Baş səhifə » 2014 » İyun » 28 » Qamət Süleymanov: "Belə rəy var ki, İŞİD-i İran qurub."
22:03
Qamət Süleymanov: "Belə rəy var ki, İŞİD-i İran qurub."

Qamət Süleymanov:

"Belə rəy var ki, İŞİD-i İran qurub."

“Fərqi yoxdur ki, rəhbər zalımdır, ya yox, ona qarşı çıxmaq düzgün yol deyil”

Azərbaycanın və dünyanın diqqət mərkəzində sələfi və xəvaric təriqətinin üzvləridir. Xəvariclərin İraq və Şam İslam Dövləti adlı silahlı birləşmələrinin Suriya və İraqda fəaliyyəti, bu qruplaşmalarda azərbaycanlıların da iştirakı ciddi proseslərin cərəyan etməsindən xəbər verir.

 
Belə bir ərəfədə isə Azərbaycanda selefxeber.az saytı fəaliyyətə başlayıb. Xəbər portalında sələfilərin məqalələri dərc olunur. Saytın “Haqqımızda” bölümündə qeyd olunub ki, bizim üçün rəhbər hansı şəkildə hakimiyyətə gəlib, ədalətlidir ya deyildir, prezidentdir və ya padşah - bunların heç biri əhəmiyyətli yoxdur: “Hər bir halda, ona tabe olmaq - mütləqdir”. Müsəlman-rəhbərə (bizim halda - Ali Baş Komandana) qarşı müxalif mövqeyin istənilən şəkildə təzahürü İslam dininə görə qadağandır (haramdır). Beləliklə, Quran, Sünnə və bütün keçmiş və indiki ortodoksal sünni alimlərinin yekdil rəyinə əsasən, “gizli yığıncaqlarda” və ya ictimaiyyət qarşısında, sözlə və ya hərəkətlə olmasından asılı olmayaraq dövlət başçısını tənqid etmək olmaz".
 
Saytın “Müsəlman öz dövlət rəhbərinə necə münasibət bəsləməlidir” başlıqlı məqaləsində isə qeyd olunub ki, iqtidara gəlmək formasından asılı olmayaraq, faktiki hakimiyyət əlində olan hər bir müsəlman dövlət başçısına biyət etmək müsəlmanın borcudur. 
 
“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov sələfi saytının fəaliyyəti, portalda gedən məqalələr, İŞİD-in Suriya və İraqdakı əməlləri haqda suallarımızı cavablandırıb.
 
- Hacı, bu sayta siz rəhbərlik edirsiniz, yoxsa başqa biri? 
 
- Yox, sayta mən rəhbərlik etmirəm. Ancaq saytın açılmasını mən məsləhət görmüşəm. Bizə aid məsələ olanda bu saytda münasibətimiz təqdim olunacaq. Namaz qılan uşaqlar saytın fəaliyyəti ilə məşğuldur. Sadəcə, orada yazılarım, analitik məqalələrim, müsahibələrim yerləşdiriləcək. Amma deyim ki, sayt daha çox informasiya agentliyi funksiyası daşıyacaq. 
 
Daha çox xəbərlərə yer veriləcək. Eyni zamanda İslam dini ilə bağlı məsələlərə də yer ayrılacaq. Cəmiyyətdə radikallarla bağlı maarifləndirmə işi aparılacaq. Əsasən sələfilərə aid məlumatlar yayılacaq. Xüsusilə mənim müsahibələrim bu agentlik vasitəsilə yayılacaq. Çünki bəzən yerli mətbuata verdiyimiz müsahibələr təhrif olunmuş şəkildə yayılır. 
 
- Bu saytın yaranması hansı zərurətdən doğdu və cəmiyyətə nə kimi çağırışlarınız olacaq?
 
- Bizim mövqeyimizi bildirmək üçün bu sayt fəaliyyət göstərir. Fikirlərimizi cəmiyyətə çatdırmaq lazımdır. Bizimlə bağlı çoxlu məsələlər yazılır, onlara rəy bildirmək lazım gəlir. Bu sayt vasitəsilə də sözümüzü deyəcəyik. Həm bir barışığa, birliyə çağırış olacaq. Bizimlə bağlı düzgün olmayan fikirlər yazılır. Gah vəhhabi, gah terrorçu deyirlər. Heç bir şey öz adı ilə çağırılmır. Buna aydınlıq gətirmək lazımdır. Sələfilərin bu saytda mövqeyi aydın şəkildə ortaya qoyulacaq. Radikallıqdan uzaqlaşmağa çağırışlar olacaq, maarifləndirmə işləri aparılacaq. 
 
