazılıb, namaz da qılmaq olmaz?!

- Dindarları adətən məscidlərdə, mərasimlərdə görən insanlar üçün sizi çayxanada görmək, təbii ki, təəccüblüdür. Özünüzü belə yerlərdə necə hiss edirsiniz?

- İndi rahat. Amma hərdən tanıyırlar, kənardan baxırlar, adam bir az sıxılır. Ona görə də həmişə çalışıram ki, şəkil çəkdirməyim, qəzetlərdə yeni şəklim getməsin.

- Sizin və həmfikirlərinizin həm geyimi, həm də saqqalı digər dindarlardan fərqlənir. Buna görəmi sıxılırsınız?

- Bu geyim bizə xas deyil, dinimiz əmr edib. Bu, bütün məzhəblərdə var. Sadəcə, qardaşlarımızın çoxu bunu tətbiq edir. Bizdə də qardaşlar var ki, çoxunun saqqalı yoxdur. Cəmiyyətdə belə fikir yaranıb ki, guya bu, bizim, yəni əhli-sünnənin əlamətləridir. Əslində isə xeyr, dinimiz əmr edib. Mən bunlardan çəkinmirəm, saqqaldır, balaqdır. Amma qıraqdan baxırlar da.

- Sizdə fərqlilik bir o qədər hiss olunmur. Amma eləsi də var ki, xeyli uzun saqqal saxlayır, şalvarının balağını çox qısa kəsdirir. Cəmiyyətin birmənalı qarşılamadığı bu məsələlərə bir az diqqətli olmaq mümkün deyilmi?

- Mən qardaşlara (onlar bir-birini belə adlandırır - E.P.) da tövsiyə edirəm ki, hələlik çox uzun saqqal saxlamaq lazım deyil. Çünki bizim cəmiyyət kommunizmdən çıxıb, dinsizlik olub. O vaxtlar saqqalı ancaq yasda saxlayırdılar. Ona görə birdən-birə uzun saqqallı cavanlar görəndə camaat təəccübləndi. Düşündülər ki, bu, başqa dindir. Hətta dedilər İngiltərədən gəlib, Əbdül Vahabın öyrətdiyi dindir. Hamısı savadsızlıqdan idi. Bəziləri bundan bizə qarşı qərəzli şəkildə istifadə etdi. Mən də tövsiyə edirəm ki, hələ çox uzun saqqal saxlamaq lazım deyil. Yavaş-yavaş camaat öyrəşəndən sonra saxlamaq olar. Yaxud deyirəm balağı çox qısaltmaq da lazım deyil. Düzdür, Peyğəmbərimiz əmr edib ki, kişilərin balağı topuqdan aşağı düşməz. Bu həm təmizlikdir, həm də Allahdan əmr gələndə biz axtarmırıq nə xeyri var, nə zərəri, şəriətimiz bizə zərərli şey deməz. Ancaq balağı çox qaldırmaq da lazım deyil. Bəzi qardaşlar ola bilsin ifrata da varır.

- Siz nə vaxtdan ibadətə başlamısınız?

- 16 yaşından.

- Əsgərlikdə olmusunuz?

- Bəli. 1989-cu ildə əsgər getdim. Yoşkar-Olada, Mari Muxtar Respublikasında xidmət etdim. İki ildən sonra qayıdanda artıq sovet hökuməti dağılmışdı. Orada da namaz qılıb oruc tuturdum. Amma təbii ki, saqqal saxlamaq mümkün deyildi.

- Xidmət dövründə ibadətə görə problemlər yaranmırdı?

- Andiçmə dövründə bir az oldu. Kombat dedi ki, "prisyaqa”nı oxumasan, əsgər sayılmırsan, ona görə də mərasimdə iştirak et. Onu da dedi ki, namaz vaxtı gələrsən qərargaha mənim otağıma, çıxaram otaqdan, namazını qılarsan. Bu hörmət məni çox təəccübləndirdi. Ancaq heç bir təzyiq olmayıb. Nə əmrlər vardı, imkan qədər yerinə yetirirdim.

- İbadət ailədən gəlmə idi?

- Xeyr, valideynlərim namaz qılmırdı. Sadəcə, bir dəfə Bakıda məsciddə namaz qılanı gördüm, xoşum gəldi. Qəlbimdə nəsə yarandı ki, mən də qıla bilərəm, başladım.

- Deyəsən, əslən bakılı deyilsiniz...

- Bakıda doğulmuşam, amma əslən Qubadanam, Qarxun kəndindən.

- Dini təhsil almaq qərarına nə vaxt gəldiniz?

