Baş səhifə » 2018 » Dekabr » 24 » Həcc, yoxsa Ərbəin? İslamın təməllərini yıxan siyasət .
11:30
Həcc, yoxsa Ərbəin? İslamın təməllərini yıxan siyasət .

Həcc, yoxsa Ərbəin?

İslamın təməllərini yıxan siyasət .


"Kərbəla Kəbədən üstündür” iddiaları zaman-zaman fikir olaraq ortaya atılsa da, mövcud mənzərə bu iddianın gerçəkləşdirilməsi üçün aktiv fəaliyyətin başlandığını göstərdi. Bir neçə gün öncə Azərbaycandan Ərbəin mərasimində iştirak etmək üçün İraqa gedənlərin açıqlanan sayı, ümumilikdə Ərbəin mərasimi ilə bağlı aparılan təbliğat və bunun nəticələri isə həm İslam dəyərləri, həm də bütün regionun dini kimliyinin yanlış yola yönləndirilməsi kontekstində təhlükəli tendensiyalardan xəbər verir.

İran Astarasında fəaliyyət göstərən “Ərbəin Mərkəzi”nin son məlumatında deyilir ki, bu il Azərbaycandan 12 min zəvvar Ərbəin mərasimində iştirak etmək üçün İrana, oradan da İraqa yola düşəcək. Məlumatda diqqət çəkən məqamlardan biri də odur ki, “Ötənilki statistika ilə müqayisədə bu il Ərbəin mərasiminə qatılan xarici zəvvarların sayı 25 faiz artıb və bu artımın böyük əksəriyyətini Azərbaycandan gedənlər təşkil edir”. Feysbukda “Eşq səfəri_Ərbəin” səhifəsinin yaydığı videogörüntülərdə azərbaycanlıların Ərbəin mərasimində iştirak etmək üçün artıq yola çıxdığı və İran-İraq sərhədinə çatdığı öz əksini tapıb.

Hər il dünyadan milyonlarla insan Ərbəin mərasiminə qatılmaq üçün yollara düşür. Ərəbcə “qırxıncı gün” mənasını daşıyan Ərbəin günü şiəlikdə hicri təqvimi ilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının 20-ci günüdür. Həmin gün Məhərrəm ayının 10-cu günü Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir. İmam Hüseynin məzarı ilk dəfə Ərbəin günündə, yəni şəhid olmasından 40 gün sonra yad edildiyi üçün şiələr indiyə qədər bu günü müqəddəs hesab edirlər.

Və məsələ heç də Ərbəin mərasiminin mənfi çalarlar daşıdığını demək, yaxud şiə məzhəbinin inanclarına qarşı çıxmaq deyil. Məsələnin təhlükə tərəfi İranın Ərbəin mərasimi üzərindən apardığı siyasət və bu siyasətin İslamın ana təməllərinə qarşı olması, eləcə də regionun dini kimliyinin siyasi hədəflərə alət edilməsidir.

İslamda əsas şərtlər, yaxud Ərbəin Həcc ziyarətini əvəz edir?

İslam dininin 5 əsas şərti var və bu bütün məzhəblərdə eynilik təşkil edir: Kəlmeyi-şəhadət; namaz; oruc; Həcc ziyarəti; zəkat;

Allah hər bir müsəlmana bu 5 əsas şərti yerinə yetirməyi buyurur. Məzhəbindən asılı olmayaraq, istənilən müsəlman üçün bu şərtlər vacib hesab olunur, yerdə qalanlar isə daha çox şəriətdən irəli gələnlərdir. İslamın təməllərinə qarşı çıxılmadığı təqdirdə şəriətlər o qədər də təhlükəli hesab olunmur, lakin bu şərtlərə qarşı hər hansı alternativin yaradılması və bunun təbliğ edilməsi artıq Məhəmməd Peyğəmbərin rəsulu olduğu Allah dininin sarsıdılmasına gətirib çıxarır. İranın dini dairələrinin Ərbəin mərasimi üzərindən apardığı siyasətin mahiyyətində də məhz bu təhlükələr aydın şəkildə sezilir.

