Baş səhifə » 2015 » Fevral » 27 » Qamət Süleymanov:" Sələfilər fəsadın əleyhinədir. "
08:46
Qamət Süleymanov:" Sələfilər fəsadın əleyhinədir. "

 

– Hacı, bu həftə cümə namazını harda qıldınız?

– Çox az adamla öz məscidimizdə qıldıq. Məhdudiyyət davam eləyir, əvvəlki kimi yığışmağa icazə vermirlər.   

 

– Təxminən neçə adam olursunuz?

– On-on beş nəfər. Məscidin ətrafında yaşayan qardaşlar gəlir.

 

– Deməli, Əbu Bəkr məscidi məhdud imkanlarla da olsa, fəaliyyətini davam etdirir.

– Əbu Bəkr məscidi heç vaxt bağlanmayıb. Sadəcə, fəaliyyətimizə müəyyən məhdudiyyət qoyulub. İcma üzvlərinin məscidə gəlib-getmək icazəsi var. Bizim də icmanın üzvləri on-on beş nəfərdir.

 

– Nəzarət varmı?

– Tapşırıblar ki, hələlik çox adam yığmayaq. Biz də qanuna tabe adamlarıq.

 

– Məscidlə bağlı istintaq nə yerdədir?

– O vaxt biz müraciət eləsək də, məhkəmə məhdud fəaliyyət qərarını dəyişmədi. Əvvəl deyirdilər, istintaq qurtarsın, istintaq da çoxdan yekunlaşıb. Ancaq hələ ki, məscid mövzusu heç kimi maraqlandırmır.

 

– Siz özünüz nə fikirdəsiniz, əvvəlki fəaliyyəti bərpa etməkdə bir problem görmürsünüz ki?

– Qətiyyən. Heç bir təhlükə, heç bir terakt bizi öz fikrimizdən döndərə bilməz. Məscidin bağlı qalmağı ancaq radikallara sərf eləyir. Biz onlara qarşı açıq mübarizə aparırıq. Ona görə də istəmirlər ki, Əbu Bəkr yenidən əvvəlki vəziyyətinə qayıtsın.

 

– Radikal dediyiniz adamlar uzun müddət Əbu Bəkr məscidində ibadət etmişdilər. Əsaslı fikir ayrılığınız nə vaxtdan yarandı?

– Hər şey Çeçenistandan başladı. Çeçenistanla bağlı cihad fikri yayılanda biz buna qarşı çıxdıq. Bəzi möminlər ora getməklə bağlı fikirlər səsləndirmişdilər. Biz buna qəti etiraz etdik, dedik ki, orda döyüşmək düzgün deyil. Çünki şəri cəhətdən cihada ehtiyac görmürdük. Bundan sonra bölücülük başladı.

Çeçenistandan sonra da müxtəlif müharibə ocaqları meydana çıxdı. Əfqanıstan, İraq, ən pik həddi də Suriya oldu. Müşahidələr göstərir ki, yeni müharibə ocaqları yaranan kimi, hansısa dəstə meydana çıxır, başlayır cihad təbliğatı aparmağa. Bizim də mövqeyimiz aydındır. O fikirləri dəstəkləmirik. Ona görə də aramızda problem yarandı. Bu, normal haldır, ərəb ölkələrində də bu proses gedir, radikal qruplaşmalar meydana çıxır. Halbuki onların çoxunda sələfi məscidi yoxdur. Ona görə də radikalları bizimlə bağlamaq düzgün deyil.

 

– Hər halda, türk məscidlərindən, Təzəpirdən cihad fikri cücərmədi, ordan cihada yollananlar olmadı...

– Axı o məscidlərə çox gedən də yox idi. Ora adamlar nə vaxtdan getməyə başladı? Əbu Bəkr bağlanandan sonra. Heç gündəlik namazlarda bir səf adam yığılmırdı. Bir az cümə namazında adam gəlirdi, o da bizimlə müqayisə olunmayacaq qədər az. Əbu Bəkr bağlanandan sonra adamlar yavaş-yavaş Qaraçuxur, İlahiyyat məscidlərinə getməyə başladı. Yoxsa oralar bomboş idi. Bizim məscidə çox adam gəlirdi, o çox adamın içində də müəyyən qüvvələr məndən narazı qalırdı ki, niyə Qamət haranınsa, kimlərinsə fikrini dəstəkləmir. Narazılıqlar da buna görə başladı. Aydındı?

