Baş səhifə » 2013 » Mart » 5 » Mutə nikahı və şübhələrin dəf edilməsi. -mobil kitab-
11:23
Mutə nikahı və şübhələrin dəf edilməsi. -mobil kitab-
Mutə nikahı və şübhələrin dəf edilməsi

 

Əssalamu aleykum və rahmətullah.

Əsrlər boyu Əhli sünnə və əhli şiə arasında olan ixtilaflardan biri də Mutə nikahı barədədir. Əhli Sünnə Mutə nikahının qadağan edilməsi barədə icma etmişlər. Bu nikahın Peyğəmbər (səllallahu aleyhi və səlləm) tərəfindən 3 dəfə icazə verilib və sonra qadağan edilməsi barədə Əhli Sünnədə səhih rəvayətlər mövcuddur. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) vəfatından sonra bir neçə səhabə Mutə nikahına icazə versə də, həmin səhabələrə dəlil çatandan sonra öz əvvəlki fikirlərindən dönmüşdülər. Belə ki, səhabələrin bəzisi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vida Həccində, Vida xütbəsində Mutə nikahının Qiyamətə qədər qadağan edilməsi barədə çatdırdığı bu rəvayəti eşitməmişlər.

Həmin 3 hadisə aşağıdakı vaxtlarda olmuşdur:

1) Hicri 7-ci il, Xeybər döyüşü günü

Məhəmməd bin Əli Əli bin Əbu Talibdən rəvayət etmişdir: "Allahın Rəsulu (səllallahu aleyhi və alihi və səlləm) Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996).

2) Hicri 8-ci il, Məkkənin fəth edildiyi gün və ya Əvtas ilində

İyas bin Sələmə rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) Əvtas ilində 3 gecə Müvəqqəti nikah bağlamağa icazə verdi və sonra qadağan etdi. (Səhih Müslim, 1405)

Ər-Rabi bin Subra əl-Cuhani atasının belə dediyini rəvayət edib: "Rəsulullah (səllallahu aleyhi və alihi və səlləm) Məkkə fəth olunan il müvəqqəti nigahı qadağan etdi” (Müslim 4/133; Əbu Davud 2072-2073; ən-Nəsai "əl-Kubra”da 3809; Əhməd 3/404; əd-Darimi 2202).

3) Hicri 10-cu il, Vida Həccində

Ər-Rabi bin Subra əl-Cuhani rəvayət edir ki, onun atası Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm) Vida Həcci günü onlara Mutə nikahı etməsinə icazə vermişdir. Lakin sonrakı gün Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Kəbənin qapısı önündə dayanaraq belə dediyini eşidib: "Camaat, mən sizə qadınlarla müvəqqəti nigah balamağa icazə vermişdim. Həqiqətən, indi Allah Qiyamət gününə qədər bunu qadağan etdi. Əgər sizlərdən kimsə bu cür nigahdadırsa,  o qadını buraxsın və ona verdiyini geri almasın” (Səhih Müslim 1406 və Sünən İbn Macə 1962, Şeyx əl-Albani səhih saymışdır, "Səhih əl-Cami əs-Saqir”, 7887)

Nisa 24-cü ayə barədə yaranmış şübhələr və onun dəf edilməsi

Bəzi əhli sünnə alimlərinin Quran təfsirlərində, məsələn, İmam Qurtubinin, Muhəmməd ibn Cərir əl-Təbərinin, İbn Kəsirin təfsirlərində Nisa 24-cü ayənin Mutə nikahına aid olması barədə 2 fikir söylənilmişdir. Birincisi, ayənin Mutə nikahı barədə nazil olması rəyi, ikincisi, ayənin Mutə nikahı barədə olmaması, daimi evlilik barədə olmasıdır. Bütün təfsir alimləri bu iki rəydən doğru olanını, yəni ayənin Daimi nikah barədə olması rəyini götürmüşlər. Çünki bu ayədə Mutə nikahından yox, daimi nikahdan danışılır:

