Baş səhifə » 2013 » Noyabr » 23 » İSLAM DÜNYASINDA ƏLƏM.
11:17
İSLAM DÜNYASINDA ƏLƏM.

İSLAM DÜNYASINDA ƏLƏM


Məscidlərdə, ibadətgahlara yaxın yerlərdə, yol qırağında qoyulan nəzir qutularının üstündən boylanan, əlil, şikəst adamların əllərində tutub diləndiyi ələmin islama nə aidiyyəti var?

Ələm nə deməkdir?

"Ələm” ərəb sözüdür. Bu söz ərəb əlifbasının ilk hərfi olan "əlif”lə yazıldıqda "əzab”, "əziyyət” mənası verir. Boğaz hərfi olan "ayn”la yazıldıqda isə "bayraq”, "öndə gedən” mənalarını daşıyır.

İlahiyyatçı Kənan Hüseynovun ələm haqqında verdiyi tarixi məlumatlara görə, ələm – yəni barmaqlar, pəncə və ona bitişik taxta parçası 7-ci əsrdə indiki İraq ərazisində meydana gəlib.

Təvvabin hərəkatının lideri Muxtar Əs-Səqafinin nökəri Əli Məxtuminin gördüyü yuxudan sonra ələm yaradılıb. Əli Məxtumi yuxuda Həzrət Abbası görür. Həzrət Abbas öz qolları əvəzinə ələmi ardıcıllarına təhvil verir. Bundan sonra ilk dəfə ceyran dərisi üzərində ələm qurulub. Ələmin simvolları bunlardır: baş barmaq Məhəmməd peyğəmbər, şəhadət barmaq həzrət Fatimə, orta barmaq həzrət Əli, adsız barmaq həzrət Həsən, çeçələ barmaq həzrət Hüseyn. Məhz Hüseyn tərəfdarları olanlar üzüklərini çeçələ barmaqlarına taxırlar.    

Təvvabin hərəkatı 7-ci əsrdə imam Hüseynin Kərbəlada şəhid edilməsindən sonra meydana gələn tövbəkarlar dəstəsidir. Təvvabinlər Kufə əhalisinin imam Hüseyni tək qoyduqlarına görə Allahın onlara böyük bəla və müsibət bəxş edəcəklərinə inanıblar. Bundan sonra təvvabinlər tövbə edərək imamın və ailəsinin qatillərinin hamısını qılıncdan keçirməyə və bununla da Allah qatında olan günahlarının bağışlanmasına inanıblar.

Ələmin rəsmi dövlət simvoluna çevrilməsi 8-ci əsrə təsadüf edir. İraqın şimalında, Mosul şəhərində 50 il hakimiyyətdə olan Siqridilər ələmi rəsmi dövlət simvolu elan ediblər.  Siqridilər imam Hüseynin Kərbəladakı şəhadətindən sonra meydana çıxan Təvvabin hərəkatının davamçıları olublar.

Kənan Hüseynovun qeyd etdiyinə görə, 10-cu əsrin ortalarında, təxminən 940-cı ildə Reydə yaranan Buveyhilər şiə dövlətinin rəsmi simvolunda siqridilərin bir çox nişan və əlamətləri, eləcə də ələm əks olunub.

Buveyhilər dövlətinin rəsmi simvoluna çevrilənədək ələm bürüncdən, buveyhilər dövründə isə qızıldan düzəldilməyə başlanıb.

Səlcuqların 1041-ci ildə Buveyhilərin hakimiyyətinə son qoyması ilə ələm də ortadan çıxır.

Ələmin yenidən dövlət smvolu səviyyəsinə qalxması Səfəvilər dövrünə təsadüf edir. Kənan Hüseynovun sözlərinə görə, şeyx Heydər Şirvana yürüş edərkən bayraq üzərində tuğ (at tükü) əvəzinə bürüncdən ələm asılıb. Şeyx Heydərin Dağıstanda, indiki Xasavyurd kəndində həlak olmasından sonra müridləri həmin bayrağı onun türbəsinin üzərinə sancıblar.