Ayətullahların təbliğatı və onlara tapınanların inamı: İran ayətullahları, eləcə də din adamları Ərbəin mərasimini hər bir möminin yerinə yetirməsi vacib olan şərtlərdən biri kimi təqdim edir. Məzhəbçilik şərtləri daxilində şiə dini liderlərinin bu mövqeyini anlayışla qarşılamaq olar, lakin ortada siyasi hədəflər və bu hədəflər üçün şiəlik üzərindən manipulyativ təbliğatların mövcudluğu narahatlıq doğurur.

Birinci nümunə: ayətullahların təbliğatında deyilir ki, “Məhəmməd Peyğəmbər (s) buyurur ki, dinin sütunu namazdır. İmam Hüseyn buyurur ki, “Əhli-Beytin də sütunu Ərbəin ziyarətidir”, yaxud, “Peyğəmbər (s) mənəvi süfrə açıb, bəşəriyyəti bu süfrəyə çağırıb. İmam Hüseyn də eynən peyğəmbər kimi hərəkət edib, ilahi peyğəmbərlər sayağı öndə gedib və xalqı arxasınca çağırıb”.

Burada Allahın rəsulu ilə İmam Hüseynin eyniləşdirilməsi cəhdi aydın görünür. Hərçənd, Həzrət Əlinin və onun nəslinin timsalında Əhli-Beyt belə bir iddiada olmayıb, əksinə, belə iddialar Əhli-Beytin xatirəsinə zidd olan yanaşmadır. Lakin bunun belə təqdim edilməsi tarix boyu İranda teoloji quruluşun siyasi maraqlarına xidmət edib.

Bunun acı nəticəsidir ki, zaman-zaman ayətullahların dediklərinin Qurani-Kərimdə buyurulanlardan daha “qiymətli” qəbul edilməsi, “Kərbəlanın Kəbədən üstün” olduğu iddialarının dilə gətirilməsi, bir çox hallarda isə İmam Hüseynin Məhəmməd Peyğəmbərdən üst qata çıxarılması və s. kimi möhvümatçı düşüncələr kütləviləşir və bütün bunlar şiə icmalarının daha az elmli təbəqələri üzərində ciddi təsir rıçağına çevrilir.

Bunun digər acı nəticəsidir ki, belə təbliğat şiələrin şiəlik inancından çıxması və İslam dininin dəyərlərinin parçalanmasına səbəb olur. Hərçənd, İranın şiəliyi bu kontekstdə təqdim etməsində siyasi hədəfləri aydındır: bölgənin dini kimliyi üzərində siyasi güc formalaşdırmaq.

Livanda Hizbullah və tərəfdarları, Yəməndə husilər, Suriyada nüseyrilər və digər bu kimi şiəlik təməlləri üzərində qurulan icmaların İrana bağlılığı və İranın bu qüvvələr üzərindən bütün coğrafiyada həyata keçirdiyi siyasi maraqları çox şeyi aydınlaşdırır.

- Hizbullah istənilən vaxt Livan dövləti üçün, eləcə də bütün bölgədə “dəmir yumruq” rolunu oynayır;

- Yəməndə husilər İranın planlarına əsasən illərdir mərkəzi hökumətə qarşı döyüşürlər;

- Suriyada nüseyri olan Bəşər Əsəd nümunəsi göz önündədir;

- İran körfəz ölkələri olan Bəhreyn, Küveyt və Qətərdə də şiə kartından siyasi planlarda istifadə edir;

Məsələnin Azərbaycan insanı üçün daha da aydın olması üçün Nardaran hadisələrini əyani sübut kimi göstərmək olar. Nardaran onilliklər boyu İran ayətullahlarının fətvaları ilə hərəkət edir, Azərbaycan dövlətini tanımırdı. Ayətullahlarının fətvaları ilə hərəkət edən Tale Bağırzadə faktiki olaraq dövlətə qarşı silahlı qiyam qaldırmağa cəhd etdi. Bu cəhdin qarşısı vaxtında alınmasaydı, böyük ehtimalla gələcəkdə Azərbaycan Yəmənin taleyi ilə üzləşəcəkdi.

