Baş səhifə » 2014 » Noyabr » 19 » Sumqayıtlı sələfilər:"Biz Prezidentə və Baş Prokurora müraciət etmişik" -video-
06:29
Sumqayıtlı sələfilər:"Biz Prezidentə və Baş Prokurora müraciət etmişik" -video-

"Dindarları ən fəal şəkildə polis rəisinin Süleyman adlı müavini döyüb"

Bir qrup dindar – sələfi noyabrın 13-də saxlanılması və şəhər polis idarəsində zorakılığa məruz qalması ilə bağlı "Turan İA"a müraciət edib.

Onlar Zöhrab Şıxəliyevin evinin yaxınlığında saxlanılıblar, ibadətgahları həmin həyətdə yerləşir. Z.Şıxəliyev isə özü elə həmin gün həbs edilib və polisin iddiasına görə, onun həyətində silah və döyüş sursatı aşkarlanıb.

Saxlanılanlardan biri, Qarabağ müharibəsinin ikinci qrup əlili Zaur Mehdiyev bildirib ki, mülki geyimli şəxslər ona yaxınlaşaraq, polisə getməyi təklif ediblər.

Orada əlini qandallayıblar və döyməyə başlayıblar. “Kürəyimdən, başımdan vururdular. Yaralandığımı və bədənimdə qəlpələr olduğunu dedim, onlar isə döyməyə davam edirdilər”, - deyə Mehdiyev bildirib.

Ondan başqa daha 8 nəfər saxlanılıb, onları da döyüblər və alçaldıblar – şalvarlarını çıxarıblar, ağızlarına isə dəyənək soxublar.

“Bizi nəyə görə cəzalandırdıqlarını izah etməyiblər. Polisdə tələb etdikləri yeganə şey saqqalımızı qırxmaq idi”, - deyə Mehdiyev bildirib.

Saxlanılanlar 6-7 saat sonra sərbəst buraxılıblar. Mehdiyev qeyd edib ki, o və digər dindarlar Sumqayıt şəhər travmatologiya xəstəxanasında tibbi müayinədən keçiblər. Xəstələrin qeydiyyatı kitabında travmalar qeydə alınıb, lakin əlimizə arayış verməyiblər.

Mehdiyev deyib ki, onlar 102 xidmətinə zəng ediblər və Azərbaycan prezidentinə, baş prokurora, DİN rəhbərinə, ombudsmana teleqram göndəriblər.

Mehdiyevin sözlərinə görə, dindarları ən fəal şəkildə polis rəisinin Süleyman adlı müavini döyüb.

Digər dindar, Qarabağ müharibəsi əlili Vidadi Məhərrəmli bildirib ki, onu böyrəklərindən – döyüş yaraları olan yerlərindən vurublar.

“Başa düşmürük ki, bizi niyə döyüblər. Dövlət müharibə əlillərinin qayğısına qalır, maşın, mənzil verir, bu yaxınlarda məni Naftalan sanatoriyasında müalicəyə göndərmişdilər. İnsanlara qarşı niyə belə davranırlar?”, deyə o bildirib.

Daha bir dindar – Rəşad Sultanov bildirib ki, o, RF vətəndaşıdır. Noyabrın 12-də Sumqayıta qayıdıb, onu da Şıxəliyevin evinin yaxınlığında saxlayıblar və polisə aparıblar. “Əvvəlcə Ramil adlı əməkdaş mənimlə normal danışıb. Lakin sonradan Süleyman adlı rəis müavini gəlib və döyməyə və təhqir etməyə başlayıb.

Mən bu işi belə qoymayacağam”, deyə Sultanov qeyd edib.

Qalan dindarlar ibadətgaha gələn hər kəsin məsuliyyətə cəlb edilə biləcəyi ilə bağlı narahatlıqlarını bildiriblər. Lakin Şıxəliyevin heç bir təqsiri yoxdur və o, həmişə hakimiyyətə loyal olub, zorakılığı rədd edib.

Onun sözlərinə görə, Z.Şıxəliyevin ibadətgahına gələnlər radikal cərəyanlara məxsus deyillər, Sumqayıtda sünni məscidi olmadığına görə onlar orada ibadət edirdilər.

Onlar bildiriblər ki, Azərbaycan prezidentindən və baş prokurordan Sumqayıtda dindarlara qarşı təzyiqə son qoyulması, onlara işgəncə edənlər və hədələyənlər barəsində tədbir görülməsi məqsədilə bu işə müdaxilə etməyi xahiş edirlər.
----

 

Bölmə: Xəbərlər | Baxılıb: 726 | Yüklədi: Azerislamoglu