Şah İsmayıl artıq Səfəvilər dövlətini qurandan sonra qorçubaşların (ordu başçıları), əmirül üməranın (baş komandan) və qadiul quddatin (qazılərin başçısı, qazilər qazisi) özünə məxsus ələm nişanları olan bayraqları olub.

Səfəvilər dövründə ələmlə bağlı xeyli fakt sadalamaq mümkündür. Misal üçün, Şah İsmayıl ərəb İraqını işğal etdikdən sonra imam Hüseynin məqbərəsi üzərinə öz adına layiq, iri və qızıldan hazırlanmış ələm sancıb. Hazırda o ələm Bağdadın "Harun ər Rəşid” dövlət muzeyində saxlanılır.

Ələmin mahiyyəti

İslamiyyətin ilkin əsrlərində döyüşlərdə ələmə-bayrağa çox əhəmiyyət verilib. Hansı tərəfin bayrağı birinci ensə, o tərəf məğlub hesab olunurmuş. Ona görə də bayrağı götürən şəxs cəngavər, igid və döyüş taktikasını hamıdan yaxşı bilən olmalı imiş. Eyni zamanda bir neçə nəfər ardıcıllıqla təyin olunurmuş ki, bayraq tutan şəxslərdən biri öldürülərsə, enməməsi üçün digəri onu qaldırsın.

Ələm-bayraq götürən şəxsə Ələmdar – Bayraqdar deyilərmiş. Bu tituldur və yalnız Səfəvilərin dövründə meydana çıxıb.

Bayrağın əsas mahiyyəti ondan ibarət olub ki, zülmə qarşı sona qədər savaşanlar bu simvol ətrafında birləşməlidirlər.

Rəvayətə görə, imam Hüseyn Kərbəlada Yezidin qoşunu ilə üz-üzə gələndə bayrağı Həzrət Əbülfəzl Abbasa verir. Çünki o, hamıdan igid və daha yaxşı döyüşən imiş. Son ana qədər bayrağı daşıyır. Rəvayətə görə, hər iki qolları qələm olunan həzrət Abbas bayrağı dişlərində saxlayır və nəhayət, onu öldürürlər. Bu gün bildiyimiz, simvolik olaraq üzü yuxarı tutulan ələm-barmaqlar, pəncə və taxta parcasının həzrət Abbasın qələm olunmuş qollarının simvolik mənasını daşıdığı iddia olunur.

Kərbəla hadisəsindən sonra həzrət Abbası yad edib ona ağlamaq üçün simvolik olaraq ələmi məclisdə qoyub ətrafında dövrə vurub otururlarmış. Bu hal getdikcə genişlənir və şiə əqidəsinə xidmət edənlərin hacət qapısı kimi qəbul olunur.

Qamət Süleymanov:

"Ələmin islama heç bir dəxli yoxdur”

Nərimanov Rayon "Cümə” Məscidi Dini İcmasının rəhbəri Qamət Süleymanov ələmin islama heç bir aidiyyətinin olmadığını deyir və fikrini belə əsaslandırır: "Sadəcə, hansısa məzhəb onu özünə şüar edib. Hətta mənə elə gəlir ki, əslində məzhəbin özündə də ələm yoxdur. Əslində islam "Quran” və Məhəmməd peyğəmbər nə deyirsə, odur. İslamda nə deyilibsə, nə buyurulubsa, onu etmək bizim borcumuzdur. Deyilməyənləri etmək isə dində bidət hesab olunur. Bidət isə qəbulolunmazdır. Səhih hədislərin heç birində ələmlə bağlı nəsə yoxdur. Ümumiyyətlə, islam heykəli bəyənmir, qəbul eləmir. Bu səbəbdən qeyd edirəm ki, ələmin islama heç bir aidiyyəti yoxdur”.