Bütün bunlar İrandakı teoloji quruluşun məhz şiə inancını siyasi hədəfləri həyata keçirmək üçün vasitəyə çevirməsi nəticəsində yaşananlardır. Və buna məhz Əhli-Beyti ilahiləşdirməklə, İmam Hüseynin xatirəsinə zidd şəkildə onu Allahın rəsulu ilə eyni mərtəbəyə qoymaqla, hətta İslam dininin təməl prinsiplərinin əksinə çıxaraq, inanclıların inancı üzərində manipulyasiya etməklə nail olur. Hərçənd, şiə məzhəbinin təməlləri bu gün İranın apardığı təbliğatdan xeyli fərqlənir. İranın təbliğatı daha çox Xomeyniçiliyin əsasları, hətta Xomeyniçiliyin bir qədər də təhrif olunmuş forması üzərində qurulub.

Ərbəin mərasiminin tarixi mahiyyətindən çıxarılaraq, İslamın 5 əsas şərtindən biri olan Həcc ziyarətinə alternativ olaraq təqdim edilməsi də bu təbliğatın bir parçasıdır.

İkinci nümunə: ayətullahlar “namaz və Ərbəin ziyarətinin insanı kamilləşdirdiyini” iddia edirlər. Həqiqətdə isə bu, Allahın buyurduğu kimi “namaz və Həcc ziyarətinin insanı kamilləşdirdiyi” olmalıdır.

Bu təbliğat nəticəsində Ərbəin mərasimi tarixi mahiyyətindən çıxaraq, siyasi ideologiyaya çevrilib. Hər il müxtəlif ölkələrdən bu mərasimə qatılanların sayının artması, şiə inancına sahib olanlar arasında “Həccə yox, Ərbəinə gedin” fikirlərinin yayılması və Ərbəinin Həcc ziyarətini əvəz etdiyinə dair iddiaların çoxalması də bu təbliğatın nəticəsidir.

Təsadüfi deyil ki, son dövrlər Azərbaycanda da belə fikirlərə, xüsusilə sosial şəbəkələrdə bu kontekstdə aparılan təbliğata rast gəlinir. Diqqət çəkən əsas məqamlardan biri isə Həcc ziyarətini Ərbəin ziyarəti ilə əvəz edilməsini deyənlərin Kəbənin yerləşdiyi Səudiyyə Ərəbistanında mövcud kral hakimiyyətinin mənfi əməllərini öz fikirlərinin arqumenti kimi təqdim etmələridir. Halbuki Həccə ziyarətinin edildiyi Kəbə 14 əsrdir mövcuddur və Səudiyyəni idarə edənlərin pis, yaxud yaxşı olmasının İslamın 5 əsas şərtindən birinin “sıradan çıxarılması”na bəhanə olması absurd yanaşmadır. Lakin təkcə bu arqumentə rast gəlmək belə təbliğatın İranın dini dairələrinin mətbəxində hazırlandığı və məqsədin siyasi hədəflər olduğunu açıq şəkildə göstərir:

a) Ərbəinin Həccə alternativ olaraq təqdim edilməsi bütün şiə inanclıların Kəbəyə yox, Kərbəlaya gəlməsini təmin etmək, beləliklə, İslam aləmində ikinci dini-siyasi mərkəzə çevrilmək məqsədi daşıyır.

b) İran Ərbəin mərasimini İslamın əsas şərtlərindən birinə çevirməklə, region ölkələrinin əhalisini öz bayrağı altında toplamağı və istənilən vaxt bu gücdən siyasi hədəflər üçün istifadə etməyi düşünür.

c) Ərbəinin Həcc ziyarəti ilə eyniləşdirilməsi İrana həm də Səudiyyə Ərəbistanı ilə illərdir davam edən siyasi mübarizədə lazımdır.

Görünür, İranın dini mərkəzləri üçün hədəfə aparan bütün yollar, hətta İslamın təməllərinin yıxılması belə mübahdır.

Və İslam təməllərinin sarsıdılmasına gətirib çıxaran bu teoloji strategiyaya Yəmən, Suriya və Yaxın Şərqin bir neçə ölkəsinin üzləşdiyi vəziyyət, o cümlədən, Nardaran hadisələri fonunda baxdıqda Azərbaycandan Ərbəin mərasiminə gedənlərin sayının çoxalması həyəcanlıdır. Məlumatlara görə, Kərbəlaya hər il 20 min nəfərə yaxın azərbaycanlı ziyarətə gedir. İraq hökumətinin açıqladığı statistikada isə qeyd olunur ki, 2016-cı ildə 17 min Azərbaycan vətəndaşı bu ölkəyə ziyarətə gedib. Onların 12 min nəfəri məhz Ərbəin mərasimlərinə qatılıb. 2017-ci ildə bu göstərici 18 minə çatıb. “Ərbəin Mərkəzi”nin məlumatında bu il Azərbaycandan ziyarətə gedənlərin sayının 12 min olduğu göstərilsə də, bu rəqəmlərin daha da artacağı gözlənilir. Belə kütləviliyin gələcəkdə yarada biləcəyi təhlükənin miqyasını təsəvvür etmək çətin deyil.

