Baş səhifə » 2015 » Mart » 21 » Qamət Süleymanov:"“Məbədlər ibadət yeri kimi istifadə olunursa, dağıdıla bilər” -müsahibə-
08:25
Qamət Süleymanov:"“Məbədlər ibadət yeri kimi istifadə olunursa, dağıdıla bilər” -müsahibə-

Qamət Süleymanov:

“Məbədlər ibadət yeri kimi istifadə olunursa, dağıdıla bilər”


-müsahibə-

 

 

 

Qamət Süleymanov:

“Heç vaxt mitinqdə iştirak etməmişəm...”

 

“Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov “Yeni Müsavat”a müsahibə verib. Sələfilərin lideri sayılan Q.Süleymanov radikalların həbsi, maarifçilik işi, İslamda məbədlərə münasibət, müxalifətin bahalaşma əleyhinə mitinqi və digər mövzulardan danışıb:

 
 
- Hacı, radikallara qarşı əməliyyatlar ekstremizmin qarşısını ala biləcəkmi?
 
- Nəticənin necə olacağından asılı olmayaraq, radikalizmlə mübarizə davamlı olaraq aparılmalıdır. İlk növbədə mübarizə radikal fikrə qarşı olmalıdır. Biz hər zaman o mövqedəyik ki, fikirlə mübarizə aparılmasa, radikallığın kökünü kəsmək mümkün olmayacaq. Bu gün dünyanın hər yerində radikal təfəkkürlü adamlar var. Ona görə də həbslərlə yanaşı, maarifçilik işləri həyata keçirilməlidir. Məscidlərdə sağlam imamlar xütbələr deməli, düzgün istiqamət verməlidir. 
 
Ancaq biz bunları hər çıxışda danışırıq. Yenə də radikallar var. Çünki maarifçilik səviyyəsi sıfırdır. Bunun günahı kimdədir, bilənlər bilir. Üstəlik, məscidlərin say azdı. Bu məsələ hamını narahat etməlidir. İbadətə gələnlər də sıxlığa görə gəlmir. Bu da radikallara sərf edir. Çünki təbliğat aparılır. 
 
Onlar öz ətrafına məscidə getməyi qadağan edirlər. Bu gün bizim məscidin açılmasını istəməyən radikallardır. Çünki “Əbu-Bəkr” məscidi radikallığa qarşı fikri mübarizə aparırdı. Əgər məscid fəaliyyətini davam etdirə bilsəydi, fərqli vəziyyətlə qarşılaşardıq. 
 
- Məscidlərə getməyi qadağan ediblərsə, bu radikal fikirlər adamlara harada təbliğ olunur?
 
- Hər yerdə mümkündür. Hətta bütün yerlər onların üzünə bağlansa belə, geniş bir zona var - internet. Sosial şəbəkələrdə ciddi təbliğat gedir. Onların internetə yerləşdirilmiş dərsləri var.
 
 Dünyanın hər yerində radikallıq olduğu üçün Azərbaycanın içindən təbliğat aparılmasa da, kənardan, internetdən daxil olur.  Somalidə, Nigeriyada, Liviyada, hər yer radikalizmlə əhatələnib. Tək Azərbaycana aid deyil. Bəzən fikirlər səslənir ki, bu məsələdə maliyyə rol oynayır. Pul amili ciddi səbəb deyil. Ola bilsin ki, kiminsə Suriyaya getməsinə yolpulu verilir. Amma radikal cərəyanların içində imkanlı adamlar var ki, onların maddi sıxıntısı yoxdur. Məsələn, bin Laden özü kasıb adam deyildi. Onun maliyyə ehtiyacı yox idi. O zaman niyə bu yolu seçdi? Bax, bu yerdə fikir amili rol oynayır. Beyin radikal ideyalarla zənginləşir. Sadəcə, dünyada gedən proseslər təsir edir.
 
- Amma deyəsən, Azərbaycanda radikallar yalnız sünni məzhəbindən çıxır? 
 
- Ekstremist fikirlər hər məzhəbdə var. Sadəcə, dindarlar arasında bir-birinin əqidəsindən istifadə halları ola bilər. Qarşı məzhəbdə olan dindar digəri barəsində qorxulu fikir oyadır. Təlqin edir ki, ondan çəkinin, uzaq gəzin. Azərbaycanda ola bilsin ki, kimlərsə belə təbliğatdan istifadə edirlər. Yəqin kimlərsə sələfilərə qarşı düzgün istiqamətləndirmir. Bu, problem olaraq qalır. Ancaq ümumilikdə radikallıq bütün məzhəblərdə var. Ona görə də lap əvvələ qayıdıram, ümumilikdə radikalizmə qarşı əməliyyatlar davam etməlidir. Eyni zamanda İslam insanlara doğru çatdırılmalıdır. Heç bir radikal qoşulduğu silahlı birləşmələrdə ona vəd olunan istəyinə çatmayıb. İslam dövləti qurmaq arzusu da onların xəyalıdır. Suriyada 2011-ci ildən Əsədlə mübarizə gedir və şəriət dövləti qurulmayıb, insanlar günahsız yerə ölür. Digər ölkələrdə də şəriət dövləti qura bilmədilər. 
 
- Amma etiraf etmək lazımdır ki, bu gün radikallığı islamçı ideologiyasında olanlar edir...
 
- Hər dəfə bir dalğa gəlib gedir. Bu dövrlərdən, zəmanələrdən asılıdır. Şərait nəyi diktə edirsə, ona uyğun siyasət aparılır. Zamanında kommunizmlə bağlı radikallıq olub. Bir başqa dalğada millətçiliklə həyata keçirilib. Bugünkü dövrümüzdə din adı altında bu siyasət yürüdülür. Çünki din indi daha çox gündəmdədir. O baxımdan radikallıq tək həbslə azalmır.
 
 Maarifləndirmə işi isə sıfır səviyyədədir. Mən inanmıram ki, onlar Azərbaycanda bir iş görə bilsinlər. Sadəcə, radikalizmə meyllənmənin səbəbləri var. Burada savadsızlıq rol oynayır. 
 
- Bir məsələni soruşum, İslam tarixi məbədlərin dağıdılmasına necə baxır? 
 
- İslam tarixi abidələrə mənfi yanaşmır. Əgər həmin məbədlər ibadət yeri kimi istifadə olunursa, onda dağıdıla bilər. Amma həmin yerdə ibadət yoxdursa, azad saxlana bilər. Misirdə həmin ehramların dağıdılmasına ehtiyac yoxdur. Mən bildiyim qədər orada ibadət olunmur.  
 
- Sələfilər Novruz bayramı keçirirmi? 
 
- Yox, biz bu bayramı qeyd etmirik. 
 
- Ölkədəki bahalaşma necə, sizə təsir edibmi? 
 
- Müəyyən qədər qiymət artımı var. Amma tənzimlənir, qiymətlər normaldır. Sadəcə, bu, dünyada gedən prosesdir. Biz də dünyanın ayrılmaz parçasıyıq və istər-istəməz Azərbaycana da təsir edir. 
 
- Ona görə soruşdum ki, müxalifət bahalaşma əleyhinə mitinq keçirib, sizcə, davam etməlidirmi? 
 
- Sələfilər mitinqin əleyhinədir. Mən heç vaxt mitinqdə iştirak etməmişəm. 
 
 
Emil SALAMOĞLU
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1059 | Yüklədi: Azerislamoglu