Baş səhifə » 2014 » Yanvar » 27 » İbn Teymiyyə (rahimahullah):" ƏN YAXŞI TƏFSİR KİTABLARI HANSILARDIR? "
10:59
İbn Teymiyyə (rahimahullah):" ƏN YAXŞI TƏFSİR KİTABLARI HANSILARDIR? "
ƏN YAXŞI TƏFSİR KİTABLARI HANSILARDIR?

Şeyxül-İslam ibn Teymiyyədən (rahimahullah) soruşdular :

" Hansı təfsirlər Quran və Sünnəyə daha yaxındır? Zəməxşəri, Qurtubi, Bəğavi, yoxsa, bunlardan qeyrisi? "

O belə cavab verdi:

" əl-həmdulilləh......İnsanların
əlində olan təfsir kitablarından ən mötəbər olanı "MƏHƏMMƏD İBN CƏRİR ƏT-TABƏRİ"nin təfsiridir. Çünki, o, sələflərin sözlərini sabit isnadlarıyla qeyd edir, onda bidət də yoxdur. O, Muqatil ibn Bukeyr və Kəlbi kimi ittiham olunmuş kimsələrdən rəvayət etmir. Hədisləri isnadla verilməyən təfsirlər də çoxdur. Buna da Muqatil ibn Bukeyr (və ya Bəkiyr) və Kəlbini misal çəkmək olar. Ayrıca Təfsir kitabı şəklində olmayıb lakin isnadla təfsir rəvayət edənlər də vardır. Abdur-Razzaqın, Humeydin, Vəki, İbn Əbi Quteybənin, Əhməd ibn Hənbəlinİshaq ibn Rahaveyhin təfsirlərini aid etmək olar. Soruşduğunuz "ÜÇ TƏFSİR KİTABI"nın içində bidətdən və zəif rəvayətlərdən ən uzaq olanı Bəğavinin təfsiridir. Lakin, bu kitab "Səaləbi"nin təfsirinin müxtəsəridir. Bəğavi onun təfsirindən uydurma hədisləri və onda olan bidətləri silib (təmizləmişdir.) O, bundan başqa şeyləri də silib (müxtəsər etmişdir).
«VAHİDİNİN TƏFSİRİ» : Vahidi özü Səaləbinin tələbəsidir. O, Ərəb dilində müəllimindən də məlumatlı olmuşdur. Müəllimi (Səaləbinin) başqaqlarını təqlid edərək (məlumat) götürməsinə baxmayaraq, onun kitabı bidətlərdən daha salamatdır. Vahidinin «Təfsirul-Vahidiyyu əl-Basiytu vəl-Vasiytu vəl-Vaciyz» adlı təfsirində gözəl faydalar, pis fəsadlı fikirlər və batil nəqllər də vardır.
«ZƏMƏXŞƏRİNİN TƏFSİRİ»: Bu təfsir bidət yığını ilə doludur. Bu təfsir Mötəzilə təriqətinə uyğun yazılmışdır. Burada Allahın sifətlərinin inkarı və Qurana məxluq deməyin iqrarı vardır. Həmçinin o, yaranmışların Allahın istəyi olmadan yarandığını və Allahın qulların əməllərinin Yaradıcısı olmasını inkar etmişdir. Onda bu şeylər kimi Mötəzilə təriqətinin əsaslarını ifadə edən məsələlərin iqrarı vardır.
«Onların 5 əsasları vardır» Bunu: 1) Tövhid. 2) əl-Adl. 3) əl-Mənzilətu beynəl-mənziləteyn. 4) əl-İnfəzu bil-Vaiyd. 5) Əmri bil-Məruf vən-Nəhyi anil-munkər – olaraq adlandırırlar. (Şeyx bunların mənalarını bir-bir izah edərək buyurur:)
Onlardakı "TÖVHİD"in mənası Allahın sifətlərinin inkarıdır. Buna görə də ibn Tomərt öz əshabını "muvahhidlər" adlandırmışdır. Bu isə yalnız və yalnız Allahın adlarının və (sifət) ayələrinin inkarıdır.