- Əsgərlikdən qabaq xarici ölkələrə bir-iki sənəd göndərmişdim. Qayıdandan sonra gördüm Sudandan cavab gəlib. Elə oldu ki, Sudana getdim. Bir müddət orada təhsil alandan sonra Mədinə Universitetinə imtahan verib qəbul oldum. Ona görə də 1993-də Sudandan Mədinəyə getdim. 1998-dək Mədinədə qaldım. Hədis fakültəsini bitirib vətənə döndüm. Bakıya gələndə artıq "Əbu-Bəkr” tikilmişdi. Sadəcə, məsciddəki icma xahiş elədi ki, məscidin imamı olum. Əvvəl istəmədim, sonra razılaşdım. O vaxtdan indiyəcən... (Bu yerdə yeni qanunu xatırladır - E.P.) İndi bilmirəm mənə məscidin imamı demək olar, ya yox?

- Yəni artıq qeyri-legitim sayılırsınız?

- (Gülür) Bu da var ki, hələ indiyəcən məni imam kimi təsdiqləməyiblər. Ancaq icmanın sədriyəm.

- Nə vaxtsa sizinlə bağlı problem olub?

- Xeyr. Özüm də səbəbini başa düşmürəm. Bilmirəm nə üçünsə bizə həmişə ehtiyatla baxırlar.

- Sizlərdən danışarkən adətən vəhhabi ifadəsini işlədirlər, bu da narazılıqla müşayiət olunur. Siz də bu sözdən narahat olursunuzmu?

- Bu kəlmə üç əsr qabaq yaranıb, onu hərə bir cür ifadə edir. Bəzən sünnilərə təzyiqi artırmaq üçün onlara "vəhhabi” deyirlər. Bu, cəmiyyətdə damğa kimi istifadə olunur. Qabaqlar əfqanlar öz torpaqlarını qoruyurdu, onları "duşmanı” adlandırmışdılar. Az sonra "islamçı ekstremistlər” dedilər. Hətta 20 yanvarda da bizim adımızı "islamçı ekstremist” qoymuşdular. Sonra da "vəhhabi” kəlməsi gəldi. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, əslində belə təriqət yoxdur. Bu kəlməni işlədənlər cürbəcür siyasi məqsədlər daşıyır. Bəzi təriqətlər də bundan istifadə edir. Biz, yəni əhli-sünnə dində artıq məsələləri qəbul etmir. Peyğəmbərimizin vəfatından sonra dinə gələn artıq təriqət və fikirləri dindən saymırıq. Bu da başqa məzhəblərdə olanları qıcıqlandırır. Bizim dəvət sırf təmiz dinə çağırışdır. Yəni Allah, Peyğəmbər nə deyibsə, odur.

- Eşitdiyimə görə, siz televizora baxmağı, evdə şəkillərin olmasını qəbul etmirsiniz.

- Hər məzhəbdə var ki, şəkil olmaz. Şəkil dində bəyənilmir. İslam, ümumiyyətlə, ruhu olanı - heyvanı, insanı çəkməyi qəbul etmir. Biz deyirik yalnız zərurətdə olar (Bu "zərurət” ifadəsi sonda bizim karımıza gələcəkdi - E.P.). Ancaq təbiətə aid şəkillərdə problem yoxdur. Şəkil bəyənilmir, lakin biz elə sərt deyilik ki, yox, hər şey qurtardı, yandırın və sair. Televizor da həmçinin. Özünüz də bilirsiniz ki, televizor böyük problemdir, mənəviyyata ciddi təsir edir. Bunun problem olduğunu hətta dindar olmayanlar, artistlər də etiraf edir. Məsələn, Madonnanın evində televizor yoxdur. Deyir bu, uşaqları korlayır.

- Bəs sizin evdə var?

- Əlbəttə. Biz demirik ki, televizor olmaz. Amma kimin evində yoxdursa, o, özünü böyük problemdən azad edib, bəladan qurtarıb. Amma kimin evində var, yaxşı olar nəzarət olsun ki, uşaqların mənəviyyatına təsir eləməsin. Mən vaxt tapanda xəbərlərə, mühüm verilişlərə baxıram. Daha şoudu, filandır, onlara baxmıram. Onlar camaatın vaxtını almaqdan, başını qatmaqdan başqa bir şey deyil.

- Musiqi ilə aranız necədir?

- Yoxdur. Musiqi şəriətdə ümumiyyətlə bəyənilmir. Əsasən Qurana qulaq asıram. Evdə olanda ailə üzvlərim də qulaq asmır. İki oğlum var - Abdullah və Əli. Birinin 11, digərinin 7 yaşı var. Mən namaz qılanda böyük oğlum gəlib yanımda dayanır. Uşaq gördüyün götürər. Evdə hamı ibadət edir.

