Baş səhifə » 2014 » Noyabr » 15 » Qamət Süleymanov “Hesab edirəm ki, o azad olunacaq”
08:16
Qamət Süleymanov “Hesab edirəm ki, o azad olunacaq”

Sumqayıt sələfilərinin lideri Zöhrab Şıxəliyev həbsinə onun ən yaxın silahdaşı hesab olunan "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov münasibət bildirib. 

 

“Qafqazinfo” xəbər verir ki, o, aznews.az-a açıqlamasında iddia edib ki, Zöhrab Şıxəliyev radikalların düşməni olub:

“Zöhrab Şıxəliyev Sumqayıtda radikalların bir nömrəli düşməni idi. O, radikallara qarşı çox sərt mövqe tutmuşdu. O, heç vaxt hökumətə qarşı olmayıb”. 

Q. Süleymanov Sumqayıtda radikallığın artdığını bildirib və bunun səbəbinin ibadət yerinin olmamasıyla əlaqələndirib: 

“10 -15 il bundan öncə orada süni məscidi var idi. Onu da bağladılar. Bunun nəticəsində Sumqayıtda radikallıq artdı. Son bir ildə mərkəzi məsciddə namaz qılmaq üçün cəhd etdilər. Lakin orda peoblem yarandığından əhalini həmin məscidə qoymadılar. Bunun nəticəsində Zöhrab evində namaz qılınması üçün şərait yaratdı. Nəsə yeraltı zirzəmi, keçid olmayıb. Sadəcə evində bir yer ayırmışdı ki, camaat orda namaz qıla bilsin”. 

Zöhrab Şıxəliyevi yaxından tanıdığını deyən Hacı Qamət Süleymanov onun mətbuatda təqdim olunduğu kimi bir adam olmadığını söyləyib: 

“Normal, hamı kimi biridir. Mətbuatda təqdim edildiyi kimi olsaydı, biz heç onunla yaxınlıq etməzdik. O, radikal deyildi, elə fikirlərdən uzaq idi. Əksinə, Sumqayıtda radikalların bir nömrəli düşməni idi. O, öz əməlləri ilə göstərmişdi. Kim razı olar ki, 30-50 nəfər evində daimi namaz qılsın. O, dövlətin xeyrinə iş görmüşdü. İndi durub onu vəsf etmək ki, başqa şey olub. Hamımızı təəccübləndirir. Hesab edirəm ki, təhqiqat aparılır və o, azad olunacaq”. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin dünən yaydığı açıqlamada Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanıldığı və axtarış nəticəsində evindən silah-sursat çıxdığı bildirilib.

----

Qamət Süleymanov:


“Zöhrab Şıxəliyev dini baxışlarında radikal deyildi”
 

“Təkcə mən yox, radikal olmayan sələfilər də Zöhrab Şıxəliyevi yaxşı tanıyırdılar”, - fəaliyyəti dayandırılmış “Əbu-Bəkr məscidi”nin imamı Qamət Süleymanov  Turan-a bildirib.

O, Z.Şıxəliyevin dində radikallığa qarşı olduğunu, buna görə də həbsinin qeyri-radikal sələfilər daxilində təəccübə səbəb olduğunu söyləyib. Q.Süleymanov Z.Çıxəliyevin silah saxlaması haqda məlumatların inandırıcı olmadığını nəzərə çatdırıb.

Onun sözlərinə görə, Z.Şıxəliyev yaşadığı Corat kəndində məscid yox, özünə ev tikib. Tikilməkdə olan evin zirzəmisini sələfilərə namaz qılmaq üçün verib ki, bunun da səbəbi var. Q.Süleymanov Sumqayıtda əhli-sünnə üçün məscidin olmadığını, şəhərdəki bir məsciddə namaz qılmaq istəyən sələfilərə problem yaradıldığını açıqlayıb. Onun sözlərinə görə, sələfilər bu evin zirzəmisində 2 ilə yaxındır ki, namaz qılırlar.    

“Düzdür, onun ünvanına irad və qınaqlar var idi, Z.Şıxəliyevi  sələfilərə namaz qılmağa şərait yaratmaqda qınayırdılar, amma məsələ indiki kimi həbsə qədər gəlib çatmamışdı”, - Q.Süleymanov bildirib.

Onun sözlərinə görə, Z.Şıxəliyevlə birgə daha 9 nəfər sələfi saxlanılıb, onlar 10 saata yaxın polisdə saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Q.Süleymanov deyib ki, həmin sərbəst buraxılan şəxslərə cümə günü saat 9:00-da polisə gəlmək tapşırığı verilib. . “Bizə dedilər ki, saqqallarınızı qırxın, ondan sonra idarəyə gəlin, biz də saqqallarımızı qırxmaq niyyətində olmadığımız üçün polisə getmədik”-deyə Z.Mehdiyev bildirib.

Bölmə: Xəbərlər | Baxılıb: 727 | Yüklədi: Azerislamoglu