İbn Ömər (radiyallahu anhu) dedi :
- Allah Nəbisi (salləllahu aleyhi və səlləm) Ramazanın fitrə zəkatını 2,5 kq xurma və ya buğda çıxartmağı hər bir müsəlman kimsəyə : qadın və kişiyə, böyük və kiçiyə, azad və qula fərz etmiş və insanların Bayram namazına çıxmazdan əvvəl vermələrini əmr etmişdir.
(Buxari )
İbn Ömər (radiyallahu anhu) fitrə zəkatını bayramdan bir və ya iki gün öncə çıxardardı.
Müsəlman özünün və ailəsinin Bayram günü və gecəsi gündəlik qidasından artıq ərzağı olduğu halda özünün və ehtiyacını təmin etmək üçün öhdəsinə götürdüyü müsəlmanın zövcəsi, uşaqları adından fitrə zəkatını çıxarmalıdır. Yaxşı olar ki, bacardıqca hər kəs öz adından çıxarsın, çünki bu hər kəsin özündən tələb olunur. Anaya öz bətnində olan uşaq üçün fitrə zəkatı çıxarmaq VACİB DEYİL.
⚠ Diqqət : Fitrə zəkatını PUL şəklində çıxarmaq isə DÜZGÜN DEYİL. Bu Allah Nəbisinin (salləllahu aleyhi və səlləm) əmrinə və Əshabının etdiyi əmələ müxalifdir. Allah Rasulu (salləllahu aleyhi və səlləm) demişdir : Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o rədd olunur.
(Muslim)
✔ Hikməti :
Abdullah ibn Abbasdan (salləllahu aleyhi və səlləm) gələn bir hədisdə belə deyilir :
- Allah Rasulu (salləllahu aleyhi və səlləm) fitrə zəkatını oruc tutanın pis və boş-boşuna etdiyi əməllərindən təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir. Kim onu bayram namazından ƏVVƏL çıxararsa ZƏKATDIR, kim də ki, namazdan SONRA çıxararsa sədəqələrdən bir SƏDƏQƏDİR.
(Əbu Davud və İbn Macə)
✔ Fitrə zəkatının çıxarılması vacib olan şeylər bunlardır :
- Fitrə zəkatı xurma, buğda, düyü və insanların adətən yedikləri başqa şeylərdən çıxarılır.
Əbu Səid əl Xudri (Allah ondan razı olsun) belə rəvayət etmişdir :
- Allah Rasulu (salləllahu aleyhi və səlləm) zamanında fitrə zəkatını 2,5 kq yeməkdən çıxarardıq. O zaman yeməyimiz buğda, kişmiş, pendir (kəsmik) və xurma idi.
(Buxari)
✔ Fitrə zəkatının vacib olduğu vaxt:
- Bayram gecəsi günəş batdıqdan sonra fitrə zəkatını çıxartmaq vacib olur. Günəş batmazdan bir dəqiqə olsa belə qabaq ölən şəxsə fitrə zəkatı vacib olmaz. Günəş batdıqdan bir dəqiqə olsa belə sonra ölən şəxsin əvəzinə fitrə zəkatı çıxartmaq vacibdir. Günəş batmazdan qabaq doğulan uşaq üçün fitrə zəkatı çıxartmaq vacibdir. Günəş batdıqdan sonra doğulan uşaq üçün fitrə zəkatı vacib deyildir.
✔ Fitrə zəkatının çıxarıldığı vaxt :
- Fitrə zəkatı səhabələrin etdiyi kimi Bayram günündən bir və ya iki gün əvvəl çıxarılır. Abdullah ibn Ömərin (radiyallahu anhumə) köməkçisi olan Nafidən belə dediyi rəvayət olunur :
- Fitrə zəkatını Bayram günündən bir və ya iki gün qabaq çıxarardılar. (Buxari)
Son vaxtı isə İbn Ömər və İbn Abbasın (radiyallahu anhum) Hədisində keçdiyi kimi Bayram namazıdır.
✔ Miqdarı :
- Hər bir müsəlmana bir saa (çəki vahidi), yəni 2,5 kq çıxartmaq düşər. Fitrə zəkatını bir neçə kasıb arasında bölmək caizdir. Həmçinin, bir neçə fitrə zəkatını bir adama vermək olar.
✔ Kimlərə verilir :
Abdullah ibn Abbasdan (radiyallahu anhumə) gələn hədisdə deyildiyi kimi «kasıbların doyması», yəni fitrə zəkatı müsəlman kasıb və fəqirlərə verilir.
✔ Verildiyi yer :
- Fitrə zəkatı fəqirlərin olduğu, daim məskunlaşdığı və qaldığı başqa yerlərdə də verilə bilər. Həmçinin, fitrə zəkatını başqa ölkəyə göndərmək də olar. Əslən bu caizdir, qadağa etmək üçün dəlil olmalıdır.
⚠ Diqqət : Bəzi insanların etdiyi kimi fitrə zəkatını kasıb və fəqirlərə deyil, yaxın qohumlara, qonşulara, bir-biri ilə dəyişərək və ya hər il zəkat əhli olub olmadığına baxmadan eyni ailəyə vermək xətadır.
✏ Hazırladı : Səid İsrafilov / Mədinə Beynəlxalq İslam Universitetinin məzunu.
feqih.com saytı tərəfindən hazırlanmışdır