Onlaradakı "ƏL-ADL"ın mənası qədəri inkar etməkdir. Bu (inkar) qulların əməllərinin Allah tərəfindən yaranması, yaranmışların (Allahın istəyilə) yaranmasını və bir şeyə qüdrətinin çatmasının inkarıdır. Onlardan (mötəzilələrdən) bəziləri elmin və kitabın (yazının) öncə gəlməsini inkar edir. Lakin, bu söz onların imamlarının sözüdür. Zəməxşərinin Mötəziləyə gedib çatan məzhəbi isə Muğira ibn Əli, Əbu Haşim və onun tərəfdarlarıdır. Əbul-Hüseyninin məzhəbi və onun təriqətinə görə mötəzilədən olanlar iki növdürlər: Məşəyixiyyə və Xaşəbiyyə...
Amma, "ƏL-MƏNZİLƏTU BEYNƏL-MƏNZİLƏTEYN" anlayışının mənası iddia etdiklərinə görə" fasiq (günahkar müsəlman) kimsə tam olaraq mömin adlanmır, necə ki, o kafir də adlanmır. Beləcə fasiq kimsəni ikisi (möminlik və kafirlik) arasında bir mənzilə, dərəcəyə endirmişlər.
"ƏL-İNFƏZU BİL-VAİYD" onlarda o deməkdir ki, ümmətin fasiqləri (günahkar müsəlmanları) cəhənnəmdə əbədi qalacaqlar. Xavariclərin də dediyi "onların oradan heç bir şəfaətlə və s çıxa bilməyəcəklər" fikrini eynilə demişlər.
"ƏL-ƏMRİ BİL-MƏRUF VƏN-NƏHYİ ANİL-MÜNKƏR" isə onlara görə o deməkdir ki, rəhbərlərə qarşı çıxmaq və onlara qılınc qaldırmaq olar; Bu cür əsaslarla onun (Zəməxşərinin) təfsiri doludur ki, bir çox insanlar buna, bundan qəsd olunan məqsədə, o kitabdakı uydurma hədislərə, səhabə və tabeinlərdən rəvayətlərin azlığına fikir vermirlər.
"QURTUBİNİN TƏFSİRİ" isə, bundan (yəni, Zəməxşərinin kitabından) çox xeyirli, Quran və Sünnə əhlinin yoluna daha yaxın və bidətdən daha uzaqdır. Bu iki kitabdan hər biri (elmi) tənqidi haqq etsə də, bu iki kitab arasında mütləq ədalətli olmaq gərəkdir və hər birinə (fikir bildirməkdə) haqlı davranılmalıdır.
"İBN ATİYYƏNİN TƏFSİRİ" Zəməxşərinin təfsirindən bəzi şeyləri ehtiva etsə də, bu təfsir o təfsirdən rəvayət etmə, araşdırma və bidətdən daha uzaq olmasıyla daha mötəbər və xeyirlidir. Doğurdan da, bu kitab "əl-Kəşşaf"dan olduqca xeyirlidir. Ola bilsin ki, bu kitab qeyd olunan təfsirlərin ən üstünüdür. Lakin, ibn Cərir ət-Tabərinin təfsiri bu kitabların hamısından daha mötəbərdir. Həmçinin, bir çox başqa təfsir kitabları da vardır; İbnul-Cövzinin və əl-Mavərdinin təfsirləri və s.
------------------------
-----------
----
QEYD:

Bu sual və cavab "məcməul-Fətəva" əsərindən şeyxin tələbələri tərəfindən cəm edilmiş
(Təfsirə aid mövzuları əhatə edən)
"DƏQAİQUT-TƏFSİR" əsərindən əxz edilmişdir.
(ərəbcəsində 1-ci cild, səh 85;)

Hazırladı:

Sahib Əsədov

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 1002 | Yüklədi: selefimedia