Nisa 24-cü ayə:

İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Ayənin şərhi:

Muhəmməd ibn Cərir əl-Təbəri (rahimullah) bu ayənin - "İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!" - hissəsi barədə iki görüş gətirir. 1) Həsən əl-Bəsri, Mucahid və İbn Zeydəyə görə bu bölümün izahı belədir: Burada "İstifadə (yaxınlıq) etdiyiniz" sözündən məqsəd qadınlarla nigahlanıb zifafa (cinsi əlaqəyə) girməkdir. Bu barədə Əli ibn Əbu Təlha, Abdullah ibn Abbas bunu rəvayət etmişdilər: "Sizdən biriniz bir qadınla evlənib sonra onunla bir dəfə də olsun zifafa (cinsi əlaqəyə) girərsinizsə, o qadının mehrinin tam verilməsi fərz olur. Burda qeyd edilən əcrdən məqsəd mehrdir.”  2) İkinci görüşün sahibləri isə bəzi səhabələrin bu ayənin Mutə ayəsi olduğunu qeyd edirlər.

Hər iki görüşü gətirəndən sonra Təbəri deyir: "Bu iki görüşdən doğru olanı budur: "Evləndikdən sonra zifafa girdiyiniz qadınların mehrlərini verin" şəklində olan görüşdür. İbn Abbasın, Ubey bin Kəbin qiraətinə gəlincə, bu Qurana müxalifdir, çünki Qurana əlavə söz (müəyyən bir müddətə) daxil etmək caiz deyildir."

İstifadə (cinsi əlaqə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! - Yəni, Qurana əsasən nigahdan sonra kişi ilə zövcə arasında cinsi əlaqə olubsa, kişinin zövcəsinin mehrini tam olaraq verməsi fərzdir. Çünki, Quranda buyurulur: "Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?! Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar. (Nisa, 20-21)

Başqa bir ayədə deyilir:

"Kəbin haqlarını tə'yin etmiş qadınları yaxınlıq etmədən əvvəl boşarsınızsa, tə'yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz!" (əl-Bəqərə, 237). Yəni, əgər yaxınlıq etmədən (cinsi əlaqədə olmadan) boşanarlarsa, qadına mehrin yarısı çatır. Yuxarıdakı birinci ayədə lazımi qaydada yəni, şəri qaydada, Quranda buyurulmuş qaydada, cinsi əlaqə olubsa, mehr tam olaraq verilməlidir. Sonra isə ayənin məntiqi davamı olaraq buyurulur:  "Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz”, yəni nigahdan sonra, cinsi əlaqədən sonra, kişi və zövcə öz aralarında mehrin düşürülməsi, təxirə salınması və ya tamamən imtina edilməsi barədə razılıqlara sahibdirlər. Muhamməd ibn Cərir əl-Təbəri ayənin bu hissəsi barədə də iki görüş gətirir və doğru olan görüşü qeyd edir: "Bu görüşlərdən doğru olan İbn Zeydənin görüşüdür. Buna görə ayənin bu bölümünün mənası belədir: "Ey insanlar, sizlər, nigahlanaraq zövcələrinizə mehr verdikdən sonra aranızda bu mehrin bir qisminin düşürmə və ya imtina etmək və ya təxirə salmaq və ya tamamən imtina etmək kimi razılıqlara sahibsiniz." Ayənin bu bölümü bu ayəyə bənzəyir: "Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" (Nisa, 4)

Şiə fiqhinə əsasən isə cinsi əlaqədən sonra zövcənin razılığı olmadan kişi mehrin yarısından imtina edə bilər. Buna aşağıdakı hədisdən aydın görə bilərik:

Ömər bin Xanzələ imam Cəfərdən soruşur: "Mən qadınla bir aylıq evlənmişdim. O, mənim yanıma bu ayın yalnız müəyyən hissəsini gəlirdi". O dedi: "O səndən nə qədər kəsibsə, sən də onun haqqından bir o qədər kəs, ancaq qanaxma günlərini sayma. Onlar ona bağışlanır" ("Vəsail əş-Şiə", 14/481-482, fəsil 27).

