Baş səhifə » 2019 » İyun » 11 » Qamət Süleymanov : “İran vurulmayacaq, baş verənlər sadəcə teatrdır…”  – MÜSAHİBƏ -
10:41
Qamət Süleymanov : “İran vurulmayacaq, baş verənlər sadəcə teatrdır…”  – MÜSAHİBƏ -


 Qamət Süleymanov :

“İran vurulmayacaq, baş verənlər sadəcə teatrdır…” 

– MÜSAHİBƏ -


qamet

“AzPolitika.info” Əbubəkir məscidinin axundu, sələfi liderlərdən biri Hacı Qamət Süleymanovla müsahibəni təqdim edir:

- Hacı, İran ətrafında gərgin hərbi-siyasi durum müşahidə olunur. İran böhranına Sizin yanaşmanız maraqlıdır…

– Bu mövzu bir qədər siyasi məsələdir. Mən də siyasi məsələlər haqda danışmaq istəmirəm. Ancaq inanmıram ki, İrana qarşı hərbi gücdən istifadə edilsin. Bilirsinizmi, müsəlman aləmində ikitirəliyi istəyən güclər var və onlar istəyirlər ki, müsəlmanlar arasında hər zaman belə bir vəziyyət hökm sürsün. Ona görə həmin qüvvələr bu məqamda İranı saxlamalıdırlar. Bu mənada inanmıram ki, İran vurulsun. Sadəcə olaraq bu Donald Trampın oyunudur. Tramp adətən oyununu bu formada qurur. Şimali Koreya ilə də bu şəkildə oynadı. Silahlarını Koreya yarımadasına topladı, daha sonra danışıqlar oldu, razılaşma əldə edildi və silahlar da geriyə qayıtdı. İranla da buna bənzər oyun oynanılır. İranın vurulması inandırıcı deyil.

- İran vurulsa necə olacaq?

– Vurulmayacaq. Vurulsa, Allah bilir nələr olacaq.

- Səudiyyə Ərəbistanı başda olmaqla Birləşmiş Ərəb Əmirliyi, Misir, Küveyt və digər ərəb dövlətlərinin bu qarşıdurmada Amerikanın tərəfində durmasını necə izah edərsiniz?

– Bu, başadüşüləndir. İran onlara sərf etmir. Siyasi baxımdan müəyyən maraqlar var. Amerikaya da belə maraqlar sərf edir. İran vurulmayacaq, indi olanlar sadəcə teatrdır.

- Sizcə, nə üçün adını çəkdiyim ölkələr həm də İsraillə bir yerdədir?

– Siyasi maraqlar var. Məhz bu maraqlara görə qonşu İran Ermənistanla çox gözəl münasibətdədir. Siyasi cəhətdən ola bilsin ki, hansısa ərəb ölkəsi İsraillə eyni mövqeni paylaşır. Ancaq unutmayaq ki, Yaxın Şərqdə bu qədər ərəb dövləti olsa da, İsrailin yalnız Misirdə səfirliyi var. Başqa ərəb ölkələrində isə səfirlikləri yoxdur. Yəni diplomatik əlaqələr mövcud deyil. Məsələn, sizi pasportunuzdakı İsrail vizasına görə Səudiyyəyə buraxmazlar. Eləcədə Birləşmiş Ərəb Əmirliklərinə. Bu fakt göstərir ki, Səudiyyə Ərəbistanının İsraillə dediyiniz qədər də yaxşı əlaqələri yoxdur.

- Fakt odur ki, ABŞ-a yaxın olan əksər ərəb ölkələri Fələstin məsələsində sükuta qərq olublar…

– Fələstin məsələsi fərqlidir. Yəhudi lobbisi olduqca güclüdür və ərəb lobbisi ona bata bilmir. Həmçinin, müsəlmanlar indiki zəif vəziyyətləri səbəbindən heç nə edə bilmirlər. Siyasi cəhətdən ola bilər ki, dövlətlərin maraqları üst-üstə düşsün. Yəni siyasi baxımdan maraqlar ola bilər, amma dini və irqi baxımdan ərəb ölkələrinin Fələstin məsələsində İsraillə birgə olmalarına inanmıram.

- Son dövrlər Səudiyyə Ərəbistanında olan hadisələri necə qiymətləndirirsiniz?

– Çox normal qiymətləndirirəm. Müəyyən açılımlar oldu. Səudiyyə Ərəbistanı ayrıca dövlətdir və mənə dəxili yoxdur. Ola bilsin müəyyən səhvləri və ya düz addımları olsun. Elə digər dövlətlər kimi. Mən belə məsələlərə çox qarışmaq istəmirəm.

- Ancaq siz Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalistin vəhşicəsinə öldürülməsinin üzərindən sükutla keçdiniz…

– Bu hadisə Səudiyyənin özündə tənqid edildi. Əmirin oğlu Məhəmməd bin Salmanın özü bu olayı pislədi.

- Bəs, siz niyə pisləmirsiniz?…

– Sözsüz ki, belə hadisələr düzgün deyil. Nəinki jurnalist, eləcədə istənilən insanın öldürülməsinin əleyhinəyik. Dinimiz bunun əleyhinədir.

