Baş səhifə » 2015 » Noyabr » 18 » Hacı Qamət: “O nazirin ailə üzvü sələfidirsə..” - MÜSAHİBƏ
10:31
Hacı Qamət: “O nazirin ailə üzvü sələfidirsə..” - MÜSAHİBƏ


Artıq 7 ildir Bakıdakı “Əbu Bəkr” məscidindən istifadəyə rəsmən qadağa qoyulub. 2008-ci il avqustun 17-də məscidə qumbara atılması ilə törədilən terror aktına görə məsciddən istifadə yasaqlanıb. Məscidin axundu Hacı Qamət Süleymanov Modern.az saytının suallarını cavablandırıb.

- Məscidin qapısı qıfıllıdır. Neçə illər bundan öncə baş verən hadisədən sonra bu dini obyektdən istifadə rəsmən qadağan olunub. Hazırda bura gün ərzində, xüsusilə cümə günləri ibadətə gələnlər  kimlər olur?

- 2008-ci ildə məscidə qumbara atılandan sonra buradan istifadə qadağan olunub. Lakin hazırda bizim idarənin müəyyən üzvləri və mən özüm də gün ərzində ibadətlərimizi və namazlarımızı burada edirik. Məscidə qoyulan qadağanın aradan qaldırılması barədə dəfələrlə müraciət etmişəm. Lakin hələ də razılıq verilməyib. Buna baxmayaraq, bura məsciddir - Allahın evidir, ibadətə məhdudiyyət qoyulmamalıdır.  Təbii ki, burada ibadət edənlərin sayına limit qoyulub. Cümə günləri namazda ən çoxu 10-15 nəfər olur. Azərbaycanda, əsasən da Bakıda məscidlərə ehtiyac olduğu bir zamanda buranın bağlanması düzgün deyil. Biz də istəyirik ki, normal şəkildə, kim istəyirsə, gəlib burada namazını qılsın.

- Fransadakı məlum terror hadisələrində günahsız insanlar məhv oldu. İraq-Şam İslam Dövləti (İŞİD) təşkilatının həyata keçirdiyi terror aktlarında müsəlmanların iştirakını necə qiymətləndirirsiniz?

- Fikirləşirəm ki, İŞİD terror təşkilatına yalnız əhli-sünnələrin, əsasən də sələfilərin daha çox qoşulduğunu iddia etmək düzgün yanaşma deyil. Çünki İŞİD-in sıralarında şiələr və qeyri təriqətlərdən olan insanlar, müxtəlif millətlərin nümayəndələri, ümumiyyətlə, bəlkə də dinlə əlaqəsi olmayan adamlar da var.  Çünki bu təşkilat yalnız dindarlardan ibarət deyil. Bu, bir terror təşkilatıdır. Təbii ki, mən hər zaman bu təşkilata üzv olmaq və Suriyaya döyüşmək məqsədi ilə getmək istəyənləri o yoldan çəkindirməyə çalışmışam. Çünki ora terror törətməyə gedirlər. Fransadakı hadisə də təbii ki, insanlıq əleyhinə olan cinayətdir. Əslində bu hadisələrin  birbaşa olaraq dinlə əlaqələndirilməsi düzgün deyil. Din burada müəyyən qüvvələrin əlində bir vasitədir.

- Ümumiyyətlə, sələfilik əqidəsinə mənsub olanların yaxınlarının və qohumlarının onlara münasibəti necə olur? Yəni sələfilərin saqqal saxlayıb və şalvarlarının balaqlarını qısaltmaları ailədə və cəmiyyətdə necə qarşılanır ?