Amma Nisa 24-cü ayədə isə buyurulur ki, cinsi əlaqədən sonra zövcəyə mehr tam olaraq verilməlidir. Əgər öz aralarında razılığa gələrək mehrin düşürülməsi, imtina edilməsi və s. edirlərsə, bu barədə onlara günah yoxdur. Lakin şiə fiqhinə əsasən cinsi əlaqədən sonra kişinin zövcəsi şərtlərə əməl etmirsə, zövcənin razılığı olmadan mehrindən də kəsilir, bu isə Nisa 24-cü ayəyə ziddir. Deməli, Nisa 24-cü ayə Mutə nikahı haqqında deyil.

Səhabələrdən bəzilərinin, xüsusilə də İbn Abbasın Mutənin icazəli olduğuna dair rəyi.

Mutənin icazəli olduğunu söyləyənlər o kəslərdir ki, onlara Mutənin haram edildiyi barədə xəbər çatmamışdır və yaxud eşitməmişdirlər. Səhabələr - o cümlədən Əli ibn Əbu Talib və Abdullah ibn əl-Zübeyr - İbn Abbasın siğənin icazəli olduğunu rəyini cavablandıraraq rədd etmişdirlər.

Əli (Allah ondan razı olsun) rəvayət edir ki, o İbn Abbasın (Allah ondan razı olsun) Mutəyə icazə verdiyini duymuş və demişdir: "Ey Abbasın oğlu, bir dəqiqə gözlə, çünki Allahın Rəsulu (səllallahu aleyhi və səlləm) Xeybər günü siğəni nəhy etdi və həmçinin (əhilləşdirilmiş eşşək) qatır ətini haram etdi.” (Müslim, 1407)

İbn Abbasın (Allah ondan razı olsun) əslində nəzərdə tutduğu amil zəruri, vacib ehtiyacdan dolayı donuz ətinin yeyilməsi haram olmadığı kimi mutənin də zərurətdən, vacib ehtiyacdan edilməsinin haram olmamasıdır. İbn Abbas qiyas edərək ölməmək üçün donuz ətindən yeyilməsinin halal olmasını Mutə nikahı ilə eyniləşdirmişdir. Lakin bu İbn Abbasın fiqhi ictihadındakı səhvidir və buna görə bir əcr qazanır. İbn Abbasın bu fikirdə olmasını səhih hədis də sübut edir:

Əbu Cəmrə rəvayət etmişdir: "Mən eşitdim ki, İbn Abbasdan Mutə barədə soruşuldu və o, buna icazə verdi. Bunu eşidən azad olmuş köləsi ona dedi: "Bunu zərurətdən dolayı və qadınların çox az olduğu vaxt etmək olar." Bunu eşidən İbn Abbas dedi: "Bəli". (Səhih Buxari, Nigah kitabı, 51)

Sonralar İbn Abbas insanların Mutə nigahına ötəri yanaşdıqlarını və zərurətsiz, vacib ehtiyacsız Mutə etdiklərini görərək öz görüşündən dönmüşdür. (Zad əl-Məad, cild 4, Səhih olmayan nigahlar başlığı, Mutə nikahı)

İbn Abbasın (Allah ondan razı olsun) fikrindən döndüyünü deyən alimlər aşağıdakılardı:

1) İmam Tirmizi "əl-Cami" cild 5, səh 49-da demişdir: "İbn Abbas buna (Mutə nikahı) icazə vermişdir, lakin sonralar öz fikrindən dönərək bunun Peyğəmbər (səllallahu aleyhi və səlləm) tərəfindən qadağan edildiyini demişdir."

2) Əbu Bəkr əl-Cəssas Əhkəmul Quran, cild 2, səh 148-149-da demişdir: "Cabir ibn Zeyddən rəvayət olunur ki İbn Abbas Mutə nikahı icazə verilməsi fikrindən dönmüşdür."