Azərbaycan yüz illərdir şiə inancına mənsub insanların ölkəsidir. Lakin heç vaxt toplum olaraq radikallığa, nəinki İslamın digər məzhəblərinə, hətta qeyri-ənənəvi dinlər də daxil olmaqla bütün dinlərə qarşı çıxmağa meylli olmayıb. Əksinə, bu gün Azərbaycanda çoxluq təşkil edən şiə kəsimi sünnilərlə birgə vəhdət namazı qılır, etiqad azadlığı dövlət səviyyəsində qorunur, bu siyasətin nəticəsində yaranmış dini tolerantlıq bütün dini sivilizasiyalar üçün örnək rolunu oynayır.

Təəssüf ki, zaman-zaman İranın müəyyən dini dairələrinin iki ölkə arasındakı münasibətləri bir kənara ataraq, Azərbaycanda radikal mərkəzlər yaradıb, dövlətə qarşı çıxarılması hallarının şahidi olmuşuq. Nardaran hadisəsi və Tale Bağırzadənin terror qruplaşması, sonuncu dəfə isə Gəncədə törədilən terror aktları bunun ən mənfi nümunələri idi. Dövlət öz mövcudluğu və gələcəyi üçün təhlükə olan bu tendensiyaları sıradan çıxartdı. Lakin silahlı terrorçuları “şəhid” olaraq təqdim edən İranda müəyyən dini dairələrin dəstəklədiyi “Nur-az”, “Eşq səfəri_Ərbəin”, “İlahi nəsihətlər”, “Bermeki Müttəqi” kimi sosial şəbəkə səhifələri və bu dairələrə bağlı xəbər saytlarının bu gün Azərbaycanda mövcud dini tolerantlığa qarşı çıxması, inanclı insanlar arasında yanlış təbliğat aparması təhlükənin hələ də mövcud olduğundan xəbər verir. Bununla yanaşı, İranın dini dairələri tərəfindən maliyyələşən müəyyən qrupların Azərbaycanda inanclılar arasında Ərbəin təbliğatını aparması və mərasimə səfərlərin təşkil etməsi də diqqət çəkir. Müşahidələr göstərir ki, İranın maraqlarına uyğun gəlməyən şəxslər tərəfindən təşkil edilən adi ziyarətlərə süni maneələr yaradılır, bəzən də nəzarət edilən sosial səhifələr vasitəsilə onların əleyhinə məqsədyönlü kampaniya aparılır. Nəticədə şiə məbədlərinə azərbaycanlıların ziyarətinin təşkili vahid mərkəzdən yönləndirilir. Beləliklə, həm maliyyə vəsaitləri vahid mərkəzdən idarə olunur, həm Ərbəin mərasimlərinin bəzi sirləri ört-basdır edilir, həm də radikal şiəliyin bütün mexanizmləri iranlıların əlində cəmlənərək Azərbaycanın ictimai-siyasi həyatına təzyiq mexanizmləri yaradılır.

Nəticədə: İslamın təməllərini yıxaraq siyasi hədəflərə nail olmaq istəyən dini dairələrin Azərbaycan daxilinə uzanan əlləri çoxalır; Azərbaycan insanı yanlış təbliğata qurban gedərək, Allahın buyurduğu dini şərtlərdən uzaqlaşır; Ərbəində İslam dininin buyruğunun əksinə olaraq, “qan tökənlər” ölkəyə qayıdandan sonra radikallığa meyllənir (Nardaran və Gəncə hadisələri məhz Aşurada “qan tökmək” istəyənlər üzərindən həyata keçirildi); faktiki olaraq, Ərbəinə gedənlərin beyinləri yuyulur və onların arasında dövlətə qarşı potensial silah olaraq geri qayıdanların olmadığına heç kim zəmanət verə bilməz;