- Həyat yoldaşınızın geyimi də, yəqin ki, fərqlənir...

- Təbii ki. Qadının geyimi çadra, hicab olmalıdır.

- Özü razıdırmı bu vəziyyətdən?

- Əlbəttə. Burada heç bir məcburiyyət yoxdur. İndi deyirlər biz Avropaya inteqrasiya edirik. Bu o demək deyil ki, biz soyunmalı, mənəviyyatımızdan, dinimizdən imtina etməliyik. Hicab bizim mənəviyyatımızla bağlıdır.

- Maraqlıdır, toyunuz hansı şəkildə olub?

- Biz İslama uyğun toy edirik. İçki, çalğı olmur. Bir də qadınlarla kişilər ayrı oturur. Mən 1998-də ailə qurdum, həyətdə çadır toyu elədim. O vaxt şadlıq evləri bir o qədər dəbdə deyildi. 

- Uşaqlarınızın da sizin yolunuzla getməsini istərdinizmi?

- Uşaqların dünyəvi elmlərə üstünlük verməsini istərdim. Qoy öz dinlərini bilsinlər, namazlarını qılsınlar. Amma çalışacağam ki, onları oxutdurum. Yalnız dini təhsil? Yox, yox... Bəzən dindarları düzgün başa düşmürlər. Elə bilirlər biz ancaq din deyirik. Yox, biz deyirik dünyəvi elmlər, inkişaf lazımdır, dinimiz bunu əmr edib. Bəziləri elə başa düşür biz qapalı həyat sürürük, ancaq din öyrənirik. Bu, səhvdir.

- Yəqin ki, siz müasir toylara da dəvət alırsınız. Bəs belə hallarda neynirsiniz?

- Birinci, dəvət edən adam bilir hansı yolun adamıyam və hansı məclislərə gedirəm. Ona görə çox vaxt dəvət gələndə bir gün qabaq, ya bir gün sonra gedib nəmər yazdırır, təbrik edib gəlirəm. Çünki elə məclislərdə hətta oturmaq da heç bir möminə yaraşmır. Peyğəmbərimiz içki olan məclisdə oturmağı qadağan edib.

- Şeyxlə aranız necədir? Heç görüşürsünüzmü?

- Çox yaxşı. O, bizim şeyximiz, böyüyümüzdür. Hörmətimiz var. Hərdən məclislərdə görüşmüşük. Biz bir-birimizə normal yanaşırıq. Əsas odur ki, fanat olmayasan.

- Terrordan sonra "Əbu-Bəkr” məscidinin qapısı, deyəsən, yalnız sizin üzünüzə açıqdır.

- Məscid bağlı deyil. Sadəcə, müəyyən müddət üçün gələnlərə məhdudiyyət qoyulub. Məni içəri qoyurlar, otağımda otururam, namazımı qılıram. Ancaq kütləvi adamların gəlişi yasaqdır. Polis nəzarəti altındadır. Demişdilər istintaq qurtarsın, sonra. Artıq istintaq bitib, cinayətkarların məhkəməsi başlayıb. Hələ ki, gözləyirik, bir xəbər yoxdur. Camaat isə narahatdır. Bu həm də başqa problemlərə gətirib çıxarır. Digər məscidlərdə sıxlıq yaranıb. Məncə, məscidimiz açılsa, bəzi problemlər həll olunar. Yeri gəlmişkən, məscidimizin saytı da var. Maraqlananlar abubakr-mescidi.com-a daxil ola bilər.

- Deyilənlərə görə, partlayışın baş verəcəyini qabaqcadan bilirmişsiniz, düzdürmü?

- Dəqiq məlumatım yox idi. Amma hiss edirdim ki, nəsə olacaq. Qıraqdan hədələr eşidirdim. Cihad, hakimiyyət, qeyri-müsəlmanlar, cahil müsəlmanlar barədə mövqeyimə görə radikallar tərəfindən həmişə hədələnirdim. Amma belə gözləmirdim. Məscidə yox, özümə qarşı gözləyirdim. Onlar burada böyük bir cihad başlamaq istəyirdilər. Bununla nəinki mənə, həm də məsciddəkilərə zərbə vurmaqla başladılar. Bəzən bizi də onlarla bağlayırlar. Ancaq onlar tamam başqa təriqətin daşıyıcılarıdır, başqa camaatdır. Biz radikallığa qarşıyıq. Dində yeni cürbəcür yollar, siyasi hərəkatlar çıxıb. Biz əhli-sünnəyik, vəssalam.

- Təhsil aldığınız yerlərdən demirlər ki, gəlin burada yaşayın?