3) İmam Qurtubi Əhkəmül Quran, cild 5, səh 132-də qeyd edir ki, Əbu Bəkr ibn əl-Ərəbi demişdir: "İbn Abbas əvvəllər Mutə nikahına icazə vermişdir, lakin səhih rəvayətlərə əsasən o, fikrindən dönmüşdür və bundan sonra icmaya əsasən Mutə nikahı qadağan olunmuş kimi saxlanıldı."

4) əl-Bağavi Şərh əl-Sünnə, cild 9, səh 100-də deyir: "Bəzi rəvayətlər İbn Abbasın Mutə nikahına icazə verdiyini deyir. Həmçinin, deyilir ki, o, buna ancaq zəruri, vacib ehtiyacdan dolayı icazə vermişdir. Lakin buna baxmayaraq doğru olan budur ki, o, öz fikrindən dönmüşdür və bunu qadağan etmişdir. Sonra bütün müsəlman alimləri bunun qadağan olduğuna icma etmişdilər.

5) Şeyxül İslam İbn Teymiyyə Minhəc əl-Sünnə, cild 2, səh 156-da qeyd etmişdir: "Rəvayət edilir ki, İbn Abbas ona yazılı şəkildə dəlil gətirildikdən sonra öz fikrindən dönmüşdür."

6) İbn əl Cauzi yazır: "İki fikir mövcuddur. Birincisi odur ki, söhbət daimi nigah zamanı verilən mehrdən gedir. İbn Abbas, əl-Həsən əl-Basri, Mücahid -radıyallahu anhum- və bir çox başqa təfsirçilərin fikri belədir. İkincisi odur ki, burada söhbət müvəqqəti nigahdan gedir. Mə'lumdur ki, İbn Abbas -radıyallahu anhu- bir vaxt buna icazə vermişdi, amma sonra o öz baxışlarından imtina etdi” (İbn əl Cauzi, "Zad əl-Masir”, 2/52).

Mutə nikahını Ömərin yox, Peyğəmbərin qadağan etməsi

Heç şübhə yoxdur ki, yolunu azmış rafizilər Ömərin (Allah ondan razı olsun) şəxsiyyətinə xüsusi olaraq nifrət bəsləmişlər. Bunun da əsas səbəbi Ömərin fars-Sasani imperiyasını, məcusi-atəşpərəstlərin imperiyasını süquta yetirməsi, odunu söndürməsi idi. Hətta o yerə çatdı ki, bununla barışa bilməyən münafiq Əbu Lulu əl-Məcusi Öməri (Allah ondan razı olsun) şəhid etmişdir. O zamandan müasir zamanımıza qədər isə rafizilər Əbu Lulu əl-Məcusini ehtiramla anırlar. Münafiq məcusilər sonralar Ömərin haqqında insanlar arasında uydurma şayiələr yaymağa başladılar. Bu şayiələrdən biri də Mutə nikahının guya Ömər tərəfindən qadağan edilməsi idi. Ağlı başında olan insan əlbəttə ki, səhih hədislərə baxaraq Mutə nikahının Peyğəmbər (səllallahu aleyhi və səlləm) tərəfindən qadağan edildiyini görər. Bu barədə çoxlu hədislər var. O hədislərdə ki, deyilir ki guya bunu Ömər qadağan edib, həmin səhabələrə (Allah onlardan razı olsun) Mutə nikahının Peyğəmbər (səllallahu aleyhi və səlləm) tərəfindən qadağan edilməsi xəbəri gəlib çatmamışdır.