Dini icma rəhbəri əlavə edib ki, bu gün əsasən əlil, şikəst adamlar dilənmək məqsədilə əl heykəlindən – ələmdən istifadə edirlər: "Eyni zamanda hansısa məzhəb bundan şüar kimi istifadə edir. İslam döyüşlərində bayraqdan istifadə olunub, amma əl heykəlindən istifadə olunmayıb. Səhih hədislərdə ələmlə bağlı nəsə olsaydı, onun islama aidiyyəti barədə də nəsə demək olardı”.

Dini icma rəhbəri təklif edir ki, dində nə varsa, onu etmək lazımdır, nə yoxdursa, ondan isə çəkinmək vacibdir.

Axund:

"Bizim məsciddə minbərin yaninda ələm qoyulub”

"Şah Hüseyn” məscidinin axundu Hacı Səbuhi Nurulla qeyd edir ki, bu məsciddə də ələm var və o, mənbərin yaxınlığına qoyulub.

Axund qeyd edir ki, şikəst, əlil insanların ələmi əllərinə alıb küçə-küçə, qapı-qapı düşüb dilınçilik eləməsi düzgün deyil: "Əgər həmin adamlar özlərini seyid kimi qələmə verirlərsə, düzgün deyil. Seyidə sədəqə verilməsi islam dininə təhqirdir. Çünki nəzərdə tutulan xüms vergisində seyidlərin öz payı var. Seyid sədəqə almaz.  Məscid yaxınlığında əgər nəzir qutusu qoyulursa, həmin vəsait məscidin – Allah evinin bəzi məişət problemlərinin həllinə yönəlməlidir.

Sədəqə toplamaq üçün küçələrə çıxan və ələmdən istifadə edənlərlə maarifləndirici işlər görülməlidir ki, onlar bu yola düşməsinlər. Xütbələrimizdə, moizələrimizdə dinimiz, islam nə deyirsə, onu anlatmalıyıq ki, bu yola getməsinlər. Həzrət Əlinin kəlamı var: "İnsan bilmədiyi şeyin düşmənidir” Məzhəbindən asılı olmayaraq kimsənin əlinə ələm alıb dilənçilik etməsi doğru deyil. Məgər peyğəmbərimiz belə söz deyib ki, qapı-qapı gəzib kimsə dilənsin?”.

"Quran”da, səhih hədislərdə ələmlə bağlı fikirlər yer almadığına görə onun islam dininə heç bir aidiyyəti yoxdur” fikrinə gəlincə, Hacı Səbuhi Nəsrullayev ələmin simvol kimi Roma imperatorlarından da əvvəl mövcud olduğunu deyib: "Tarixi araşdıranda Roma tarixində də ələmə oxşar bir şeyin olduğunu görə bilərik. Amma sonradan romalılar öz tarixləri ilə bağlı olaraq ələmə oxşar əşyalarını bütləşdirdilər. Yadımıza salaq ki, olimpiya oyunlarında bir nəfər əlində məşhəl tutaraq onunla qaçış sərgiləyərdi”.

Məscid axundu vurğulayır ki, bir xalqın adət-ənənəsi islama zidd deyilsə, Məhəmməd peyğımbər onu qadağa etməyib: "O şeylər ki, birbaşa olaraq islama ziddirsə, o, qadağan olunub. Ələmin ziyanı barədə isə heç nə deyilməyib. Sadəcə, ələmi əlinə alıb dilənmək düz deyil”.

"Qafqaz Müsəlmanları İdarəsinin qoyduğu nəzir qutularının üzərindəələm yoxdur”

Qafqaz Müsəlmanları İdarəsinin sadr müavini, Qazilər Şurasının üzvü Mirəziz Seyidzadə hesab edir ki, nəzir toplanılan zaman ələmdən istifadənin dini əsası yoxdur: "Bu simvolik hərəkət müsəlmanların dini inancından sui-istifadə vasitəsidir”. 