- Bir neçə ölkədən təklif almışam. Deyiblər əgər böyük təhlükə olsa, gəl. Ancaq ehtiyac görmürəm. Təbii ki, mühacirət məsələsi sonda ola bilər. Əgər desələr namazı gündə, ya həftədə bir dəfə qılsan bəsdir, təbii ki, o zaman burada yaşamağın mənası olmayacaq və buranı tərk edəcəyik. İnşallah, bu dərəcəyə çatmaz. Əks tərəf də tələsdiyindən bəzi yanlış qərarlar verir. Dinlə çox ehtiyatlı olmaq lazımdır. XXI əsr din əsridir. Bu gün Avropa müsəlmanlaşır, məscidlər tikilir, müsəlmançılığı qəbul prosesi gedir. Amma buradakı qadağalar tənzimləmə deyil, vəziyyəti daha ağırlaşdırmaqdır.

- Bəziləri hesab edir ki, siz gedib digər məscidlərdə namaz qılsanız, hansısa ayrı-seçkilik olmaz. Niyə getmirsiniz?

- Gedib qılırıq. Amma fərqləndirmək daim olacaq. Bizim təlimimizin bəzi xüsusiyyətlərini o biri təriqətlər bəyənmir. Ona görə təzyiqlər həmişə olacaq. Təzyiqlər buna görə deyil. Burada başqa söhbətlər var. Əgər vəhhabi olsaydıq, deyərdik vəhhabiyik. Nədən qorxuruq? Mən sözümü hər yerdə deyirəm, bir dənə sifətim var. Biz əhli-sünnəyik.  

- İstirahətinizi necə qurursunuz?

- Düzü, biz istirahəti ibadətdə görürük. Ləzzət alırıq. Çünki onda dünyadan uzaqlaşırıq, problemlərdən uzaqlaşıb sakitləşirik. İmkan olanda Qubaya, Şamaxıya da gedirik. Əlhəmdülillah, vətənimiz gözəldir.

- İdmanla məşğul olana oxşayırsınız...

- (Gülür) İdmanla bir az məşğul olmuşam. Güləşlə, boksla. Amma indi vaxt yoxdur.

- Dolanışığınız haradandır?

- Ticarətlə məşğulam (Gülür). Kənddə 150-yə yaxın qoyunum var, ona baxıram. Əslində qohumlar baxır. Bəzən deyirlər guya mənim 15-20 min qoyunum var. Hətta bir dəfə 150 min rəqəmini eşitmişəm. Belə əfsanələr gəzir. Bəzi insanlar öz işlərinə fikir vermirlər.

- İmamlığı təhvil verməyə psixoloji cəhətdən hazırsınızmı?

- İmam olub-olmamağın mənim üçün fərqi yoxdur. Mən müsəlmanam, bizdə vəzifə  önəmli deyil. Əksinə, mən məşhur olmaqdan qaçmışam. Əslində məni məşhur eləməyə çalışıblar. Mən istəmişəm görsənməyim, adım çəkilməsin. Allah yanında adım çəkilir, kifayətdir. Dinimi öyrənmişəm, öz xalqıma təbliğ eləyəcəyəm.

- Maşın sürməyi nə vaxtdan öyrənibsiniz?

- 1994-95-də. Bu, "Mitsubişi”dir. Ondan əvvəl "Daevoo” idi. Onu  vurdular, özümü Allah saxladı. Sonra eşitdim təxribat imiş.

- Nə əcəb mühafizə ilə gəzmirsiniz?

- İmkan yoxdur. Bir də ki, onsuz da hamımız öləcəyik. Sadəcə, çalışmaq lazımdır düzgün, birsifətli adam kimi öləsən. Əlhəmdülillah, bunlar məndə var. Ona görə arxayınam. Həm də dinə görə vuracaqlarsa, ən gözəl şəhadətdir, xoşbəxtlikdir. Əgər Qarabağda şəhid olmaq qismət olmasa, din üstündə öldürsələr, yenə gözəl olar. Ona görə mənim uduzmağa bir şeyim yoxdur. 

Söhbətimiz bitir və şəkil çəkmək məqamı çatır. Həmsöhbətimə öz sözünü xatırladıram: "Hacı, zərurət yarandığı üçün şəkil çəkdirməyimiz lazımdır. Əks təqdirdə söhbət natamam olacaq”. Bir az tərəddüd edib razılaşır. Sonra bir təklif də edir: "Eynəkdə də çəkin, istəyirəm məni çox adam tanımasın”. Eynəkdə də çəkirəm, sükan arxasında da. Mən redaksiyaya, o isə günorta namazına tələsir...


Elşad PAŞASOY

http://www.musavat.com/new/wapread.php?news_id=55977
Bölmə: Şübhələrə Rədiyyə | Baxılıb: 984 | Yüklədi: selefimedia