 

– Aydındı. Əbu Bəkr məscidi neçənci ildən fəaliyyət göstərir?

– 1998-ci ildən. 98-ci ildə məscidin icması məni imam seçdi və 2008-ci ilin avqustundakı terror hadisəsinə kimi geniş fəaliyyət göstərdik.

 

– Bəzən deyirlər ki, Qamət əvvəllər çox sərt xütbələr verirdi, tənqidçi mövqedə dururdu. Təzyiqlərdən sonra mövqeyini yumşaltdı. Məsciddən qopmalar da buna görə baş verdi...

– Bunlar hamısı yalandır, bunlar hamısı şayiədir, bunlar hamısı zənndir! Mənə indiyədək xütbəyə görə təzyiq olmayıb. Nə Dini İdarədən, nə də hər hansı başqa bir qurumdan. Hələ heç kim çağırıb deməyib ki, bu barədə danış, yaxud niyə bu barədə danışmısan? Bəzi adamlarda belə bir təsəvvür var: mən çıxış eləyəndə ki, dövlətə qarşı çıxmaq olmaz, sələfi əqidəsində belə şey yoxdur, dərhal hansısa qurumun nəzarəti altında olduğumu düşünürlər. Halbuki müsəlmanların hakimiyyətinə qarşı çıxmamaq bizim əqidənin əsasını təşkil edir.

 

– Söhbət şəri qaydalarla idarə olunan hakimiyyətdən gedir, yoxsa?..

– Fərqi yoxdur. Şəri, yaxud qeyri-şəri, əsas odur ki, hakim müsəlmandır və ona qarşı çıxmaz olmaz. Çünki hakimə qarşı çıxmağın böyük fəsadları var. Sələfilər fəsadın əleyhinədir.

Radikallar deyir ki, biz şəriətlə hökm veririk. Axı şəri hökm vermək üçün şəriəti bilmək lazımdır. Elə götürək, İŞİD-çiləri. Bəyəm, hökumət baş kəsməkdən, adam yandırmaqdan ibarətdir? Burda iqtisadiyyat var, idarəçilik var. Əsas məsələ odur ki, hakim müsəlman olsun. Müsəlmandırsa, ona qarşı çıxmaq haramdır!

 

– Bizim məscid imamlarının arxasında namaz qılıb-qılmamaq tez-tez müzakirə olunur. Sizə müraciət olunanda necə fətva verirsiniz?

–  Biz bu fikirlərin əleyhinəyik. Arxasında namaz qıldığın imam qüslsuz olsa belə, sənin ibadətin keçərlidir. İmamın əqidəsində problem olsa da, camaatı bölmək olmaz. Biz həmişə insanlara tövsiyə edirik ki, məscidlərə tez-tez getsinlər, imamların arxasında namaz qılsınlar. Siz deyən fikirləri radikal qruplar yayırlar. Onlar deyirlər, məsciddə rəsm var, heykəl var, yaxud imamın əqidəsi qüsurludur. Bunların heç biri olmayanda da deyirlər, bilmirik oranı nə niyyətlə tikiblər. Bu yolla insanları məscidlərdən uzaqlaşdırırlar, öz təsirlərinə salıb, radikal cihadçıya çevirirlər.

 

– Sizi tez-tez tənqid edən bir gənc var idi – Hacıbala. Sumqayıt camaatından idi, səhv etmirəmsə. Sonra həbs elədilər. Deyilənə görə, əvvəllər Əbu Bəkr məscidinə gəlirmiş, sizinlə münasibətləri olub...

– O sönüb. Artıq elə bir adam yoxdur. Ola bilər ki, nə vaxtsa məscidə gəlib-gedib, ancaq mənim onunla heç bir münasibətim olmayıb. 

 

– Deməli, onu şəxsən tanımırdınız?