Mirəziz Seyidzadə əlavə edir ki, məscidlər və digər ibadət ocaqlarında Qafqaz Müsəlmanları İdarəsinin qoyduğu nəzir qutularının heç birində ələm yoxdur: "Üzərində ələm olan həmin qutular idarənin deyil. Üstü ələmli nəzir qutusu qoyanlar ayrı-ayrı şəxslərin sui-istifadə vasitəsidir. Həmin şəxslər çox yaxşı bilirlər ki, camaatımız əqidəlidir və ələmə ehtiram göstərir. Lakin bu o demək deyil ki, qutulara ələm qoymaqla onlara dini arqument gətirsinlər. Bəli, ələm həzrət Abbasın  kəsilmiş qollarının simvolu olaraq düzəldilib. İndi insanlar həmin hadisəni xatırlamaq üçün ələmi saxlayırlar. Amma günümüzdə ələmdən sui-istifadə və insanların xurafata sürükləndirilməsi halları çoxalıb”.

Mirəziz Seyidzadə bildirib ki, ələmdən ancaq imam Hüseynin təziyəsində, imam Hüseynin Kərbəla müsibəti mərasimləri zamanı döyüş rəmzi olaraq istifadə oluna bilər: "Gəzərək nəzir yığanlar isə ələmi əllərində tutmaqla, boyunlarından asmaqla camaatın qəlbində təlatüm əmələ gəlməsi, bir növ də insanların ələmdən çəkinib nəzir vermələri üçün istifadə edirlər. Bu, insanlarda həm də əlavə xof yaratmaqdır və qətiyyən düz deyil. Ələm islamiyyətin bayrağıdır və ondan mübarizə rəmzi kimi istifadə edilirdi. Nəziri, biyanəsi olan, yaxud köməklik etmək istəyən şəxslər qəlblərindən gələrək bunu edəcəklər. Onları müəyyən vasitələrlə məcbur etmək düzgün deyil”.

Kənan Hüseynov: "Ələm rəmz və ibadətlərə bağlanmaqla ilkin mahiyyətindən uzaqlaşdı”

İlahiyyatçı Kənan Hüseynov tarixi faktlara əsaslanaraq qeyd edir ki, islam dini yaranandan çox-çox sonralar ələm dini ayin və ibadətlərə bağlanmaqla ilkin  mahiyyətindən xeyli uzaqlaşıb: "Misal üçün, Səfəvilər dövlətinin dağılmasından sonra İranda, Əfqanıstanda, həmçinin Şimali Qafqazda yaranan bir çox hakim sülalər dini mərasim və döyüşlərdə ələmdən rəmz kimi istifadə etməyə başladılar. Şeyx Şamilin rus çarizminı qarşı müridizm hərəkatında da ələm əsas rəmzlərdən biri olub. İranda və İran körfəzində də ələmdən istifadə edilib.Hazırda Əfqanıstanda, Hindistanın siqxlər cəmiyyətində və bir sıra müsəlman dövlətlərində ələm yalnız dini ayin və mərasimlərlə uzlaşan rəmz halını alıb”.

İlahiyyatçı müasir dövrdə ələmə münasibətə gəlincə, onun bəzi dinbazların əlində təəsüflə xurafatçı alətə çevrildiyini deyib: "Ələmlə gəzməyin müqəddəsliyinə əsasən cənub bölgəsində güclü bir inam var. Sabirabadın Moranlı kəndində "Sarı Ələm” kimi tanınan və həccdən gətirildiyi iddia edilən ələm çox məşhurdur. Amma ümumi götürdükdə ələmin ən güclü tərəfdarları Masallıda yaşayan vətəndaşlarımızdır. Onlar ələmin şəfaverici olduğuna inanırlar. Bir də son 15-20 ildə Aşura günlərində bəzi dinbazlar ondan istifadə etməklə mənfəət götürürlər”.

"Oxu” jurnalı, 16-31 dekabr 2011

əlavə olaraq....


Bölmə: Maraqlı məqalələr | Baxılıb: 872 | Yüklədi: selefimedia