Baş səhifə » 2015 » Fevral » 12 » Qamət Süleymanov: “Avropa terrorizmin mərkəzidir və bu terrorları yaradanların başçıları oradadır”
12:34
Qamət Süleymanov: “Avropa terrorizmin mərkəzidir və bu terrorları yaradanların başçıları oradadır”

Qamət Süleymanov:

Avropa terrorizmin mərkəzidir və bu terrorları yaradanların başçıları oradadır ” 

 

“Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov “Yeni Müsavat”a müsahibə verib.
Hacı Qamət bir sıra aktual mövzulardan danışıb.
Müsahibəni təqdim edirik:
 
- Hacı, “Əbu-Bəkr” məscidinin fəaliyyətinin bərpası gözlənilirmi?  
 
- Məscid 2008-ci il 17 avqust terrorundan sonra bağlanıb. Hələlik bu istiqamətdə heç bir yenilik yoxdur. Daha əvvəl də müsahibələrimdə söyləmişəm ki, bizdən asılı bir məsələ deyil. Hazırda məscid məhdud fəaliyyətdədir. İcma üzvləri toplaşıb ibadət edirik. O da çox az adamla yığışırıq. 
 
Çünki rəsmi şəkildə məscidin fəaliyyəti məhdudlaşdırılıb. İndi ibadət üçün açıq olan məscidlərə gedirlər. Bu dəqiqə “İlahiyyat”, “Qaraçuxur” məscidləri əhli-sünnə üçün açıqdır. Biz bir neçə il əvvəl “Əbu-Bəkr”lə bağlı məhkəməyə müraciət etdik. 
 
İstintaq da yekunlaşıb. Ancaq məhdudiyyət davam edir. Dini qurumlar daha yaxşı əsaslandırar ki, niyə məscid məhdud çərçivədə fəaliyyət göstərir. Bu, bizə aydın deyil. Bilirsiniz ki, Bakıda məscid qıtlığı var. Sünni camaatı üçün ibadət etməyə məscid azdır. Namaz vaxtı sıxlıq yaranır, nəqliyyatda tıxac yaranır. Əgər “Əbu-Bəkr” məscidi açılsa, onda vəziyyət yaxşılaşar. 
 
Bizim fikrimiz var ki, məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edək. Məscidin fəaliyyətinə məhdudiyyət qoyulması bu gün Suriyaya gedənlərin sayına, onların radikallaşmasına da səbəb olub. “Əbu Bəkr” açıq olsaydı, Suriyaya bu qədər gedən olmazdı. 
 
- Sizin az əvvəl Veysəl Orucov və Əlixan Musayevlə problemləriniz vardı, hər üçünüz şagirdlərinə qarşı tərəfin xütbələrini dinləməməyi tövsiyə edirdi, bu məsələ nə oldu?
 
- O məsələ həllini tapdı. Sosial şəbəkələrdə çıxışlar oldu, hər kəs öz fikrini açıqladı. Veysəl qardaşımızla bir anlaşmazlıq yaranmışdı, ona da hər iki tərəf izahat verdi. Belə bir qadağa qoyulmayıb. Hər iki tərəf xütbələri dinləyir. Veysəllə aramızda problem həll olunub. Ancaq Əlixanla əlaqəni kəsmişik. Bunun da səbəblərini bilirlər. Onun radikallar tərəfindən çıxışları olub. Biz radikalizmə qarşıyıq, Əlixan isə ondan yanadır. 
 
- Ancaq “youtube”da çıxışı var və deyir ki, İŞİD-ə dəstək verməsi cəfəngiyyatdır...
 
- Niyə hamı elə fikirləşir ki, radikalizm deyəndə yalnız İŞİD nəzərdə tutulur? Radikal qruplaşmalar çoxdur və onların hamısını İŞİD-ə bağlamaq olmaz. Radikallığın da dərəcələri var. Mən ümumiyyətlə, Əlixanla maraqlanmıram. Biz radikallığı pisləyirik və terrora qarşıyıq.
 
- Radikallıq demişkən, İŞİD insanlar diri-diri yandırır, Quranda insan yandırılması hökmü varmı? 
 
- Quranda belə bir hökm yoxdur və canlını yandırmaq qadağandır. İŞİD üzvlərinin İslamla əlaqəsi yoxdur və onların etdikləri də şəriət hökmü deyil. İslam nəinki insanın, heyvanın da yandırılmasını günah sayır. Ancaq şəriət hökmü ən adil hökmdür, ən kamil hökmdür. Hazırda şəriət hökmü qorxunc gələ bilər, amma ən gözəl şəriət hökmüdür.   
 
- Siz şəriət məhkəməsinin olması tərəfindəsiz, yəni cinayətkarın əli kəsilsin, edam olunsun?
 
- Bəli, mən tərəfdarıyam ki, günahkar şəriət hökmü ilə mühakimə olunsun. Ancaq Azərbaycanda bu mümkün deyil. Çünki dünyəvi dövlətdir, sivil ölkədir. Şəriət məhkəməsində də şahid, müdafiəçi, prokuror tərəf olur. Cinayətkarın əlinin kəsilməsi ən gözəl üslubdur. Ancaq Azərbaycanda şəriət dövləti mümkün deyil. Camaat buna hazır olmalıdır. Görün neçə ölkədə müharibələr oldu, şəriət ölkəsi qurulmadı.
 
- O halda niyə hətta Avropada təhsil almış adamlar da İŞİD-ə qoşulur? 
 
- Bəli, onlar Avropada təhsil alırlar. Ancaq Qərb ölkələrində qruplar var, fəaliyyət göstərən güclü şəbəkələr mövcuddur. Bu terroru yaradanların başçıları Avropada oturublar. Bilirlər ki, müsəlman ölkələrində fəaliyyətdə olsalar, həbs edilə bilərlər. Ona görə də Avropa terrorizmin mərkəzidir. 
 
Emil SALAMOĞLU

 

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 389 | Yüklədi: Azerislamoglu