– Yox, sonradan eşitdim ki, belə bir adam var, bizi tənqid eləyir. Sonra da həbs olundu, bitdi getdi. Vəssalam!

 

– Radikallardan danışırsınız, onları tənqid edirsiniz. Ümumiyyətlə, bu radikallığın kökü hardan gəlir, mahiyyəti nədir?

– Bunların kökü Misirdən gəlir. XX əsrin ortalarında başlayan İxvanul-muslimin (Müsəlman qardaşlar) hərəkatından. Bu hərəkatın yaradıcısı Həsən əl-Bənna olub. Sonra Seyyid Qutub gəldi və daha sərt fikirlər yaymağa başladı. O fikirlər hamısı ordan qaynayıb. Sonradan yaranan radikal təmayüllər bu hərəkatın budaqlarıdır. Bu budaqlardan təkfirçilər var, hicrət camaatı var, qütbilər var, Hizbut-Təhrir var, Həmas var.

 

– Bəs xəvariclər?

– Sadaladığım cərəyanlar hamısı bir yerdə xəvariclərdir. Kim müsəlman hakimə qarşı çıxırsa, o, xəvaricdir. Xəvaric sözü “xaric olan”, “çıxan” mənasını verir.

 

– İŞİD barədə də eyni sözləri demək olarmı?

– Bəli, İŞİD xəvaric ideologiyasının məntiqi nəticəsidir, onlar əsl xəvariclərdir. Məsələn, Omanda hakimiyyəti ələ keçirən ibadilər var. Onlar da xəvaricdir. Aydındı?

 

– Aydındı. Bu gün dünyanın müxtəlif yerlərində cihad edənlər tez-tez İbn Teymiyyədən dəlil gətirirlər. İbn Teymiyyənin görüşlərində radikallıq var idimi?

– Bu da səhv fikirdir. İbn Teymiyyə xəvaricliyə qarşı olub. O, çox böyük alimdir. Kim İbn Teymiyyəni radikal hesab edirsə, deməli, onun əsərlərindən bixəbərdir. Ümumiyyətlə, tarixə nəzər salsaq, xəvariclərin heç bir alimi olmayıb. Çünki o fikri heç bir alim dəstəkləməyib.

 

– Hacı, başqa məscidlərə gedirsinizmi?

– Əsas öz məscidimizdə otururam. Nadir hallarda başqa məscidə gedərəm. O da yoldan keçəndə namaz vaxtına düşsə, girib orda qılaram.

 

– Qafqaz Müsəlmanları İdarəsinə necə?

– Hərdən – hansısa səbəb olanda Hacı Salmanın yanına gedirəm.

 

– Münasibətləriniz necədir?

– Hacı Salmanla normal münasibətimiz var.

 

– Bəs şeyxlə?

– Onunla da yaxşı münasibətdəyik, tədbirlərdə görüşürük.

 

– Əqidəvi məsələlərdə mübahisəniz olurmu?

– Biz çalışırıq ki, Dini İdarələrin işçiləriylə, başqa məscidlərin imamlarıyla görüşəndə o məsələlərə toxunmayaq. Axı biz bir-birimizin fikrini bilirik. Ona görə də mümkün qədər bu mövzulardan qaçırıq.

 

– Siz həmişə pirlərlə, ocaqlarla bağlı...

– Obyektlərlə bağlı. Mən o yerlərə “obyekt” deyirəm. (gülüşmə)

 

– Yaxşı, “obyekt”lərlə bağlı sərt fikirlər işlədirsiniz, onları tənqid edirsiniz...

– Mən ora gedənləri tənqid edirəm. Çünki bu məsələlər dində çox prinsipial məqamlardır. Ora getmək, orda qurban kəsmək, elə yerləri kəbə səviyyəsinə qaldırmaq insanı şirkə (Allaha şərik qoşmaq) apara bilər.

 

– Zəhmət olmasa, fikirlərinizi dəlillərlə davam etdirin. Dediklərinizin əsası varmı?

