Baş səhifə » 2020 » May » 26 » Qamət Süleymanov: Əbu Bəkr məscidi açılacaq – EKSKLÜZİV
22:21
Qamət Süleymanov: Əbu Bəkr məscidi açılacaq – EKSKLÜZİV

Qamət Süleymanov:

Əbu Bəkr məscidi açılacaq.

– EKSKLÜZİV -


 

 

Bütün dünya müsəlmanları üçün vacib olan iki bayramdan biri – Ramazan bayramı pandemiya üzündən bu il yüksək səviyyədə qeyd olunmadı. Elə eyni səbəb üzündən karantin rejimi yumşaldılsa da, hələ ölkəmizdə möminlərin məsciddə gündəlik ibadətlərinə də icazə verilməyib. Keçən həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının on ildən çox bağlı olan Əbu Bəkr məscidi barədə söylədikləri də ölkəmizin vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb. NOCOMMENT.az xatırladır ki, komitə sədri məsciddə təmir işləri aparılmasının vacib olduğunu əsas gətirərək, məscidin hələ açılmayacağını söyləmişdi. Qamət Süleymanov Müxbirimiz məsələyə münasibət bildirməsi üçün məscidin imamı Qamət Süleymanovla əlaqə saxlayıb. Qamət Süleymanov məsələdən xəbərdar olduğunu bildirib və əlavə edib ki, “Bəli, məscidin əsas binası əsaslı özül üsərində inşa edilsə də, minarə sonrada yamacın düz kənarında tikilmişdi. Ona görə də güclü külək zamanı elə o vaxtlar da silkələnirdi. Elə biz də o minarənin sökülməsini və məscidin təmir olunmasını gözləyirik”. Bir qədər əvvələ qayıdan müsahibimiz xatırladıb ki, “Məscidimiz həm komitə tərəfindən, həm Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən rəsmən qeydə alınmışdı, məscidimizdə icma da var və fəaliyyətə başladığı gündən ölkəmizdə dini radikalizmə qarşı ən sərt mübarizə aparan məscid kimi tanınrıdı. Elə məhz bu səbəbdən də həmin radikallar tərəfindən məscidimizdə 2008-ci il avqustun 17-də terror aktı törədildi. Düzdür, partlayışdan sonra bir müddət məscid fəaliyyətini məhdud qaydada davam etdirirdi. Amma sonra minarənin sökülməsi və məscidin yenidən tam təmir olunması məqsədilə fəaliyyəti tam dayandırıldı”. Q.Süleymanov Mübariz Qurbanlının son sözlərinə də aydınlıq gətirib: “Komitə sədri həmişə deyib ki, məscid minarə söküldükdən sonra və təmir olunduqdan sonra açılacaq. Yəni ora gələn ibadət əhlinin təhlükəsizliyi baxımından bu işləri görmək zəruridir. Düzdür, məscidin təmir səbəbilə bağlanmasından uzun müddət keçsə də, bu günə qədər heç bir iş görülməyib və minarənin hər güclü küləkdən sonra özülü daha da sarsılır. Bakı isə küləklər şəhəridir, hər il bir neçə belə güclü külək olur və hər küləkli havadan sonra hündür minarənin silkələnməsi genişlənir, yaxın ərazidə yaşayanlar üçün təhlükə mənbəyinə çevrilir”. Sonda məscidin imamı möminləri səbirli olmağa və dövlət qurumunun məscidin açılması ilə bağlı qərarını gözləməyə çağırıb: “Komitə sədri bir neçə dəfə bildirib ki, təmirdən sonra məscid açılacaq. Biz də ümid edirik ki, Allahın köməyilə məscid təmirdən sonra əvvəlki fəaliyyətini bərpa edəcək və yenə də dini radikalizmə qarşı mövqeyini göstərəcək”.

https://nocomment.az/qamet-suleymanov-ebu-bekr-mescidi-acilacaq-ekskluziv/

Baxılıb: 31 | Yüklədi: Azerislamoglu