Baş səhifə » 2015 » May » 16 » Qamət Süleymanov:" Bu yaşımacan 5-6 dəfə “Mehdi” görmüşəm...” -müsahibə-
11:05
Qamət Süleymanov:" Bu yaşımacan 5-6 dəfə “Mehdi” görmüşəm...” -müsahibə-



 

Dünyanın indiki dönəmində, elmin-tərəqqinin, insan ağlının bugünki inkişafı dövründə hələ də özünü imam kimi təqdim edən insanlar peyda olur. Belə şəxslərin əsasən xurafatın, mövhumatın geniş yayıldığı ölkələrdə meydan suladığı, cahil insanların əksəriyyət təşkil etdiyi bölgələrdə özlərinə yuva qurduqları daha çox nəzərə çarpır.
 
Ancaq ölkəmizdə də belə düşünən insanların olduğunu qeyd etməliyik. Özündə İmamlıq əlaməti görən insanlara Allah tərəfindən günah yazlırmı, onlar bu hərəkətləri ilə əslində nə etmək istəyirlər? 
 
Bütün bu sualların izahatına Moderator.az-ın əməkdaşı ilə müsahibədə
Beynəlxalq Mədinə İslam Universitetinin yetirməsi olan Qamət Süleymanov
aydınlıq gətirəcək:
 
 -Bismilləhir Rahmənir Rahim. Ümumiyyətlə, Mehdinin gəlməsi məsələsi İslamda var. Peyğəmbər (s.a.v)buyurub ki,axır zamana yaxın adı mənim adımdan,atasının adı atamın adından, yəni Məhəmməd ibn Abdullah adlı nəslimdən biri gələcək. Zülm yayılandan sonra adilliyi yaymaq üçün gələcək. Bu haqda xeyli hədislər var və əhli-sünnə bu barədə sabitdir, Mehdi gələcək və Həsənin nəslindən olacaq. Lakin bu axirətə yaxın olacaq. Buna baxmayaraq tarix boyu Mehdilər çox olub. Bəzi hakimlər, qoşun başçıları özlərini yalandan Mehdi adlandırıblar. Hətta elə olub ki, sərkərdə adamları ətrafına toplamaq məqsədilə bu vasitəyə əl atıb. Döyüşçünün birini basdırıb və gecəynən həmin yerdən keçəndə o deməliydi ki, ey filankəs, etiraf edirəm ki, sən həqiqətən Mehdisən. Azərbaycanda da belə iddiada olanlar var, dünyada da çoxdu belə iddiada olanlar. Bu yaxınlarda mənə belə bir video göndəriblər ki, Məkkədə Səfa və Mərva deyilən yerdə bir nəfər çantasından şüşələr çıxarıb və deyib ki,mənəm Mehdi, mənə diqqət yetirəsiniz. Bizdə də bu çoxdur, dünyada da olub və olacaq, hətta həqiqi Mehdi gələnə qədər. Yəni hadisələr bunu göstərir. Bunun səbəbləri bilirsiniz nədir? Cəmiyyətdə dini savadsızlığın, dini maarifin az olmasi birinci səbəbdir, ikinci səbəbsə psixoloji üçün, pul qazanmaq üçün, 5-10 nəfəri özünə tabe etmək üçün və s. Belə hadisələr çoxdu, mən də bu yaşımacan 5-6 dəfə “Mehdi” görmüşəm. Bəziləri gəliblər yanıma deyiblər oğlum Mehdidi, özüm Mehdiyəm, belə hadisələr çox görmüşəm, hələ bunlar öz gördüklərimdir.
 
-Bəzi mənbələrdə deyilir ki, guya alimlər araşdırıblar və deyilənə görə Mehdi 2019-cu ildə da gələcək...
 
-Yox, belə bir şey yoxdur ki, dəqiq ili bilinsin, bunlar səhv fikirlərdir. Dini baxımdan belə bir hesab yoxdur. Bir yağış yağdı 5 damcı düşdü yerə, bu o demək deyil ki, 5 ildən sonra nəsə olacaq. Bunlar hamısı tapmacadır. Belə fikirlərə inanmaq lazım deyil.
 
-Xristianlara görə də həmçinin Qurani-Kərimdə də Hz.İsanın gəlişi ilə bağlı işarələr var. Nəyə görə xristianlarda özünə İsa deyənlər çıxmır, amma müsəlmanlardan qondarma Mehdilər zühur etməkdə davam edir?
 
-Yox, elə demək olmaz, ümumiyyətlə, xristianlarda da İsalar çıxır. Bu problem onlarda da var. Onlarda da belə psixoloji problemi olanlar olub, yəni mən filankəsəm, mən İsayam deyənlər az deyil, deməyim odur ki, bu problemlər onlarda da olur. Bu, insanlarda psixoloji problemlərin nəticəsindəndir. Yəni mən belə görürəm.
 