- Bəzən ibadət edən gənclər bizə onların ailədə ata-anaları tərəfindən pis qarşılandıqları, bu övladlarına görə cəmiyyətdə utanc hissi keçirdiklərini deyirlər. Ancaq bunlar düzgün yanaşma deyil. Narkomaniyadan, oğurluqdan və bütün pis əməllərdən uzaq olduğu halda ibadət edən sələfilərə saqqal saxladıqlarına görə niyə terrorçu kimi baxılmalıdır? Bu, səhvdir. Demək istəyirəm ki, saqqal saxlayıb ibadət etmək, yaxud şalvarın balağını qısaltmaq o demək deyil ki, həmin insan radikaldır, yaxud terrorçudur. Bu cür düşünmək, ümumiyyətlə, əhli-sünnəyə, sələfiliyə qarşı aparılan kampaniyadır. Müəyyən qüvvələr sələfiliyi nüfuzdan salmaq və bu məzhəbdə mənfi obraz yaratmaq məqsədi ilə bunları həyata keçirirlər. Bəziləri bizlərə radikal dindarlar deyirlər, ancaq 2008-ci ildə məhz biz hansısa qüvvələr tərəfindən terrora məruz qaldıq. Radikallar tərəfindən məscidə qumbara atıldı. Təbii ki, bunların hamısı yalnız sələfilikdə terrorçu obrazı yaratmağa hesablanıb.

Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədri Hacı Taleh Bağırzadənin  müavini Elçin Qasımovun və bir neçə dindarın həbs olunmasına münasibətiniz necədir?

- Mən, ümumiyyətlə, o adamları tanımıram. Təbii ki, hökumətə, dövlətə qarşı çıxanlar, başqa mənfi qüvvələrin təsiri altında Azərbaycana qarşı kampaniya hazırlayanlar ən ağır cəzaya məruz qalmalıdırlar. Ona görə də dinindən və digər mənsubiyyətlərindən asılı olmayaraq kim qanunu pozub təxribat yaratmaq istəsə, hökmən cəzasını almalıdır.

- Bəzən mediada hansısa məmurun, yüksək vəzifəli şəxslərin ailəsindən olanların, yaxud onların qohumlarının məscidə gəlib namaz qıldıqları yazılır. Bu məlumatlar haqda nə deyə bilərsiniz?

- Yazılanların heç biri reallığı əks etdirmir. Çünki, birincisi, bu məsciddən istifadəyə dair qadağa var. İkincisi, hansısa nazirin, yaxud məmurun ailəsindən olan, yaxın qohumu sələfidirsə, məncə burada pis bir şey yoxdur. Müsəlmandır, namaz qılır. Burada qeyri-adi nə ola bilər ki? Digər tərəfdən, İslamda ibadətdə heç kimə vəzifəsinə, yaxud cəmiyyətdə tutduğu mövqeyinə, kiminsə ailə üzvü olduğuna görə fərq qoyula bilməz. Kim istəyirsə, gəlib ibadət edir.

- Məscidin həyətindəki mansard yavaş-yavaş dağılmaq üzrədir. Ümumi görünüşcə də məscid baxımsız hala gəlib. Bununla bağlı işlər görülür?

- Əslinə qalsa 2008-ci ildə qoyulan qadağadan bu günə kimi məscidin tam təmirə ehtiyacı yaranıb. Amma ki, məlum məsələdir ki, təmirə maliyyə lazımdır. İndiki durumda bu həqiqətən də çətin məsələdir. İbadət edən insanlar təbii ki, könüllü yardım etsələr, düzəltmək olar. Bəzən imkan olduqca, qardaşlar köməklik edirlər. Amma yenə də onlarla kifayətlənmək çətindir, təmirə çoxlu vəsait lazımdır.

Hüquq-mühafizə orqanları ilə münasibətləriniz necədir? Məsciddən ara-sıra istifadə etmək sizinlə hüquq-mühafizə orqanları arasında problem yaratmır?

- Xeyr, bizim hüquq-mühafizə orqanları ilə heç bir problemimiz yoxdur. Çünki qanunu pozmuruq, təxribat törətmirik. Sadəcə, ibadətimizi edirik, namazımızı qılırıq. Kiminsə işinə maneə törətmirik. Qanunsuz işlə də məşğul deyilik, ictimai asayişi pozmuruq.


Ağa Akifoğlu

http://modern.az/articles/89393/1/

 

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 2045 | Yüklədi: Azerislamoglu