Bu səhabələrdən biri də Cabir ibn Abdullah (Allah ondan razı olsun) idi:

1) Atə rəvayət edir ki, camaat Cabirdən Mutə nikahı barədə soruşdu. O, dedi: "Bəli, Rəsulullah, Əbu Bəkr və Ömərin dövründə biz Mutə etdik.” (Səhih Müslim, 1405)

2) Cabir ibn Abdullah yenə demişdir: "Biz  Rəsulullah və Əbu Bəkrin dövründə bir ovuc xurma və un müqabilində bir neçə günlüyünə Mutə edirdik. Nəhayət Əmr bin Hureys hadisəsində Ömər bunu nəhy etdi.” (Səhih Müslim, 1405)

3) Əbu Nadra rəvayət edir ki, bir gün bir nəfər Cabir ibn Abdullahın yanına gələrək İbn Abbas ilə İbn Zubeyr arasında iki Mutə barədə ixtilafın olduğunu dedi. Cabir ibn Abdullah dedi: "Biz bunları Rəsulullahın dövründə etdik. Sonra Ömər bunu bizdən nəhy etdi.” (Səhih Müslim, 1405)

Bu hədislərdən elə başa düşülür ki, Mutə nikahını Ömər (Allah ondan razı olsun) qadağan edib. Lakin əsla belə deyil. Misal olaraq, öz həyatımızda elə anlar olur ki, illərlə sadə bir islami qanun barədə başqa cür fikirləşirdik, lakin illər sonra bizə məlum oldu ki, sən demə bu məsələ başqa cür imiş. Analoji hadisə də məhz Cabir ibn Abdullah və bir neçə səhabə barədə olmuşdur. Hətta həmin dövrdə, məsələn, Kufədən Məkkəyə xəbər günlərlə, aylarla gəlib çatardı. Cabir ibn Abdullahın bu bəyanatı verməsinin əsas səbəbi onun Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Mutə nikahını qadağan etməsini eşitməməsi idi.

Hətta Səhih Müslimdə belə bir hədis var:

Əli (Allah ondan razı olsun) rəvayət edir ki, o İbn Abbasın (Allah ondan razı olsun) siğəyə icazə verdiyini duymuş və demişdir: "Ey Abbasın oğlu, bir dəqiqə gözlə, çünki Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) Xeybər günü siğəni nəhy etdi və həmçinin (əhilləşdirilmiş eşşək) qatır ətini haram etdi.” (Müslim, 1407)

Yuxarıdakı hədislərdən sonra məqalənin kulminasiya nöqtəsi olaraq bu hədisi gətirərək bir daha sübut edirik ki, Mutə nikahını Ömər ibn Xəttab (Allah ondan razı olsun) yox, Peyğəmbər (səllallahu aleyhi və səlləm) qadağan etmişdir:

İbn Ömər dedi: Ömər bin Xəttab xəlifə olanda xalqa xitab edərək belə dedi: "Rəsulullah (səllallahu aleyhi və səlləm) şübhəsiz mutə nikahı üçün bizə 3 gün icazə verdi və sonra isə bunu qadağan etdi. Rəsulullahın (səllallahu aleyhi və səlləm) mutə nikahını haram qıldıqdan sonra halal qıldığına şahidlik edəcək 4 nəfər şahid gətirilmədikcə mutə nikahı ilə bir qadın ilə birləşən şəxsi rəcm edəcəyəm, Allaha and içirəm" (Sünən İbn Macə, Nigah kitabı, 1963. Şeyx Əlbani həsən demişdir).

İmam əl-Xəttabi demişdir: "Mutə nikahının qadağan edilməsi bütün müsəlmanların icmasıdır.  İslamın ilk illərində halal idi, lakin Vida Həccində Peyğəmbər (səllallahu aleyhi və səlləm) bunu haram buyurdu. Bununla İmamlar arasında bu barədə ixtilaf yoxdur. Ancaq rafizilər müxalif qalmışdılar.”


Hazırladı: Əli Zülfüqar.

MutaNikahiVeShubhelerinDefEdilmesi.doc
MuteNikahiVeShubhelerinDefEdilmesi.pdf

Mobil telefonlar üçün:

MuteNikahiVeShubhelerinDefEdilmesi.jad MuteNikahiVeShubhelerinDefEdilmesi.jar

 



Bölmə: Mobil Kitablar | Baxılıb: 1772 | Yüklədi: selefimedia