-Bəs bu cür insanlarda psixoloji problem varsa onların bu əməlinə günah yazılırmı?
 
-Əgər insan dəlidirsə, belə şeyləri özündən iddia edirsə, yox, günahı yoxdur. Çünki Allah (subhanəhu-təala) deyib ki, günah yazmağı uşaqdan,yatandan, bir də dəlidən qaldırıb. Yox, bilə-bilə edirsə, əlbəttə, o günah qazanır. Ən azından yalançıdır.
 
-Onların bu əməlləri İslama hörmətsizlik sayılırmı?
 
-Hörmətsizlikdir əlbəttə, həm İslama, həm imam Mehdinin özünə hormətsizlikdir.
 
-İnterntdə belə bir məlumat da tirajlanır ki, Hz. Mehdi gəlib, artıq aramızdadır. Bu fikirlərlə bağlı nə deyə bilərsiniz?
 
-Bu fikir düzgün deyil, çünki o doğulub gələcək. Çünki əgər o gəlmişdisə hanı bəs? Hələ mən eşitmişdim telefonu da var, saytı da var. Bu, boş iddiadır. Hansısa məzhəb bunu deyir, ancaq əsası yoxdur.
 
-Bunu əsasən İran şiələri deyir...
 
-Bəli, onlar deyir ki, o, var, hətta mən eşitdim ki, telefonu da var. Dedim rəqəmin deyin, telefonuna zəng eləyim, amma vermədilər. Heç olmasa dedim saytın verin, onu da vermədilər...
 
-Yalançı Mehdilərin bəziləri savadlı adamlar da olur. Məsələn biri var, bir neçə kitabın müəllifidir, qəzetlərdə redaktor vəzifəsində çalışıb və. s...
 
-Olsun, olsun. Psixoloji problemsiz görsənə bilər, amma onun iddiasından bəlli olur ki, bu adam psixoloji problemlidir. Necə yəni, adi bir qəzet redaktoru Mehdi ola bilər? Bu, özü gülüncdür.
 
-Həmin adam deyir ki, adlar, əlamətlər hamısı Mehdiyə uyğun gəlir...
 
-Yox, bunlar boş söhbətlərdir, yenə deyirəm, bu, nəinki Azərbaycana xasdır, Türkiyədə də belə iddiaçılar var. Dünyada da var. Siz dediyiniz şəxs yeni deyil, gecikib o...
 
-İmam Mehdi İslam coğrafiyasının harasında zühur etməlidir?
 
-O, Ərəbistanda zühur edəcək. Ərəb nəslindən olacaq. Əhli-beytdən olacaq. Başqa yerlər də deyirlər, amma boş söhbətlərdir. Bizim üçün hansısa bir xristian alimin yazdığı kitab yox, Quran, səhih hədislər, sünnə vacibdir. Kim ki, belə dəlil gətirirsə, görsənir ki, problemli adamdır.
 
-Nostradamusun gördüklərini deyir, proqnozlar verir...
 
-Belə iddialar hamısında var. Mənasız iddiadır bunlar. İddia olmalıdır Peyğəmbərdən, səhih hədislərdən. Yoxsa belə hamı deyə bilər ki, mən kiməm, mən kiməm. Biri deyər mən Davudam (əleyhissəlam) və.s
 
- Bəs əsl imam Mehdi gələndə insanlar ona necə inanacaqlar?
 
-Yox, onun gəlişi bilinəcək. Ən birinci nəsli bilinəcək, çünki əhli-beytdən olmalıdır. Peyğəmbər (s.a.v) deyir ki, mənim nəslimdən olacaq. Adı mənim adımdan, atasının adı atamın adından olacaq. Ona görə o bilinəcək və alimlər onu qəbul edəcək. Əlamətlər bunda var və dini rəhbərdir.
 
-Ümumiyyətlə, Quranda, İncildə, Tövratda Mehdinin gəlişinə işarə ola biləcək hansı məlumat var?
 
-Məxsusi olaraq Mehdiyə aid heç nə yoxdur. Quranda əsasən İsa barədə gəlib ki, qayıdacaq...
 
-İmam Mehdi nə formada zühur edəcək?
 
-O uşaq kimi doğulacaq. Müəyyən yaş həddinə gəldikdə özünü büruzə verəcək.
 
-Deyilənə görə o bir dəfə doğulub...
 
-Yox, o şiə məzhəbinə görə belədir. Yəni sünnü məzhəbi bu fikirlə razı deyil. Şiələr qeyd edir ki, o, doğulub, 1200 yaşı var, gəzir, aramızdadır bayaq qeyd elədiyiniz kimi. Amma bu belə əsassız iddiadır. Əhli-sünnə və cəmaə Quran və sünnəyə əsaslanaraq bu iddianı qəbul etmir.
 
Söhbətləşdi: Mehman Nəbiyev
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 754 | Yüklədi: Azerislamoglu