– Ən böyük əsası deyim: peyğəmbərimiz özü deyib ki, mənim qəbrimi ziyarətgaha çevirməyin. Görün o, nə deyir: “Allah əhli-kitaba lənət eləsin (xristianlar və yəhudilər nəzərdə tutulur) onlar peyğəmərlərin qəbrini ziyarətgaha çeviriblər”. Əgər peyğəmbər bunu istəməyibsə, belə şey eləmək olarmı? Ümumiyyətlə, islamda qəbrə bağlılıq bəyənilmir.

 

– Və belə şeylərin çox böyük cəzası olduğu deyilir...

– Əlbəttə, dində ən təhlükəli məsələ Allaha şərik qoşmaqdır. Peyğəmbərin zamanında bir ağac var idi – beyətül-rıdvan. Müsəlmanlar Məkkəyə ümrəyə gedəndə o ağacın altında beyət eləmişdilər. Həzrəti Ömərin xəlifəlik illərində gəlib dedilər ki, artıq insanlar o ağacın ətrafına yığışır, ağac müqəddəsləşir. Ömər həmin ağacı kəsdirdi. İraqda Danyal peyğəmbərin qəbri tapılmışdı, ora ziyarətə gedirdilər. Dedi ki, gedin həmin qəbrin yanında on dənə qəbir qazın, izini itirin ki, insanlar şirkə getməsin.

Ümumiyyətlə, qəbiristanlıqda ibadət olmaz. Orda ancaq cənazə namazı qılmağa icazə var. Yəni qəbir olan yer namaz qılmaq üçün deyil. Allah rəsulu deyir ki, evlərinizdə namaz qılmayıb, “Quran” oxumayıb, oranı qəbiristanlığa çevirməyin. Deməli, qəbiristanlıq ibadət yeri deyil.

 

– Siz Azərbaycanın ilk sələfilərindənsiniz. Mənim üçün maraqlıdır, dinlə nə vaxtdan maraqlanmağa başlamısınız?

– 1986-cı ildən. Atam dünyasını dəyişmişdi, molla gəldi, “Quran” oxudu. Onda dinə marağım yarandı. Təzəpir məscidinə getdim, ordakı ab-hava mənə çox təsir elədi. Qəlbimdə namaz qılmaq istəyi yarandı və başladım ibadətə. Əsgərlikdə artıq namaz qılıb, oruc tuturdum. Sonra Allah qismət elədi, Mədinə İslam Universitetinə getdim, Hədis fakültəsini bitirdim. Və başladıq bu yola...

 

– Birlikdə ibadət etdiyiniz Əlixan Musayevlə aranızda çox böyük ixtilaflar olmuşdu. İndi necədir münasibətləriniz?

– Biz tamamilə ayrıyıq. O, başqa fikirdədir, biz başqa fikirdə.

 

– Nədən ibarətdir o başqa fikir?

– Bilirsiniz, o, radikallarla bağlı məsələdə mülayimlik göstərir, onlara qarşı mövqeyini bildirmir. Onlarda da belə bir fikir yaranır ki, əgər Qamətin yanında olan adam elə düşünürsə, deməli, Qamət də bizimlədir, sadəcə, məscid imamı olduğuna görə hər şeyi deyə bilmir. Bu da insanları çaşdırır. Adını çəkdiyiniz adamla da yollarımız ona görə ayrıldı. Elm əhlinin fikri aydın olmalıdır. O, fikrini aydın büruzə verməlidir. O isə mövqesiz adamdır. Eləsini yanımızda saxlaya bilməzdik. Ona görə də dedik ki, bizə yaxın gəlməsin.

 

– Bizim üçün çox maraqlıdır, şəxsi həyatınızı necə qurursunuz?

– Normal. Hamı necə, mən də elə. Qeyri-adi bir şey yoxdur.

 

– Sizin iki həyat yoldaşınızın olduğu deyilir...

– Mən öz ailəmdən çox danışmıram. Bu, mənim şəxsi işimdir. Mənim ailəm var, övladlarım var, vəssalam! Aydındı?

 

– Aydındı. Ümumiyyətlə, bu məsələ ilə bağlı dindarlar sizə müraciət edəndə onlara nə məsləhət görürsünüz?