- Son məlumata görə bugünlərdə Səudiyyədə bir qrup insan edam olunacaq. Onların arasında məşhur islam alimi Salman Əl-Avdə də var. Alimlərin edamlarına necə baxırsınız?

– Şəriət və dövlət qanunu qarşısında hər kəs bərabərdir. Sənin alim və ya başqa biri olmağının fərqi yoxdur. Əgər edam olunursa deməli problemli adamlardır. Bu səbəbdən də edam olunur. Dövlət səviyyəsində normal adamı öldürmürlər.

- Azərbaycandakı dini durumu necə qiymətləndirirsiniz?

– Azərbaycanda dini durum normaldır. Xüsusilə, MDB ölkələri ilə müqayisədə Azərbaycanda bu sahə çox gözəldir, rahatçılıqdır. Amma məscidlərin azlığı və Əbubəkir məscidinin hələ də bağlı qalması bir qədər narahat edir. Ancaq ümumi durum normaldır.

- Əbubəkir məscidi 2008-ci ildən qapalıdır?

– Bəli, 2008-ci ilin avqustun 17-dən qapalıdır. İndiyə qədər bu problem həllini tapmayıb.

- Səbəb nədir?

– Mən özüm də bilmirəm. Artıq istintaqın gedib-getmədiyini də bilmirəm.

- Bir zamanlar Əbubəkirdə cümə namazı zamanı adam əlindən tərpənmək olmurdu. İndi sizin bu tərəfdarlarınız hara toplaşırlar?

– Onlar başqa məscidlərdə namaz qılırlar. Bu səbəbdən də məscidlərdə sıxlıq var. Ələlxüsus cümə namazlarında sünni camaatı üçün bu sıxlıq hiss olunur.

- Yenə də Əbubəkir məscidində oturursunuz?

– Yox, mən artıq oradan çıxmışam. Daha doğrusu bizə dedilər ki, dövlət təmir etdikdən sonra məscidi açacaq. Bu səbəbdən də mən 2-3 aydır ki, Əbubəkir məscidindən çıxmışam. Məscid tam boşdur və qapıları da qıfıllanıb.

- Bəs indi harada oturursunuz?

– Daimi oturduğum bir məscid yoxdur. Sıravi dindarlar kimin harada gəldi namazımı qalıram. Mən elə necə vardımsa eləyəm. Bu cür də davam edəcəyəm.

- Azərbaycanda müəyyən qrup dindar Suriyaya gedərək İŞİD tərəfindən vuruşub. Sizin tərəfdarlarınızdan gedən olubmu?

– Mən, ümumiyyətlə harasa gedib döyüşməyə pis baxıram. Mənim ətrafımda belə adamlar olmayıb. Təbii ki, bizə müxalif adamlar var. Biz belə halları pisləyirik. Nə qədər cavan adam yanıma gəlib və mən onları fikirlərindən daşındırmışam. Münaqişə olan yerdə döyüşmək düzün deyil. Nə dini, nə də dövlət qanunları baxımından.

- Hacı, niyə ərəb ölkələrindən qaçqınlar Məkkəyə deyil, Berlinə və ya Parisə gedirlər?…

– Birincisi, qaçqınların hamısı Məkkə və ya Mədinəyə getsə, düşünün, görün ora nə olar. İkincisi, məndə olan informasiyaya görə, Suriya əhalisinin 2-3 milyonunu Səudiyyə yedirir, müalicəsini edir və oxutdurur. Yəni Suriyadan gələn qaçqınlara normal şərait yaradılıb. Məndə olan informasiya budur. Bəziləri Avropaya ona görə üstünlük verirlər ki, orada özlərini daha rahat görürlər. Həm də Avropanı günahkar görürlər. Yəni siz müharibəni salmısınız, insanları pis vəziyyətdə buraxmısınız və müharibənin qarşısını almırsınızsa, biz gəlirik sizin ölkəyə. Bu qədər sadə.

- Ancaq 2-3 milyon suriyalı qaçqının qarnını Səudiyyə deyil, Türkiyə doydurur…

– Türkiyədə də, Səudiyyə Ərəbistanında da suriyalı qaçqınlar var. Sadəcə olaraq Səudiyyə bu məsələni qabartmır.

- Səudiyyə daxil xarici ölkələrə səfərlər edirsiniz?

– Çoxdandır səfər etmirəm. İmkan olanda Məkkəyə getməyə üstünlük verirəm.

- Niyə Həcc ziyarətinə getmək üçün böyük məsrəf tələb olunur?

– Sözsüz ki, bu pullu səfərdir. Həcc mərasimi, xidmətlər pul istəyir. Ümumən bu pullu səfərdir və kiminsə imkanı varsa getməlidir.

- Ancaq bir neçə il əvvəl qiymətlər belə baha deyildi…

– Bunun səbəbini mən deyə bilmərəm, siz sualı bu işlərlə məşğul olanlara verməlisiniz. Ancaq orada da xidmətlər dəyişib, bahalaşma var. Amma yenə də, bu sualı o işi görənlərə verin.

Vaqif Nəsibov
AzPolitika.info

Baxılıb: 402 | Yüklədi: Azerislamoglu