- Saytda dövlət rəhbərlərinə biyətlə bağlı fikirlər birmənalı qarşılanmır. Məgər İslamda zalımın zülmünə boyun əymək əmr olunub, yoxsa qarşı çıxmaq?
 
- Bu məsələdə firqələrin münasibəti, yanaşması var. Biz sələfilərə görə hakimə qarşı çıxmaq olmaz. Fərqi yoxdur ki, hakim, rəhbər şəxs zalımdır, ya yox. Şiə məzhəbinə görə zalım hakimə qarşı döyüşmək lazımdır. Ancaq biz bunu qəbul etmirik. Çünki zalım rəhbərə qarşı çıxmaqla iş düzəlmir. Əksinə, qarşı çıxanda məsələ bir az da böyüyür. Kim hakimə qarşı çıxıbsa xeyrə çatmayıb. Suriyada bunun şahidi olduq. Suriyada hakimə qarşı çıxmaq səhv idi. Çünki Əsədə qarşı döyüşə başladılar, nəticəsi bu oldu. Şəhərlər dağıldı, yüz minlərlə insan öldü. Bəli, Bəşər Əsəd zalımdır. Amma ona qarşı çıxmaqla düz etmədilər. 
 
- Onda zalım rəhbərin hərəkətlərinə göz yummaq lazımdır? 
 
- Biz demirik ki, buna göz yummaq lazımdır. Şəriətdə buyurulub ki, əgər hakim səhv edibsə, onun özünə bunu demək lazımdır. Ancaq qarşı çıxmaq olmaz. Əgər özünə söyləmək imkanı yoxdursa, ətrafındakıların diqqətinə çatdırmalısan. Onlar sözünü çatdırsın. Onun etdiyi səhvləri nəzərinə çatdırıb, nəsihət verməlisən. Sələfilərə görə rəhbərə qarşı çıxmaq düzgün yol deyil. Bu, islah yolu deyil. Belə islah olmur. Əsədə qarşı çıxdılar, gördünüz ki, islah olmadı. Ancaq minlərlə insan tələf oldu. Əgər rəhbər sənin sözünü eşitmirsə, onda islah olması üçün Allaha dua etməlisən. 
 

““Əsədə qarşı çıxmaq səhv idi, İŞİD-in adı isə çox şişirdilib, İraqda döyüşləri tək onlar aparmır”

 
 
- Suriya demişkən, İŞİD qüvvələri bu ölkə ilə yanaşı İraqa da girib, dəhşətli qətllər var, insanların başlarını kəsirlər. Bu hadisələrin nəticəsini necə görürsünüz?
 
- İŞİD məsələsi çox şişirdilib. İraqda İŞİD qiyamçıları heç 20 faiz təşkil etmir. Orada sünni qruplar, tayfalar, qəbilələr ayağa qalxıblar. Ölkənin baş naziri Nuri Əl Maliki onları hökumətdən uzaq saxlayıb. İraq hakimiyyətində, vəzifələrdə şiələr təmsil olunur. 
Ona görə də əhli-sünnə Malikiyə qarşı çıxıb. Amerikanlar da tələb edir ki, Maliki bərabər bir hökumət qursun, vəzifələrdə tək şiələr təmsil olunmasın. Ona görə orada döyüşənlərin əksəriyyəti həmin tayfalar, qəbilələrdir. Sadəcə, İŞİD-in adı çox şişirdilib. İraqda döyüşləri tək İŞİD aparmır. İndi belə rəy var ki, İŞİD-i İran qurub. Suriyada döyüşlər gedəndə müxalifət deyirdi ki, İŞİD Əsəd tərəfindən yaradılıb. İraqda da deyirlər ki, İran İŞİD-i himayə edir. Bunlar rəylərdir. Bir tərəfdən də İŞİD-in rəhbəri çıxışında dedi ki, İrana hücum etməyəcəyik, öz maraqlarımız var. O ki qaldı sosial şəbəkələrdə yayılan videolara, ola bilsin ki, belə faktlar var. Amma bunu Əsədin ordusu də edə bilər. Bu dəqiqə həm də informasiya müharibəsi gedir.   
 
Emil SALAMOĞLU
Bölmə: Maraqlı məqalələr | Baxılıb: 354 | Yüklədi: selefimedia