– Şəriətdə buna icazə var, ancaq şərtləri ağırdır. Çünki kişi gərək qadınlar arasında bərabər, ədalətli münasibət saxlaya bilsin. Məndən məsləhət alanda çox vaxt razı olmuram. Bəzən görürsən ki, iki arvad alan kişilər üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmir. Bu məsələyə qeyri-ciddi yanaşanda fəsadları olur. Bu səbəbdən hər adama məsləhət görmürük.

 

– Hacı, indi verəcəyimiz bir neçə sual bir az rabitəsiz olacaq. Çünki sizinlə müsahibəyə gəldiyimizi eşidən adamlar onları maraqlandıran sualları çatdırmağımızı xahiş etdilər. Biz onların bir neçəsini sizdən soruşmaq istəyirik.

– Buyurun.

 

– Sufiləri müsəlman görürsünüz?

– Əlbəttə. Sələfilər yeganə firqədir ki, heç kimi kafir görmür. Amma bütün firqələr sələfiləri kafir görür. Hətta sufilər də. Biz isə onları kafir yox, bidətçi günahkarlar hesab edirik. Peyğəmbər deyirdi ki, hər bidət zəlalətdir, hər zəlalət də atəşdir.

 

– Musiqi haramdır?

– Bəli, haramdır.

 

– Musiqi ilə məşğul olan dindarlara nə deyirsiniz?

– Mən onlara deyirəm ki, dində musiqi haramdır. Nəticə çıxarmaq öz işləridir.

 

– İnsan atəşlə cəza verə bilər?

– Yox. Həzrəti Əli xəlifə olanda ona “Allah” deyənləri yandırırdı. İbn Abbas peyğəmbərin  “Allahın əzabı ilə əzab verməyin” hədisini ona xəbər verəndən sonra tövbə elədi. Şəriətdə hətta heyvanı da yandırmağa icazə yoxdur. Yalnız xəstəlik yayılmasın deyə taun xəstəsinin meyitini yandırmaq olar.

 

– Son illər geniş kütləyə çıxış imkanlarınız xeyli azalıb. “Kult.az” vasitəsilə demək istədiyiniz nəsə varsa, buyura bilərsiniz...

– İnsan həyatda öz qayəsini anlamalıdır. Birinci bilməlidir ki, Allah onu niyə yaradıb? “Quran”da deyilir: “Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım”. Dini yaşamaq lazımdır. Bu da yalnız Allaha ibadət eləmək və ona şərik qoşmamaqla mümkündür.

Bəziləri ibadətə fikir verir, lakin şirkə fikir vermir. Bu məsələlərdə çox diqqətli olmalıyıq. Görürsən ki, namaz əhlidir, ancaq bir şey olmamış başlayır and içməyə: “papa canı”, “mama canı”, nə bilim, “qənd haqqı”. Bu işlər Allah qatında günah hesab olunur.

“İbadət” sözü çox geniş mənada işlənir. Söhbət tək namazdan getmir. Müsəlmanın oruc tutmaq, zəkat vermək, həccə getmək kimi borcları var. Dinimiz insanı çox yükləmir. Namaz gündə beş dəfədir, xəstə olanlara oturaq, uzanıqlı qılmağa da icazə var. Səfərdə olanların güzəşti var. Bunlar Allahın bizə lütfüdür və namaz ən böyük şükürdür. İnsanlar isə bu məsələdə naşükürlük edir. Namaz qurtuluşdur, tərbiyədir, qidadır. Namaz qılmamaq böyük problemdir. Cəhənnəm sakinlərindən soruşacaqlar: “Siz bura niyə düşdünüz?” Onlar cavab verəcəklər ki, biz namaz qılanlardan olmadıq. Tövsiyəm bundan ibarətdi. Aydındı?

– Aydındı.

 

Söhbətləşdilər:

Mövlud Mövlud, Sevinc Fədai

Fotolar: Elnur Muxtar

P.S. “Kult.az” müsahibəyə yaradılan şəraitə görə “Xəmsə” çay evinə təşəkkür edir.

- See more at: http://kult.az/yeni/view/6651#sthash.IPr9n2TX.dpuf
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 601 | Yüklədi: Azerislamoglu