Bəzi faktlar da bu təhlükənin miqyasını göstərir: Məlumata görə, ötən ilki Ərbəin səfəri zamanı İranın nüfuzlu dini xadimləri “zəvvar”lar arasında təbliğat aparıb. Bəzi zəvvarlar istirahət adı ilə otellərdə yox, müxtəlif İran vətəndaşlarının evlərində və xüsusi düşərgələrdə məskunlaşdırılıb. “Zəvvar”lar arasında “moizə” oxuyanların sırasında Azərbaycan vətəndaşlarından hazırlanmış “xüsusi ruhanilər”, İranda və ya postsovet respublikalarında yaşayan və “Hüseyniyyun” adlı terror təşkilatı yaradaraq Azərbaycanda siyasi hakimiyyəti ələ almaq istəklərini qətiyyən gizlətməyən Cənub bölgəsindən olan Tohid İbrahimbəyli kimi şəxslər kifayət qədərdir.

Ərbəin səfərində ən diqqətçəkən məqamlardan biri də insanların piyada getdikləri yollarda onlara xidmət etmək üçün Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Mübariz İbrahimov və Emin Bağırovun adına xeymələrin (çadır) qurulmasıdır.

- Azərbaycanda dövlət quruluşuna qarşı silahla çıxan terrorçuları “şəhid” adlandıranların Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların adına xeymələr qurması nə qədər səmimi ola bilər?
 

XÜSUSİ QEYD: Ötən il Ərbəin yürüşü zamanı Kərbəla, Nəcəf və digər şəhərlərdə Nardaran hadisələrinə görə həbs edilən şəxslərin çoxsaylı şəkilləri divarlara yapışdırıldı, onların azadlığa buraxılması üçün şüarlar səsləndirildi. Həmin hadisələr vaxtı silahlı müqavimət göstərdikləri üçün məhv edilmiş şəxslər “şəhid övladları” kimi təqdim olundu. İranın Ərdəbil şəhərində “Nardaran şəhidləri”nə yas mərasimləri təşkil edildi, həmin şəhərin imam cüməsi Həsən Amili ilə görüşlər keçirildi.

- Azərbaycan torpaqlarını işğal edən Ermənistana siyasi-iqtisadi dəstək verənlərin işğalçı erməni hərbi birləşmələri tərəfindən şəhid edilənlərin adlarından istifadə etməsi nəyə hesablanıb?

Bu təbliğatın arxasında potensial tərəfdar yığmaq planı dayanır:

1. Azərbaycandan Ərbəin mərasiminə gedənlər üzərində empatiya qurulur;

2. Ərbəin səfərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların adının yaşadılmasını görənlər geri qayıdandan sonra Azərbaycana qarşı çıxan dini dairələrinin potensial tərəfdarına çevrilir, hətta onların “şəhid” adlandırdığı terrorçuları da Mübariz İbrahimov səviyyəsinə qaldırır;

3. Burada İranın Ermənistanın işğalçılıq siyasətinə dəstək verməsi faktı Azərbaycan şəhidlərinin adı ilə pərdələnir. Yəni “Ermənistana dəstək versəydik, onlarla döyüşdə şəhid olanlara qiymət verməzdik” mesajı verilir.

4. Nəhayət, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlara “dini status” verilərək, inanclı insanların rəğbətinin qazanılmasına cəhd edilir və gələcəkdə onlardan siyasi proseslərdə istifadə etmək planlaşdırılır.

Və nə təsadüf ki, Ərbəin yollarında Azərbaycan şəhidlərinin adına xeymələrin qurulduğu təbliğatını aparan “Nur-az”, “Eşq səfəri_Ərbəin” kimi səhifələrdə son günlər “Azərbaycanda şəhidlərin qan pulu verilmir” kimi yalan xəbərlər aktiv şəkildə tirajlanır.

Göründüyü kimi, məsələ İmam Hüseyn eşqi, yaxud Kərbəla müsibəti yox, bu amillər üzərindən nəinki konkret hansısa ölkənin, ümumilikdə bütün regionun dini kimliyinin manipulyasiya olunması, ən dəhşətlisi isə İslamın 5 əsas şərtinin siyasi maraqlara uyğun dəyişdirilməsinə cəhdin edilməsidir.

Mənbə : http://axar.az/news/hadise/319039.html

Bölmə: Maraqlı məqalələr | Baxılıb: 624 | Yüklədi: Azerislamoglu